Mərkəzdənqaçma və ya Avropadan Avrasiyaya transformasiya
07.06.2010 [09:59]
2008-ci ilin ikinci yarısından etibarən özünü daha qabarıq şəkildə göstərən və dünya ölkələrinin iqtisadiyyatına sarsıdıcı zərbələr vurmağa başlayan qlobal maliyyə böhranı bir çox dövlətlərin siyasi, sosial, hərbi sahələrinə də sirayət edərək ağır fəsadlar törədib. Böhranın ilk tsiklləri qiymətli kağızlar və maliyyə-bank sferalarını arzuolunmaz hallarla üz-üzə qoysa da, sonradan qlobal resessiyaların miqyasının böyüməsi real sektorun bir çox bölmələrini sıradan çıxarıb. Dünya böhranının birinci və ikinci mərhələlərinin ardınca, növbəti fazasının təsirlərinin baş verməsi Amerika, Avropa və Asiya iqtisadiyyatının nəhəngləri hesab olunan dövlətlərin valyuta-bank, maliyyə, qiymətli kağızlar, bir sözlə real sektora aid strateji sahələri mənfi tendensiyalara məruz qoymuş olub.
Böhran dünya iqtisadiyyatında xüsusi çəkiyə malik olan ABŞ və Avropa İttifaqı (Aİ) dövlətləri üçün daha ağır nəticələrlə müşayiət olunub və bu meyillər hələ də davam edir. Xüsusilə də, Aİ ölkələrinin əksəriyyətində postböhran meyilləri başa çatmayıb və iqtisadi fəallıq yenə də aşağı olaraq qalır.
İqtisadi böhran siyasi gərginliyə yol açıb
ötən müddət ərzində istər “Böyük iyirmilər”in, istər “G-8” ölkələrinin dövlət və hökumət başçılarının, istərsə də iqtisadiyyat və maliyyə nazirlərinin ardıcıl keçirilən sammitlərinə baxmayaraq, antiböhran strategiyasının hazırlanmaması və effektiv preventiv tədbirlərin görülməməsi 2010-cu ildə Aİ regionunda iqtisadi gərginliyi nəinki azaldıb, əksinə, yeni resessiyalar dalğasını yaradıb. Bu isə avrozonada iqtisadi gərginliklə yanaşı, siyasi böhran meyillərinə yol açıb. Qeyd edək ki, qlobal böhranın resessiyalarından yenicə xilas olaraq “özünə gəlmiş” Avropanın inkişaf etmiş dövlətləri yenidən iqtisadi zərərlərlə üzləşməli olub. Son bir ayda Avropa iqtisadiyyatında iqtisadi fəallıq yenidən 0,6 faiz aşağı düşüb. Valyuta sistemində isə monetar itkilər demək olar ki, hər gün müşayiət edilməkdədir.
ümumiyyətlə, avrozonada müşahidə olunan tendensiyaların xarakteri siyasi çalarlarla daha çox müşahidə olunmaqdadır. Mövcud situasiyalar onu göstərir ki, ən inkişaf etmiş ölkələrin iqtisadi, sosial, maliyyə, fiskal, vergi, investisiya, pul-kredit bölmələrində müşayiət olunan böhranın siyasi fəsadları daha ağır ola bilər. Yunanıstandakı hadisələrin fonunda bu qənaətə gəlmək olar. Yunanıstandakı böhran geniş miqyas alaraq İspaniya və Portuqaliyanı da əhatə etməyə başlayıb. Eyni zamanda, Portuqaliya və İspaniya ilə bərabər, Sloveniya, Macarıstan, Rumıniyada da böhran meyillərinin dərinləşməsi nəzərə çarpmaqdadır.
