Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qətər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Qətər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

14.01.2010 [16:25]

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət irəliləyiş yalnız Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra mümkündür
AzərTAc: Xəbər verdiyimiz kimi, yanvarın 11-dən 12-dək Azərbaycanın xarici işlər naziri  Elmar Məmmədyarov Qətər Dövlətində rəsmi səfərdə olub. Səfər çərçivəsində nazir E.Məmmədyarov Qətər Dövlətinin Əmiri şeyx Həməd bin Xəlifə Al-Tani ilə görüşüb. Əmir Azərbaycan Prezidenti İlham Əliyev ilə dost münasibətlərinin olduğunu və bunu yüksək qiymətləndirdiyini bildirib. Qətər-Azərbaycan əməkdaşlığının inkişafı üçün mövcud imkanlardan faydalanmağın məqsədəmüvafiqliyini qeyd edən Əmir zəngin neft və qaz ehtiyatlarına malik ölkələrin davamlı inkişafı və sabit gələcəyi üçün bu sərvətlərdən əldə olunmuş gəlirlərdən düzgün istifadə edilməsinin vacibliyini vurğulayıb. O, bu istiqamətdə müştərək investisiya layihələrinin həyata keçirilməsinin, habelə qarşılıqlı təmasların inkişafı üçün birbaşa hava xəttinin açılmasının əhəmiyyətini qeyd edib. E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Qətər Dövlətinin Əmirinə çatdırıb. Əmir də onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Nazir E.Məmmədyarov 2004-cü ildə Prezident İlham Əliyevin Qətərə, 2007-ci ildə isə Əmir şeyx Həməd bin Xəlifə Al-Taninin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına güclü təkan verdiyini vurğulayaraq münasibətlərin daha da genişləndirilməsi üçün ikitərəfli hökumətlərarası komissiyanın yaradılmasının, humanitar, elm-təhsil, mədəniyyət sahələrində əlaqələrin, habelə xalqlararası təmasların gücləndirilməsinin əhəmiyyətini qeyd edib. E.Məmmədyarov ölkələrimiz arasında əlaqələrin dostluq, qardaşlıq və qarşılıqlı etimada söykəndiyini vurğulayıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyinin hər zaman Qətər tərəfindən dəstəkləndiyinə görə təşəkkür edib.
Münaqişənin həlli ilə bağlı danışıqlar prosesi və nizamlanmaya dair ölkəmizin mövqeyi barədə ətraflı məlumat verən E.Məmmədyarov münaqişənin nizamlanmasında müsbət irəliləyişin yalnız Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra mümkünlüyünü bildirib.
Əmir şeyx Həməd bin Xəlifə Al-Tani qeyd edib ki, Qətər Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin nizamlanması ilə bağlı ölkəmizin mövqeyini dəstəkləyir, eyni zamanda problemin həlli bütün region, habelə Ermənistan üçün müsbət nəticələr verə bilər.
Görüşdə, həmçinin Yaxın Şərq problemi və Qətərin regional təhlükəsizliyin təmin olunmasında  rolu barədə fikir mübadiləsi  aparılıb.
Sonra nazir E.Məmmədyarov Qətərin Baş naziri və xarici işlər naziri şeyx Həməd bin Casim bin Cabar Al-Tani ilə görüşüb. Görüşdə Azərbaycanın və Qətərin dövlət başçılarının dostluq münasibətlərinin ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olmasına şərait yaratdığı vurğulanıb. Əməkdaşlığın genişləndirilməsi üçün iqtisadi sahədə əlaqələrin təşviqinə ehtiyac və geniş imkanların olduğu bildirilib, bu istiqamətdə aidiyyəti üzrə dövlət qurumlarının və iş adamlarının səfərlərinin mübadiləsi, müştərək sərmayə layihələrinin həyata keçirilməsi, habelə birbaşa hava xəttinin açılmasının əhəmiyyəti qeyd olunub.
