2014-cü ilin dövlət büdcəsi ölkəmizin dinamik inkişafını ifadə edir
28.11.2013 [09:26]
“Yeni Azərbaycan” qəzetində keçirilən növbəti “dəyirmi masa”da gələn ilin dövlət büdcəsi müzakirə olunub
Bir neçə gün öncə Milli Məclis Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsini qəbul etdi. Ümumiyyətlə, dövlət büdcəsi hər bir ölkənin iqtisadiyyatının əsas göstəricisi hesab olunur. Bu baxımdan, Azərbaycanın dövlət büdcəsində son 10 ildə ciddi artımlar müşahidə edilir. Bu inkişaf gələn ilin büdcəsində də özünü göstərir.
Məsələnin aktuallığını nəzərə alaraq “Yeni Azərbaycan” qəzeti bu mövzuda “dəyirmi masa” keçirib. “Dəyirmi masa”nın iştirakçıları Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Musa Quliyev, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və iqtisadçı-ekspert Vüqar Bayramovdur.
- Bildiyimiz kimi, ötən həftə Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsi qəbul edildi. İstərdik ki, ilk olaraq gələn ilin büdcəsi haqqında fikirlərinizi öyrənək...
Musa Quliyev: Artıq Azərbaycan orta gəlirli ölkələr sırasında ön mövqelərə yüksəlib. 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulan gəlirlər və xərclər artıb. Büdcənin xərclər hissəsi daha çox artıb. Xərclərin tərkibində sosialyönümlü xərclər yenə də üstünlük təşkil edir. Təxminən 30 faizə qədər vəsait sosial xərclərə ayrılıb: sosial müdafiə, sosial təminat, səhiyyə, elm, təhsil, mədəniyyət, gənclər siyasəti: Buraya kommunal xərcləri də əlavə etsək, 29-30 faiz sosial xərclər təşkil edir. Sosial sahənin hər bir bölməsində təxminən 8-10 faiz artım müşahidə olunmaqdadır.
Sosial müdafiə sahəsində bu rəqəm 12 faiz təşkil edir. Bu artımlar fonunda gələn il Azərbaycanda inflyasiyanın 3,5 faiz təşkil edəcəyini nəzərə alsaq, eyni zamanda, əhalinin adambaşına düşən gəlir və xərclərində müsbət saldo müşahidə olunması onu deməyə əsas verir ki, gələn ildə də Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşacaq. 2014-cü ilin büdcəsini mən həm dünyadakı sosial-iqtisadi proseslərə, həm də Azərbaycanın sosial-iqtisadi reallığına hesablanmış, balanslaşdırılmış büdcə hesab edirəm. Bəzi ekspertlər bu büdcəni ehtiyatlı büdcə hesab edir ki, mən də bu fikirlə tamamilə razıyam. Doğrudan da, indiki sosial-iqtisadi şəraitdə gələn ilə ehtiyatlı dövlət büdcəsi ilə getmək təqdirəlayiqdir. Bildiyimiz kimi, 2008-ci ildən başlayaraq bütün dünyada müşahidə olunan maliyyə böhranı hələ də davam edir, neftin qiymətini ehtiyatlı olaraq götürürük. Azərbaycanın ətrafında baş verən proseslərin iqtisadiyyatımıza təsir etmə imkanlarını nəzərə alsaq, büdcənin ehtiyatlı götürülməsi yaxşı nəticədir. İnanıram ki, yeni büdcə ilə gələn il Azərbaycanın maliyyə, investisiya həyatında böyük uğurlara nail olunacaq.
- Bəzi ekspertlər dövlət büdcəsində nəzərdə tutulan kəsirin böyük məbləğ olduğunu iddia edirlər. Bu haqda nə deyə bilərsiniz?
Musa Quliyev: Büdcə kəsiri normal haldır. İstənilən dövlətin büdcəsi planlaşdırılarkən ÜDM-nin 10 faizinə qədər büdcədə kəsir varsa, bu, elə də təhlükəli hesab olunmur. Bundan yuxarı olan hallarda əlbəttə ki, ölkə üçün ciddi problemlər yarana bilər. Azərbaycanda gələn il üçün büdcə kəsiri 3 faizə qədər həcmdə nəzərdə tutulur. Hətta bu rəqəm 5 faiz də olsa prinsipcə ölkəmizə mənfi təsir etməyəcəkdi. Büdcə kəsiri planlaşdırılır və istənilən vaxt üstü örtülə də bilər, örtülməyə də.
