Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Son 12 ildə Azərbaycanda əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunması istiqamətində mühüm addımlar atılıb

Son 12 ildə Azərbaycanda əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunması istiqamətində mühüm addımlar atılıb

09.02.2016 [09:44]

Prezident İlham Əliyev: 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütövlükdə tarixi hadisədir və tarixi nailiyyətdir. Bu illər ərzində ölkəmiz sürətlə inkişaf edib. Biz infrastruktur layihələrini icra etmişik
Müstəqil Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, respublikamızda dövlət siyasətinin ayrı-ayrı istiqamətləri müəyyənləşdirilərkən insan amili, bütün ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi əsas götürülür. Bu strateji kursa uyğun şəkildə son 12 ildə respublikanın getdikcə artan iqtisadi potensialına əsaslanaraq paytaxt Bakıda və bölgələrdə geniş proqramlar həyata keçirilib, bilavasitə insanların gündəlik həyatı, məişət şəraitlərinin yaxşılaşdırılması, kommunal ehtiyaclarının dolğun şəkildə ödənilməsi ilə bu və ya digər dərəcədə bağlı olan infrastruktur obyektləri istifadəyə verilib. Hazırda bölgələrin infrastruktur təminatı 12 il bundan qabaqkı vəziyyətlə müqayisədə kəskin şəkildə fərqlənir. Bu da qlobal iqtisadi çətinliklər fonunda ölkənin iqtisadi potensialından daha səmərəli istifadə olunmasında, daxili istehsalın genişləndirilməsində mühüm rol oynayan faktor qismində çıxış etməklə yanaşı, eyni zamanda, insanların sosial təminatının möhkəmlənməsinə, kommunal ehtiyaclarının ödənilməsinə etibarlı zəmin yaradır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizin sürətli iqtisadi inkişafı fonunda infrastruktur layihələrinin icra olunmasından məmnunluğunu ifadə edərək deyib: “Demək istəyirəm ki, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütövlükdə tarixi hadisədir və tarixi nailiyyətdir. Bu illər ərzində ölkəmiz sürətlə inkişaf edib. Biz infrastruktur layihələrini icra etmişik”.
Ölkənin bütün şəhərlərində əhaliyə 24 saat fasiləsiz içməli su verilməlidir
Müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Verilən məlumatlara görə, hazırda dünyada təxminən 1,5 milyard nəfər içməli su çatışmazlığından əziyyət çəkir. Prezident İlham Əliyev qlobal miqyasda yaranan yeni çağırışlara uyğun olaraq etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəflərindən biri kimi müəyyənləşdirib. Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında dövlət başçısı İlham Əliyev bununla bağlı fikirlərini ifadə edərək deyib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq son 12 ildə paytaxt Bakı da daxil olmaqla ölkəmizin bütün bölgələrində irimiqyaslı su-kanalizasiya layihələri həyata keçirilib. Ölkə Prezidenti mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrı-ayrı şəhərlərin su-kanalizasiya sisteminin yaxşılaşdırılmasına lazımi qədər vəsait ayırır. Bundan başqa, Dövlət Neft Fondundan da su-kanalizasiya layihələrinin yerinə yetirilməsinə kifayət qədər irihəcmli maliyyə tranşları yönəldilir. Bakı şəhərinin və onun ətraf qəsəbələrinin, eləcə də regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında su-kanalizasiya layihələri ilə bağlı konkret müddəalar öz əksini tapıb. Son 12 ildə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələrinin icrasına başlanılıb və artıq bir sıra şəhərlərdə bu layihələrin icrası yekunlaşdırılıb. “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının 4 şəhər və rayon mərkəzində, o cümlədən onlara yaxın kəndlərdə etibarlı və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin təmin edilməsi məqsədi ilə 17 avqust 2007-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı arasında Kredit Sazişi imzalanıb və Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 247 s saylı Sərəncamı ilə təsdiq edilib. Layihə Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir. Artıq layihə çərçivəsində nəzərdə tutulan bir sıra işlər yekunlaşdırılıb, ayrı-ayrı ünvanlarda isə işlər uğurla davam etdirilir. Hazırda Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutan “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi də böyük müvəffəqiyyətlə reallaşdırılır.
Qeyd edək ki, əvvəlki Dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində yaranan möhkəm baza əsasında hazırlanan və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramında da içməli su təchizatı və kanalizasiya sisteminin təkmilləşdirilməsi layihələrinə geniş yer verilib. Yeni Dövlət Proqramının icrasının arxada qalan iki ili ərzində respublikanın müxtəlif şəhər və rayonlarında bu qəbildən çoxsaylı layihələr reallaşdırılıb. Bu sahədə həyata keçirilən ən böyük layihələrdən biri Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə qədər çəkilən magistral su kəmərinin tikintisidir.
