Vətən və eşq uğrunda...
20.01.2010 [03:17]
çoban dayı və Bağda xala digər uşaqları kimi Fərizənin də elçilik, nişan günlərini ildən-ilə böyüyən ailənin, nəvələrinin qayğı-qarğaşası içində bəlkə unudacaqdılar. Bəlkə də yox... Axı Bağda xala sözarası dedi ki, Fərizə balalarının ən şirini, ən istəklisi olub:
- çox istiqanlıydı, olduqca mehriban, üzügülər. Elə bilirdim anamdı, bacımdı. Taleyinin belə olacağını ağlıma da gətirmirdim. Bir qızımı Ermənistan dağılmışda dəfn edib gəlmişdim. Bunun müsibəti bir ayrı oldu.
Adətən, insan dərdini danışmaqdan qaçır həmişə, qaysaq bağlamış yaralarına toxunmağa qorxur. Bağda xala isə artıq bu dərdlə həmdəm olub.
- çox həssas uşaq idi. Texnikumda oxuyanda Neftçalaya pambıq yığmağa aparmışdılar, bir həftəydi getmişdi, qayınanam ilə getdik dallarınca. Yenicə də nişan taxılmışdı. Qayınanası plov dəmləyib aparmışdı. Maşını birbaşa pambıq sahəsinin kənarına sürdürdük. Baxırıq ki, qızların içərisində bu yoxdu. Nə qədər boylandıqsa görə bilmədik. Dayanıb durmuşuq ki, bu qız hara gedə bilər. Birdən bayaqdan yanımızda durmuş kombnizonlu, başına kiçik ləçək bağlamış qız astadan güldü. Gülüşündən tanıdıq.
Yoxsan... Mənim üçün daha çox varsan demək...
- Dəfn olunandan bu yana bircə dəfə gəlib yuxuma. Heç dilimə gətirməmişdim, amma ürəyimdə elə arzulayırdım ki, bircə dəfə gəlib qarşımdan keçsin, üzünü görüm. Bilirdim ki, bu mümkün olan deyil. Amma bu arzu içəridən məni didib-parçalayırdı. Bir gecə sübhə yaxın baxdım ki, darvaza açıldı. Gülə-gülə həyətə boylandı.
- Bax, ana, gəldim ki, üzümü görəsən. İndi doyunca bax, ürəyin sakit olsun.
Gülə-gülə çəkilib getdi. Gözlərimi açdım ki, gördüklərim yuxu imiş... O vaxtdan hər gün elə bilirəm ki, darvaza açılacaq, Fərizə içəri girəcək ki, gəlmişəm. İllər bir-birinin üstünə gəldikcə mənim üçün daha çox ölümsüzləşir...
...O gecə Fərizə də eynən belə demişdi: “İlham mənim üçün ölümsüzdü. İlham ölə bilməz”. Cənazəni həyətə gətirəndə yalvarmışdı ki, açın üzünü görüm heç olmasa. Yox demişdilər, şəriət günah hesab edir bunu. Daha deməmişdilər ki, bətnindəki körpəni itirməkdən qorxuruq. Bütün gecəni cənazəyə tərəf qoymamışdılar Fərizəni. Bir dəfə itirdiyi sevgilisini ikinci dəfə itirəcəyinin ağrısından qovrula-qovrula qalmışdı. Demək itki bu imiş-yanındadı əlin çatmır, ürəyindədi, arzularında, ümidlərindədi, gözün görməyəcək, hənirini hiss edəcəksən amma qarşı-qarşıya dura bilməyəcəksən...