- Musa müəllim, siz 2014-cü ilin dövlət büdcəsini sosialyönümlü büdcə kimi xarakterizə etdiniz və dediniz ki, büdcə vəsaitlərinin 29-30 faizi sosial xərclərə ayrılacaq. Bu, sosial dövlət quruculuğu prosesində nə dərəcədə əhəmiyyətlidir?
- Prezident İlham Əliyev bəyan edib ki, 2020-ci ilədək qeyri-neft sektoru hesabına ÜDM-nin həcmi 2 dəfə artırılacaq. Sosial dövlət o halda olur ki, adambaşına düşən minimum ÜDM 9000 dollardan çox olsun. Bu mənada biz sosial dövlətdən danışa bilərik. Sosial dövlət həm də o dövlətdir ki, burada vətəndaşın minimum saatbaşı əməkhaqqı 3 dollardan yuxarı olmalıdır, büdcədə sosial xərclər 40 faizdən az olmamalıdır. Əsas odur ki, Azərbaycan MDB məkanında və öz ətraf regionunda davamlı inkişaf tempi olan, ardıcıl iqtisadi inkişafın müşahidə olunduğu və qarşısına real məqsədlər qoyan və o məqsədləri yerinə yetirən dövlətdir. Sosial dövlət olmaq üçün də Azərbaycan inamla addımlayır. Məsələn, Azərbaycanda pensiyanın, orta aylıq əməkhaqqının artım tempi yüksəkdir, inflyasiya faktiki olaraq birrəqəmli səviyyədə saxlanılıb. Azərbaycan manatı dollar və avroya nisbətən möhkəmliyini qoruyur. Aqrar sektorun inkişafı gələn ildən mühüm mərhələ kimi qarşıya qoyulub. Azərbaycanda mütləq yoxsulluğun səviyyəsi 5 faizə enib. Bir neçə ildən sonra artıq biz nisbi yoxsulluqdan danışacağıq. O zaman biz sosial dövlət ola biləcəyik. Hələlik bu istiqamətdə inamla və uğurla yol gedilir. Hesab edirəm ki, qısa müddət ərzində biz kifayət qədər uğurlu yol keçmişik. Gələn il də uğurlu yolun davamı olacaq.
- Son illər Azərbaycanın dövlət büdcəsinə Dövlət Neft Fondundan transfertləri müqayisə etsək, bu tendensiyanı necə qiymətləndirə bilərik? Nəzərə alsaq ki, gələn ilin büdcəsində Neft Fondundan transfertin azalması baş verəcək, bu, qeyri-neft sektorundakı inkişafla nə dərəcədə bağlıdır?
Aydın Hüseynov: 2014-cü ilin büdcəsi tərtib olunarkən 18 milyard 384 milyon manat gəlirlər, 20 milyard 63 milyon manat da xərclər proqnozlaşdırılıb. Gəlirlər müəyyənləşdirilərkən Dövlət Neft Fondundan transfertlər, vergi və gömrükdən daxilolmalar və s. nəzərə alınır. Əgər 2013-cü ilin dövlət büdcəsinə Dövlət Neft Fondundan transfert 11 milyard manat nəzərdə tutulmuşdusa, gələn il üçün bu rəqəm 9 milyard manat təşkil edəcək. Bu da onu göstərir ki, artıq ölkədə aparılan iqtisadi siyasətin başlıca istiqaməti ölkə iqtisadiyyatının neft faktorundan asılılığının getdikcə azaldılmasına yönəlib. Bu istiqamətdə çox böyük işlər görülüb. Konkret olaraq, 2014-cü ilin dövlət büdcəsində bu özünü faktlarla ortaya qoyub. Bəzən elə düşünülür ki, dövlət büdcəsinə Dövlət Neft Fondundan transfert azaldılıbsa, bu, ümumi dövlət büdcəsinin gəlirlərinin azalmasına gətirib çıxaracaq. Bu, belə deyil. Yəni, bu proses qeyri-neft sektorunun inkişafı fonunda baş verir. Gələn il qeyri-neft sektorundan gəlirlər 2013-cü illə müqayisədə xeyli dərəcədə artacaq. Vergilərdən daxilolmalar 7 milyard manata qədərdir, gömrükdən daxilolmalar təxminən 1,5 milyard manat nəzərdə tutulur və s.
