Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əsrin faciəsi olan Xocalı soyqırımını törətmiş qatillərin cəzalandırılmasının vaxtı çatıb

Əsrin faciəsi olan Xocalı soyqırımını törətmiş qatillərin cəzalandırılmasının vaxtı çatıb

23.02.2010 [08:19]

Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılıb. Həmin gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşən ruslara məxsus 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan ediblər. Xatın, Liditsa, Oradur soyqırımları kimi, Xocalı soyqırımı da insanlıq tarixinə yazılan qanlı hadisədir. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu vəhşilik nəticəsində 613 nəfərin, o cümlədən, 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyulub, 487 nəfər yaralanıb, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyindən isə hələ də xəbər yoxdur.
Xocalıda törədilmiş vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə ermənilər tərəfindən amansız işgəncələr verilib.
Dünya mətbuatı Xocalı faciəsinə bu cür işıq saldı
Qeyd edək ki, 18 il əvvəl baş verən bu soyqırımı faktı dünyanın aparıcı KİV-lər tərəfindən aşağıdakı şəkildə işıqlandırılıb: “Krua l’Eveneman” jurnalı (Paris), 25 fevral 1992-ci il: “Ermənilər Xocalıya hücum ediblər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu”.
“The Sunday Times” qəzeti (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni məhv ediblər”.
“The Times” qəzeti (London), 4 mart 1992-ci il: “çoxları eybəcər hala salınıb, körpə qızın ancaq başı qalıb”.
“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilib. Kişilərin skalpları götürülüb”.
“Financial Times” qəzeti (London), 14 mart 1992-ci il: “General Polyakov bildirib ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalıb”.
“Le Mond” qəzeti (Paris), 14 mar
t 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görüblər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır”.
“İzvestiya” (Moskva), 13 mart 1992-ci il: “Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocaların cəsədləri görünürdü”.
R.Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olub): “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”.
Livanlı kinooperator təsdiq edib ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına görə, 4 gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən, 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilib. Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər isə küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.
“Newsweek” jurnalı (ABŞ), 16 mart 1992-ci il: “ötən həftə Azərbaycan yenidən məzarlığa çevrilib: qaçqınlar və doğranmış cəsədlər məscidin arxasında meyitxana kimi uzanırdı. Bunlar erməni hərbi birləşmələri tərəfindən 25-26 fevralda ələ keçirilmiş Dağlıq Qarabağın kiçik Xocalı yaşayış məntəqəsinin sadə azərbaycanlı kişiləri, qadınları və uşaqları idi. Bir çoxları qaçmağa çalışarkən yaxından atılan güllə ilə öldürülüb, bəzilərinin üzləri qəddarcasına əzilib, digərlərinin isə skalpı çıxarılıb. Şəhidlərin ailələri göz yaşı axıdırlar”.
“Reuters” agentliyinin fotoqrafı Frederix Lenqeyn: “Birinci maşında mən 35 meyit saydım, ikincidə isə meyitlərin sayı bundan çox idi. Bəzilərinin başları kəsilmiş, çoxları isə yanmışdı ...”
“The Sunday Times” qəzeti (London), 1 mart 1992-ci il: “Tomas Qolts: Sağ qalan azərbaycanlılar danışırlar ki, erməni əsgərləri 450-dən çox azərbaycanlını güllələyib, süngüdən keçiriblər. Onların əksəriyyəti qadın və uşaqlar olub, yüzlərlə, bəlkə də minlərlə insan itkin düşüb və ya həlak olub. Dünən axşam Ağdamın meyitxanasında 579 ölü qeydə alındı. 29 meyit qəbiristanlıqda basdırılmışdı. Dəfn mərasimi gözlənilən 7 meyitin ikisinin uşaq, üçünün isə qadın olduğunu gördüm. Onlardan biri yaxın məsafədən sinəsindən güllə yarası almışdı. Ağdam xəstəxanasında dəhşətli mənzərə yaranmışdı. Həkimlər qırğından qaçan 140 xəstənin əksəriyyətinin güllə yarası aldığını bildirirdilər...”
