Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dövlət idarəçiliyində təmsil olunan şəxslər milli maraqlara əsaslanmalıdırlar

Dövlət idarəçiliyində təmsil olunan şəxslər milli maraqlara əsaslanmalıdırlar

04.03.2014 [09:50]

Prezident İlham Əliyev: Dövlət məmuru... heç bir xarici dairənin təsiri altına düşməməlidir
Azərbaycan müasir və təkmil idarəetmə sisteminə malik olan modern dünyəvi dövlətdir. Respublikamızda ictimai, siyasi, mədəni və digər sahələrdəki münasibətlər ölkə Konstitusiyası və mövcud qanunvericilik əsasında tənzimlənir. Azərbaycanın güclü dövlət mexanizminin əsasını təşkil edən faktorlardan biri məhz din-dövlət münasibətlərinin milli maraqlara müvafiq surətdə tənzimlənməsidir. İlk növbədə qeyd etmək lazımdır ki, ölkəmizdə əhalinin mütləq əksəriyyətini müsəlmanlar təşkil etsə də, Konstitusiyaya müvafiq surətdə din dövlətdən ayrıdır. Konstitusiyanın VII maddəsinin I bəndində göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
Vətəndaşların dini etiqad azadlığı yüksək səviyyədə təmin edilib
Qeyd etmək lazımdır ki, bu gün ölkəmiz dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır. Bu sahədə dövlət özünün aşkar qayğısı və diqqəti ilə vətəndaşı olduğu hər bir fərdin dini, etiqad və vicdan azadlığının təmin olunması yönündə fundamental tədbirlər görməkdədir. Belə ki, etiqad və vicdan azadlığının təmin edilməsinə dair müvafiq qanunların qəbul olunması, insanlara öz azadlıqlarından ictimai asayişə və əxlaqa, eləcə də milli maraqlara zidd olmayan formada yararlanmağa geniş şəraitin yaradılması fundamental tədbirlər sırasında yer almaqdadır.
Qeyd etdiyimiz kimi, Azərbaycan dövləti fundamental mahiyyət kəsb edən qanunlar çərçivəsində vətəndaşlarının dini etiqad azadlığını ən yüksək səviyyədə təmin etməkdədir. Belə ki, bu məsələdə dövlətin və aidiyyəti strukturların mövqeyi ondan ibarətdir ki, hər bir vətəndaş özünün hüquq və azadlıqlarından, o cümlədən dini etiqad azadlığından ictimai asayişə, ən əsası, milli maraqlara zidd olmamaq şərti ilə yararlana bilər.
Dini mənsubiyyəti siyasi mövqeyə transfer etmək yolverilməzdir
Lakin bəzi hallarda dini mənsubiyyət (İslam dininin müxtəlif cərəyanlarına mənsubluq) siyasi mövqeyə transfer olunur və siyasi fəaliyyət zamanı da milli maraqlar yox, məhz bu dini-ideoloji cərəyanların tələbləri əsas götürülür. Bu cür hallar müxtəlif ölkələrdə müşahidə edilir, o cümlədən Azərbaycan da istisna təşkil etmir. Bəs bu, hansı neqativ hallara yol açır və nəticələri nədən ibarət olur?
İlk növbədə, bir çox hallarda dövlətin milli maraqlarına zidd olan, həmçinin cəmiyyətdə təşəkkül tapmış mənəvi dəyərlərlə uzlaşmayan hallar meydana çıxır. Bəzən isə hətta dövlət idarəçiliyinə yol tapmaq məqsədi daşıyan cəhdlərə rast gəlinir ki, bu da tamamilə yolverilməzdir. Digər tərəfdən, bu cür mövqe bütün hallarda xaos fəlsəfəsindən qidalanır. Beləliklə, fərqli korporativ maraqlar naminə dini-ideoloji cərəyanlara istinad etmək neqativ nəticələr vəd edir...
Dini cərəyanların mənafeyinin önə çıxarılması milli maraqlara ziddir
Ümumiyyətlə, bəzi ölkələrin nümunəsindən görünür ki, hər hansı bir dini-ideoloji cərəyan nümayəndələrinin dövlət idarəçiliyinə aktiv təsiri neqativ proseslərlə nəticələnir. Məsələn, qonşu ölkələrdə baş verən hadisələr göstərdi ki, dövlət idarəçiliyində təmsil olunan şəxslərin milli maraqları heçə sayaraq sırf mənsub olduqları dini cərəyanın direktivləri əsasında çıxış etmələri nələrə səbəb olur. Burada iki məqam qeyd edilməlidir. Birincisi, həmin dövlət yetkililəri lazımi resurslardan istifadə edərək adekvat tədbirlər görə bilmədilər və nəticə bu cür neqativ halların yaşanması ilə müşahidə edildi. İkincisi isə, bəlli dini-ideoloji cərəyana məxsus siyasilər “bumeranq” effekti ilə rastlaşdılar...
Azərbaycan dövləti dini siyasətə alət etmək cəhdlərinin qarşısını almaq iqtidarındadır
Əlbəttə, Azərbaycan dövləti hər bir şəxsə öz dini mənsubiyyəti çərçivəsində etiqad azadlığından yararlanmağa tam şərait yaradıb. Amma burada əsas olan incə məqam budur ki, dövlət idarəçiliyində təmsil olunan şəxslər bütün hallarda - birmənalı şəkildə milli maraqlar əsasında hərəkət etməlidirlər. Artıq bu məqamda hər hansı bir dini-ideoloji cərəyana mənsub olmaq heç bir əhəmiyyət daşımamalıdır.
Təəssüflər olsun ki, ölkəmizdə bəzi şəxslər bəlli dini-ideoloji cərəyana mənsub olduqlarından milli maraqları “rəfə qaldırıblar”. Bu, bütün hallarda hər hansı bir xarici qüvvənin təsiri altına düşərək cəmiyyətin və dövlətin təhlükəsizliyinə yönəlmiş təhlükəli fəaliyyət deməkdir. Bu məqam, şübhəsiz, xüsusilə də məmur statusunun və ya obrazının mahiyyətinə ziddir. Yeri gəlmişkən, Prezident İlham Əliyev məmurun hansı keyfiyyətlərin daşıyıcısı olması və hansı prinsiplər əsasında fəaliyyət göstərməsindən bəhs edərkən qeyd etmişdi ki, məmur heç bir xarici dairənin təsiri altına düşməməlidir: “Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin”.
Hər halda, Azərbaycan dövləti dini platformada edilən istənilən neqativ cəhdlərin qarşısını almaq iqtidarındadır.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1002 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31