Qeyri-neft sektorunun inkişafı gələn il prioritet istiqamət olacaq. Dövlət büdcəsi haqqında qanun artıq qəbul olunub. Vergi ödəyiciləri konkret olaraq hansı yükü götürməlidi, onu müəyyənləşdirir. Məsələn, Vergilər Nazirliyi bilir ki, 7 milyard manat vəsaiti büdcəyə cəlb etməlidir. Həmçinin, tədiyyələr üzrə də, məsələn, gəlir vergisi var, fiziki şəxslərdən gəlir vergisi, əlavə dəyər vergisi və s. Bu da onu göstərir ki, ölkədə qeyri-neft sektorunun inkişafına inam o qədərdir ki, neftin hesabına yox, qeyri-neft sektorunun hesabına dövlət büdcəsinin xərclərini həyata keçirmək mümkün olacaq. Neft gəlirləri isə onsuz da var. Dünya bazarında proqnozlaşdırılıb ki, neftin qiyməti 100 dollardan aşağı düşməyəcək.
- Dünya praktikasında inzibati vahidlər üzrə yerli büdcələrin neçə faizi daxili mənbələr hesabına formalaşır və Azərbaycanda bu necədir? Rayonların büdcəsinin nə qədəri mərkəzi büdcədən dotasiyadır, nə qədəri yerlərdə formalaşır? Müqayisə etsək, nəyə nail ola bilmişik? Artıq 10 ildir ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları həyata keçirilir. Bu inkişaf prosesi büdcədə özünü necə göstərir?
Tahir Rzayev: Dövlət büdcəsinin formalaşmasının, büdcənin dinamik artımının mühüm səbəbləri var. Bu, əlbəttə ki, ölkədə yürüdülən daxili və xarici siyasətdən asılıdır. Əgər bu siyasət düzgün aparılmasaydı, büdcənin uğurla formalaşdırılması mümkün olmazdı. Ölkədə ictimai-siyasi sabitlik olmasa idi, bizim iqtisadiyyatımız indiki kimi inkişaf etməzdi. Bu gün Azərbaycan beynəlxalq aləmdə bu qədər nüfuz qazanmasaydı, ölkəmizə müəyyən investisiyaların qoyuluşu, bir sıra məhsulların ixracı mümkün olmazdı. Beləliklə, ölkəmizdə düzgün siyasət aparılır, dövlət büdcəsi formalaşır, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, Azərbaycanın nüfuzu yüksəlir. Bu gün neft gəlirlərindən asılılığın aradan qaldırılması yönündə ciddi tədbirlər həyata keçirilir. Son bir neçə ildə sənaye parklarının yaradılmasını ön plana çəkmək olar. Sumqayıtda kimya sənayesi, Balaxanıda yüksək texnologiyalar parklarının yaradılması bilavasitə sənaye sahələrinə olan diqqətdən irəli gəlir. Həmçinin, regionların sosial-iqtisadi inkişafına önəm verilir.
Bu sahədə 2 Dövlət Proqramı qəbul olunub və bu proqramlar düzgün yerinə yetirilib. 2014-2018-ci illəri əhatə edəcək 3-cü proqram hazırlanır. Bu proqramda nə nəzərdə tutulub? Başlıca olaraq, aqrar sahənin inkişafı nəzərdə tutulub. Yeni texnologiyaların tətbiqi məsələsi diqqətdə saxlanılır. Kəndlərdə əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq, infrastruktur, yol, enerji, su təchizatı və s. məsələlər nəzərdə tutulur. Regionu təmsil edən bir millət vəkili kimi deyə bilərəm ki, bu gün regionlarda çox ciddi inkişaf müşahidə olunmaqdadır. Təmsil etdiyim Ağcabədi rayonunun timsalında yüzlərlə xırda müəssisələrlə yanaşı, iri müəssisələr istifadəyə verilib. Məsələn, gündəlik istehsal gücü 250 ton olan süd emalı zavodu, 20 ton olan yağ-pendir zavodu istismara verilib. 1000 tonluq taxıl anbarı var. Soyuducu anbarı tikilib istifadəyə verilib. 204 yerlik müasir tipli xəstəxana, eləcə də, Gənclər Mərkəzi istifadəyə verilib. Bütün bunlar regionların sosial-iqtisadi inkişaf proqramlarından irəli gələn tədbirlərdir. Həyata keçirilən proqramlar sayəsində əhalinin paytaxta axınının qarşısın alınıb. Artıq Ağcabədinin 27 kəndi qazlaşdırılıb (70 faizi), ən ucqar kəndlərimizə qaz çəkilib, su təminatı yaxşılaşdırılıb. Enerji problemi artıq yoxdur. Bu gün yoxsulluğun səviyyəsinin aradan qaldırılması üçün aqrar sektorun inkişafı mühüm prioritet olaraq müəyyənləşdirilib.