- Qız elə bil havalanmışdı. İlhamı birinci dəfə Xırdalan qəbristanlığında dəfn etdik. Gecə ilə apardılar. Qardaşı xəstəxanadan birbaşa məscidə aparıb yudurtmuşdu, kəfənlədib evə gətirmişdi ki, nə halda olduğunu görməsinlər. Gecə ilə də dəfn elədilər. Cənazə həyətdən çıxandan sonra da Fərizəni sakitləşdirmək mümkün olmadı. Maşınların arxasınca bir xeyli ayaqyalın yüyürdü. İlhamın qardaşı Elxan evə qayıdanda toy şəkillərini gətirib ortaya tökdü. Elxanın qarşısında diz çökdü: “Sinə daşına ikimizin şəklini çəkdirin” - deyə yalvardı. Qoşa şəkillərini də ayırıb qoymuşdu. Evə qayıdandan sonra bir dəfə nişan yaylığı ilə özünü asmaq istəmişdi, bir dəfə neft töküb özünü yandırmaq istəyəndə İlhamın qardaşının həyat yoldaşı duyuq düşüb qoymamışdı. İlhamın böyük qardaşı Elxan Fərizəni bağrına basdı, özünü yox bizi düşün dedi, “qardaşımı itirdim, övladını da itirmək istəmirik” - deyə yalvardı. Olmadı...
Bağda xala göz yaşlarını saxlaya bilmir:
- Dəfnin ertəsi günü hərbi paltarlı adamlar gəldilər. Dedilər ki, Dağüstü parkda Şəhidlər Xiyabanı salınıb, bütün həlak olanlar orada dəfn olunacaq. Tapşırıq verdilər ki, İlhamı dəfn olunduğu yerdən evə gətirək. Cənazə həyətə gələndə Fərizə elə bil ki, sevinirdi. Gəlib böyrümə sığındı:
- Ana dedi yadındadı nişanlı olanda Dağüstü parka gəzməyə getmişdik. Mən İlhama dedim ki, kaş ki, bu ərazidən bizə ev verələr.
Evə gələndən sonra bütün günü Fərizənin sözünü deyib gülürdülər. O vaxt gəmi təmiri zavodunda çilingər işləyən İlham ev növbəsinə durmuşdu. 20 yanvardan bir həftə əvvəl 28 may metrosunun həndəvərində ev vermişdilər, uşaqlar elə olandan sonra anasıgil aparıb açarı təhvil verdilər. Heç biri ürək edib o evə köçmədi ki, özlərinə qismət olmadısa, bizə də gərək deyil...
Bağda xala Fərizənin anasıdır. Bu ailə haqqında ayrıca söhbət açmaq fikrim yoxdu. çünki İlhamla Fərizənin adı təkcə Azərbaycanda deyil, ətraf ölkələrdə də insanlara tanışdı. Onların məhəbbət və qətl tarixçəsi. Qardaş Türkiyədə bu tarixçə haqqında müxtəlif əfsanələr dolaşır.
- O gecəsi birtəhər Fərizəni dilə tuta bildim. Qız havalı kimi olmuşdu. Qoluna girib evə gətirdim. Tez-tələsik yemək bişirdim, süfrə hazırladım. Qayıtdı ki, ay ana, iki gündür İlhamın sevdiyi yeməkləri bişirirsiz, elə bilirsiniz boğazımdan keçəcək?
Geri qayıtdıq. Sabah cənazələri meydana aparacaq, ordan da Şəhidlər Xiyabanına yol alacaqdılar. Səhər açılandan sonra İlham bir də bu həyəti tərk edəcəkdi və bu gedişin bir də gəlişi olmayacaqdı. Bu gəliş taleyin möcüzəsi, İlhama qovuşmaq üçün Fərizəyə verdiyi son şans idi. Dan üzü ağaranda evdəkilər hamısı iki günlük ağrı-acının əlindən, dərdin ağırlığından qaçıb yuxuya sığınmışdılar. Təkcə İlhamın qoca nənəsi yaşlıların əziyyət çəkdiyi yuxusuzluqla nəvəsinin itkisi arasında çırpınırdı. Fərizənin barmaqlarının ucunda yataq otağına keçdiyini də o gördü.
