Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan qlobal pandemiyaya qarşı beynəlxalq həmrəyliyin möhkəmlənməsində fəal rol oynayır

Azərbaycan qlobal pandemiyaya qarşı beynəlxalq həmrəyliyin möhkəmlənməsində fəal rol oynayır

08.04.2021 [08:38]

Prezident İlham Əliyev: Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq
İlk dəfə 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində baş qaldıran yeni növ koronavirus (COVİD-19) infeksiyası qısa müddətdə 200-dən artıq ölkəyə yayıldı. Artıq bir ildən çoxdur ki, bəşəriyyət pandemiyadan əziyyət çəkir. Ötən dövrün təcrübəsi göstərdi ki, ayrılıqda götürülmüş hansısa bir ölkə təkbaşına yeni növ koronavirus pandemiyasına qarşı mübarizədə qalib gələ bilməyəcək. Pandemiya qlobal səciyyə daşıdığı kimi, ona qarşı mübarizədə də ölkələrin və beynəlxalq təşkilatların gücü birləşdirilməlidir.
Deyilənlər baxımından Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin son bir ildən artıq dövrdə pandemiyaya qarşı qlobal həmrəyliyin gücləndirilməsinə yönələn təşəbbüsləri təqdirəlayiqdir. Yeri gəlmişkən, aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub. Qeyd edək ki, tədbirdə 4 ölkənin dövlət və hökumət başçısının videomüraciəti yayımlanıb. Videomüraciətində Azərbaycanın pandemiya dövründə qlobal həmrəyliyin möhkəmlənməsinə verdiyi töhfələri diqqətə çatdıran dövlətimizin başçısı əminliyini ifadə edərək vurğulayıb ki, biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq.
Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub
Müasir, davamlı, yüksəkkeyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir. Sosial dövlət olan Azərbaycan da özünün geniş iqtisadi-maliyyə imkanlarına əsaslanaraq ölkənin səhiyyə sistemini davamlı şəkildə müasirləşdirməyi və daha da möhkəmləndirməyi hədəfləyib. Prezident İlham Əliyev bəhs olunan videomüraciətində respublikamızın səhiyyə sistemində baş verən müsbət dəyişikliklərə diqqət çəkərək vurğulayıb: “Hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir”.
Azərbaycan dövləti son bir ildən artıq dövrdə məhz ölkənin daxili imkanlarına əsaslanaraq yeni növ koronavirus pandemiyasına qarşı milli səviyyədə səmərəli mübarizə aparmağa nail olub. Respublikamızda pandemiyanın mənfi təsirlərini azaltmaq üçün bir sıra prioritetlər müəyyənləşdirilib ki, onların da sırasında insanların sağlamlığının, həyatının qorunması, ölkə vətəndaşlarının sosial müdafiəsinin təmin edilməsi ön planda dayanır. Respublikamızda pandemiyanın elə ilk günlərindən etibarən müəyyənləşdirilən bu kimi prioritetlərə uyğun olaraq ardıcıl şəkildə zəruri səhiyyə və sosial dəstək tədbirləri həyata keçirilir. Pandemiya dövründə respublikamızda heç bir sosial layihə ixtisara salınmayıb, əksinə 2020-ci ildə ölkəmizdə sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb. İndiyədək iqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması, habelə işsizliklə bağlı məsələlərin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilib. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni ölkə əhalisinin yarısını əhatə edib.
Azərbaycanda güclü infrastrukturdan bəhrələnməklə həyata keçirilən səhiyyə tədbirlərinin də əhatə dairəsi kifayət qədər genişdir. Respublikamızda pandemiya şəraitində koronavirus xəstələrinin müalicəsi məqsədilə 46 xəstəxana ayrılıb. Bunlar ölkənin ən yaxşı xəstəxanalarıdır. Respublikamızda səhiyyə infrastrukturunun möhkəmləndirilməsi pandemiya şəraitində də davam etdirilir. 2020-ci ilin əvvəlindən bəri Prezident İlham Əliyev bölgələrə səfərləri çərçivəsində bir neçə xəstəxananın açılışında şəxsən iştirak edib. Eyni zamanda, dövlət başçısının müvafiq Sərəncamı ilə ölkəmizdə modul tipli xəstəxanalar yaradılıb. Artıq bir neçə modul tipli xəstəxana Bakıda, Qobustanda, İsmayıllıda, Qəbələdə və Şəkidə istifadəyə verilib. Beləliklə, Azərbaycan çox qısa müddətdə koronavirus xəstələrinin keyfiyyətli müalicəsini təmin etmək üçün ölkə ərazisində çarpayı sayını əhəmiyyətli dərəcədə artırmağa nail olub.