Digər tərəfdən, iş adamlarına, sahibkarlara güzəştlər nəzərdə tutulur. Bu, çox vacibdir. Bütün bunlar gələn ilin dövlət büdcəsində nəzərdə tutulur. Büdcə sosialyönümlü olmaqla yanaşı, həm də regionların, kəndlərin inkişafına xidmət edir.
Musa Quliyev: Regionların inkişafı ilə bağlı dövlət proqramları özünün real nəticələrini verməkdədir. Bu gün dövlət büdcəsinin gəlir hissəsində əsas ağırlığın qeyri-neft sektoruna verilməsi həmin regionların inkişaf proqramının nəticələrindən biridir. Həm də regionların sosial-iqtisadi inkişafı bütövlükdə ölkənin harmonik inkişafına gətirib çıxarır. Bu eyni zamanda, demoqrafik proseslərə də özünün müsbət təsirini göstərir. Əgər 1990-cı illərdə əhalinin çox hissəsi kəndlərdən şəhərə, qonşu ölkələrə gedirdisə, bu gün həmin proses tərsinədir. Artıq Rusiyadan, Ukraynadan, Qazaxıstandan Azərbaycana, şəhərlərdən kəndlərə qayıdırlar. Gəncə əhalisi son illərdə 35 faiz artıb. Bu, kiçik rəqəm deyil. Bu artımın bir hissəsi təbii demoqrafik artımdır, digər hissəsi isə urbanizasiya prosesinin dayanması ilə bağlıdır. Artıq Gəncədən nə Bakıya, nə də xarici ölkələrə işləməyə gedən yoxdur. Bu, ciddi göstəricidir.
İşsizliyin səviyyəsi də 5 faizə düşüb. Bəlkə də, bu 5 faiz də olmazdı. Sadəcə, bizim insanlar 150-200 manatlıq işə getmirlər. Onlar daha çox maaş olan iş istəyirlər. Bu gün biz artıq məcburuq miqrasiya siyasətimizi sərtləşdirək ki, başqa ölkələrdən, Cənub-Şərqi Asiyadan Azərbaycana ucuz işçi qüvvəsinin gəlməsi azalsın. Vətəndaş az maaşa işləməməkdə müəyyən qədər haqlıdır. Ona görə də, biz gələn il üçün yaşayış minimumunun və ehtiyac meyarının məbləğini artırdıq. Buna uyğun olaraq minimum əməkhaqqı da artacaq. Bütün bunların hamısı sosial dövlətə gedən yoldur.
Aydın Hüseynov: Onu da nəzərə alaq ki, artıq gələn ilin dövlət büdcəsindən bəzi bölgələrə dotasiya ayrılmayacaq. Belə ki, Bakı, Sumqayıt, Şirvan şəhərləri və Abşeronla İmişli rayonları artıq mərkəzləşmiş dotasiyadan azaddırlar. Onlar öz gəlirləri hesabına büdcələrini formalaşdıracaqlar. Bu da regionların iqtisadi inkişafının bariz nümunəsidir.
- Dövlət büdcəsində investisiya xərcləri də diqqəti cəlb edir. Gələn ilin büdcəsində investisiya xərcləri nə qədər nəzərdə tutulur? Bu yatırımlar hansı müddətdən sonra büdcə gəlirlərinin formalaşmasına öz təsirini göstərəcək?