Qlobal böhran avronun “ölümü”nə səbəb ola bilər
Baş verən tendensiyalar isə avrozonada vahid tədavül vasitəsi olan valyutanın-avronun kəskin şəkildə ucuzlaşmasına yol açıb. Son 10 ildə avro birjalarda və valyuta mübadilə məntəqələrində ən aşağı qiymətə satılıb. 16 Avropa ölkəsinin rəsmi pul vahidi olan və beynəlxalq maliyyə bazarına dövriyyəyə buraxılan avronun dəyərini itirməsi təbii ki, iqtisadi hadisə olmaqla yanaşı, siyasi mahiyyət daşıyır. çünki avronun tədavülə buraxılmasının arxasında siyasi məqsədlər də dayanırdı. Təbii ki, güclü və hegemon iqtisadiyyata malik olmaq həm də siyasi rıçaqların sahibi olmaq deməkdir. Avrozonaya daxil olan dövlətlərin dünya iqtisadiyyatında hansı gücə malik olmalarını son illərdə onların siyasi gücü ilə də müəyyən etmək mümkündür. Dünya valyutası kimi dövriyyəyə buraxılan avronun maliyyə vasitəsi ilə yanaşı, siyasi təsir mexanizmi rolu oynadığı da heç kimə sirr deyil. Bu mənada Aİ ölkələrində mövcud olan valyuta gərginliyini həm də siyasi gərginlik kimi səciyyələndirmək olar.
Avrozonadakı bu gərginliyi aradan qaldırmaq mümkün olmasa, avronun onillik ömrü sona yetəcək, avrozona isə dağılacaq. Beləliklə, XXI əsrin qızıl pulu kimi dövriyyəyə buraxılan avronun “ölməsi” Aİ zonasının yenidən “dollar imperiyasının” təsiri altına düşməsi demək olardı. Bu, ABŞ pulunun yenidən Avropa iqtisadiyyatında hökmran valyuta kimi çıxış etməsinə yol aça bilər. Bu faktor isə bir daha 2 il əvvəl başlamış iqtisadi böhranın siyasi mahiyyətini ortaya çıxarır.
ölkəmiz böhran meyillərindən kənarda qaldı
Yeri gəlmişkən, dünya maliyyə böhranına qarşı mükəmməl iqtisadi strategiya hazırlayaraq həyata keçirən Azərbaycan hökuməti qlobal resessiyaların bütün mərhələlərindən uğurla çıxıb. Respublikamızın maliyyə sektorunun həddindən artıq dözümlü olması, valyuta-bank sisteminin sağlamlığı, real sektorun bütün bölmələrində artım tempinin davam etməsi həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyini yüksəldib və böhranın bütün fazalarının ölkəmizə mənfi təsirlərinin qarşısının alınması milli valyutanın dəyərinin möhkəmlənməsinə əlverişli zəmin yaradıb. Hökumətin həyata keçirdiyi pul-kredit siyasəti və valyuta bazarı üzrə digər preventiv tədbirlər öz müsbət səmərəsini verib. Hazırda Azərbaycan manatı maliyyə bazarında aktiv pul aləti kimi dəyərini artırmaqdadır. Böhran meyillərdən kənarda qalan Azərbaycan hökuməti əvvəlki tək inkişaf tempinin, həmçinin, makroiqtisadi sabitliyin qorunub saxlanması ilə bağlı strategiyanın həyata keçirilməsinə görə, bir çox dövlətlərə nümunə olduğunu təsdiqlədi.
Böhran Avropanın hərbi sferasına da təsir edib
İqtisadi və siyasi böhran Avropa İttifaqı regionunda hərbi sahəyə də təsir edib. İqtisadi böhran təbii ki, öz hərbi arsenalını gücləndirən, digər dövlətlərin ərazisində öz poliqonlarını modernləşdirən dövlətlərin bu sahəyə yatırdığı “investisiyaların” da həcminin azalmasına səbəb olub. 2007-ci illə müqayisədə həmin dövlətlərin hərbi-sənaye xərcləri 38 faizdən çox azalıb. Xüsusilə də, ABŞ-la birgə Əfqanıstan və İraqdakı münaqişə zonasına böyük həcmdə hərbi xərclər yönəldən Aİ ölkələrinin (Böyük Britaniya, Fransa, İtaliya) büdcə kəsirləri artıb. Bir çox ölkələrin hərbi sənayelərini inkişaf etdirmək üçün büdcə vəsaitləri tükənib, ehtiyat fondlarda maliyyə yoxdur.
ümumiyyətlə, iqtisadi qloballaşma hərbi sənaye kompleksinə daha çox təsir edir.
