Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xarici siyasətimiz Azərbaycanımızı müdafiə edən möhkəm qalxana çevrilib

Xarici siyasətimiz Azərbaycanımızı müdafiə edən möhkəm qalxana çevrilib

26.05.2010 [10:48]

Avropa Parlamentinin qətnaməsi Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasətinin mühüm uğurudur
Hər bir dövlətin xarici siyasəti onun qalxanıdır. Əlbəttə ki, bu deyim uzun illər ərzində dövlətin idarə olunmasında, ölkənin milli maraqlarının dünya arenasında müdafiə olunmasında böyük təcrübəsi olan siyasətçilərin analitik təfəkkürünün məhsuludur. Diplomatlar bir ölkənin xarici siyasətinin əsas məqsədini məhz, dövlətin mənafelərini istənilən səviyyədə müdafiə etmək amili ilə bağlayırlar.
Azərbaycanın da xarici siyasət kursu ölkəmizin milli maraqlarının beynəlxalq münasibətlər sistemində müdafiə olunması, həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması funksiyalarını qətiyyətlə yerinə yetirir. Azərbaycanın xarici siyasətini digər bir çox dövlətlərin diplomatiyasından fərqləndirən əsas cəhət odur ki, dövlətimizin hər bir addımı xalqımızın milli maraqlarına əsaslanır.
Azərbaycanın xarici siyasətinin prioritet vəzifələrindən biri isə məhz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsidir. Bu istiqamətdə Azərbaycan hər zaman beynəlxalq hüquq prinsiplərinə sadiq qalaraq həqiqətlərin dünya ictimaiyyəti tərəfindən qəbul edilməsinə çalışıb. Əlbəttə ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından  və ya dünya güclərinin ikili standartlı siyasətləri nəticəsində danışıqların nəticəsiz qalmasına baxmayaraq, Dağlıq Qarabağın əzəli torpaqlarımız olduğunu sübut edə bilmişik.
Bir zamanlar Ermənistanın qondarma məsələlər üzərində qurduğu təbliğat nəticəsində Azərbaycan haqqında səhv düşüncəyə dalmış güc mərkəzləri artıq ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının və Ermənistanın tezliklə işğal etdiyi ərazilərdən çıxmasının vacibliyini bildirirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən modernləşmə strategiyası sayəsində ölkəmiz inkişaf edir, onun beynəlxalq nüfuzu artır, regionda təsiri güclənir, dünyada gedən proseslərin fəal iştirakçısına çevrilir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və erməni təbliğatının ifşa edilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. Məhz bunun nəticəsidir ki, Ermənistanın işğalçılıq siyasəti ardıcıl şəkildə ifşa olunur, bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul edir və bəyanatlar verirlər.
Mayın 20-də Avropa Parlamentinin “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına dair tələb” adlı qətnamə qəbul etməsini həmin tendensiyanın bir hissəsi də adlandıra bilərik. Xüsusilə bildirilməlidir ki, qətnamənin hazırlanmasında Avropa Parlamentinin əsas fraksiyalar və siyasi qrupları -  Avropa Xalq Partiyası, liberallar, sosialistlər, “yaşıllar” konstruktiv rol oynayıblar.
Qeyd edək ki, sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından dərhal çıxarılması barədə tələb təsbit olunub. Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyi, qaçqınların və məcburi köçkünlərin hüquqlarının və onların doğma yurdlarına qayıtması imkanının təmin edilməsinin zəruriliyi vurğulanıb.
Ermənilər ciddi-cəhdlə həmin sənədə düzəlişlər də etmək istəyiblər. Amma Ermənistan diplomatiyasının sənədə düzəlişlər etmək, onun mahiyyətini dəyişdirmək məqsədilə qətnamə müəlliflərinə təsir etmək cəhdləri  heç bir nəticə verməyib, sənədi hazırlayan Avropa Parlamentinin Bolqarıstandan olan üzvü Yevgeni Kirilov öz prinsipial və qəti mövqeyini sonadək qoruyub saxlayıb. Sənədin mətninə xalqların öz müqəddəratını təyin etmə hüququna istinadlar daxil etmək cəhdlərinə qarşı Y.Kirilov bildirib ki, bu yalnız Gürcüstan ərazisindəki münaqişələrə dair Avropa Parlamentinin nümayiş etdirdiyi mövqedə müvafiq məsələlərin nəzərə alınması halında mümkün ola bilər. Beləliklə, praktiki olaraq eyni təbiətə malik münaqişələrə münasibətdə “ikili standartlar” praktikasını tətbiq etmək üçün göstərilən cəhdlərin qarşısı alınıb.