Vüqar Bayramov: Öncə 2014-cü ilin dövlət büdcəsini “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası aspektindən qiymətləndirmək istərdim. Məlum olduğu kimi, bu konsepsiyada iqtisadiyyatın şaxələndirilməsi prioritet kimi nəzərdə tutulur. 2014-cü ilin dövlət büdcəsi iqtisadiyyatın şaxələndirilməsi baxımından atılan ən ciddi addımlardandır. Bu büdcədə ilk dəfə olaraq məhz neft gəlirləri 70 faizdən az olacaq, yəni, 65 faiz, qeyri-neft sektorundan gələn gəlir isə büdcənin 30-35 faizini təşkil edəcək. Bu da neft ölkəsi üçün kifayət qədər ciddi rəqəmdir. Eyni zamandla, bu əsas iqtisadi göstərici kimi ÜDM-də də özünü göstərir. Belə ki, ÜDM-də qeyri-neft sektorunun payı ilk dəfədir ki, 60 faizdən çox olacaq. 2014-cü ildə qeyri-neft sektorunun ÜDM-də payı 61,5 faizdən çox olacaq. Bu, o deməkdir ki, ÜDM-də neft sektorunun payı 40 faizdən az olacaq, həm ÜDM-nin, həm də büdcənin strukturu baxımından Azərbaycan 2014-cü ilin büdcəsi ilə iqtisadiyyatın şaxələndirilməsi baxımından ciddi addımlar atacaq.
Bu, iqtisadiyyatın şaxələndirilməsinin başlanması və büdcənin daha real olması deməkdir. 2014-cü ildə 2010-cu ildən başlanan qeyri-neft sektorundakı ikirəqəmli artım tempi qorunub saxlanılacaq və 2014-cü ildə ölkədə qeyri-neft sektorundakı artım 10 faiz olacaq. Nəzərə alsaq ki, ÜDM-nin artımı 5,2 faiz olacaq, bu o deməkdir ki, ÜDM-dəki artım daha çox qeyri-neft sektorunun payına düşəcək. 2010-cu ildən götürülən siyasət, yəni, qeyri-neft sektorunun artımı siyasəti həm büdcədə, həm də makroiqtisadi göstəricilərdə özünü bariz şəkildə ifadə edəcək.
Azərbaycan iqtisadiyyatının neft sektorundan daha çox qeyri-neft sektoru üzərində qurulduğunu deyə bilərik. ÜDM-də hər 3 manatın 2 manata yaxını qeyri-neft sektorunun payına düşür.
Dövlət büdcəsinin gəlirlər hissəsinin strukturunda diqqət çəkən başqa bir məqam ondan ibarətdir ki, artıq vergidən gələn gəlirlərdə artım var. 6 faiz bənd vergi gəlirlərinin payına düşür. Bir tərəfdən, Dövlət Neft Fondu tərəfindən ciddi azalma var, biz bu azalmaların tərəfdarıyıq. Digər məqam odur ki, vergili daxilolmalar artır. Bu daxilolmaların 11 faiz artması dövlət büdcəsi strukturunda kifayət qədər müsbət dəyişikliklər baş verməsi anlamına gəlir. Dövlət büdcəsinin gəlir hissəsi vergili gəlir hesabına formalaşır. Bunun ümumilikdə payı dövlət büdcəsinin strukturunda 40 faizədək yüksələcək. Bu, o deməkdir ki, artıq hər 100 manatdan 40 manatı birbaşa vergilərin payına düşür. Bu da büdcə gəlirlərinin dayanıqlığı baxımından olduqca vacibdir.
Eyni zamanda, 2014-cü ildə investisiya qoyuluşlarına diqqət yetirsək, təxminən ölkə üzrə 18 milyard manat investisiya qoyuluşu həyata keçiriləcək. Və burada kifayət qədər müsbət məqam ondan ibarətdir ki, investisiya qoyuluşunun təxminən 70 faizi daxili investisiya hesabına həyata keçiriləcək. Ölkədə 2014-cü ildə həyata keçiriləcək investisiya qoyuluşlarında xarici investisiyaların payı 30 faiz olacaq. Bu da investisiya qoyuluşunun daha dayanıqlı olması deməkdir. Artıq Azərbaycan iqtisadiyyatının xarici investisiyalardan asılılığı aradan qalxır. Çünki xarici sərmayələrin payı ümumi investisiya qoyuluşlarının üçdə birindən də azdır. Yəni, Azərbaycan artıq investor ölkəyə çevrilib.
Musa Quliyev: Azərbaycan artıq xarici ölkələrə sərmayə qoyan ölkəyə çevrilib. Türkiyənin enerji sektoruna qoyulan sərmayə, eləcə də, Gürcüstan, Ukrayna və s. ölkələrə yatırlan sərmayələr öz nəticələrini verəcək. Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin başa çatmasına xeyli vəsait sərf edir. Bu investisiyaların bir hissəsi yaxın illərdə büdcəyə gəlirlər gətirəcək. Bakı-Tbilisi-Qars dəmiryolu işə düşəndən sonra tez bir zamanda gəlir gətirəcək. Yəni, qoyulan investisiyalar tədricən öz nəticələrini verəcək.