“The Sunday Times” qəzeti (London), 8 mart 1992-ci il: “Tomas Qolts: ötən həftə bu yer xəritədən silindi. Dəhşətli xəbərlər Azərbaycanın sərhəd şəhəri Ağdama gəlir, meyitxanalar meyitlərlə dolurdu... Mən Qarabağa baş çəkən sonuncu qərbli idim. Yanvar ayı idi və insanlar uğursuz talelərini əvvəlcədən görürdülər. Azərbaycanlı müdafiəçilər bir-bir həlak olurdular. Sağ qalanlar bildirirdilər ki, erməni qüvvələri bundan sonra amansız qırğına başladılar, tərpənən hər şeyə atəş açırdılar. Bəziləri qəzəblərini xaricilərə bildirirdilər: “Hanı mənim qızım, hanı mənim oğlum?”, - deyə analar ah-nalə edirdilər. Zorlanıb. Doğranıb. İtkin düşüb”.
“The Times” qəzeti (London), 2 mart 1992-ci il: “Anatoli Liven: Biz qarla örtülmüş Dağlıq Qarabağ təpəliklərinə endikcə, cəsədlərin hər tərəfə yayıldığını gördük. Açıq-aydın görünürdü ki, insanlar xilas olmaq üçün qaçarkən güllələniblər...”.
“The Times” qəzeti (London), 3 mart 1992-ci il: “Anatoli Liven: Dağlıq Qarabağın təpəliklərinə səpələnmiş qadın və uşaqlardan ibarət 60-dan çox meyit erməni qoşunlarının dinc azərbaycan əhalisini qətlə yetirdiyi barədə bəyanatları təsdiqləyir. Yüzlərlə insan itkin düşüb. Təpəliklər və kiçik vadi boyu qurumuş otların üzərinə səpələnmiş Azərbaycan qaçqınlarının cəsədləri ötən çərşənbə erməni hərbçilərinin törətdikləri qırğından xəbər verir...”
 “Channel 4 News” televiziyası (Böyük Britaniya), 2 mart 1992-ci il: “2 fransız jurnalisti mülki geyimdə olan 32 qadın, kişi və uşaq meyiti görüb. Onların əksəriyyəti 1 metrdən də yaxın məsafədən başlarından güllələnib”.
“Boston Sunday Globe” qəzeti (ABŞ), 21 yanvar 1993-cü il: Globe əməkdaşı Con Auerbax: “Palçıqlı qaçqın düşərgəsindəki qorxmuş uşaqlar, nalə çəkən analarla dolu yük maşınları, qorxudan sifəti ağarmış insan dənizi, minlərlə azərbaycanlı sual yaradır: nə üçün onlar burada sığınacaq axtarırlar. Gördüklərimiz - onların yolu üstündəki hər bir kəndin sistematik olaraq dağıdılmasının nəticəsidir. Bu bizim gördüyümüz ən nifrət doğuran hadisədir...”
“The Age, Melbourne” qəzeti (Avstraliya), 6 mart 1992-ci il: “Helen Vomak: Qurbanların dəqiq sayı bəlli deyil, lakin şübhə edilmir ki, ötən həftə Dağlıq Qarabağın qarlı dağlarında Azərbaycanın Xocalı şəhərinin mülki əhalisi erməni ordusu tərəfindən qətlə yetirilib. Ağdam şəhərində sığınacaq tapmış Xocalı qaçqınları ermənilərin 25 fevralda onların evlərinə necə hücum etdiklərini və meşələrə qaçaraq gizlənənləri izləyib öldürdüklərini ətraflı danışırlar. Ağdama çərşənbə axşamı çatanda təzə qazılmış 75 qəbir və eybəcər hala salınmış dörd cəsədi məsciddə gördük...”
“The Washington Post” qəzeti (ABŞ), 28 fevral 1992-ci il: “Qaçqınlar bildirirlər ki, yüzlərlə insan erməni hücumu zamanı həlak olub. Bu gün 7 meyit tapılıb, onların ikisi uşaq və üçü qadın idi, biri yaxın məsafədən sinəsindən güllələnmişdi. Digər 120 qaçqın Ağdam xəstəxanasında ağır yaralarla müalicə olunur”.
“The Washington Times” qəzeti (ABŞ), 2 mart 1992-ci il: “Erməni hücumu zamanı yüzlərlə azərbaycanlı öldürüldü və ya itkin düşdü. Təxminən 1000 Xocalı sakini çərşənbə axşamı erməni ordusu tərəfindən qətlə yetirildi. Azərbaycan televiziyası Xocalı ərazisindən gətirilən meyitlərlə dolu yük maşınlarını göstərdi”.
