/ / Azərbaycanın gender məsələləri ilə bağlı dövlət siyasəti qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib
Azərbaycanın gender məsələləri ilə bağlı dövlət siyasəti qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib
25.05.2010 [10:05]
Dünən Bakının “Gülüstan” sarayında Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin “Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması” mövzusunda VII konfransı işə başlayıb.
Avropa Şurasına üzv dövlətlərin müvafiq sahədə fəaliyyət göstərən qurumlarının rəhbərlərinin, xaricdən, o cümlədən ABŞ-dan, Vatikandan, Kanadadan, Yaponiyadan və Meksikadan dəvət olunmuş qonaqların, dövlət orqanlarının, Bakıdakı diplomatik korpusun, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirak etdikləri tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub: “Hörmətli konfrans iştirakçıları! Sizi Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransının açılışı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayıram. Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Bu baxımdan son zamanlar respublikamızda Avropa Şurası səviyyəsində bir sıra beynəlxalq tədbirlərin ənənəvi xarakter alması təqdirəlayiqdir. Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlmişdir. Azərbaycan təhsili və səhiyyəsində aparıcı mövqelər tutan qadınlarımız ölkəmizin siyasi, sosial və ictimai həyatının bütün sahələrində fəal iştirak etməklə, real gender bərabərliyinə nail olunması üçün öz qüvvələrini əsirgəmirlər. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün əksəriyyətini təşkil edən qadınlarımızın ən kobud şəkildə pozulmuş əsas hüquqları hələ də bərpa olunmamışdır. Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin və Avropa Şurasının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlarının mövcud olmasına baxmayaraq, həmin insanların doğma yurdlarına qayıtması istiqamətində göstərilən səylər də hələlik nəticəsiz qalmışdır.
Gender bərabərliyinin faktiki surətdə əldə olunması, heç şübhə yoxdur ki, beynəlxalq və milli səviyyədə bir çox qurum və təsisatların uzunmüddətli birgə fəaliyyətinin gücləndirilməsini tələb edir. Əminəm ki, konfransınız bu məsələlər ətrafında geniş və səmərəli müzakirələr aparacaq, gələcək fəaliyyətinizdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə öz töhfəsini verəcəkdir”.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva açılış mərasimində çıxış edərək deyib: “Xanımlar və cənablar! Hörmətli qonaqlar! Mən öz nitqimi bu konfransın bütün iştirakçılarını və qonaqlarını salamlamaqla başlamaq istərdim. çox məmnunam ki, Bakı müasir dünyada mühüm məsələlər və çağırışlara həsr olunmuş bir çox beynəlxalq görüş və konfranslara ev sahibliyi edir. Bu tədbir qlobal təcrübədən yararlanmaqda vacib fürsət olaraq, konstruktiv dialoq və birgə həll variantları üçün zəmin yaradır. Mən bu konfransı Bakıda keçirmək qərarını qəbul etdiyinə görə Avropa Şurasına minnətdarlığımı bildirirəm və inanıram ki, Azərbaycanın gender bərabərliyinə aid fəal mövqeyi və konkret strategiyası bu tədbirin məhz Bakıda keçirilməsinin əsas səbəblərindəndir. Bu gün keçirilən konfrans olduqca böyük ictimai əhəmiyyətə malikdir. Gender və hüquqlar bərabərliyi hər hansı demokratik cəmiyyətin ən mühüm əsaslarından biridir. İyirminci əsrin ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, biz cəmiyyətdəki dəyərlər və etik qaydaları dəyişməyə müvəffəq olduq. Gender probleminin ciddiliyi müxtəlif ölkələrdə tam şəkildə qavranılır və yalan stereotiplərin aradan qaldırılması prosesi artıq başlanmışdır. 1960-70-ci illərdə insanların qadınlara münasibətində dünya miqyasında köklü dəyişikliklər baş verdi. 