Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclis “Elm haqqında” qanun layihəsini müzakirəyə çıxarıb

Milli Məclis “Elm haqqında” qanun layihəsini müzakirəyə çıxarıb

25.02.2015 [01:00]

Parlamentin iclasında millət vəkilləri Xocalı soyqırımı ilə yanaşı, manatın məzənnəsi ilə bağlı yaranmış vəziyyəti də müzakirə ediblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda millət vəkilləri əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Onun sözlərinə görə, Xocalı soyqırımı erməni millətçiləri tərəfindən həyata keçirilən qəsbkarlıq, soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsini təşkil edib: “Bu kütləvi qırğından əvvəl Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları bir sıra yaşayış məntəqələrində əhalinin böyük bir hissəsi xüsusi amansızlıqla qətlə yetirilmişdi. Xocalı soyqırımı öz miqyasına görə bu cinayətlərin ən dəhşətlisidir”.
O.Əsədov qeyd edib ki, Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi qiymətləndirib. Onun sözlərinə görə, Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilib və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinin dünya miqyasında tanıdılması üçün görülən tədbirlərin geniş vüsət aldığını deyən spiker bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məsələdə Azərbaycana verilən beynəlxalq dəstək ildən-ilə daha da güclənir. “Xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da real və konkret nəticələrini verməkdədir. İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras və Sudan parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 15 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Bütün bunlar Prezident İlham Əliyevin və Onun başçılıq etdiyi hökumətin, həmçinin, Milli Məclisin, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin nəticəsidir. Yeri gəlmişkən, qeyd edim ki, bu günlərdə Milli Məclisin 20 deputatı Türkiyədə, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, İtaliyada, Niderlandda və İsraildə keçirilən Xocalı faciəsi qurbanlarının anım mərasimlərində iştirak edir. Biz əminik ki, Xocalı soyqırımı cəzasız qalmayacaq. Nə yolla olursa-olsun, ölkəmizin ərazi bütövlüyü təmin ediləcək, Xocalı soyqırımının da, digər cinayətlərin də bütün təşkilatçıları və icraçıları layiqli cəzalarını alacaqlar”, - deyə spiker vurğulayıb.
“Azərbaycanın üzləşdiyi təcavüz aktı, xalqımıza qarşı törədilən cinayətlər, etnik təmizləmə və milli-mədəni abidələrimizin, tarixi abidələrimizin dağıdılması istiqamətində beynəlxalq erməniliyin və erməni maraqlarına xidmət edən dairələrin dəstəyi ilə törədilən vandalizm aktları dünya ictimaiyyətinə çatdırılmaqdadır”. Bu fikri isə Milli Məclisin sədr müavini Bahar Muradova deyib. B.Muradova bildirib ki, əvvəllər Xocalı soyqırımının şokunu yaşayırdıqsa, indi bu hadisənin səbəbkarlarını cəzalandırmaq və bu qətliamı dünya ictimaiyyətinə çatdırmaq üçün ciddi işlər görürük və bu da öz müsbət nəticələrini verir. Onun sözlərinə görə, bu, Azərbaycan Prezidentinin apardığı siyasətin, rəsmi diplomatiyanın və parlament diplomatiyasının uğurudur.
“Bu günlərdə ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmişəm. Orada bu məsələni qaldırdıq. Ermənilər yenə də bu məsələdə bizi günahkar çıxarmaq istəyirdi. Orada ermənilər deyirlər ki, əslində bu hadisənin günahkarları sabiq prezident Ayaz Mütəllibov və AXC olub. Ona görə ki, fevralın 25-dən 26-na keçən gecə əhalinin şəhəri tərk etməsi üçün dəhliz açılmışdı. Bundan istifadə üçün Azərbaycan tərəfi ciddi addımlar atmayıb, ona görə də, bu faciənin günahkarı Ayaz Mütəllibov və AXC-dir. Bu onu sübut edir ki, bizim siyasətçilər açıqlama verərkən bir qədər uzunmüddətli maraqları nəzərə almırlar. Ona görə bu açıqlamalar sonradan ermənilər tərəfindən bizə qarşı istifadə edilir. Biz erməni nümayəndə heyətinin bu iddiasından çıxış edərək öz mövqeyimizi ifadə etdik. Bildirdik ki, niyə məhz soyuq qış gecəsində, 20-25 dərəcə şaxta olduğu bir zamanda dəhliz yaradılmışdı? Niyə Xocalı sakinləri öz evlərindən çıxmalı idi? Məgər bu, etnik təmizləmə deyildimi? Biz öz fikirlərimizdə tədbir iştirakçılarında düzgün təsəvvür formalaşdırdıq. Ona görə də, hesab edirəm ki, biz bütün diqqəti bu istiqamətə yönəltməliyik”, - deyə vitse-spiker vurğulayıb.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov qeyd edib ki, qondarma “erməni soyqırımı”nın ifşa olunması üçün ən tutarlı cavab Xocalı soyqırımıdır. Onun sözlərinə görə, ermənilər qondarma soyqırımın 100 illiyinin qeyd olunmasına hazırlaşır: “Belə olan təqdirdə bu qondarma soyqırımın yalan olduğunu dünyaya sübut edə biləcək yeganə hadisə Xocalı soyqırımıdır. Azərbaycan və Türkiyə bu prosesdə birgə fəaliyyət göstərir. Ermənilərin apardığı təbliğat yalana söykənir. Çünki indiyə qədər Türkiyə tərəfindən təklif olunub ki, arxivlər açılsın və sənədlər üzərində müzakirələr aparılsın. Lakin Ermənistan tərəfi bundan qaçıb”.