“Azərbaycan Respublikasının Hökuməti və Qətər Dövlətinin Hökuməti arasında diplomatik və xüsusi pasportlara malik şəxslərin viza tələblərindən azad olunmaları haqqında Saziş”in imzalanmasının əhəmiyyəti yüksək qiymətləndirilərək ölkələrimiz arasında hüquqi-normativ bazanın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Mədəniyyət, elm, təhsil sahələrində tədbirlərin, habelə xalqlararası təmasların da əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyi bildirilib. Görüşdə dünya neft və qaz bazarlarında baş verən proseslər, ölkələrimizin enerji siyasəti, enerjidaşıyıcıların satışından əldə olunmuş gəlirlərin iqtisadi və infrastruktur layihələrinə, habelə sosial rifahın təmin edilməsinə istiqamətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər regional məsələləri də müzakirə ediblər.
Nazir E.Məmmədyarov Qətər Dövlətinin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri, biznes və ticarət naziri vəzifəsini icra edən Xalid Al-Aitiya ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında mövcud yüksək səviyyəli əlaqələrin daha da genişləndirilməsi üçün müxtəlif sahələrdə konkret layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub. Qətərdə diplomatiya və beynəlxalq əlaqələr ixtisaslarının tədrisi ilə məşğul olan təhsil müəssisləri ilə Azərbaycanın Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası arasında tələbələrin qarşılıqlı mübadiləsi, təlim kurslarının təşkili və sair aidiyyəti istiqamətlərlə bağlı razılıq əldə olunub. Görüşdə enerji və regional məsələləri, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Yaxın Şərq problemi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın xarici siyasət idarəsi rəhbərinin Qətərin maliyyə və iqtisadiyyat naziri Yusif Hüseyn Kamal ilə görüşündə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, əməkdaşlığın genişləndirilməsi üçün atılacaq addımlar müzakirə olunub. Bundan əlavə, Azərbaycanın və Qətərin iqtisadi vəziyyəti, enerji siyasəti, habelə neftin və qazın satışından əldə olunmuş gəlirlərin istifadəsi ilə bağlı məsələlər  müzakirə edilib.
Nazir E.Məmmədyarov Qətər Dövləti Əmirinin KİV üzrə müşaviri, Qətər İnformasiya Birliyinin prezidenti şeyx Həməd bin Səmir Al-Tani ilə də görüşüb.
Görüşdə nazir E.Məmmədyarov ölkəmiz və regionumuz haqqında ətraflı məlumat verib, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xəzərin enerjidaşıyıcılarının dünya bazarlarına çatdırılması ətrafında cərəyan edən proseslərə toxunub.
Dünyanın bir sıra nüfuzlu KİV-in Dohada yerləşdiyini nəzərə alaraq Azərbaycan ilə bağlı məlumatların dünya ictimaiyyətinə, xüsusilə də Yaxın və Orta Şərq bölgəsinə daha dolğun çatdırılmasında Qətərin imkanlarının geniş olduğu bildirilib, habelə mətbuat sahəsində Qətərin təcrübəsindən bəhrələnmək üçün əməkdaşlığın maraq kəsb etdiyi vurğulanıb.
Səfər çərçivəsində nazir E.Məmmədyarov dünyanın ən iri media şirkətlərindən olan “Əl-Cəzirə” televiziya kanalının Dohadakı baş qərargahında olub, kanalın fəaliyyəti ilə maraqlanıb və müsahibə verib. Bundan əlavə, nazir E.Məmmədyarov Qətərin ən nüfuzlu “Əl-Rayah” qəzetinə də müsahibə verib. Hər iki müsahibəsində nazir E.Məmmədyarov əsas etibarilə Azərbaycan-Qətər əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri, ölkəmizdəki vəziyyət, Azərbaycanın xarici siyasətinin istiqamətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi və onun nizamlanması prosesi, ölkəmizin neft və qaz strategiyası, regional enerji layihələri haqqında danışıb və Yaxın Şərq probleminə münasibətdə ölkəmizin mövqeyi barədə məlumat verib.
Nazir E.Məmmədyarov “Qətər Diyar” investisiya şirkətinin fəaliyyəti, həyata keçirdiyi layihələri ilə tanış olub.

Paylaş:
Baxılıb: 1014 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30