Sabitlik adası - AZƏRBAYCAN!
08.04.2010 [14:56]
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün öz iqtisadi-siyasi stabilliyinə, inkişaf tempinə görə istər qonşu dövlətlərdən, istərsə də yaxın region ölkələrindən seçilir. O baxımdan ki, həm siyasi müstəvidə qazanılan uğurlar, həm də iqtisadi sferada əldə olunan nailiyyətlər ölkənin müəyyənləşdirilmiş inkişaf strategiyası əsasında addımlamaqda davam etməsinə şərait yaradır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu gün dövlətlər üçün inkişafa mane olan ən böyük amil-terror təhlükəsi Azərbaycanda yoxdur. Bir sözlə, şimallı-cənublu, şərqli-qərbli problemli dövlətlərin əhatəsində olan Azərbaycan əsl sabitlik adasına bənzəyir.
Şimal qonşumuz problemlər məngənəsində...
Azərbaycanı əhatə edən ölkələr arasında önəmlilik şkalasında ilk yeri təbii ki, şimal qonşumuz Rusiya tutur. Mətləbə keçməmişdən öncə bir məqamı qeyd etmək istərdik ki, Rusiya artıq uzun illərdir Şimali Qafqazla bağlı problemini həll edə bilmir. Bunun da bir sıra səbəbləri var.
Əvvəla, Rusiyada dərin kök atmış kriminal qruplaşmalar bu ölkədə daxili siyasi sabitliyin bərqərar olmasına imkan vermir. Bu gün Rusiyada pərdə arxasında gedən elə proseslər mövcuddur ki, orada bir sıra dairələrlə yanaşı, kriminal qruplaşmaların da adları hallandırılır. Əgər bunun üzərinə həmin qruplaşmaların öz aralarında qanlı hesablaşmalara baş vurmalarını da əlavə etsək, o zaman şərhə ehtiyac qalmır.
İkinci bir tərəfdən, Şimal qonşumuzun başında bu gün olduqca böyük bir bəla var: bunun adı isə terror təhlükəsidir. İstər Rusiyanın xüsusi xidmət, istərsə də hüquq-mühafizə orqanları hər an terrorla üzləşmək təhlükəsi yaşayırlar. Bir neçə gün öncə qonşu ölkənin paytaxtı Moskvada ard-arda baş verən iki metro partlayışı da deyilənləri təsdiqləyir. Artıq Rusiya rəhbərliyi də açıq şəkildə bəyan edir ki, terror təhlükəsinin qarşısını almaq olduqca çətin bir məsələdir. Son terror aksiyası ilə bağlı məsuliyyəti öz üzərinə götürən Doku Umarov və onun kimi bir sıra qruplaşma rəhbərlərinin hələ də fəaliyyət göstərməsi isə Rusiyada bundan sonra da terrorun çox baş ağrıdacağını deməyə əsas verir.
Ən nəhayət, Rusiyanın iqtisadi cəhətdən də tam stabil dövlət olduğunu iddia etmək düzgün olmaz. Rusiya iqtisadiyyatının qlobal maliyyə böhranının təsiri nəticəsində böyükmiqyaslı geriləməyə məruz qaldığı kimsəyə sirr deyil. Nəzərə almaq lazımdır ki, Rusiya son iki ildə öz dövlət büdcəsindən strateji məqsədlər üçün ayrılan vəsaitlərin həcmini bir neçə faiz azaltmaq məcburiyyətində qalıb, bundan başqa, bir sıra özəl banklar rəsmi şəkildə müflisləşdiyini bəyan edib.
Cənubda problemlər axını...
Cənub qonşumuz İranda müəyyən mənada Rusiya qədər terror təhlükəsi olmasa da, bu ölkənin digər problemlərdən yan qaça bilmədiyi məlumdur. Son illərdə Qərb dünyası ilə, əsasən, hədə dilində danışan bu ölkənin çevrəsi gündən-günə daralır. İranın uranın zənginləşdirilməsi proqramı ilə bağlı yaranan narazılıq ucbatından bu gün Qərb dünyası rəsmi Tehrana qarşı iqtisadi sanksiyalar tətbiq etməkdən belə çəkinmir. Hər addımda İranın dövlət hesablarına qadağa qoyulacağını bildirən Qərb “bankirləri” bu vasitədən siyasi təzyiq amili kimi istifadə edir. Bu isə, son nəticədə cənub qonşumuzun xarici siyasətinin inkişafına maneçilik törədir və bir sıra dövlətlərlə əlaqələrinin tam şəkildə pozulması ilə nəticələnir.