Qlobal iqtisadi inteqrasiya əmtəə və xidmətlərin sərbəst hərəkəti, kapital və işçi qüvvəsinin beynəlxalq hərəkəti, birgə iqtisadi, valyuta-maliyyə, elmi-texniki, sosial, xarici və hərbi siyasətin razılıq ilə həyata keçirilməsinə əsaslandığından meydana çıxan fəsadlar bu sahənin bütün komponentlərinə, o cümlədən, hərbi bölmələrə təsir edir. Bu gün “Coca-Cola”, “Adidas”, “Nokia”, “Panasonic”, “Mersedes”, “General Motors”, “Audi”, “Siti Qrup” kimi iri sənaye müəssisələri ağır itkilərlə qarşılaşdığı kimi “Orange”, “NP Aerospace”, “CNS Primus”, “FLİR”, “Northrop Grumman”, “General Dynamics” və “Raytheon” və hərbi sənaye istehsalı üzrə ixtisaslaşmış nəhəng şirkətlər də iqtisadi böhran nəticəsində zərərlə üzləşiblər.
Yeni dünya nəzəriyyəçilərin gözündə...
Bu məqamda xüsusi olaraq qeyd etmək yerinə düşər ki, baş verən maliyyə böhranı ilə yanaşı, hazırda qlobal miqyasda gedən proseslərin əsas mahiyyəti “Dünya adası” adlandırılan Avrasiyaya nəzarət edəcək yeni güc mərkəzinin müəyyənləşdirilməsi və bunun bütün dünyaya qəbul etdirilməsindən ibarətdir. Bu barədə bir qədər sonra, hələlik isə onu qeyd etmək yerinə düşər ki, XIX-XX əsrlərdə dünya siyasəti və beynəlxalq münasibətlərin öyrənilməsində yeni istiqamət yarandı. Bu, geosiyasi istiqamət adlanır. Dünya siyasətində belə istiqamətin yaranması ərazi faktorunun genişlənməsi ilə şərtlənirdi və coğrafi anlayışla bağlı idi. Coğrafi faktorların beynəlxalq münasibətlərə, ölkələrin xarici və daxili siyasətinə təsirini hələ qədim yunan filosofları Platon, Aristotel, Polibiy qeyd ediblər.
Eyni zamanda, yeni dövrdə coğrafiyanın siyasətlə əlaqəsini fransız filosofu Jan Boden (1530-1596) və Şarl Monteskye (1689-1755) qeyd ediblər. Sonralar siyasətdə coğrafi determinizm Almaniya və Rusiyada da genişlənməyə başlayıb. Vaxtı ilə alman coğrafiyaşünası Fridrix Ratsel qeyd edib ki, dövlətin coğrafi ərazisi onun siyasi gücü, siyasi qüdrəti deməkdir. F.Ratselin fikrincə, gələcəkdə beynəlxalq siyasətdə böyük əraziyə malik olan dövlətlər dominantlıq - liderlik edəcəklər. Eyni zamanda, Ratsel dənizlərin, okeanların da beynəlxalq siyasətdə böyük rolu olacağını qeyd edib. O, gələcəkdə Sakit okeanın ən aktiv fəaliyyət meydanına çevriləcəyini və burada İngiltərənin, ABŞ-ın, Rusiyanın, çinin, Yaponiyanın maraqlarının toqquşacağını bildirib.
XX əsr Britaniya geosiyasi məktəbində H.Makinderin yaradıcılığı mühüm yer tutur (1886-1947). Makinder peşəkar fəaliyyətə coğrafiyaçı kimi başlayır. Ancaq sonradan o, coğrafiyanı siyasətlə əlaqələndirməyə maraq göstərir. 1904-cü ildə Makinder Korol Coğrafi Cəmiyyətində geosiyasətçi kimi çıxış edir və məşhurlaşır. Makinder geosiyasətə “ada dünyası” anlayışını gətirir. “Ada dünyası”na Asiya, Afrika, Avropa daxildir. İngilis geosiyasətçisi Feyerqriv Avrasiyanın daxili hissəsini Hartlend, Makinder isə həmin əraziləri “tarixin region oxu” adlandırır. Makinderin fikrincə, qədim keçmişdə bu ərazilərdə çoxlu işğalçı ordular hərəkət edərək, dünya siyasətinə həlledici təsir göstəriblər. Məsələn, vaxtilə bu ərazilərdə monqol-tatarlar uzun müddət hökmranlıq edib, böyük imperiya yaradıblar. XX əsrin əvvəllərində isə monqol imperiyasının yerində Rusiya dövləti yerləşib. Makinder hesab edirdi ki, Hartlendə daxil olan ölkələrdən Britaniya üçün iki əhəmiyyətli və qəzəbli dövləti - Rusiya və Almaniyanı qeyd etmək olar. H.Makinder dünyaya hökmranlıq etmək üçün bir formula söyləyib: “Şərqi Avropaya sahib olan kəs - Hartlendə hökmran olacaq; Hartlendə sahib olan kəs - “Dünya adası”na hökmran olacaq; “Dünya adası”na sahib olan kəs - dünyaya hökmranlıq edəcək!”.