Avropa Parlamenti tərəfləri konstruktivliyə dəvət edərək faktiki olaraq yeniləşdirilmiş Madrid prinsipləri barədə mövqeyini hələ də bildirməyən və artıq çoxdan razılaşdırılmış məsələlərin müzakirəsinə vaxtaşırı qayıdaraq danışıqları pozmağa çalışan Ermənistanı qeyri-konstruktiv tərəf kimi göstərir, onu təklifləri qəbul etməyə çağırır.
Avropa Parlamentinin üzvləri ərazi bütövlüyü prinsipini dəstəkləyərək Azərbaycan Respublikası ərazilərinin hərbi yolla işğalının davam etdirilməsi üçün istifadə olunan faktların təhrif edilməsi taktikasını birmənalı şəkildə rədd ediblər.
Qətnamədə mövcud status-kvonun aradan qaldırılması tələb olunur və göstərilir ki, bu vəziyyət “zorakılıqla və beynəlxalq qaydalara uyğun legitimləşdirilmədən” yaranmışdır.
Sözügedən sənəddə bir daha vurğulanıb ki, beynəlxalq birliyin rolu müasir sivil dünyada qəbul edilmiş davranış qaydalarını başa düşmək istəməyən erməni tərəfinə bunu bir daha izah etmək, onu inandırmaqdır ki, təcavüz, etnik təmizləmələr və işğal kimi metodlar keçmişdə qalmalıdır. Avropa ictimaiyyəti Dağlıq Qarabağ ətrafında Azərbaycan rayonlarının “girov” kimi saxlanması və Dağlıq Qarabağ regionunun statusuna dair danışıqlarda həmin rayonlardan istifadə etmək istəyən erməni tərəfinin taktikası ilə razılaşmadığını nümayiş etdirib.
Qətnamədə erməni tərəfə bir daha xatırladılır ki, indiki vəziyyətdə öz müqəddəratını təyin etmənin ən yüksək həddi “daxili təyini-müqəddərat” ola bilər.
Beləliklə də, qətnamənin bütün müddəaları Ermənistana izah edir ki, XXI əsrdə qonşu dövlətin ərazilərinin işğal edilməsinə heç bir arqumentlə, o cümlədən təyini-müqəddərat hüququ ilə bəraət verilə bilməz. Bu sənədlə Avropa Yerevana açıq-aydın xəbərdarlıq edir ki, o, Dağlıq Qarabağın və ətraf rayonların azərbaycanlı əhalisini Dağlıq Qarabağın qəti statusu müəyyən edilənə qədər təqib etməkdən, onları girov kimi saxlamaqdan əl çəkməlidir. Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusu yalnız bütün əhalinin tam, birbaşa və bərabərhüquqlu iştirakı ilə müəyyən edilə bilər. Bu əhali həm erməni icmasını, həm də azərbaycanlı icmasını əhatə edir. Bunun üçün öz yurdlarından qovulmuş azərbaycanlıların doğma evlərinə təhlükəsiz qayıtması üçün şərait yaradılmalıdır, bu isə yalnız hərbi işğal başa çatandan sonra mümkündür.
Sənəddə Dağlıq Qarabağdan qovulmuş insanların oraya qaytarılmasından bəhs edilərkən onlar “qaçqınlar” deyil, məhz “daxili köçkün şəxslər” adlandırılır. Bu isə, 1951-ci il Cenevrə konvensiyasına əsasən o deməkdir ki, Dağlıq Qarabağ növbəti dəfə Azərbaycanın tərkib hissəsi kimi tanınır. Avropa Parlamenti bu faktı təsbit etməklə haqlı olaraq vurğulayıb ki, münaqişə zonası, təcavüz və işğal zonası məhz Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayondur və ilk növbədə oradan qovulmuş dinc əhalinin qaytarılmasından söhbət getməlidir.
Bir sözlə desək, Avropa Parlamentinin qərarı Azərbaycanın milli maraqlarına cavab verir, münaqişənin ədalətli və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini ehtiva edir. Avropa Parlamentinin qətnaməsi Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü xarici siyasətinin, Azərbaycan diplomatiyasının mühüm uğurudur. BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlardan, dünya ölkələrindən sonra Avropa Parlamentinin qəbul etdiyi mühüm sənəd beynəlxalq birliyin Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyini və dəstəklədiyini əyani şəkildə göstərir.
Düşünürük ki, bu sənəd beynəlxalq birliyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşmasının möhkəmlənməsi işinə sanballı töhfə olacaq, problemin dinc nizamlama prosesi ətrafında ümumi ab-havaya müsbət təsir göstərəcək. Qətnamə eyni zamanda, Avropa İttifaqının beynəlxalq proseslərə münasibətinin barometridir və Cənubi Qafqaz regionunda cərəyan edən proseslərlə əlaqədar sonrakı addımlar və mövqenin formalaşması üçün oriyentir olacaq.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1112 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30