Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında yeni mərhələ başlayıb

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında yeni mərhələ başlayıb

23.07.2021 [09:28]

Prezident İlham Əliyev: Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir
Azərbaycanın milli maraqlara əsaslanan tam müstəqil xarici siyasət kursu həyata keçirməsi, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfələr verməsi, müxtəlif məsələlərə yanaşmada ədalətli mövqe sərgiləməsi ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandırıb. Respublikamızın Avropa İttifaqı (Aİ) və quruma üzv dövlətlərlə münasibətlərinin dərinləşməsi deyilənləri əyani şəkildə təsdiqləyir. Elə bu günlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri baş tutub. Qurumun yüksəksəviyyəli rəsmisi səfər çərçivəsində bir sıra önəmli görüşlərə və tədbirlərə qatılıb. Bütövlükdə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri uğurlu keçib. Deyə bilərik ki, bu səfərlə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafında yeni səhifə açılıb. Şarl Mişelin simasında Aİ rəhbərliyi Azərbaycan cəmiyyətinin müasir inkişaf səviyyəsi, ölkəmizdə mövcud olan pozitiv mühitlə tanış oldu, mediaya, siyasi partiyalara ciddi basqıların hökm sürdüyü Ermənistandan fərqli olaraq, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, KİV-in azad şəraitdə inkişaf etdiyini gördü.
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
Avropanın aparıcı ölkələrini öz sıralarında birləşdirən Aİ ilə Azərbaycan arasında siyasi dialoq yüksək səviyyədədir. Şarl Mişelin ölkəmizə son səfəri bunu bir daha təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyevlə Şarl Mişelin təkbətək görüşü iki saat davam edib. Danışıqlar Azərbaycan-Avropa İttifaqı münasibətlərinin geniş spektrini əhatə edib, o cümlədən siyasi dialoqdan məmnunluq ifadə olunub, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri, həmçinin Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Şarl Mişelin region ölkələrinə səfərində protokol qaydalarına tam riayət olunub, Azərbaycan, Ermənistan və Gürcüstana eyni vaxt ayrılıb. Müqayisə üçün bildirək ki, biz zamanında Almaniya kansleri Angela Merkelin, Fransa prezidenti Fransua Olandın regiona səfəri zamanı bu balansın gözlənilməməsinin şahidi olmuşuq. Avropa İttifaqının yüksəksəviyyəli rəsmisi Azərbaycanın regionlarına səfərə gedib, Şamaxıda olub və Cümə məscidini ziyarət edib. Bu, Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycan xalqının dəyərlərinə, İslam dininə hörmətinin göstəricisidir. Azərbaycana səfəri çərçivısində “Azərkosmos” ASC-də olan, İpək yolu və Ələt Azad İqtisadi zonası ilə bağlı təqdimatlara qatılan Şarl Mişel ölkəmizin inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri ilə də tanış olub.
Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq digər istiqamətlərdə də əməkdaşlıq uğurla inkişaf edir. Bütövlükdə, gündəlik kifayət qədər genişdir və müxtəlif istiqamətləri əhatə edir. Siyasi təmaslar əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Tərəflər uzun illərdir ki, müxtəlif sahələrdə birlikdə işləyirlər. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkəmizin ticarətinin, demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötən il Azərbaycanın Aİ ilə ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları təşkil edib. Hazırda respublikamızın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Aİ-yə üzv dövlətlərdən olan 1700-dən çox şirkət ölkəmizdə uğurla fəaliyyət göstərir. Ölkəmiz, həmçinin Aİ-yə üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox böyük fəallıq göstərir. Prezident İlham Əliyev iyulun 18-də geniş tərkibdə görüşdən sonra mətbuata verdiyi bəyanatında Azərbaycanla Aİ arasında əlaqələrin yüksələn xətlə inkişafından məmnunluğunu bildirərək vurğulayıb: “Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır”.