Bəhs olunan Dövlət Proqramı çərçivəsində həmçinin Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilib. Eyni zamanda, şəhərdə müasir texnologiyalara əsaslanan və məhsuldarlığı sutkada 55 min kubmetr olan sutəmizləyici qurğunun tikintisinin birinci mərhələsi başa çatdırılıb. Yeni Dövlət Proqramının icrası çərçivəsində Ucar şəhərində su şəbəkəsinin tikintisi tam başa çatdırılıb, 4900 mənzildə “Smart” tipli sayğac quraşdırılıb və şəhər sakinləri fasiləsiz su ilə təmin olunublar.
Rayon mərkəzlərində və respublika tabeli şəhərlərdə həyata keçirilən layihələr çərçivəsində yeni su mənbələrinin yaradılması, anbarların, nasos stansiyalarının və paylayıcı şəbəkələrin tikintisi ilə yanaşı, tullantı sularının zərərsizləşdirilib kənarlaşdırılması üçün müasir təmizləyici qurğular da inşa olunur.
Son illərdə ölkəmizdə reallaşdırılan yeni su layihələrindən biri də Oğuz-Qəbələ-Bakı su kəməridir. Oğuz-Qəbələ-Bakı su kəmərinin icrasına Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli müvafiq Sərəncamı ilə start verilib. Layihə çərçivəsində tikinti işlərinə 2007-ci ilin martında başlanılıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasına 779,6 milyon manat vəsait ayrılıb. Kəmərin rəsmi açılış mərasimi 2010-cu il dekabrın 28-də keçirilib.
Qarşıya qoyulan hədəflər isə daha böyükdür. Prezident İlham Əliyev bildirib ki, ölkənin bütün şəhərləri 24 saat fasiləsiz keyfiyyətli su ilə təchiz edilməlidir: “İçməli su layihələri bir çox şəhərlərdə artıq icra edilib, 24 saat fasiləsiz təmiz, beynəlxalq standartlara, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Bu layihələr davam edir, davam edəcəkdir. Bütün şəhərlərdə əhaliyə 24 saat fasiləsiz, təmiz içməli su verilməlidir”.
Bu məqamda qeyd edək ki, ölkə ərazisində içməli su təchizatının yaxşılaşdırılmasında modul tipli qurğulardan, o cümlədən də subartezian quyularından geniş istifadə olunur. Ümumiyyətlə, son illər ərzində ölkə ərazisində 1500-ə yaxın subartezian quyusu qazılıb. 2015-ci ilin sonunda isə bu məqsədlə daha 10 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində subartezian quyularını önəmli infrastruktur layihəsi kimi səciyyələndirərək vurğulayıb: “Keçən il 300 subartezian quyusu qazılmışdır. Bu da çox önəmli infrastruktur layihəsidir. Eyni zamanda, keçən il 60-a yaxın kənddə, bu günə qədər isə 384 kənddə sutəmizləyici qurğular quraşdırılmışdır. Çaylar boyu yerləşən bu kəndlərdə insanlar təmiz içməli sudan qıtlıq çəkirdilər. Ümumiyyətlə, son illər ərzində 625 min nəfər bu yolla təmiz içməli su ilə təmin edilib”.
Respublikada qazlaşdırmanın səviyyəsi 90 faizə çatıb
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın bütün regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib ki, bunun da sayəsində ölkənin bütün şəhərlərinin “mavi yanacaq” təchizatına yüz faiz həcmində nail olunub. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Azərbaycanda qazlaşmanın səviyyəsindən məmnunluğunu ifadə edərək deyib: “Biz 2007-ci ilə qədər qazı xaricdən alırdıq. Bu gün Azərbaycanda qazlaşdırma 90 faizə yaxınlaşır, bölgələrdə isə bütün şəhərlər 100 faiz qazlaşdırılıb. Hətta sovet dövründə heç vaxt qaz görməyən yerlərə də biz qaz xətləri çəkdik. Bu gün bölgələrdə qazlaşdırma 80 faizə yaxındır”.
Dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər həyata keçirilir. Belə ki, əhali kateqoriyasına aid istehlakçıların mənzillərindəki istismar müddəti bitən mexaniki sayğaclar “Smart-kart” tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir, təmir-bərpa işləri aparılır. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə bir sıra layihələr reallaşdırılır. Bu proses 2015-ci ildə də intensiv şəkildə davam etdirilib. Son bir ildə ölkə ərazisində 12500 kilometrə yaxın qaz xətləri çəkilib, 43 rayon üzrə 430 yaşayış məntəqəsi təbii qazla təmin edilib, eyni zamanda, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 400 kilometrdən çox qaz kəmərləri əsaslı təmir edilib.
Bütün ölkə boyunca geniş qazlaşdırma aparılması nəticəsində, əsasən regionlarda olmaqla abonentlərin sayı əhəmiyyətli dərəcədə artıb. Hazırda ölkə üzrə təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 1 milyon 767 min 919-a çatıb. Onu da vurğulamaq yerinə düşər ki, qaz satışı üzrə yığım istər əhali, istərsə də qeyri-əhali sektorlarında 100 faizi ötüb.
Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq bütün ölkə boyu reallaşdırılan qazlaşdırmanın ən səciyyəvi əlaməti isə ondan ibarətdir ki, artıq bu proses indiyədək qazlaşdırılmayan və yaxud müəyyən səbəblərdən qaz təminatı dayandırılan kəndləri və kiçik yaşayış məntəqələrini də əhatə edib. Ümumiyyətlə, dövlət başçısının bu sahədə qarşıya qoyduğu hədəf ölkə üzrə qazlaşdırmanın səviyyəsini 90-95 faizə çatdırmaqdan ibarətdir.
Elektrik enerjisi ilə təchizat sahəsində Bakı ilə bölgələr arasında fərq aradan qaldırılır
Son illərdə məqsədyönlü siyasət sayəsində Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsindən söhbət açarkən respublikanın enerji təminatının güclənməsini də xüsusi qeyd etmək lazımdır. 2004-cü ildən etibarən bu sahədə ardıcıl surətdə həyata keçirilən tədbirlər sayəsində paytaxt Bakının və bölgələrin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 25 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Nəticədə 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Ölkənin enerji təminatının daha da gücləndirilməsi istiqamətində tədbirlər 2015-ci ildə də davam etdirilib. Belə ki, ötən il Azərbaycanın regionlarında 2 elektrik stansiyası istifadəyə verilib, 1289 transformator və 20 yarımstansiya quraşdırılıb və ya təmir olunub, 8200 kilometrdən artıq elektrik xətti çəkilib. Hazırda respublikanın elektrik enerjisi sisteminin tərkibində 13 istilik və 15 su elektrik stansiyası fəaliyyət göstərir. Respublika ərazisindəki istilik və su elektrik stansiyalarının ümumi layihə gücü 6231,6 MVt-a bərabərdir. Ölkə ərazisindəki bütün enerji güclərinin uğurlu istismarı müvəffəqiyyətlə təmin olunur. 2015-ci il ərzində ölkənin enerji gücləri tərəfindən 22,5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. Cari ilin yanvarında isə respublikanın enerji sistemində 2,1 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub. Respublikamızda elektrik enerjisinin ən iri istehsalçısı olan “Azərbaycan İES” MMC-nin kollektivi 2015-ci ilin bütün texniki-istehsalat proqnozlarını yerinə yetirib. Müəssisədə il ərzində enerji bloklarından 7 milyard 402,8 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.
Son 12 ildə ölkədə yeni enerji güclərinin yaradılması sayəsində Azərbaycan daxili enerji istehlakını tam həcmdə yerli istehsal hesabına təmin edir, hətta ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb. Eyni zamanda, son illərdə enerjinin abonentlərə çatdırılması sahəsində də əhəmiyyətli dönüş yaranıb. Aparılan texniki yenidənqurma və maddi-texniki təchizatın gücləndirilməsi sayəsində artıq Bakı şəhərində abonentləri ən çətin hava şəraitində belə yüksəkkeyfiyyətli enerji ilə təmin etmək mümkün olur. Prezident İlham Əliyev isə qarşıya bölgələrin də enerji təminatını Bakının səviyyəsinə çatdırmaqla bağlı vəzifə qoyub. Nazirlər Kabinetinin bəhs olunan iclasında bununla bağlı fikirlərini ifadə edən dövlət başçısı vurğulayıb: “Elə etməliyik ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Ona görə kifayət qədər generasiya güclərimiz yaradılıb. İndi əsas məsələ ondan ibarətdir ki, biz insanlara bu elektrik enerjisini fasiləsiz çatdıra bilək”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 700 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31