Millət vəkilləri iclasda, həmçinin, manatın məzənnəsi ilə bağlı vəziyyətə də münasibət bildiriblər. Millət vəkili Zahid Oruc hökumətin addımlarını düzgün hesab edib. O qeyd edib ki, dünya böhranı şəraitində belə qərarlar doğrudur. Millət vəkilinin fikrincə, bu vəziyyətə etiraz edənlər bir müddət sonra qərarın haqlı olduğunu anlayacaqlar.
Məsələ ilə bağlı Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, dolların məzənnəsinin qalxması ilə əhalinin əmanətlərinə ziyan vurulması barədə səsləndirilən fikirlər tamamilə yalandır. O qeyd edib ki, əmanətlərin 50 faizdən çoxu banklara dollarla qoyulub: “İkincisi, mən sizə tam rəsmi deyirəm ki, son bir həftə ərzində iki milyard, ondan qabaq 2,5 milyard manat banklar tərəfindən dəyişdirilib, yəni banklar tərəfindən bu imkan yaradılıb. Ona görə əhalinin əmanətlərinə ziyan dəyib demək tamamilə yalan fikirdir. Mən çox istərdim ki, məsələyə fikir bildirəndə bizim makroiqtisadi siyasəti bilən adamlar da fikir bildirsinlər, bir az dərindən fikirləşsinlər, dünyada gedən proseslərə baxsınlar. Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Azərbaycanın valyuta ehtiyatları var, ancaq nə qədər mümkündür manatın məzənnəsini qoruyub saxladılar, indi yenə də qorunacaq, ancaq fikirləşmək lazımdır ki, qarşıda hər cür işlər ola bilər. Münaqişə həll olunmayıb, yəni müharibə də ola bilər. Biz rezervlərin hamısını bu məzənnəyə görə itirə bilmərik”.
Spiker vurğulayıb ki, ümumiyyətlə, manatın məzənnəsinin düşməsi ilə bağlı ajiotaj yoxdur: “Ola bilsin ki, bəzi dükanlar, bir çox spekulyantlar qiymətləri qaldırırlar. Azərbaycanda ərzağın 70 faizi daxili istehsal məhsullarıdır. Yəni, bu məhsulların qiymətləri niyə qalxmalıdır? Digər tərəfdən, dükanlarda indiki məhsullar dolların məzənnəsinin qalxmasından əvvəl alınan məhsullardır. Onların qiymətləri niyə qalxmalıdır?”
O.Əsədov qeyd edib ki, qiymətlərin qalxmasının qarşısını almaq üçün dövlət tədbirlər görür: “Mən dünən İqtisadiyyat və Sənaye Nazirliyi ilə danışdım, ciddi işlər görülür. Mən əminəm ki, qiymətlərin qalxmasına imkan verilməyəcək. Eləcə də, inanıram ki, dövlət tərəfindən sosial ehtiyacı olan təbəqələrə də yardımlar edilməsinin forması barədə düşünülür”.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. Millət vəkilləri bir sıra qanun layihələrini müzakirə edərək qəbul ediblər.
Müzakirə olunan sənədlər sırasında “Elm haqqında” qanun layihəsi də var. Sənəd barədə məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev qeyd edib ki, elm sahəsinin inkişafı həmişə müstəqil Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olub və bu gün də prioritet istiqamət kimi qalmaqdadır. Onun sözlərinə görə, son illərdə bu sahədə nəzərə çarpan irəliləyişlər əldə edilib: “Bu gün bu sahədə həllini gözləyən problemlər də çoxdur. Bunların yaranma səbəblərini araşdırmaq və onları həll etmək üçün mükəmməl qanunvericilik bazasının yaradılmasına ciddi ehtiyac var. Bu qanun layihəsini də məhz bu məqsədlə bu iclasa təqdim etmişik”.
Ş.Hacıyev bildirib ki, qanun layihəsi hazırlanarkən bir çox ölkələrin, o cümlədən, qabaqcıl Avropa və MDB dövlətlərinin təcrübələri nəzərə alınıb: “Cəmiyyət miqyasında qanun qəbul olunmalıdır ki, təhsil sahəsində rəqabətqabiliyyətli inkişafa nail ola bilək. Layihənin əsas istiqaməti liberal şəraitin yaradılması, rəqabət mühitinin təmin edilməsi, elmi nəticələrin səviyyələrinin yüksədilməsi və digər məqsədlərlə bağlıdır. Bu da imkan verir ki, ölkədə elmin inkişafına nail olaq və elmi tədiqiqatların keyfiyyətini daha da artıraq”.
Onun sözlərinə görə, elmin inkişafı sahəsində qanunvericilik bazasının yaradılması bir çox məsələlərin həllini nəzərdə tutub: “Elmi fəaliyyətin idarə olunması və onun müasir dünya praktikasına uyğunlaşdırılması layihənin əsas məqsədlərindən biridir. Azərbaycan MDB məkanında elmə ən çox vəsait ayıran ölkədir”.
Müzakirələrdən sonra sənəd birinci oxunuşda qəbul olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 672 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31