Milli Məclisin yaz sessiyası öz işinə başlayıb
02.02.2010 [09:50]
Dünən Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. Sessiyanı açıq elan edən spiker Oqtay Əsədov bildirib ki, parlamentin ötən payız sessiyası çox məhsuldar keçib. Sessiya çərçivəsində deputatlar 80-ə yaxın qanun və qərar qəbul ediblər. Millət vəkilləri sessiya çərçivəsində 21 ölkəyə 40 dəfə səfər ediblər. Eyni zamanda, müxtəlif beynəlxalq təşkilatların 15 nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Millət vəkilləri özbəkistanda keçirilən parlament seçkilərini və Ukraynadakı prezident seçkilərini müşahidə ediblər.
Spiker deyib ki, Milli Məclisin yaz sessiyasının iş planı da kifayət qədər gərgindir. Hazırlanmış iş planına 22 məsələ daxil edilib. Sessiya çərçivəsində Milli Məclisdə Nazirlər Kabinetinin hesabatı, 2009-cu ilin büdcəsinin icra vəziyyəti, Hesablama Palatasının və bələdiyyələrin işinə inzibati nəzarəti həyata keçirən orqanın hesabatları dinləniləcək.
Daha sonra Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunub. Millət vəkili Cəmil Həsənli parlamentin yaz sessiyasında “Neft haqqında” Qanunun qəbul olunmasını təklif edib. Millət vəkili Bakıda yeni tikilmiş binalarda yaşayanların problemlərinə də toxunub. Onun sözlərinə görə, hazırda paytaxtda 146 yeni tikilmiş bina var ki, həmin binalarda insanlar məskunlaşıblar. Amma buna baxmayaraq, həmin yeni tikililərə təbii qaz verilmir. Müvafiq strukturlar bunu həmin binaların təhvil verilməməsi və bəzi çatışmazlıqların olması ilə əlaqələndiriblər. “Nə problem varsa həll olunmalı və həmin binalarda yaşayan vətəndaşlar qazla təmin olunmalıdırlar” - deyə millət vəkili vurğulayıb.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı parlamentin işğal olunmuş ərazilərlə bağlı qanun qəbul etməsini təklif edib. Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş əraziləri təkcə Dağlıq Qarabağ və ətraf rayonlarla kifayətlənmir. Ermənilər Dağlıq Qarabağdan kənarda yerləşən Qazax rayonunun, Naxçıvan Muxtar Respublikasının bəzi kəndlərini də işğal altında saxlayırlar. M.Qurbanlının fikrincə, işğal olunmuş ərazilərlə bağlı qanunun qəbul edilməsi siyasi, hüquqi və təbliğatı baxımından Azərbaycanın xeyrinə olacaq. Bu qanun işğal olunmuş ərazilərdə fəaliyyət göstərən dövlətlərin və xarici şirkətlərin üzləşəcəkləri sanksiyaları da müəyyənləşdirməlidir. Millət vəkili deyib ki, bu cür qanunu dünyanın əraziləri işğal olunmuş əksər dövlətləri qəbul ediblər. Milli Məclis də ekspertləri və mütəxəssisləri cəlb etməklə müvafiq qanun layihəsi hazırlamalıdır.
Millət vəkili Pənah Hüseyn Prezident İlham Əliyevin əhalinin təbii qaza görə yaranmış borclarının silinməsi ilə bağlı addımını alqışlayıb. O, eyni zamanda, parlamentə amnistiya haqqında qanun layihəsi təqdim etdiyini deyib.
Millət vəkili Elmira Axundova qeyd edib ki, 1995-ci ildə fəaliyyətə başlayan Prezident yanında Əfv Komissiyası çox səmərəli işləyir. Komissiya əfv üçün müraciət etmiş şəxslərin müraciətlərini ciddi şəkildə araşdırır. “Əfv fərmanları ilə hər istəyən şəxs azadlığa buraxılmır. Biz yalnız etdiyi hərəkətlərdən peşman olanları, əlilləri, cəza müddətinin böyük bir hissəsini çəkənləri əfv üçün təqdim edirik” - deyə millət vəkili vurğulayıb.
Spiker Oqtay Əsədov parlamentin bir qrup deputatından şikayətlənib. Onun sözlərinə görə, bəzi millət vəkilləri parlamenti işləməməkdə, fəaliyyətsizlikdə, səlahiyyətsizlikdə ittiham edirlər. Spiker dedi ki, həmin deputatlar bu mövqelərindən əl çəkməlidirlər. “Bunun səbəbləri olsa da, mən burada bunları araşdırmaq istəmirəm” - deyə spiker vurğulayıb. O, medianı da daha çox parlamentdə populist çıxışlar edən deputatlara yer verməkdə qınayıb.
