Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistanda siyasi və iqtisadi böhran pik nöqtəyə çatıb

Ermənistanda siyasi və iqtisadi böhran pik nöqtəyə çatıb

07.04.2010 [10:01]

Sarkisyan iqtidarı mürtəce üsullarla ömrünü uzatmağa çalışsa da, hökumət strukturları arasında vahid idarəetmə mexanizmləri itib
Ermənistanda iqtisadi böhran artıq siyasi müstəviyə keçid alaraq dərinləşməkdədir. Hökumət ölkəni idarə edə bilmir və Sarkisyan iqtidarı mürtəce üsullarla ömrünü uzatmağa çalışır. Bədnam qonşumuzda hökumət strukturları arasında vahid idarəetmə mexanizmlərinin itməsi və Nazirlər Kabinetinin faktiki olaraq, iqtisadi-sosial sahələrə təsir edə bilməməsi hakimiyyət böhranını bir qədər də dərinləşdirib. Artıq bir sıra yüksək vəzifəli məmurlar istefa verməklə, yaranmış kritik durumla bağlı məsuliyyətdən yaxa qurtarmağa çalışır. Son bir ildə 4 nazir istefaya gedib. Hökumət daxilindəki siyasi gərginliklər isə Nazirlər Kabinetinin rəhbəri Tiqran Sarkisyanın sağlamlığına kəskin şəkildə pisləşməsinə səbəb olub. Siyasi və iqtisadi böhranın təsirlərini aradan qaldırmaqda aciz olan baş nazir son dövrlər ən sərt şəkildə tənqid olunanlar sırasında ilk yerlərdən birini tutur və bu amil onun kəskin beyin insultu keçirməsinə səbəb olub. İrəvandakı “Nairi” tibb mərkəzinə aparılan T.Sarkisyanın 2 gündür ki, səhhəti ağır olaraq qalır.
Serj Sarkisyan rejiminin yarıtmaz fəaliyyəti nəticəsində Ermənistan sosial partlayış təhlükəsi ilə üz-üzə qalıb. 2009-cu ildə və 2010-cu ilin ötən üç ayı ərzində ölkədə iqtisadi və sosial vəziyyət daha da pisləşib. Dünya iqtisadi böhranı Ermənistanın sənaye sektoruna daha sarsıdıcı zərbə vurub və mədən sənayesi tamamilə iflic vəziyyətə düşüb. Ermənistan sənayesinin aparıcı bölmələri olan mis, sink, qurğuşun və molibden istehsalı sahələri fəaliyyətini dayandırıb. Məsələn, ən iri sənaye müəssisələrindən olan Qafandakı “Deno” Qızıl Mədən Şirkəti fəaliyyətini dayandırıb və 3 min nəfər işsiz qalıb. Bu, 40 min əhalisi olan rayonda 15 min nəfərdən ibarət ailənin ac qalması deməkdir. Alaverdi mis mədənlərində 2050 nəfər hələ ötən ilin noyabrında ixtisar olunub və mart ayında müəssisə demək olar ki, fəaliyyətini tam dayandırıb. Bu isə daha 2000 nəfərin işsiz qalması deməkdir. Qeyd edək ki,  həmin şəhərin əhalisinin 70 faizi bu şirkətin hesabına dolanırdı. Gümrü və Vanadzordakı mədənlər və kimya məhsulları zavodları isə 2009-cu ilin dekabrına qədər fəaliyyətini qoruyub saxlaya bilib. Artıq bu müəssisələrin 3000-ə yaxın işçisi yüklərini qablaşdıraraq iş axtarmaq üçün qonşu dövlətlərə getməyə hazırlaşır.
2010-cu ilin əvvəllərinə qədər nisbətən yaxşı olan paytaxt İrəvanda da vəziyyət pisləşib və son 3 ayda burada 10-a yaxın müəssisə fəaliyyətini dayandırıb. Ermənistanın ən iri sənaye müəssisələrindən olan İrəvan kauçuk zavodunun dayanması nəticəsində 4800 işçi “çölə tökülüb”. İrəvanın yaxınlığındakı Aqarak molibden mədəni də fəaliyyətini dondurub və 1500 işçi ixtisar olunub. İndi Ermənistanda yalnız kənd təsərrüfatında çalışanlar birtəhər dolanmaq imkanına malikdir.
Rusiyanın aprelin 1-dən Ermənistana satdığı qazın qiymətini  bahalaşdırması ilə bu ölkədə sosial və iqtisadi vəziyyət daha da gərginləşib. Qeyd edək ki, yeni tariflərə əsasən, Ermənistan Rusiyadan aldığı qazın 1000 kubmetrinə görə, 154 dollar deyil, 180 dollar ödəyəcək. İdxal qazının bahalaşması Ermənistanda mavi yanacağın pərakəndə satış qiymətinin bundan təqribən 2 dəfə çox, təxminən 40 faiz artması ilə nəticələnib. Yanacağın bahalaşması digər məhsulların və xidmətlərin qiymətlərinin də artmasına səbəb olub. Artıq nəqliyyat vasitələrində gediş haqları 30 faiz bahalaşıb. Ərzaq malları 8,3 faiz, qeyri-ərzaq malları 14,5 faiz, xidmət tarifləri isə 16 faiz bahalaşıb. Ərzaq məhsullarının əksəriyyətinin qiymətləri yenidən artıb. Şəkər tozu, yağ, süd, ət və ət məhsulları, digər yeyinti malları daha çox bahalaşmaya məruz qalıb.
