Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa İttifaqının Vilnüs Zirvə görüşü beynəlxalq diqqət mərkəzindədir

Avropa İttifaqının Vilnüs Zirvə görüşü beynəlxalq diqqət mərkəzindədir

28.11.2013 [09:24]

Görüşün yekunları Qərb-Rusiya geosiyasi toqquşmasının Aİ-nin Şərq tərəfdaşı dövlətlərinin xarici siyasətinə nə dərəcədə təsir göstərdiyini nümayiş etdirəcək
Məlum olduğu kimi, bu gün Litvanın paytaxtı Vilnüsdə Avropa İttifaqı (Aİ) Şurasının 2 gün davam edəcək Zirvə görüşü başlayır. Zirvə toplantısında Aİ-nin üzvü olan 28 ölkənin dövlət başçıları, habelə, “Şərq Tərəfdaşlığı” Proqramının iştirakçısı olan ölkələrin - Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanın nümayəndələri iştirak edirlər. Daha dəqiq desək, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Ukrayna Prezidenti Viktor Yanukoviç və Ermənistan Prezidenti Serj Sarkisyan olmaqla 4 tərəfdaş ölkə prezidentlər səviyyəsində təmsil olunur. Həmçinin, Moldovanı Baş nazir Yuri Lyanke, Belarusu isə xarici işlər naziri Vladimir Makey təmsil edir. Zirvə görüşünə başçılıq edən Avropa Şurasının sədri Herman Van Rompey Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə birlikdə Avropa İttifaqını (Aİ) təmsil edir.
Sammitə Avropa Parlamentinin sədri Martin Şults, Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Ketrin Eşton, Aİ-nin Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Fyule və Aİ-nin ticarət məsələləri üzrə komissarı Karel de Hyuht da qatılıb.
Qeyd edək ki, Avropa Şurasının sədri H.V.Rompey sammit ərəfəsində bildirib ki, Zirvə görüşünün məqsədi regiondakı tərəfdaşlarla birlikdə hüququn aliliyinə söykənən demokratik, çiçəklənən və sabit Avropa qonşuluğunun qurulması üzərində addım-addım çalışmaqdır: “Vilnüsdə Avropa qonşuluq siyasətinin 10 illiyi və əsası 2009-cu ildə Praqada qoyulmuş “Şərq Tərəfdaşlığı”nın 4 illiyi qeyd olunacaq. Biz müvafiq meyarlara uyğun gələn tərəfdaşlarla birlikdə assosiasiya barədə ambisiyalı sazişlər, o cümlədən, əsaslı və mükəmməl azad ticarət zonası barədə saziş üzərində işləməyə davam edirik, habelə, vətəndaşların Aİ ilə region arasında səfərlərinin asanlaşdırılmasına və liberallaşdırılmasına doğru addımlar atırıq”.
Əvvəlcə xatırladaq ki, “Şərq Tərəfdaşlığı” təşəbbüsü Avropa İttifaqının əsasən, Şərqi və Cənub-Şərqi Avropa regionuna doğru genişlənməsini təmin etmək məqsədilə Aİ Xarici İşlər Nazirlərinin 26 may 2008-ci il tarixində Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülüb. 2009-cu ildə Praqada “Şərq Tərəfdaşlığı” üzrə keçirilən Zirvə görüşündə sözügedən təşəbbüsün əsas məqsədləri və prinsipləri, həmçinin, gələcək əməkdaşlıq prosesinin ümumi cizgilərini müəyyən edən Birgə Bəyannamə qəbul edilib və bununla da proqrama rəsmi səviyyədə başlanğıc verilib.
“Şərq Tərəfdaşlığı” Aİ və tərəfdaş ölkələr arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Bu proqrama qoşulan ölkələr Aİ qurumları ilə siyasi, iqtisadi, humanitar və demokratiya quruculuğu sahələrində əlaqələri genişləndirir. Hazırda Vilnüsdə keçirilən Zirvə görüşü də adıçəkilən ölkələrlə Aİ arasında əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi məqsədini daşıyır.