Almaniyanı Britaniya imperiyasının başlıca düşməni hesab edən Makinder, Almaniyanın Hartlendin mərkəzinə soxulmaqdan ehtiyat edərək Rusiya ilə Almaniya arasında “orta təbəqə” yaratmağı təklif edib. Bu “orta təbəqəyə” Finlandiya, üç Baltikyanı ölkə, Polşa, çexoslovakiya və Rumıniya dövlətləri daxil idi. II Dünya müharibəsindən sonra Makinder özünün üçüncü geosiyasi konsepsiyasını verib. Bu konsepsiyada alim qeyd edib ki, əgər Rusiya Almaniya üzərində qələbə çalarsa, onda SSRİ çox güclü, möhtəşəm bir dövlətə çevriləcək, ancaq bununla belə, dünyaya hökmran dövlət ola bilməyəcək. Amerika siyasətçisi Spaykmen, onun sələfi Makinderdən fərqli olaraq, hesab edib ki, dünyaya nəzarət açarı Hartlenddə deyil. Bu rolu Avrasiya poyası (kəməri) əvəzləyir. Bu kəməri o, “Rimlend” adlandırıb. Rimlend Qərbi Avropadan, Yaponiyadan, Şimal və Baltik dənizlərindən, Atlantik okeanından, Aralıq və Qırmızı dənizlərdən, Hind okeanından, Uzaq Şərqdən, Şərqi çindən və Yapon dənizindən keçərək Oxot dənizində qurtarır.
Makinderdən fərqli olaraq isə Spaykmen belə bir nəticəyə gəlib: “Rimlendə nəzarət edən kəs - Avrasiyaya hökmranlıq edir; Avrasiyaya hökmranlıq edən kəs - dünyaya nəzarət edir”. 1940-cı illərin sonu 1950-ci illərin əvvəllərində Rimlendə daxil olan ölkələrdə ABŞ-ın çoxsaylı bazaları yerləşirdi. Amerika ilə SSRİ arasında “soyuq müharibə”nin qızışdığı bir dövrdə məşhur siyasətçi S.Koenin fikirləri geniş yer alıb. O, siyasətə yeni - “geostrateji region” terminini gətirib. S.Koen iki geostrateji region müəyyən edir: “Ticarətdən asılı olan dəniz regionu”, “Avrasiya quru regionu”.
Birinci geostrateji regionun tərkibinə aşağıdakı geosiyasi regionlar daxildir: ingilis-amerikan və Qəraib hövzəsi; Avropa dənizləri və Məqrib; Asiyanın quru hissəsi; Cənubi Amerika.
İkinci geostrateji region Şərqi Asiya və çinin quru hissəsini əhatə edir.
Koen ilk dəfə geosiyasi aləmə “ayırıcı kəmər” terminini daxil edib. Bu kəmər boyu strateji dəniz və quru yollar yerləşir, həmçinin, kəmər boyu ərazilərdə xüsusi əhəmiyyətə malik kənd təsərrüfatı məhsulları yetişdirilir. Hər iki böyük dövlət (ABŞ və SSRİ) bu kəmər üzərində nəzarətə sahib olmağa cəhd göstərirdi. İkinci Dünya müharibəsindən başlayaraq hər iki dövlət yaxın və Orta Şərqdə və Cənubi-Şərqi Asiyada öz geosiyasi təsirlərini gücləndirməyə çalışırdı. 1960-cı illərdə açıq hiss edilirdi ki, ABŞ və SSRİ arasında əsas lokal konfliktlər bu ayırıcı kəmərin üzərində qurulurdu.