Bu gün İranın daxilində də vəziyyət ürəkaçan deyil. Son prezident seçkilərindən sonra müxalifətin başlatdığı genişmiqyaslı aksiyalar ölkədə qeyri-sabit vəziyyəti pik həddə çatdırıb. İndi bu narazı elektorat istənilən tədbirdə siyasi şüar və tələblərini səsləndirməkdən çəkinmir.
Yuxarıda, İranın terrorla bağlı böyük problemlərinin olmadığını qeyd etsək də, bu, həmin ölkədə adıçəkilən problemin ümumiyyətlə, yoxluğuna dəlalət etmir. Nəzərə alsaq ki, bu gün Türkiyədə PKK yaraqlıları ilə aparılan mübarizə arealının bir hissəsi, həm də İranın ərazisinə düşür, demək terror təhlükəsi bu ölkədən də yan keçməyib.
“Oyuncaq dövlət”in iqtisadi-siyasi tənəzzülü...
O ki qaldı düşmən Ermənistana, bu ölkənin tam şəkildə “for-post” funksiyasını yerinə yetirdiyi sirr deyil. Məhz buna görə də, işğalçı ölkədə hansısa siyasi qətiyyətin varlığından söhbət belə gedə bilməz. Bir dövlətin ki, başçısı başqa ölkələrin sifarişi əsasında müəyyənləşə, orada hansı siyasi sabitlikdən və ya mərkəzləşdirilmiş dövlət prinsipindən söz açmaq olar? Yəni, bu gün Ermənistan siyasi cəhətdən tam şəkildə asılı vəziyyətdədir və ölkə əhalisinin hüquqları dövlətin başında duran canişinlər tərəfindən hər addımbaşı pozulur. Bu isə, Ermənistanda mütəmadi şəkildə etiraz aksiyaları, polislə dinc əhalinin qanlı qarşıdurmaları ilə müşayiət olunur. İşğalçı ölkədəki hərbi xunta öz ağasının sözünü həyata keçirmək üçün dinc əhaliyə qarşı silah işlətməkdən də çəkinmir.
Siyasi durumu bu vəziyyətdə olan Ermənistanın iqtisadiyyatı da tənəzzülə uğrayıb. Bu ölkədə iqtisadi tənəzzül bütün dünya dövlətləri, o cümlədən, MDB dövlətləri arasında ən yüksək səviyyədədir. Burada iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada inkişaf hiss olunsun. 2010-cu ildə gəlirlərin həcmi ötən illə müqayisədə 25 faiz azalıb. Bu isə, öz növbəsində onu göstərir ki, Ermənistan hakimiyyəti 2010-cu il üçün heç bir iqtisadi inkişaf proqnozlaşdırmır. Bu, Ermənistanda cinayətkarlığın sayının xeyli artmasına zəmin yaradıb.
İkinci bir tərəfdən, artıq genefondu tükənmək üzrə olan işğalçı ölkədə artım məsələsi də olduqca ağır vəziyyətdədir. İqtisadi durumun pis olması bu ölkədə insanların istər ərzaq təminatında, istərsə də sağlamlığı ilə bağlı məsələlərdə böyük problem yaradıb. Ekspertlərin rəyinə əsasən, bu gün Ermənistanda kişilər 25 yaşdan sonra prostatdan əziyyət çəkir. Bu isə ölkədə sonsuzluğun geniş şəkildə yayılmasına gətirib çıxarıb.
Son illərdə Ermənistanda iqtisadiyyatın aparıcı sahələrinin, ölkənin əsas infrastrukturlarının rusiyalı oliqarxların əlinə keçməsi müşahidə olunur. Ermənistan iqtisadiyyatının bütün strateji sahələri Rusiyanın özəl və ya dövlət şirkətlərinin nəzarətindədir. Buna nümunə olaraq metallurgiyanı, energetikanı, telekommunikasiyanı, dəmiryolları sistemini, aqrar-sənayeni və hərbi sənaye kompleksini göstərmək olar. Ermənistanı təbii qazla təchiz edən “Armrusgazprom”un səhmlərinin 45 faizi Rusiyanın “Qazprom” şirkətinə məxsusdur. Yeni nüvə enerjisi mərkəzinin tikilməsi işini də “Rusatom” öz üzərinə götürüb. Rusiya ilə Ermənistanın qarşılıqlı ticarət dövriyyəsi 1 milyard dollar ətrafındadır. Bütün bunlara Rusiyada çalışıb ölkəsinə hər il milyonlarla dollar pul göndərən 1,8 milyon erməninin olması faktını da əlavə etsək, Ermənistanın Rusiyadan iqtisadi baxımdan nə dərəcədə asılı olduğu ortaya çıxır.