COVID-19-un səmərəli müalicəsində erkən və dəqiq diaqnostika mühüm rol oynayır. Bu baxımdan da Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Vaxtilə Azərbaycanda cəmi 6 laboratoriya fəaliyyət göstərirdi. Pandemiya şəraitində artan tələbatı qarşılamaq, xəstəliyi erkən mərhələdə və dəqiq müəyyənləşdirmək məqsədilə ölkə üzrə yeni müasir laboratoriyalar quraşdırılıb. Artıq respublikamızda 30-dan çox belə laboratoriya fəaliyyət göstərir. Pandemiya dövründə respublikamızda tibbi maska, dezinfeksiyaedici vasitələr və xüsusi geyimlər istehsalının qaydaya salınması da böyük uğurdur. Bütün bu kimi faktlar Azərbaycan dövlətinin yeni növ koronavirus pandemiyasına qarşı mübarizəyə necə böyük həssaslıqla yanaşdığını təsdiqləyir. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı pandemiyaya qarşı milli səviyyədə nümunəvi şəkildə mübarizə aparan ölkə kimi səciyyələndirib.
Məsuliyyətli dövlət olan Azərbaycan, həmçinin indiki çətin dövrdə qlobal pandemiyaya qarşı beynəlxalq həmrəyliyin möhkəmlənməsində fəal rol oynayır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. “Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkəmizin yeni növ koronavirus pandemiyasına qarşı dünya dövlətlərinin səylərinin əlaqələndirilməsinə hesablanan təşəbbüsləri və praktiki müstəvidə atdığı addımlar beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi BMT Baş Assambleyasının yeni növ koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunan Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü qısa müddətdə dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləndi. Azərbaycandan gələn xeyirxah təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün qitələrini təmsil edirdilər. Bəhs olunan təşəbbüsün belə güclü dəstək qazanması Azərbaycanın mühüm beynəlxalq əhəmiyyət daşıyan məsələlərin həllində rolunun artmasına, Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin bütün dünyada qəbul edilməsini bir daha təsdiqləyir. Xatırladaq ki, yalnız işğalçı Ermənistan bəlli səbəblərdən bu təşəbbüsə qarşı çıxdı.
Respublikamız dünya ölkələri arasında peyvəndlərin ədalətli bölgüsünün tərəfdarıdır
Koronavirus pandemiyasına qarşı ən effektiv mübarizə vasitəsi peyvəndlərdən istifadə olunmasıdır. Azərbaycan əhalinin COVID-19-a qarşı peyvəndlənməsinə başlayan ilk ölkələr sırasında yer alır. Ölkəmizdə bu prosesə cari il yanvarın 18-dən start verilib. İndiyədək Azərbaycan hökuməti ölkəyə lazımi həcmlərdə peyvəndlərin gətirilməsi üçün həm ikitərəfli, həm də çoxtərəfli platformalarda razılaşmalara nail olub. Respublikamızda əhalinin peyvəndlənməsi üçün ilkin mərhələdə Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVAC” vaksinindən istifadə edilib. Qeyd edək ki, Çinin “Sinovac” şirkətinin istehsalı olan 4 milyon doza “CoronaVAC” vaksininin Azərbaycana gətirilməsinə dair razılıq əldə olunub və indiyədək müəyyən həcmlərdə vaksinlərin respublikamıza gətirilməsi təmin edilib. Vaksinlər vətəndaşlara iki mərhələdə ödənişsiz vurulur. Aprelin əvvəlinədək ölkə üzrə birinci dozadan 600 min şəxs, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub.
Eyni zamanda, aprelin 4-də COVAX platforması çərçivəsində “AstraZeneca” şirkətinə məxsus 84 000 doza vaksin respublikamıza gətirilib. Səhiyyə Nazirliyinin rəsmisi Viktor Qasımov bildirib ki, ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza vaksinin mayın sonunadək Azərbaycana idxalı nəzərdə tutulub. Ölkəmizdə qarşıya qoyulan yaxın hədəf əhalinin 80 faizinin peyvəndlənməsinə nail olmaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev bəhs olunan müraciətində hazırda dünyada peyvəndlərin əldə olunması uğrunda ciddi mübarizə getdiyinə də diqqət çəkib. Respublikamız dünya ölkələri arasında peyvəndlərin ədalətli bölgüsünün tərəfdarıdır. Ölkəmizin birmənalı mövqeyini ifadə edən dövlətimizin başçısı deyib: “Builki Ümumdünya Sağlamlıq Günü “Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunub. Bu mənada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək”.
Qeyd edək ki, Azərbaycan peyvəndlərin paylanmasında ədalət prinsipindən çıxış edərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 630 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31