Vüqar Bayramov: Əslində, 2014-cü ilin dövlət büdcəsi Azərbaycanda investisiya yönümlü büdcədən sosialyönümlü büdcəyə keçid kimi qiymətləndirilə bilər. Çünki büdcədə investisiya xərclərinin azalması müşahidə edilir ki, bu da tamamilə normaldır. Ona görə ki, iqtisadiyyatın infrastrukturunun formalaşması başa çatır. Artıq dövlət büdcəsinin ağırlığı investisiyalardan daha çox sosial layihələrə verilir. Bu gün Avropa ölkələrinin büdcəsində sosial xərclərin payı ona görə 70 faizdir ki, dövlət investisiya həyata keçirmir. Müəyyən müddətdə Azərbaycanda dövlətin investisiya yatırması normaldır. Amma 2014-cü ildə biz sosialyönümlü büdcəyə qədəm qoyduq. 2014-cü il tariximizə, eləcə də, dövlət büdcəsi aspektindən tarixə investisiyayönümlü büdcədən məhz sosialyönümlü büdcəyə qədəm qoyması ili kimi düşəcək. Çünki birmənalı şəkildə 2014-cü ildə sosialyönümlü büdcənin formalaşması ilə bağlı prioritetlərin ortaya qoyulması artıq ölkəmizin büdcəsinin sosial büdcəyə çevrilməsini göstərir. Gələn ilin büdcəsinin 30 faizi sosial xərclərdir. Amma eyni zamanda, elə xərclər var ki, həmin xərclərin sosial mahiyyəti var. Səhiyyə, təhsil, əməkhaqqı xərcləri sosial xərclər kimi qiymətləndirilə bilər. Pozitiv məqam ondan ibarətdir ki, Azərbaycan MDB-nin neft ölkələri arasında ilk ölkədir ki, invesitisiya büdcəsindən sosial büdcənin formalaşmasına doğru addım atdı.
Tahir Rzayev: Digər tərəfdən, ölkəmiz müharibə şəraitində olmasaydı, torpaqlarımızın 20 faizi işğal edilməsəydi, büdcənin haradasa 50 faizi sosialyönümlü olardı. Bu qədər qaçqın-köçkünün həyat səviyyəsinin yaxşılaşdırılması üçün vəsait ayrılır. Onlar üçün qəsəbələr tikilib istiyadəyə verilir.
Həmçinin, müdafiə xərclərinə 2,5 milyard manata yaxın vəsait ayrılıb. Əgər torpaqlarımız işğal olunmasaydı, müdafiə xərclərinə bu qədər vəsait ayrılmazdı və bu sosial məsələlərə sərf olunardı.
- Bu gün İKT sürətlə inkişaf edir, informasiya cəmiyyəti çoxgəlirli sahəyə çevrilməkdədir. Bu proses dövlət büdcəsinin formalaşmasında özünü necə göstərir?
Vüqar Bayramov: Ümumiyyətlə, İKT sahəsində gəlir artımla müşahidə olunur. Bu gəlirlər ÜDM-nin təxminən 7 faizini təşkil edir. Amma hədəf bundan ibarətdir ki, bu gəlirlər gələcək illərdə əhəmiyyətli dərəcədə artırılsın.
Musa Quliyev: Azərbaycanda elektron hökumət layihəsi hələ başa çatmayıb. Bu proses davam edir. Layihə tam işə düşəcəyi təqdirdə ciddi nəticələr verəcək. Yəni, mərhələli şəkildə bu məsələyə doğru gedirik. İKT-nin inkişafı həm büdcə gəlirlərini artırır, həm də əhaliyə xidmətin keyfiyyətini xeyli yaxşılaşdıracaq.
Aydın Hüseynov: Ümumilikdə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında İKT-nin inkişafı prioritet kimi qarşıya qoyulub. Amma onu qeyd etməliyəm ki, son illər bu sahə üzrə büdcəyə daxilolmalar artır. Şübhəsiz ki, qarşıdakı illərdə İKT inkişaf etdikcə, bu sahədən büudcəyə daxilolmalar da əhəmiyyətli dərəcədə artacaq.
Sevinc Nuriyeva,
Nardar Bayramlı
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