Gürcüstan da problemlərdən yan qaça b
ilməyib...
Ən nəhayət, Gürcüstandakı vəziyyəti də stabil adlandırmaq çətindir. O mənada ki, separatizmdən əziyyət çəkən bu ölkənin birtərəfli şəkildə-Qərbyönümlü siyasət yürütməsi Gürcüstanın Rusiya ilə münasibətlərində balanslar nisbətinin pozulmasına gətirib çıxarıb. O baxımdan, Gürcüstan hər bir an müəyyən təhlükə ilə qarşı-qarşıya dura biləcəyini unutmur. NATO-ya üzv olmaq üçün bütün səylərini ortaya qoyan rəsmi Tbilisi necə böyük bir mübarizənin mərkəzi halına gəldiyinin fərqindədir. Amma qonşu ölkənin bu mübarizə zamanı yaranacaq təhlükələri dəf etməyə hazır olmadığı da bir neçə il öncə baş vermiş “8 günlük” hərbi əməliyyatlar zamanı ortaya çıxdı. Bu baxımdan da Gürcüstanın həyata keçirdiyi xarici siyasətin tam təhlükəsiz mənada olduğunu demək çətindir.
Deyilənlərə Gürcüstan iqtisadiyyatının üzləşdiyi çətinlikləri də əlavə etmək lazımdır. Daha doğrusu, Rusiyanın bu ölkəyə qaz nəqlini dayandırması ilə ortaya çıxan çətinliklər Gürcüstan iqtisadiyyatına ölümcül zərbə vura bilərdi. Yəni, həmin dövrdə Azərbaycan öz yardım əlini uzatmasaydı, rəsmi Tbilisinin hansı duruma düşəcəyi aydın idi. Azərbaycanın bu yardımının nə demək olduğunu isə, elə Gürcüstan prezidenti öz çıxışlarında bildirib. Mixail Saakaşvili hər zaman Azərbaycanın Gürcüstanın xilaskarı olduğunu deyir və bəyan edir ki, rəsmi Bakı Gürcüstana qaz verməklə onları donmaqdan qoruyub. Amma Azərbaycanın Gürcüstan üçün xilaskarlıq missiyası heç də yalnız bu məqamla tamamlanmır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi, Bakı-Tbilisi-Qars dəmiryolu bu gün Gürcüstanın ayaqda durması və dünya düzənində yer alması üçün ən böyük faktorlardandır. Bu baxımdan, Gürcüstanın hazırkı vəziyyətinə görə Azərbaycana təşəkkür etməsində qeyri-adi bir hal yoxdur.
Bununla belə, Gürcüstan iqtisadiyyatı olduqca zəif inkişaf tempinə malikdir. Heç bir strateji əhəmiyyətli resursa malik olmayan Gürcüstan xarici investorlar üçün elə də böyük maraq kəsb etmir. Bunun da nəticəsində, daxili iınvestisiyanın həcmi ildən-ilə azalmağa doğru gedir. Bu isə, təbii olaraq ölkə iqtisadiyyatının qeyri-stabil dinamizmə malik olmasına gətirib çıxarır.
Bölgədə stabilliyin təminatçısı - AZƏRBAYCAN!
Yuxarıda qeyd olunanların fonunda Azərbaycan sözün əsl mənasında sabitlik adası sayılır. Müstəqil, yalnız dövlət maraqlarına əsaslanan, balanslı, öz problemlərinin həllinə hesablanan və qətiyyətli xarici siyasət kursu bu gün ölkəmizi beynəlxalq münasibətlər sistemində, ən azı yerləşdiyi region üzrə mühüm siyasi aktora çevirib. Bunun nəticəsidir ki, illərdir davam edən siyasi təzyiqlərə baxmayaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində öz mövqeyindən bir addım da geri çəkilməyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü əsas şərt olaraq irəli sürən dövlətimiz iqtisadi uğurlarının siyasi müstəviyə transferində də olduqca böyük peşəkarlıq nümayiş etdirir. Neft gəlirlərindən düzgün istifadə olunması nəticəsində bu gün Azərbaycanda qeyri-neft sektoru, hərbi sənaye kompleksi, turizm və onlarla sahə böyük inkişaf tempi əldə edib. Azərbaycanın dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsait Ermənistanın dövlət büdcəsi ilə demək olar ki, eynidir. Bu az bir zamanda əldə olunan uğurdur. 18 illik müstəqillik tarixi olan, işğaldan əziyyət çəkən, 1 milyona yaxın vətəndaşı öz yurd-yuvalarından didərgin salınan Azərbaycanın qısa müddətdə strateji tərəfdaş qismində qəbul edilməsi daxili-xarici siyasətin, iqtisadi siyasətin doğru kursla irəliləməsinə əsaslanır.