Avrasiyaya nəzarət dünyaya nəzarətdir
ümumiyyətlə, tarixin bütün dövrlərində Avrasiya məkanı güclü sivilizasiyaların, imperiyaların, yarandığı və bir-birilə mübarizə apardığı əsas siyasi, coğrafi mərkəz olub. Yuxarıda da qeyd etdiyimiz kimi “Avrasiya mərkəzçiliyi” ideyasını irəli çəkən nəzəriyyəçilərdən biri olan Makkinderə görə, Şərqi Avropaya nəzarət edən Heartlanda (Mərkəzi Asiyaya) hakim olur; Heartlanda hakim olan “Dünya adası”na (Avrasiyaya) hakimdir; “Dünya adası”na hakim olan isə dünya okeanına və bütövlükdə dünyaya nəzarət edir.
Müasir dövrümüzdə gedən qlobal siyasi, iqtisadi, hərbi proseslərin mahiyyətinə nəzər saldıqda bu nəzəriyyənin əsas etibarilə özünü doğrultduğunu aydın görmək olar. Belə ki, hazırda ayrılıqda Avrasiyanın iqtisadi, strateji baxımdan ən əlverişli regionları, bütövlükdə isə bütün Avrasiyaya nəzarət etmək uğrunda dünyanın əsas güc mərkəzləri arasında ciddi mübarizə gedir. Bu mübarizədə Avropa İttifaqı, Rusiya, çin kimi daxili aktorlarla yanaşı, Avrasiyadan kənarda yerləşən ABŞ da fəal iştirak edir. Qeyd etdiyimiz kimi, bu, əslində, təkcə Avrasiyada üstün nüfuza sahib olmaq üçün deyil, eyni zamanda bütün dünyaya nəzarət etmək uğrunda gedən bir mübarizədir. Bu mübarizənin gedişatında zaman-zaman bu və ya digər güc mərkəzi üstünlüyü ələ alır, bir müddət sonra isə digəri ilə əvəz olunur. Məsələn, vaxtilə böyük nüfuza sahib olan çar Rusiyası “Avropa jandarmı” rolunu icra edirdi, indi bu funksiyanı daha qlobal səviyyədə ABŞ öz üzərinə götürüb. Lakin birqütblü dünya siyasətinin əleyhinə çıxış edən Rusiya, çin, İran kimi dövlətlər özlərini qlobal proseslərin axarına təsir edə bilən real güc mərkəzi kimi təsdiqləməyə çalışırlar. Bu dövlətlərin çoxqütblü dünya formalaşdırmaq istiqamətində fəaliyyətləri isə ABŞ və Avropa İttifaqının təmsil olunduğu Qərb aləmini narazı salır.
Güc mərkəzlərinin gücsüzlüyü
Son illərin hadisələri, yəni qlobal iqtisadi böhranın yaşanması, habelə, Avrasiya məkanındakı beynəlxalq münaqişələrin bir çoxunun həllinin dalana dirənməsi, belə məsələlərdə hətta beynəlxalq hüququn tələblərinin təsirsiz qalması, beynəlxalq terrorçuluğun, dəniz quldurluğunun və s. daha təhlükəli hal alması onu göstərir ki, hazırkı güc mərkəzlərinin fəaliyyəti çoxsaylı problemləri həll etmək imkanında deyil. ABŞ Amerika qitəsində yerləşən bir dövlət olaraq Avrasiya məkanında gedən proseslərə xeyli təsir edə bilsə də, bu, problemlərin tam həll olunması üçün onun gücü kifayət etmir. Qlobal məsələlərin həllində ABŞ-ın ən yaxın müttəfiqlərindən olan Avropa İttifaqı ölkələrini isə hazırda daxili iqtisadi problemlər daha çox narahat edir. Rusiya, çin, və İrana gəlincə, bu ölkələrin fəaliyyəti çox zaman Qərbin maraqları ilə toqquşaraq tərəflər arasında kəskin rəqabət halını aldığından onlar əksər hallarda müxtəlif beynəlxalq münaqişələrə, qlobal problemlərə obyektiv və beynəlxalq hüququn tələbləri çərçivəsində deyil, milli maraqları mövqeyindən yanaşırlar ki, bu da bir sıra məqamlarda ortaq məxrəcin tapılmasını xeyli çətinləşdirir. Bu mənafe toqquşmaları BMT Təhlükəsizlik Şurasında müzakirə olunan qərarların qəbulunun çox zaman bu və ya digər üzvün veto qoyması səbəbindən mümkün olmaması, ya da qəbul olunan qətnamənin icrasına kifayət qədər təşəbbüsün göstərilməməsi şəklində özünü büruzə verir. Nəticədə, dünyada bəzi dövlətlər tərəfindən beynəlxalq hüququn prinsiplərinin, milyonlarla insanın hüquqlarının kobudcasına tapdalanması halları davam edir. Halbuki, yaranmış vəziyyət beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsinə daha həssas və ədalətli yanaşma tələb edir. Beləliklə, hazırkı qlobal siyasi vəziyyət Avrasiyada yeni güc mərkəzinin yaranmasını zəruri edir və təbii zərurətin nəticəsi olaraq türkdilli dövlətlərdən ibarət olan belə bir mərkəz yaranmaqdadır.