“The İndependent” (London), 29 fevral 1992-ci il: “Helen Uomak - “Röytersin Ağdamdakı müxbiri Elif Kaban bildirir ki, mülki əhalinin dünənki kütləvi qırğınından sonra azərbaycanlılar Xocalı şəhərinə ermənilərin hücumu zamanı həlak olmuş insanları dəfn edirdilər. “Dünya burada baş verənlərə göz yumur. Biz ölürük, siz isə sadəcə izləyirsiniz, - deyə adamlardan biri bir qrup jurnalistə qışqırıb”.
“Nie” qəzeti, (Bolqarıstan), Violetta Parvanova: “Xocalı insanlığın faciəsidir”.
“BBC Morning News” 3 mart 1992-ci il, saat 07.37 yayımında vəziyyəti belə əks etdirib: “Hadisə yerində olan müxbirimiz 100-dən çox azərbaycanlı kişi, qadın və uşaq cəsədlərini gördüyünü və bunların başlarına yaxın məsafədən atəş açılaraq öldürüldüyünü xəbər verir”.
Xocalı faciəsinin şahidi olan və sonra Livanın paytaxtı Beyrutda məskunlaşan erməni jurnalist Daud Kheyriyan, “For the Sake of Cross” (Xaçın xatirinə) adlı kitabında (səhifə: 62-63) yazır: “...ölülərin yandırılması ilə məşğul olan bir dəstə erməni martın 2-də Xocalının 1 kilometr qərbində yerləşən bir əraziyə 100 azərbaycanlının meyitini gətirib yığdı. Axırıncı yük maşınında gətirilən ölülərin içərisində 10 yaşlı bir qız uşağı gördüm. Başından və əlindən yaralanmışdı. Sifəti göyərmişdi. Soyuğa, aclığa və yaralanmasına baxmayaraq, hələ də yaşayırdı. çox çətin nəfəs ala bilirdi. Gözlərini ölüm qorxusu sarmışdı. Həmin vaxt Tiqranyan adlı bir əsgər qızı tutub cəsədlərin üzərinə atdı. Sonra bütün cəsədləri yandırdılar. Mənə elə gəldi ki, yanan cəsədlərin içərisində bir nəfər bağırır. Heçnə edə bilmədim. Sonra mən Şuşaya gəldim. Onlar Xaçın xatirinə savaşa davam etdilər”.
Bu gün sənədlərdə Xocalı soyqırımı şahidlərinin ifadələri də var
Heydərov Camal Əbdülhüseyn oğlu: “Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalayıblar, əksər meyitlər isə tikə-tikə doğranıb”.
Heydərov Şahin Zülfuqar oğlu Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyit görüb. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdi. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasında olublar.
Hümbətov Cəlil Hümbətəli oğlu. Ermənilər onun gözü qarşısında həyat yoldaşı Füruzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələyiblər.
Paşayeva Kübra Adil qızı Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşüb. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşayev Şura Tapdıq oğlunun, oğlu Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi olub.
Əmirova Xəzəngül Təvəkkül qızı. Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürüblər. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırıblar.
Əliyeva Zoya Əli qızı 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donub ölüblər.
Mustafayeva Kübra Əliş qızı: “Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələdilər”.
Kərimova Səidə Qurban qızı: “12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürüblər”.
Nəcəfov Əli Ağami oğlu: “Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələyiblər”.
1994-cü ildən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün ardıcıl tədbirlər görüb. Hazırda bu iş Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Xocalı həqiqətlərini əks etdirən çoxsaylı bukletlərin, videomaterialların dünya ölkələrində yayılmasında Heydər Əliyev Fondunun xüsusi rolu var.
Azərbaycan Milli Məclisi hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan edib. Həmin gün bütün Azərbaycan Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.
Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.
Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilib və 1961-ci ildə qüvvəyə minən Soyqırımı cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər tətbiq olunub. Bu işğalçı ölkənin yürütdüyü terrorçuluq siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki, beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-in prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir.
BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə 4 qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ də yerinə yetirmir. Doğma yurdlarından didərgin düşmüş Xocalı sakinləri bu gün dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş soyqırımı pisləmək barədə müraciətlər edirlər. XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımını törədənlər layiq olduqları cəzanı almalıdırlar!!!

Paylaş:
Baxılıb: 1070 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30