çıxış edən bəzi müxalifət deputatları “Diffamasiya haqqında” Qanunun qəbul olunmasına, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac olduğunu bildiriblər. Onların sözlərinə görə, seçkilərə qədər proporsional seçki sistemi də bərpa olunmalıdır. Müxalifdən olan deputatlar guya orduda vəziyyətin yaxşı olmadığını iddia edərək bu məsələnin parlamentdə müzakirəsini təklif ediblər. Spiker O.Əsədov isə orduda baş vermiş son hadisə ilə bağlı cinayət işinin qaldırıldığını, istintaq aparıldığını bildirib. Oqtay Əsədov “Diffamasiya haqqında” Qanunun qəbulunun tez olduğunu bildirib. Onun sözlərinə görə, heç Avropa ölkələrinin əksəriyyəti bu qanunu qəbul etməyiblər.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov çıxışında bildirib ki, müxalifət nümayəndələri ötən ilin dekabrında keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı reallığa uyğun gəlməyən fikirlər səsləndirir. Bələdiyyələrə 16 min nəfər yeni üzv seçilməli idi və seçkidə iştirak edən partiyalar bu sayda namizəd irəli sürməliydi. Yalnız Yeni Azərbaycan Partiyası bu tələbi yerinə yetirdi və yeganə olaraq partiya şəklində bu seçkilərdə iştirak etdi.
Əli Əhmədovun sözlərinə görə, parlamentdə YAP-ın deputat korpusu da bu seçki kampaniyasında fəal iştirak edib: “Azərbaycanın bütün bölgələrində çoxsaylı görüşlər keçirildi və nəticə də göz önündədir. Biz seçkilərə tam obyektiv şəkildə yanaşırıq”.
Onun fikrincə, müəyyən sayda insanın seçkinin nəticəsindən narazı olmasına da təbii yanaşmaq lazımdır. Bu faciə deyil, kimlərsə siyasi kapital qazanmaq istəyirlər. YAP Sədrinin müavini xatırladıb ki, qanun pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyası müvafiq qərarlar qəbul edib: “Seçkilərin nəticələrinə ən yüksək dəyəri seçicilər verib. Əgər Azərbaycan xalqı bələdiyyə seçiklərinin nəticələrini qəbul edirsə, bu əsas kimi qəbul olunmalıdır”.
Seçki Məcəlləsinə dəyişikliklərin ed
ilməsi ilə bağlı təkliflərə münasibət bildirən Əli Əhmədov qeyd edib ki, 1998-ci ildən seçki qanunvericiliyinə bir neçə dəfə dəyişikliklər edilib: “Bəlkə də, seçki qanunvericiliyinə edilən dəyişikliklər qədər heç bir qanuna dəyişikliklər olunmayıb. Hər dəfə bu ona görə edilib ki, həm beynəlxalq qurumlar, həm də müxalifət birmənalı şəkildə qəbul etməyə çalışsınlar ki, Azərbaycan hökuməti seçkilərin azad və şəffaf keçirilməsi, seçki komissiyalarının etibarlı olması üçün bütün addımları atır. Əgər müxalifət seçkidə qalib gəlməyin yolunu, seçki komissiyalarının formatının öz xeyrinə dəyişməsində görürsə, bu, böyük səhvdir. Bu səhvin nəticəsində də indiyə qədər uğur qazana bilməyib. Seçkinin taleyini həll edən yeganə subyekt xalqdır. İndiki format isə özünü doğruldub”.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu təkliflərin əleyhinə çıxıb. O qeyd edib ki, hazırda qüvvədə olan Seçki Məcəlləsi ilə indiyədək bir neçə dəfə azad və ədalətli seçkilər keçirilib və bundan sonra da bunu etmək mümkündür. “Hər dəfə seçkiöncəsi bütün məsələləri kənara qoyub Seçki Məcəlləsindən yapışmağın yeri yoxdur. Bunu edən qüvvələr daha çox özlərinə tərəfdaş tapmalı və siyasi çəkilərini artırmalıdırlar” - deyə millət vəkili vurğulayıb. Onun sözlərinə görə, son vaxtlar orduda baş verən hadisələri şişirtməyə ehtiyac yoxdur. çünki bu cür hadisələr hər yerdə baş verir. “Ordu da cəmiyyətin bir hissəsidir” - deyə millət