Türk dünyası bu coğrafiyada yaşayan bütün etnos və xalqların birliyi kimi təzahür edir
Məhz bunu nəzərə alaraq vurğulamaq yerinə düşər ki, son illərdə türkdilli dövlətlərin sürətlə inkişaf edərək dünyada nüfuz sahibi olması, onlar arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin Türkdilli Dövlətlər Birliyi, Türkdilli dövlətlərin Parlament Assambleyası, TüRKSOY və digər beynəlxalq təşkilatlar çərçivəsində daha da möhkəmləndirilməsi Türk dünyasının yeni güc mərkəzi kimi formalaşmasının ilkin əlamətləridir. Avrasiyanın tam mərkəzində, Avropa ilə Asiyanı birləşdirən dəhlizin, İpək yolunun üzərində, təbii sərvətlərlə zəngin olan strateji əhəmiyyətli ərazilərdə yerləşməsi kimi əlverişli coğrafi göstəricilər Türk dünyasının yeni güc mərkəzinə çevrilə bilməsi üçün çox geniş imkanlar yaradır. Digər tərəfdən, demokratik inkişaf yolunu tutan bu ölkələrin siyasi və iqtisadi müstəqilliyi artdıqca onların regiondakı proseslərə təsir imkanları da genişlənir.
Onu da qeyd edək ki, Türk dünyasının real gücə çevrilməsi digər dövlətlər və güc mərkəzlərinin maraq və mənafelərinə heç bir təhlükə törətmir. çünki ifrat millətçi xarakterdən uzaq təşkilati və mənəvi birliyin üzvü olan türkdilli ölkələr təkcə türkdilli xalqların birliyi deyil, bu coğrafiyada yaşayan bütün digər xalqların və etnosların birliyi kimi təzahür etməklə öz xarici siyasətlərində digər dövlətlərlə və regional mərkəzlərlə beynəlxalq hüquqa əsaslanan, bərabər tərəfdaşlıq prinsiplərini əsas tuturlar. Avropa İttifaqı, ABŞ, Rusiya və digər ölkələrlə siyasi-strateji, iqtisadi, texnoloji hərbi və digər sahələrdə intensiv əlaqələr quran türkdilli dövlətlər dünya birliyinin fəal üzvlərinə çevriliblər. Deməli, müasir dövrdə beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi, qlobal problemlərin öz həllini tapması istiqamətində türkdilli ölkələrin birgə səyləri nəinki Avrasiya məkanında, eləcə də, bütün dünyada əmin-amanlığın bərqərar edilməsində çox faydalı ola bilər. Bununla da, Türk dünyasının güc mərkəzinə çevrilməsi özlüyündə Avrasiyanın “dünyanın mərkəzi” kimi mövqeyini daha da möhkəmləndirməyə xidmət edə bilər.