1975-ci ildən etibarən BMT-nin təşkilatçılığı ilə Mexiko, Kopenhagen, Nayrobi və Pekində qadınların statusuna həsr olunmuş dörd qlobal konfrans təşkil edilmişdir. Bu konfranslar çox uğurla keçmiş və beynəlxalq ictimaiyyətə cinslər arasında qeyri-bərabərliyin probleminə daha böyük diqqətin yetirilməsinə xidmət etmişdir. Avropanın inkişaf etmiş bir sıra ölkələrində gender ayrı-seçkiliyinin aradan qaldırılması ilə bağlı uğurlu milli siyasətin formalaşdırılması və kişi ilə qadın arasında real sosial bərabərliyin bərqərar olunması sahəsində zəngin təcrübə vardır. Bu gün müasir Avropa cəmiyyətində qadınlar demək olar ki, bütün ictimai sahələrdə, o cümlədən ən mürəkkəb, ənənəvi kişi peşələrində fəaliyyət göstərirlər. Onlar dünyada biznes, maliyyə işlərində və hərbi sahədə fəal rol oynayırlar. Qadınlar problemlərin həllinə xüsusi diqqət yetirərək, siyasətdə də iştirak edirlər. Bütün bu müsbət dəyişikliklərə baxmayaraq, qarşımızda duran məsələlər hələ də çoxdur. Bir çox qətnamə və qərarlar hələ də yerinə yetirilməyib. Bir tərəfdən, gender bərabərliyi müasir Avropa cəmiyyətində mühüm əhəmiyyət kəsb edir, digər tərəfdən, əldə oluna biləcək tərəqqi daha da çox ola bilərdi. Qadınların hüquqlarının qorunmasında Azərbaycan da bir çox nailiyyətlər əldə etmişdir. XX əsr Azərbaycan qadınının həyatında yeni dövrün başlanğıcı hesab edilə bilər. Məhz 1918-ci ildə Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika olaraq qadınlara seçmək və seçilmək hüququnu vermişdir. Bu, bir çox digər Qərb ölkələrindən fərqli olaraq, əvvəl baş vermişdir. XX əsrin sonunda ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qadınlar yeni imkanlar əldə etmişlər. Müasir Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin. Onlar idarəçilik, hüquq mühafizə və ədliyyə orqanlarında təmsil olunurlar. Onlar biznes fəaliyyəti ilə məşğul olur, siyasi və ictimai proseslərdə iştirak edirlər. Qadınların siyasi və ictimai fəaliyyətində böyük nailiyyətlər əldə olunmuşdur. 2009-cu ildə bələdiyyə orqanlarına seçilən qadınların sayı 2004-cü ildəki göstəricilərlə müqayisədə 7 dəfə artmışdır. Hazırda qadınlar dövlət məmurları və elmi işçilərin demək olar ki, yarısını təşkil edirlər. Həkimlərin və məktəb müəllimlərinin əksəriyyəti qadınlardır. ölkəmizdə hər beş ildən bir qadınların cəmiyyətdə rolu və mövqeyini müzakirə etmək məqsədi ilə ümumrespublika forumu keçirilir. Bütün bu nailiyyətlər müsbət və nikbin gələcəyə dəlalət edən göstəricidir. Eyni zamanda, Azərbaycanda gender münasibətləri və qadınların ailə və cəmiyyətdə statusu ilə bağlı ciddi problemlər də vardır. Bütün bunlar dövlət və qeyri-hökumət qurumlarını narahat edən məsələdir. Yaxşı məlumdur ki, Azərbaycan öz müstəqilliyinin bərpasının ilk illərindən sonra qonşu Ermənistanın təcavüzünə məruz qalmışdır. Ərazimizin 20 faizinin işğalı nəticəsində bir milyon vətəndaşın, o cümlədən qadınların insan hüquqları kobud şəkildə pozulmuşdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın təxminən yarısı qadınlardır. Məcburi köçkünlərin təhsilə, tibbi yardıma çıxışı və normal həyat şəraitlərinin yaradılması nəinki dövlətin, o cümlədən beynəlxalq təşkilatların daim gündəliyində olmalıdır. Bizi narahat edən digər problem məişət zorakılığıdır. Hətta ən inkişaf etmiş cəmiyyətlərdə qadınlar müxtəlif növ zorakılığa məruz qalırlar. Azərbaycan da istisna deyildir. Digər ölkələrdə olduğu kimi, bizim ölkədə də məişət zorakılığını müəyyən etmək çox çətin olur. Bununla belə, qadınlar və uşaqlara qarşı hər hansı zorakılıq hətta bir hadisə olsa belə, qəbuledilməzdir. Qeyd etmək istəyirəm ki, ənənələrimiz və mentalitetimizdən istifadə edərək, bu cür davranışa rəvac vermək mənəviyyatsızlıqdır. Azərbaycan xalqının adət-ənənələrində qadına çox böyük hörmət və qayğı ilə yanaşılır. Ailə dəyərləri cəmiyyətimizin ən mühüm və qiymətli dəyərləri olmuş və olaraq qalır. Azərbaycanlılar üçün ana müqəddəs simadır. Məişət zorakılığı haqqında qanun layihəsi Milli Məclisdə artıq oxunuşdan keçmişdir. Əminəm ki, bu qanun yaxın vaxtlarda qəbul olunacaqdır. Qanunvericilik sahəsinə gəldikdə, qeyd etmək istəyirəm ki, bəzən vətəndaşlara bərabər imkanların