Ermənistan hökuməti bahalaşma tempini azaltmaq üçün dramı möhkəmləndirməyə çalışsa da, bu siyasət öz effektini vermir. Dövriyyəyə buraxılan yeni 100 min dramlıq əskinaslar da Ermənistanın maliyyə-bank sisteminə müsbət təsir edə bilməyib. Əksinə, yeni əskinaslar pul bazarını daha da pisləşdirib. Hökumət milli valyutanın məzənnəsini saxlaya bilmir. ölkənin daxili valyuta ehtiyatları 1 milyarddan da azdır və bu, yalnız üç aylıq idxal ödənişlərini təmin etməyə imkan verir. Hökumət hazırda təhlükəli vəziyyətlə üzləşib. ölkə xaricdən alınan ianə və yardımlar, eləcə də, Beynəlxalq Valyuta Fondunun kreditləri hesabına yaşayır.
Ermənistan Milli Statistika İdarəsinin məlumatına görə, ötən il 2008-ci illə müqayisədə ölkəni tərk edənlərin sayı 35 faiz artıb. Ermənilər Rusiya, Türkiyə, İran, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Misirə daha çox köç edirlər. Məsələ ondadır ki, onların hamısı bu ölkələrdə qanunsuz miqrant kimi yaşayırlar. Maraqlıdır ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl qardaş ölkədə qeyri-qanuni şəkildə yaşayan 100 min miqrant erməninin deportasiya oluna biləcəyini vurğulamışdı. Yəni, bu fakt onu göstərir ki, ermənilərin böyük köçü son illər daha da intensiv xarakter alıb və ölkəni tərk edənlərin sayı durmadan artır. Rusiyada 500 mindən çox erməni miqrant yaşayır. İranda miqrant kimi məskunlaşmış ermənilərin sayı isə 70 minə yaxındır. Ukrayna və Belarusda 200 minə yaxın, Qazaxıstanda isə 50 mindən artıq qeydiyyatdan kənar ermənilər yaşayır.
Artıq Ermənistan  hökuməti xarici miqrasiyanın kəskin şəkildə artmasından narahat olmağa başlayıb və xaricə viza açdırmaq üçün tələb olunan rüsumun qiymətini bir neçə dəfə artırıb. Bu isə ermənilərin əksəriyyəti üçün çətinlik törədir. Buna baxmayaraq, ac erməni ailələri ölkəni tərk etməkdə davam edir. Ermənilərin ölkəni kütləvi şəkildə tərk etməsinə səbəb olan amillər sırasında ağır iqtisadi-sosial böhran faktoru ilə yanaşı, Dağlıq Qarabağda müharibənin başlama ehtimalının artması da əsas yer tutur. Ermənilər açıq şəkildə müharibə başlayarsa özlərinə aid olmayan, işğal edilmiş Azərbaycan torpaqları uğrunda döyüşməyəcəklərini bildirirlər. Onlar ordudakı aclıq, səfalət, intizamsızlıq və digər acı durumları etiraf edirlər və zorla işğalda saxlanılan başqasının torpağı üçün döyüşməyi ağılsızlıq kimi qiymətləndirirlər. Buna görə də, Ermənistanda qalmaq istəyənlərin sayı azalmağa doğru gedir. Artıq bu ölkədə qoca və yaşlılar, uşaqlar, qadınlar və iri ticarətçilərdən başqa kimsəyə rast gəlmək çox çətindir. Kiçik və orta biznes sahibləri əmlaklarını dəyər-dəyməzə satıb xaricə gedirlər.
Erməni informasiya mənbələrinin məlumatına görə, ölkədəki siyasi böhran vətəndaşların da səbr kasasının daşmasına səbəb olub və əhali kütləvi şəkildə mitinqlərə çıxaraq hökumətin istefasını tələb etməyi planlaşdırır. Dünən axşam saatlarında Ermənistan Milli Konqresi İrəvanın “Matenadaran” muzeyinin yaxınlığında mitinq keçirib. İrəvandakı oliqarxlar və erməni lobbisinin bir hissəsi keçmiş prezident Robert Koçaryanın yenidən hakimiyyətə gətirilməsini düşünür. Amma bu da siyasi və iqtisadi böhrandan çıxış yolu deyil. çünki Ermənistan özünü regionda bütün infrastruktur və iqtisadi layihələrdən təcrid edib. Bu ölkə əsassız iddiaları ilə öz-özünü məhv etməkdədir.
Elbrus CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1171 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30