Mərkəzi Asiyanın parlayan ulduzu-Qazaxıstan
Türk dünyasının çox önəmli bir hissəsini isə Mərkəzi Asiyadakı türkdilli dövlətlər təşkil edir. Geniş inkişaf perspektivlərinə malik olan bu ölkələr içərisində Qazaxıstan xüsusilə fərqlənir. Müstəqil türkdilli dövlətlər içərisində ən geniş əraziyə sahib olan Qazaxıstan Xəzəryanı dövlət olaraq əlverişli coğrafi mövqeyə və zəngin neft-qaz resurslarına malikdir. Göründüyü kimi, Qazaxıstanın Asiyada aparıcı dövlətə çevrilməsi üçün geniş imkanları mövcuddur. Cari ildən etibarən MDB ölkələri içərisində ilk olaraq ATƏT-ə sədrlik edən Qazaxıstanın siyasi çəkisi və önəmi də artmaqdadır. Bu status rəsmi Astanaya beynəlxalq aləmdəki münaqişələrə, qlobal məsələlərə olan münasibətini beynəlxalq ictimaiyyətin diqqətinə daha asan çatdırmaq imkanı yaradır.
Bu da bir həqiqətdir ki, Türk dünyasının real güc mərkəzinə çevrilə bilməsi üçün türkdilli dövlətlərin hər bir sahədə birgə əməkdaşlığı daha da möhkəmləndirməsi və eyni hədəflərə doğru irəliləməsi vacibdir. Bu səbəbdən də, Qazaxıstan Mərkəzi Asiyadakı digər türkdilli dövlətlərlə yanaşı, Azərbaycan və Türkiyə ilə də geniş münasibətlər qurub. Bildiyimiz kimi, bu ölkə 2008-ci ildən etibarən Bakı-Tiflis-Ceyhan layihəsinə qoşulub. Transxəzər qaz kəməri layihəsinin gerçəkləşməsində maraqlı olan Qazaxıstan mavi yanacağın Azərbaycan ərazisi vasitəsilə Avropaya və dünya bazarlarına çıxarmağı planlaşdırır. Qazaxıstan Azərbaycan və Türkiyə ilə İpək yolu layihəsi çərçivəsində də əməkdaşlıq edir. Göründüyü kimi, geniş imkanlara malik olan türkdilli dövlətlərin bir-birilə əlaqələri gücləndirməsi təkcə bu dövlətlərin özləri üçün deyil, bütövlükdə Avropa və Asiya qitələrindəki dövlətlərin inkişafına təkan vermiş olur.
Türkiyə əsas regional mərkəzlərdən birinə çevrilib
Yuxarıda da qeyd edildiyi kimi bir zamanlar dünyanı idarə edən nəhəng aktorlar artıq bu sahədə monopoliyanı öz əllərində saxlaya bilmirlər. çünki bu imkan onların əllərindən çıxıb. Daha doğrusu, müasir dövrdə mövcud olan beynəlxalq təhlükəsizlik və münasibətlər regional aktorların ön plana çıxması və daha geniş dairəni əhatə edən qərarlarla çıxış etmələri üçün olduqca geniş imkanlar yaradıb. Mövcud geosiyasi reallıq və şəraitin fonunda son zamanlar önə çıxan, daha praqmatik addımlar atan və fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini artıran regional aktorlardan biri isə məhz Türkiyədir. Təsadüfi deyil ki, bu gün artıq Ankara regional və qlobal miqyasda baş verən olaylar və yaşanan təmaslar zamanı, ilk növbədə, özünün və strateji tərəfdaşlarının milli maraqlarını rəhbər tutaraq konkret qərarlar qəbul edir və praqmatik addımlar atır. Bu da nəticə etibarilə Türkiyəni müasir beynəlxalq münasibətlər sistemində ideoloji, diplomatik-siyasi, hərbi və iqtisadi-maliyyə cəhətdən sayılan, nəzərə alınan başlıca tərəflərdən və tərəfdaşlardan birinə çevirib.