yaradılmasına yönəlmiş qanunlar kişi və qadın üçün eyni fürsətin olmasına zəmanət vermir. Bu, o deməkdir ki, vətəndaş hüquqlarına malik olmaq, məsələnin yalnız bir hissəsidir. Digər mühüm məsələ, onların necə həyata keçirilməsi ilə bağlıdır. Bu, işləyəcəyimiz əlavə bir sahədir. Gender bərabərliyinin necə olması və ahəngdar formada təmin edilməsi ilə bağlı müxtəlif təklif və fikirlərimiz ola bilər. Cəmiyyətdə qadınlar və kişilər arasında hər hansı qeyri-bərabərliyin yalnız bir platforma və ya tədbirlər planı sayəsində aradan qaldırılmasını düşünmək sadəlövhlük olardı. Bütün tədqiqatçılar hesab edirlər ki, sivilizasiyanın inkişaf dövründən başlayaraq, qadınlar demək olar, bütün cəmiyyətlərdə dini mənsubiyyətdən və ya siyasi quruluşdan asılı olmayaraq, kişilərdən asılı vəziyyətdə olublar. Hazırda dünya öz inkişafının elə bir dövrünə qədəm qoyur ki, yekun məqsəd bu vəziyyətin dəyişməsindən ibarətdir. Vəziyyətin dəyişilməsində uğurlar bir çox - siyasi, ictimai, sosial, dini və mənəvi amillərdən asılıdır. Lakin yekun nəticədə hər şey bizdən, bu planetdə yaşayan kişilər və qadınlardan asılıdır. Hələ XX əsrin əvvəllərində Simona de Bovuar yazırdı: “Kişinin fərdiləşməsi nə qədər güclü olarsa, kişinin həmin fərdiləşməyə ehtiyacı bir o qədər böyük olur və o, bir o qədər də tez öz qadınının fərdiləşmə və azadlıq hüququnu etiraf edəcəkdir”. Kişinin əsl müstəqilliyi o vaxt təmin olunur ki, həmin azadlıq, müstəqillik və imkanlar qadında da olsun. Əgər müasir cəmiyyətdə qadının vəziyyətini və taleyini əsasən onun ətrafında olan kişilər müəyyən edirsə, bilmək lazımdır ki, həmin kişilər qadınlardan tərbiyə alıblar. Bu, o deməkdir ki, məhz mənəvi dəyərlərin daşıyıcısı olan qadın öz yaradıcı potensialından istifadə edərək, bəşəriyyətə yeni gender bərabərliyi modelini təklif edəcəkdir. Yekunda mən bu məsələdə göstərdiyi fəal mövqeyə və verdiyi töhfəyə görə hamıya təşəkkürümü bildirirəm. Mən sizə uğurlar arzulayıram və ümid edirəm ki, gözəl şəhərimizə səfərinizdən məmnun olacaqsınız. Diqqətinizə görə minnətdaram”.
Konfransda çıxış edən Avropa Şurasının baş katibinin müavini xanım Mod de Bur Bukikkio vurğulayıb ki, real həyatda ən çox kişilər rəhbər vəzifələri tuturlar. Qadınlar isə ikinci dərəcəli rol oynayırlar. çox hallarda qadınlar əhalinin zəif kateqoriyası kimi qiymətləndirilir. Mod de Bur Bukikkio vurğulayıb ki, qadınlara və kişilərə fərqli münasibət bəsləyərkən biz, həmçinin genderlə bağlı struktur stereotiplərin aradan qaldırılmasına nail olacağıq. Konkret tədbirlər görülməlidir ki, həm təhsildə, həm KİV-lərdə bu cür dəyişikliklərin həyata keçirilməsi, gender bərabərliyinin təmin edilməsi mümkün olsun.
Bakıda keçirilən konfransda iştirak etməkdən məmnun olduğunu bildirən BMT baş katibinin müavini xanım Aşa Rouz Migiro belə bir aktual mövzunun müzakirəsi üçün yaradılan şəraitə və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə minnətdarlıq edib. Qadınların həyatda, cəmiyyətdə çox vacib roluna toxunan xanım Aşa Rouz Migiro təmsil etdiyi təşkilatın gender bərabərliyi istiqamətindəki fəaliyyətindən söz açaraq deyib ki, BMT bu prosesin həyata keçirilməsi üçün bir sıra layihələr icra edir.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Avropa Şurası baş katibinin müavini Mod de Bur Bukikkio və BMT baş katibinin müavini xanım Aşa Rouz Migiro xatirə şəkli çəkdiriblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın sədri seçilib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndəsi Xose Mendes Bota çıxış edərək Azərbaycanda olmağından böyük şərəf duyduğunu, konfransın yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O, təmsil etdiyi qurumda gender bərabərliyinin təmini sahəsində bir çox işlərin görüldüyünü deyib.
Konfrans işini bu mövzu üzrə müzakirələr ilə davam etdirib. Konfrans bu gün başa çatacaq.
Xəbər lenti
Hamısına baxHadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18