- Nə vaxt huşa getdiyimi bilməmişəm. Birdə gördüm kimsə qıyya çəkdi. özümü içəri atanda baxdım ki, qız yerdə çapalayır. Masanın üstündə kiçik bir kağız parçası, bir də boş stəkan vardı. Stəkanın qoyulduğu yerdə masanın örtüyü yanıbmış kimi qırış-qırış olmuşdu. Fərizəni qonşunun maşınına qoyub xəstəxanaya apardıq. Yolda neçə dəfə saxladılar, rus əsgərləri üstümüzə avtomat çəkdilər, birtəhər xəstəxanaya çatdırdıq, həyətə girəndə baxdım ki, canını tapşırdı.
Həmin gün Şəhidlər Xiyabanına gedən karvanın önündə Fərizə ilə İlhamın toy günü çəkdirdikləri qoşa şəkil bələdçilik edirdi. Bu karvan Vətən və eşq uğrunda canlarından keçmiş şəhidlərimizin ölümsüzlüyünün uca zirvəsinə yol almışdı...
30 iyun-Sevgililər Günü
Azərbaycanda qeyd edilən bayram günlərinin hər birinin milli tariximizdə öz yeri var.
İlham və Fərizənin faciəsi millətin böyüklüyündən xəbər verir, onun ucalığını isbatlayırdı. 20 Yanvar tarixi vətən uğrunda şəhid olmağın, eşq uğrunda cana qıymağın tarixi idi. Və bu tarix - qanlı qadalı bir qətliam iki qəlbin bir vurmağa başladığı bir gün - 30 iyun - İlhamla Fərizənin toy gününün ölkənin hər yerində Sevgililər Günü kimi qeyd olunmasına zəmin yaratdı. Bu günün qeyd olunduğu ilk tarix İlhamla Fərizənin şadlıq məclisinin qurulduğu “Solmaz” şadlıq evində qeyd edildi. Onda hələ 14 Fevral Valentin Günü dəbdəydi. Şou əhli bu gün üçün planı bir il əvvəldən tutur, televiziyalarımız əməlli-başlı gəlir götürürdülər. Odur ki, Milli Sevgililər Gününün qeyd edilməsi bu təbəqə tərəfindən bir qədər müqavimətlə qarşılandı.
Bağda xala:
- Birinci il jurnalistlər, qələm əhli, qohum-əqraba toplandıq. İlk olaraq Şəhidlər Xiyabanına getdik. Baxdıq ki, Faiq Ağayev də burdadı. O da hansısa verilişdə demişdi ki, əklil bağlatdırıb İlhamla Fərizənin məzarını ziyarətə gələcək, Sevgililər Günündə o da mərasimdə iştirak edəcək. Amma hansısa məclisə dəvət aldığını deyib mərasimə gəlməkdən boyun qaçırdı. Əvvəllər çox müzakirə edirdilər, “bütün dünya 14 fevral tarixini qeyd etdiyi bir zamanda bu bizə lazımdırmı?”, “Faciədən bayram düzəltmək istəyirsiniz?” suallarını bizə tez-tez verirdilər. İndi hər il 30 iyun tarixində qapımızı döyürlər, bizə ziyarətə gəlirlər. Baxıram ki, gənclərin əlində çiçək Şəhidlər Xiyabanını ziyarətə gedirlər.
Bağda xala hər il ehsan süfrəsi açır. 20 Yanvar günü tanıdı-tanımadı bu qapı döyülmədən açılır, gələn adamlar çəkinmədən mənzilə daxil olurlar. Bağda xala birinci il heyrət edirdi. Amma az keçmədi ki, bu adamların gəlişinə alışdı və təbii ki, qürur duydu. Xalq onun qızını öz xatirində əbədi yaşatdı. Amma elimizin adətlərinə uyğun hər il ehsan süfrəsi açdılar, nakam qızının ruhuna dualar oxudular. Bir evin qapısı belə ərklə, belə döyülmədən bir də 30 İyun günündə açılır. Sevənlər, sevilənlər öz bayramlarını bu ocaqda qeyd etməyi, Azərbaycanlı qadınının sevgisi ilə XX əsri heyrətə salan Fərizəni yad etməyi borc bilirlər.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

