Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BMT TŞ qərarlarını effektli icra etməlidir

BMT TŞ qərarlarını effektli icra etməlidir

28.07.2026 [10:33]

Azərbaycan təşkilatda islahatların aparılmasını dəstəkləyir

Azərbaycan BMT-də islahatların həyata keçirilməsinin tərəfdarıdır. Dövlətimizin bu mövqeyi bugünlərdə bir daha təşkilatın tribunasından səsləndirilib. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasının vacibliyi vurğulanıb. Belə ki, “Mübahisələrin dinc yolla həlli mexanizmlərinin gücləndirilməsi: BMT Təhlükəsizlik Şurasının 2788 (2025) saylı qətnaməsinin davamı” mövzusunda keçirilən yüksəksəviyyəli açıq debatda Azərbaycanın təşkilatdakı daimi nümayəndəsinin müavini Elvin Əşrəfzadə bildirib ki, dinc yolla nizamlanma bütün mübahisələrin erkən, ədalətli və davamlı həllinə xidmət etməlidir, vasitəçilik qərəzsiz olmalı, BMT Nizamnaməsi və beynəlxalq hüquqa uyğun şəkildə aparılmalıdır.

27 ildən sonra...

Diplomat tədbirlə bağlı özünün “X” sosial şəbəkə hesabında yazıb: “Dinc həll mexanizmlərinin effektivliyinin artıq qəbul edilmiş qərarların icrasından asılı olduğu qeyd edilib”. Bu xüsusda, Azərbaycanın öz təcrübəsinə istinad edilib. Belə ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin aydın tələblərinə baxmayaraq, təxminən otuz il ərzində icra olunmayıb: “Münaqişənin ağır nəticələrini aradan qaldıran, dağıdılmış şəhərləri yenidən quran, məhv edilmiş ətraf mühiti və biomüxtəlifliyi bərpa edən, məcburi köçkün əhalinin öz evlərinə təhlükəsiz şəkildə qayıtmasına kömək edən ölkələrlə daha böyük həmrəyliyin əhəmiyyətinə xüsusi diqqət çəkilib”.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan ərazilərinin işğalı ilə bağlı 1993-cü ildə dörd qətnamə (822, 853, 874 və 884) qəbul olunub. Bu sənədlərin hər biri Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təsdiqləyib və Ermənistanın işğalçı qüvvələrinin Qarabağdan dərhal çıxarılmasını tələb edib. Qətnamələr kağız üzərində qaldığı üçün Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı ən böyük təsisatın müvafiq qərarlarını özü icra edib və torpaqlar erməni işğalından azad olunub. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.

Beynəlxalq güclərin inhisarında olan təşkilat

Ümumiyyətlə, BMT strukturlarında islahatların aparılması məsələsi uzun müddətdir ki, dünya ölkələrinin gündəmindədir. Xüsusilə, beynəlxalq müstəvidə mövcud qlobal problemlər  BMT Təhlükəsizlik Şurasında yeniliklərin edilməsini ciddi zərurətə çevirib. Bu zərurəti BMT-nin Baş katibi Antonio Quterreş də etiraf edib. Baş katib rəhbərlik etdiyi təşkilatın modernləşdirilməsinə davam edən təkanların bir hissəsi olaraq, BMT-nin effektiv, qənaətcil və xidmət etdiyi insanlara cavabdeh olmasını təmin etmək məqsədilə islahatlara üstünlük verdiyini deyib. O, həmçinin Baş Assambleya sədrinin rəhbərliyi altında əldə edilmiş irəliləyişlə bağlı bütün üzv dövlətlərlə yaxından və müntəzəm olaraq məsləhətləşmələr apararaq irəliyə doğru istiqamət götürmək və konkret təkliflər təqdim etməyi öhdəsinə götürüb. Quterreş əlavə edib: “Mənim məqsədim səlahiyyətlərimə aid olan sahələrdə mümkün qədər tez hərəkət etmək və üzv dövlətləri özlərindən asılı olan bir çox qərarları nəzərdən keçirməyə çağırmaqdır. Hazırda BMT-nin fəaliyyətinə ehtiyac böyükdür və məqsəd aydındır: insanlara xidmət edən və XXI əsrə uyğunlaşdırılmış daha güclü və daha effektiv Birləşmiş Millətlər Təşkilatı formalaşdırmaq”.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1945-ci ildə yaradılıb. Quruma 5 daimi üzv - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və 10 qeyri-daimi üzv daxildir. BMT daxilində islahatlardan və təşkilatın beynəlxalq hadisələrə, proseslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən bir sıra məqamlara nəzər salmaq lazımdır. Bunlar, ilk növbədə, BMT Nizamnaməsində və Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklərin edilməsidir. Qeyd etdiyimiz kimi, ötən dövr ərzində dünyada  baş verən hadisələr BMT-də islahatların zəruri olduğunu bir daha  təsdiqləyir. Çünki təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də Təhlükəsizlik Şurasında yer alan daimi üzvlər istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Onlar veto hüququndan istifadə edərək subyektiv şəkildə öz maraqlarına uyğun olmayan məsələlərin qəbulunu əngəlləyirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin  rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Yuqoslaviya, Liviya və digər presedentlər mövcuddur. Lakin Azərbaycana münasibətdə 1993-cü ildə qəbul olunmuş qətnamələr 27 il kağız üzərində qaldığı üçün dövlətimiz öz gücünə həmin qətnamələri icra etməli oldu. 

“Dünya beşdən böyükdür” çağırışına Azərbaycandan dəstək

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təklifi ilə ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. BMT Baş Assambleyasının tribunasından “Dünya beşdən böyükdür!”, - deyən Ərdoğan bu yöndə təşəbbüslərini müxtəlif platformalarda da səsləndirib. Türkiyə Prezidentinin fikrincə, BMT Təhlükəsizlik Şurasının inklüziv islahatı təcili ehtiyacdır. “Beş ölkə arasında bəşəriyyətin taleyini tələyə salan hazırkı nizam davamlı deyil”, - deyə Rəcəb Tayyib Ərdoğan bəyan edib. Nəzərə almaq lazımdır ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarından biridir və məhz sadalanan meyarlar qlobal səviyyədə  uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenidən işlənməsini təklif edib. İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan ölkələrin də bu qurumda daimi təmsilçiliyinin vacibliyini vurğulayıb.

Artıq dünyanın bir çox dövlətləri BMT-də islahatların aparılmasının zəruriliyini açıq şəkildə vurğulayırlar. Çünki BMT-nin dünyada nüfuzunu qorumaq naminə islahatların alternativi yoxdur.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 102 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31