Burada diqqəti çəkən məqam ondan ibarətdir ki, sammitə həm tərəfdaş dövlətlərin daxilində, həm də beynəlxalq ictimaiyyətdə böyük maraq göstərilir. Bu isə son aylarda tərəfdaş ölkələrin yerləşdiyi regionlarda Qərblə Rusiya arasında geosiyasi rəqabətin kəskinləşməsi və daha açıq hal alması ilə əlaqədardır. Yaranmış mürəkkəb geosiyasi vəziyyət bəzi hallarda Şərq tərəfdaşı ölkələrinin Aİ ilə münasibətdə yürütdükləri siyasətə mühüm təsir göstərir.
Əvvəlcə qeyd edək ki, tərəfdaş ölkələrin Aİ ilə əlaqələrin gələcəyinə dair yanaşmaları bir-birindən fərqlənir. Azərbaycana nəzər salsaq, ölkəmiz uzun illərdir ki, Aİ ilə sıx siyasi, humanitar əlaqələr yaradıb və son illərdə “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində bu əlaqələri daha da genişləndirib. Azərbaycanın mövcud enerji resursları, irəliyə sürülən yeni qaz kəmərləri layihələri ölkəmizin region dövlətlərinin və Aİ-nin nəzərində özünəməxsus yer tutmasına səbəb olub. Doğrudur, Azərbaycan Avropa İttifaqına üzvlük iddiasında olmasa da, qurumla çoxşaxəli əməkdaşlığını bundan sonra da inkişaf etdirmək niyyətindədir. Bununla ölkəmiz milli maraqlarına cavab verən müstəqil siyasi kursu davam etdirdiyini göstərir.
Tərəfdaş ölkələrdən olan Ukraynanın Aİ-yə inteqrasiya siyasətində ciddi təlatümlər var. Ukraynanın qurumla assosiativ saziş imzalamağa çox yaxın olmasına baxmayaraq, Rusiya tərəfi müxtəlif yollarla bu ölkəni Gömrük İttifaqına cəlb etməyə çalışır. Ukrayna ictimaiyyətində isə məsələyə münasibətdə fikir ayrılığı mövcuddur. Belə ki, cəmiyyətin bir hissəsi Gömrük İttifaqına loyal münasibət bəsləsə də, Avropaya inteqrasiya tərəfdarları bu günlərdə keçirdikləri kütləvi etiraz aksiyaları ilə hökuməti Aİ ilə münasibətlərdə geriyə addım atmamağa sövq edir.
Belarusa gəlincə, bu ölkənin Gömrük İttifaqına qoşulduğu və Aİ-yə inteqrasiyaya xüsusi maraq göstəmədiyi məlumdur. Təsadüfi deyil ki, bu ölkəni sammitdə təmsil edən xarici işlər naziri Vladimir Makey rəsmi Minskin Zirvə görüşü ilə bağlı hansısa xüsusi gözləntilərinin olmadığını deyib.
Son zamanlar Rusiya ilə münasibətlərində istiləşmənin müşahidə olunduğu Gürcüstan rəsmiləri Avropaya inteqrasiya siyasətindən imtina etmədiklərini bildirirlər. Gürcüstanın assosiativ sazişi paraflayacağı gözlənilir, sazişin imzalanması isə gələn ilin sentyabrında nəzərdə tutulur.
“Şərq Tərəfdaşlığı” Proqramında yer alan ölkələrdən olan Moldova Avropa İttifaqı ilə assosiativ sazişi imzalamaqda qərarlıdır. Lakin Kremli narazı salan bu cəhdlər ölkənin Dnestryanı probleminin ara-sıra kəskinləşdirilməsi və gündəmə gətirilməsi meyilləri ilə müşayiət olunur.
Nəhayət, Aİ-nin Şərq tərəfdaşı ölkələrindən olan Ermənistan isə Zirvə görüşünə rüsvay olmuş simada qatılır. Məlum olduğu kimi, Avropa İttifaqı ilə 3 il müddətində assosiativ sazişi imzalamağa hazırlaşan Ermənistanın bir neçə ay öncə birdən-birə Gömrük İttifaqına qoşulmaq istədiyini elan etməsi, Avropada böyük ikrah hissi ilə qarşılanaraq, ölkənin onsuz da yaxşı olmayan imicinə ağır zərbə vurdu. Ermənistan prezidentinin bu tədbirə hansı üzlə qatıldığı məlum olmasa da, rəsmi Yerevanın Aİ ilə əlaqələri dərinləşdirmək yönündə ciddi addım atmayacağı gözləniləndir.
Beləliklə, Qərb-Rusiya geosiyasi qarşıdurmasının kəskinləşdiyi bir vaxtda keçirilən Vilnüs Zirvə görüşünün yekunları bu toqquşmanın sadalanan dövlətlərin xarici siyasətinə nə dərəcədə təsir göstərdiyini nümayiş etdirəcək.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1077 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31