“Azərbaycan müasir dünyada”
08.05.2015 [10:00]
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə bu mövzuda konfrans keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Azərbaycan müasir dünyada” mövzusunda konfrans keçirilib. Konfransda dövlət və hökumət nümayəndələri, YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək Ümummilli liderimiz, müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.
Sonra tədbir “Fairmont Baku” hotelində öz işini davam etdirib. Konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. O qeyd edib ki, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmək, Onun xatirəsini anmaq vətəndaşların müqəddəs borcuna çevrilib. Əli Əhmədovun fikrincə, bu, Ümummilli liderimizə xalqın hörmət və ehtiramının ifadəsi olmaqla yanaşı, eyni zamanda, Azərbaycanda formalaşmış çox dəyərli dövlətçilik ənənəsidir: “Müstəqil dövlətin qurucusuna, Onun müəyyənləşdirdiyi siyasətə, əməyinə, zəhmətinə hər bir vətəndaşın hörmət və ehtiram bəsləməsi dövlətçiliyin dayaqlarının möhkəmləndirilməsinə birbaşa dəlalət edir. Məmnunluq hissi ilə demək istəyirəm ki, Azərbaycan xalqı Heydər Əliyevin müstəqil dövlətimizin yaranması istiqamətində göstərdiyi fədakar əməyinə, Onun şəxsiyyətinə böyük ehtiram bəsləyir. YAP Heydər Əliyevin yaratdığı siyasi təşkilat olaraq xalqın bu hisslərini ifadə edərək Ümummilli lider Heydər Əliyevin xatirəsini həmişə uca tutur. Heydər Əliyev siyasəti nəticəsində ölkəmiz daim inkişaf edəcək və bu inkişaf Azərbaycan xalqına xidmət etmiş olacaq”.
YAP Sədrinin müavini bildirib ki, Ulu öndərin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması artıq ənənə halına çevrilib. Onun fikrincə, bu, hər bir azərbaycanlının Heydər Əliyevin xatirəsinə, eləcə də Azərbaycan dövlətçiliyinə olan dərin məhəbbəti və ehtiramının ifadəsidir. “Çünki Heydər Əliyev və Azərbaycan anlayışlarını bir-birindən ayırmaq mümkün deyil. Nə qədər ki, Azərbaycan var, hər bir Azərbaycan vətəndaşı daim Heydər Əliyevin xatirəsini yad edəcək, Ona hörmət və ehtiramını bildirəcək. Yeni Azərbaycan Partiyası artıq 12-ci ildir ki, Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar tədbirlər keçirir. Bu dəfəki konfransın mövzusunun “Azərbaycan müasir dünyada” olaraq seçilməsi heç də təsadüfi deyil. Müstəqil Azərbaycan dövlətinin sürətlə inkişaf edən, gələcəyi parlaq olan dövlətə çevrilməsi də məhz Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Azərbaycan bu il müstəqilliyinin 24 illiyini qeyd edəcək. Buna baxmayaraq, Azərbaycan artıq dünya birliyinin layiqli üzvü olduğunu sübut edib. MDB dövlətləri içində BMT Təhlükəsizlik Şurasının üzvü olmağa layiq olan yeganə dövlət Azərbaycan olub. Bunun özü Azərbaycanın nüfuz və hörmətindən xəbər verir. Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, onun mədəniyyət, elm, idman və digər sahələrdə də inkişafı dünyada geniş rezonans doğurub. Biz ölkəmizdə növbəti möhtəşəm beynəlxalq tədbirin keçirilməsi ərəfəsindəyik. Birinci Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi də onun dünyada nə qədər nüfuz və hörmət sahibi olmasını göstərir. Beləliklə, Heydər Əliyev siyasəti və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyada yeri və rolu, nüfuzu daha da güclənəcək”, - deyə Əli Əhmədov vurğulayıb.
Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova “Azərbaycan beynəlxalq aləmdə sarsılmaz mövqe və nüfuz sahibidir” mövzusunda məruzə edib. B.Muradova bildirib ki, hər bir dövlətin dünya düzənindəki yeri və rolu, ilk növbədə, onun xarici siyasətini səciyyələndirən amillər, beynəlxalq və regional qurumlardakı fəaliyyəti, habelə demokratik dəyərlərə münasibəti ilə bağlıdır. Onun sözlərinə görə, müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınır: “Cənubi Qafqaz geosiyasi məkanında aparıcı dövlət kimi çıxış edən ölkəmiz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıq platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir dövlətdən və beynəlxalq qurumdan asılı olmayan Azərbaycan artıq bu gün regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir. Məhz bunun nəticəsidir ki, dövlətimizin xarici siyasət kursunun nəticələri beynəlxalq miqyasda təqdir olunur. Belə ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə regional miqyaslı və böyük strateji layihələrin reallaşdırılması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi məhz həyata keçirilən praqmatik xarici siyasətin pozitiv göstəricisidir. Bu gün Azərbaycan qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir. Buna zəmin yaradan əsas siyasi-strateji faktorlardan biri Azərbaycanın qlobal tribuna rolunu oynayan beynəlxalq qurumlarda uğurla təmsil olunmasıdır. Ölkəmizin 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi üzv seçilməsi və quruma 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında sədrlik etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi rasional xarici siyasət kursunun məntiqi nəticəsi kimi qəbul olunmalıdır”.