vəkili əlavə edib. Onun sözlərinə görə, Hərbi Prokurorluq baş vermiş hadisə ilə əlaqədar istintaq aparır. Yaxın vaxtlarda hər şey aydınlaşdırılacaq. S.Novruzov qeyd edib ki, 90-cı illərlə müqayisədə hazırda xalqın orduya inamı çox böyükdür. Hər il çağırış dövründə əhali övladlarını həvəslə hərbi xidmətə göndərir. Hətta, əvvəlki dövrlərdə müxtəlif səbəblərdən hərbi xidmətə getməkdən yayınan insanlar da könüllü şəkildə ərizə verərək hərbi xidmətə gedirlər. “Bu, ordudakı vəziyyətlə əlaqədardır” - deyə millət vəkili vurğulayıb.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlament seçkisi ərəfəsində proporsional seçki sisteminin bərpasının mümkün olmadığını bildirib. Onun sözlərinə görə, Konstitusiyaya əlavə və dəyişiklik etmək üçün referendum keçirilməlidir. Belə bir referendumun keçən ilin martında keçirildiyini xatırladan birinci vitse-spiker yaxın vaxtlarda növbəti ümumxalq səsverməsinin mümkün olmadığını deyib: “Başa düşmək lazımdır ki, gündə referendum keçirmək olmaz. Bu təklifləri referendumdan əvvəl vermək lazım idi. Əgər həmin referenduma çıxarılan məsələlər sırasında proporsional seçki sisteminin bərpası olmayıbsa, deməli, buna ehtiyac yoxdur”.
Z.Əsgərov əlavə edib ki, ölkədəki siyasi partiyalar da proporsional sistemin bərpasına hazır deyillər. Onun sözlərinə görə, siyasi partiyalar seçkilərin mojaritar qaydada keçirilməsindən qorxmamalıdırlar: “Mən başa düşə bilmirəm bəziləri seçkilərə mojaritar qaydada qatılmaqdan niyə qorxurlar? Görəsən biz niyə seçicilərlə birbaşa təmasda olmaqdan qorxuruq?”
“Diffamasiya haqqında” Qanunun qəbulu ilə bağlı qaldırılan məsələyə toxunan birinci vitse-spiker deyib ki, ölkədə bütün peşə sahibləri qanun qarşısında bərabər olmalıdırlar. Hər bir vətəndaş törətdiyi əmələ görə cavab verməlidir: “Mən başa düşə bilmirəm niyə jurnalistlər məhkəməyə verilən kimi bundan ajiotaj yaradılır. Əgər deputatın şərəf və ləyaqəti təhqir olunubsa, o, məhkəmədən başqa hara müraciət etməlidir?”
Birinci vitse-spiker “Diffamasiya haqqında” Qanunun qəbulunun mentalitetimizlə uyğunlaşmadığını deyib. Ziyafət Əsgərov onu da bildirib ki, Daşkəsəndə baş vermiş hadisə ordu rəhbərliyini də ciddi narahat edir. Komitə sədri qeyd edib ki, hadisə ilə əlaqədar müdafiə naziri Səfər Əbiyevlə danışıb. Nazir ona məlumat verib ki, baş vermiş hadisənin səbəblərinin üzə çıxarılması üçün ciddi tədbirlər görüləcək.
Millət vəkili Elmira Axundova isə Azərbaycanda yeni bayramın qeyd edilməsi təklifi ilə çıxış edib. Millət vəkili deyib ki, Azərbaycanda analar günü bayramı təsis edilsin: “28 aprel görkəmli akademik Zərifə Əliyevanın ad günüdür. Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı Zərifə Əliyevanın ad gününü ehtiramla yad edir. Onun ad gününün analar günü kimi qeyd edilməsi Zərifə xanıma ümumxalq məhəbbətinin təzahüründən xəbər verərdi. Həm də təqvimimizə yeni milli bayram daxil olardı. Analar günü bayramı təsis edilməli və həmin gün qeyri-iş günü hesab olunmalıdır”.
E.Axundova onu da vurğulayıb ki, 8 Mart Beynəlxalq Qadınlar günü bayramını Azərbaycanda ləğv etmək mümkündür: “çünki bu bayram artıq öz əhəmiyyətini itirib və bir çox ölkədə qeyd olunmur. Amma əksər ölkədə analar günü var”.
Müzakirələrdən sonra parlamentin yaz sessiyasının qanunvericilik işləri planı təsdiq olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