Azərbaycanla Aİ arasındakı əməkdaşlığın mühüm bir istiqaməti, sözsüz ki, enerji təhlükəsizliyi ilə bağlıdır. Artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP istifadəyə verildikdən sonra respublikamız Avropa ölkələrinə, həmçinin “mavi yanacaq” ixrac etmətə başlayıb. Trans-Adriatik kəməri artıq fəaliyyətdədir. Cari il yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi perspektivdə daha da artacaq. Azərbaycanın moderatorluğu ilə inşa olunan Cənub Qaz Dəhlizi “qoca qitə”nin enerji asılılığının aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər çox haqlı olaraq bildirirlər ki, Avropa alternativ təchizat mənbəyi və marşrutu qazanıb.
Ermənistanı Azərbaycanla sülh sazişi üzərində danışıqlara başlamağa sövq və məcbur etmək üçün Avropa İttifaqının imkanlarından istifadə olunmalıdır
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını uğurla yerinə yetirən Silahlı Qüvvələrimizin qazandığı şanlı qələbə sayəsində Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğal altında saxlanılmasına son qoyuldu. Azərbaycan Ermənistan qoşunlarının ölkəmizin ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.
Hazırda Azərbaycan öz siyasətini regionda yaranan yeni reallıqlara uyğun qurur. Son üç onillik ərzində ərazi itkilərinə məruz qalmasına baxmayaraq, daim sülhə sadiqlik nümayiş etdirən Azərbaycan indiki mərhələdə də müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq niyyətindədir. Ölkəmizin mövqeyini bir daha diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq. “Düşünürəm ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik. Avropa İttifaqı bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, oynayacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan reallıqlardan biri kommunikasiyaların açılması ilə bağlıdır. Postmüharibə mərhələsində regionda kommunikasiyaların açılması nadir əməkdaşlıq formatı yaradacaq. Məlum olduğu kimi, Azərbaycan indiyədək ölkə ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin funksionallığının artırılması üçün böyük investisiya tutumuna malik bir sıra irimiqyaslı layihələr həyata keçirib və nəticədə, respublikamız Avrasiya coğrafiyasının aparıcı tranzit-logistika hablarından birinə çevrilib. Artıq Finlandiyadan Hindistana ilk yüklərin Azərbaycan ərazisindən çatdırılmasına başlanılıb. Azərbaycan, həmçinin ölkəmizin tranzit imkanlarını genişləndirəcək Zəngəzur dəhlizinin yaradılmasına qətiyyəli siyasi iradə nümayiş etdirir. Bu dəhliz vasitəsilə blokada şəraitində yaşayan Naxçıvanla əlaqələrimiz bərpa olunacaq, eləcə də ölkəmizin qardaş Türkiyə ilə ikinci dəmir yolu bağlantısı yaranacaq. Qeyd edək ki, Azərbaycan müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun qurulması istiqamətində işlərə başlayıb. O cümlədən Zəngəzur dəhlizinin Azərbaycan ərazisinə düşən hissəsində avtomobil magistralının və dəmir yolu xəttinin tikintisi sürətlə davam etdirilir. Vurğulamaq yerinə düşər ki, Füzulidə, Zəngilanda, Laçında beynəlxalq hava limanlarının açılması ilə cəmi 2 il ərzində Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatacaq.
Kommunikasiyaların açılması təkcə respublikamızın deyil, bütün region dövlətlərinin maraqlarına cavab verir. Bu, həmçinin üç onillik ərzində apardığı işğalçılıq siyasətinin girovuna çevrilən Ermənistan üçün də faydalıdır. Region dövlətləri və bütün dünya İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq regionda yaranan reallığı qəbul edir. Yeri gəlmişkən, Şarl Mişel mətbuata verdiyi bəyanatında Dağlıq Qarabağ, status və s. bu kimi ifadələr işlətmədi, hətta Ermənistanla Azərbaycan arasında hazırda olan bəzi məsələləri “mübahisə” adlandırdı. Bu, göstərir ki, Aİ 44 günlük müharibədən sonra yaranmış yeni reallığı başa düşür və regionla bağlı siyasətində bu reallığı nəzərə alır. Bu, Şarl Mişelin bəyanatında da aydın hiss olundu. Aİ Azərbaycanla münasibətlərinin hazırkı səviyyəsini, Azərbaycanın əhəmiyyətini və ikitərəfli əlaqələrin inkişaf perspektivini düzgün qiymətləndirir. Deyilənlərdən də göründüyü kimi, erməni lobbisinin və Avropadakı ermənipərəst dairələrin təzyiqinə baxmayaraq, Aİ Azərbaycanla münasibətlərini düzgün qurur və olduqca pozitiv istiqamətdə inkişaf etdirir. O cümlədən Ermənistanı Azərbaycanla sülh sazişi üzərində danışıqlara başlamağa sövq və məcbur etmək üçün Avropa İttifaqının imkanlarından istifadə olunmalıdır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 692 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31