Bu gün Azərbaycan öz iqtisadi inkişafı ilə fəxr edə bilər. ölkə üzrə ümum daxili məhsulun artımı 2010-cu ilin ilk üç ayı üzrə 6 faiz təşkil edib ki, bu da olduqca böyük irəliləyişdir. Nəzərə alsaq ki, bir sıra böyük dövlətlər hələ də qlobal maliyyə böhranının girdabından xilas ola bilmir, Azərbaycanın isə bu inkişafının əsasında düzgün qurulmuş iqtisadi siyasət dayanır. Bundan başqa, son 6 ildə ölkədə 800 mindən çox yeni iş yerlərinin açılması, 2010-cu il üzrə iqtisadiyyatın sənaye bölməsinin 7 faiz, kənd təsərrüfatının 3 faiz artması özlüyündə tarazlı durumun varlığından xəbər verir. Azərbaycanda maaşların və təqaüdlərin mütəmadi şəkildə artımı ölkə əhalisinin yaşayış səviyyəsini artırıb. Bununla yanaşı, ölkədə inflyasiyanın göstəricisi 0,5 faiz azalıb. Son üç ayda isə Azərbaycanda ümumi investisiyanın həcmi 700 milyon dollara çatıb ki, bunun da böyük bir hissəsini xarici investisiya təşkil edir. Bu, faktın özü Azərbaycanın digər ölkələr üçün böyük maraq kəsb etdiyini ortaya çıxarır.
Xarici investorları Azərbaycana cəlb edən ən böyük faktorlardan biri isə ölkəmizdə terror təhlükəsinin olmamasıdır. Son zamanlarda ölkədə daxili sabitliyi pozmağa yönələn bir sıra təxribatların qarşısı tez bir zamanda alınıb. ölkənin hüquq-mühafizə orqanlarının səyi nəticəsində aşkarlanan və zərərsizləşdirilən “Meşə qardaşları” silahlı qruplaşmasının rəhbərləri xarici ölkələrdə həbs olunaraq Azərbaycana gətirilib. 2008-ci il avqustun 17-də Bakıda “Əbu-Bəkr” adı ilə tanınan “Cümə məscidi”ndə terror törədilməsində təqsirləndirilən şəxs qismində barəsində axtarış elan edilmiş, Azərbaycanda istintaqdan yayınaraq digər dövlətin ərazisində gizlənmiş, “Meşə qardaşları” adlı silahlı birləşmənin rəhbərlərindən biri Samir Mehdiyev 2010-cu ilin yanvarında Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat məlumatı əsasında Pakistan İslam Respublikasının ərazisində saxlanılaraq martın 16-da Azərbaycana təhvil verilib. Qeyd edək ki, Samir Mehdiyev, hazırda cinayət işi ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsində baxılmaqda olan 31 nəfərdən ibarət “Sumqayıt camaatı” adlı silahlı birləşmənin üzvləri vasitəsilə xarici ölkəyə keçirilmişdi.
Bundan başqa, bir neçə gün öncə ölkənin şimal-qərbində həyata keçirilən tədbirlər nəticəsində Gürcüstandan Azərbaycana keçirilməsinə cəhd göstərilmiş xeyli silah-sursat aşkarlanaraq hüquq-mühafizə orqanları tərəfindən götürülüb. Eyni zamanda, bir neçə gün əvvəl MTN Azərbaycanda terror aktları törətməyi planlaşdıran dəstəni zərərsizləşdirib. Dəstə üzvləri bu məqsədlə Gürcüstan ərazisindən gömrük nəzarətindən kənarda külli miqdarda qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları Azərbaycana gətiriblər. Aparılan əməliyyat tədbirləri nəticəsində silah-sursat aşkarlanaraq götürülüb.
Bu misallar, ölkəmizin siyasi cəhətdən də tam sabit olduğunu bir daha nümayiş etdirir. Bu stabilliyin və inkişafın əsasında isə, ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən siyasi kurs dayanır.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 17:24
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53