Vitse-spikerin sözlərinə görə, Azərbaycanın xarici siyasəti çoxşaxəlidir, müəyyən olunmuş prioritetlər bir çox istiqamətləri ehtiva edir: “Amma bu məsələlər kontekstində xarici siyasət kursunda strateji prioritet kimi müəyyən olunmuş əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu məqsədlə, Azərbaycan beynəlxalq təşkilatlardakı mövqeyindən və ikitərəfli əlaqələrindən uğurla istifadə edir. Bunların məntiqi nəticəsi kimi, beynəlxalq miqyasda Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan çoxsaylı qətnamələr qəbul edilib, eyni zamanda, ermənilərin xalqımızın başına gətirdiyi faciələr kəskin qınaq obyektinə çevrilib”.
Konfransda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov “Azərbaycan Respublikasının müasir dünyadakı mövqeləri və Cənubi Qafqazdakı geosiyasi vəziyyəti” mövzusunda məruzə edib. Əli Həsənov bildirib ki, Azərbaycanın geosiyasi dəyərinin artmasına və xarici ölkələrlə münasibətlərinə müsbət təsir göstərən əsas amillərdən biri onun əhəmiyyətli geosiyasi və coğrafi məkanda yerləşməsi hesab olunur. Onun sözlərinə görə, Azərbaycan dünyanın ən əhəmiyyətli məkanı hesab olunan Avrasiyanın mərkəzində yerləşir, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda gedən əsas proseslərin və transmilli maraqların təməlində dayanır: “Xəzərətrafı ölkələr içərisində ən əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqe də məhz Azərbaycana məxsusdur. Geoiqtisadi dəyərinə görə Ulu öndər Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu yeni neft strategiyası və transmilli enerji-nəqliyyat-kommunikasiya layihələrin həyata keçirilməsi Azərbaycanı dünyanın aparıcı dövlətləri və şirkətləri üçün cəlbedici tərəfdaşa çevirmişdir. Onun əsas dəyəri həm də yalnız neft-qaz sektoru ilə məhdudlaşmamış, keçən illərdə yürüdülən düzgün iqtisadi inkişaf strategiyası ölkəni ümumilikdə Avrasiyanın dinamik inkişaf edən ölkəsinə, iqtisadi, sosial-siyasi və mənəvi mərkəzinə, çevirmişdir. Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan həm də Avrasiyanın giriş qapısı, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizlərinin mərkəzi dövləti hesab olunur. Rusiyadan yan keçməklə Avropa və Asiya ölkələri arasında bağlayıcı körpü rolunu icra edən Trans-Qafqaz nəqliyyat dəhlizi (TRASEKA), strateji Bakı-Tbilisi-Qars dəmiryolu layihələrinin təşəbbüskarı, hərəkətverici qüvvəsi və əsas təminatçısı da məhz Azərbaycandır. Bundan başqa, Trans-Asiya nəqliyyat dəhlizində (Cənubi, Şərqi və Orta Asiya-İran-Azərbaycan-Rusiya və əksinə, İranın Fars körfəzi vasitəsilə bu ölkələri Avropa ilə birləşdirən nəqliyyat-kommunikasiya layihəsi - Ə.H.) əsas bağlayıcı ölkələrdən biri kimi çıxış etməsi Azərbaycanın mühüm tranzit əhəmiyyətini bir daha təsdiq edir. Dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici bir vəsiləyə çevrilməsi Azərbaycanın son bir neçə ildə həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturlarının, o cümlədən, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulmasına təkan vermişdir”.
Əli Həsənov qeyd edib ki, görülən bütün işlərin başlıca məqsədi Azərbaycanın regionun tranzit mərkəzi statusunu möhkəmlətməklə, həm də onun regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsini təmin etməkdir. Azərbaycanın qlobal və regional geosiyasi çəkisini artıran başlıca amillərdən biri də onun müstəqil bir dövlət olaraq tam formalaşması, özünü təmin edən milli iqtisadiyyata, maddi, mənəvi və insan resurslarına, milli-vətəndaş birliyinə, əhali tərəfindən dəstəklənən milli strategiyaya, güclü ordu və müdafiə potensialına və s. zəruri təsisatlara malik olması və bütün bunlara söykənərək müstəqil daxili və xarici siyasət yürütməsidir. Azərbaycanın əlverişli coğrafi durumu, müstəqil siyasəti, iqtisadi potensialı, maddi və mənəvi resursları və digər amillər onu regional mərkəz statusuna yüksəltmiş və beləliklə, geosiyasi dəyərini daha da artırmışdır.
“Beləliklə, yuxarıda qeyd olunan bütün amillər onu deməyə əsas verir ki, müstəqilliyinin 20 ili ərzində Azərbaycan siyasi, iqtisadi, ictimai və mənəvi həyatın bütün sahələrində keçid dövrünü müvəffəqiyyətlə başa vurmuş, bir dövlət olaraq tam formalaşmış, güclü regional amilə çevrilmiş və qlobal siyasətdə öz sözü, rəyi, prinsipial mövqeyi ilə seçilən nüfuzlu dövlət kimi çıxış etməyə başlamışdır”, - deyə, Əli Həsənov vurğulayıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev isə “Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda məruzə ilə çıxış edib. K.Abdullayev bildirib ki, multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi, xüsusilə Sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət qədər sistemsiz və spontan mahiyyətə malik idi: “Onun sanki bütün vacib özəllikləri mövcud idi. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanını multikultural bir rejimin içinə salmağa hazır idi. Bu və bu kimi xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm də bu gün kifayət qədər görümlü və təsiredicidir”.
K.Abdullayevin sözlərinə görə, “Kitabi-Dədə Qorqud” dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələr uzaq keçmişdən bu günümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir: “Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək. Və bunu Ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi. Əslində, Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisi oldu. Ulu öndər Heydər Əliyev bununla, ilk növbədə, multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”, - deyən Ulu öndər bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi. Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən, Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