ötən analitik yazılarımızda da qeyd etdiyimiz kimi, müasir beynəlxalq münasibətlər sisteminin tələblərinə müvafiq qaydada xarici siyasi-strateji kurs həyata keçirən Ankara dünyanın “qaynar nöqtə”ləri hesab edilən müxtəlif bölgələrin problemlərinin həlli prosesində olduqca prinsipial mövqe sərgiləyir. Balkanlar, Yaxın və Orta Şərq, Cənubi Qafqaz kimi strateji əhəmiyyətli, bir o qədər də həssas balansa malik olan bölgələrdə yeni təhlükəsizlik çətirinin formalaşdırılması üçün Türkiyə kifayət qədər ciddi səy və cəhdlərlə çıxış etməkdədir. İstər İsrail-Fələstin münaqişəsi, istər Suriya-İsrail qarşıdurması, istərsə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində rəsmi Ankara barışdırıcı aktor qismində çıxış edib. Hazırda isə Türkiyə İranın nüvə problemi ilə bağlı mənfi meyillərin və durumun aradan qaldırılması, eləcə də, ümumi uzlaşmanın əldə edilməsi üçün öz imkanlarını səfərbər edib. Təbii ki, bu məsələdə regional təhlükəsizlik balansını alt-üst edə biləcək ciddi problem və qarşıdurmaların yaranmaması Türkiyənin milli və transmilli maraqlarına tam adekvat cavab verir. Məhz buna görə də, rəsmi Ankara bu problemin həlli naminə daha tutarlı və prinsipial addımlarla çıxış edir və gözləniləndir ki, Türkiyə bu məsələdə öz fəallığını daha da artıracaq. Eyni zamanda, həyata keçirilən intensiv və hücumçu xarici siyasi-strateji kurs bu gün Türkiyəni dünyanı idarə edən güclərin başlıca strateji tərəfdaşlarından və istinad mərkəzlərindən birinə çevirib.
Məsələn, dünyanın “barıt çəlləyi” kimi təsvir edilən bölgələrindən biri sayılan Yaxın Şərqdə Türkiyənin mövqeyi və atdığı addımlar regional miqyasda cərəyan edən proseslərin nizamlanması istiqamətində olduqca güclü təsir və tənzimetmə mexanizmi hesab olunur. Son olaylar da (İsrail əsgərlərinin Fələstinə humanitar yardım aparan gəmilərə hücumundan sonra Türkiyənin hərəkətə keçməsi və bunun nəticəsində rəsmi Təl-Əvivin beynəlxalq qınağa tuş gəlməsi) bir daha sübut etdi ki, Ankara Yaxın Şərqdə baş verən önəmli siyasi proseslərin mərkəzində qərar tutmaq potensialına malikdir.
Azərbaycan strateji keçid məntəqəsi kimi...
Dünyanın dəyişən geosiyasi mənzərəsi fonunda Azərbaycanın da hazırda siyasi proseslərdə oynadığı rol əhəmiyyətli dərəcədə artıb. Heç də təsadüfi deyil ki, Qərb institutları, nüfuzlu təşkilatlar və dünyanın əsas güc mərkəzləri Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir. Bu prosesi şərtləndirən məsələlərdən biri ölkəmizin beynəlxalq ictimaiyyət və əsas güc mərkəzləri üçün əhəmiyyətidir. Sirr deyil ki, bu gün Azərbaycan Cənubi Qafqazda bütün problemlərin həllində, o cümlədən, regional təhlükəsizliyin təmin olunması üçün təşəbbüskar dövlət kimi çıxış edir, bu istiqamətdə əsas rol oynayır. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna xidmətlərə malikdir. Rəsmi Bakının birbaşa iştirakı və təşəbbüsü ilə reallaşan böyük enerji layihələri - Bakı- Tbilisi - Ceyhan, Bakı-Tbilisi - Ərzurum kimi qlobal neft, qaz kəmərləri Qərbin enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb etməklə beynəlxalq münasibətlərə yeni keyfiyyət çalarları gətirib. Həmçinin, qarşıya çıxan bütün siyasi, iqtisadi manelərə baxmayaraq, bu gün inşası uğurla davam etdirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiya arasında ticarət əlaqələrinin daha da möhkəmlənməsi üçün mühüm töhfə olacaq.
Azərbaycanın iqtisadi artım tempi də bütün dünya dövlətlərinin diqqət mərkəzindədir. Son bir neçə ildir müşahidə olunan qlobal iqtisadi böhranın ölkəmizə təsir etməməsi Azərbaycan iqtisadiyyatının bir model kimi dünya birliyi tərəfindən mənimsənilməsini təmin edir və örnək kimi qəbul olunur. Həmçinin, xarici investorlar üçün yaradılan təzhlükəsiz investisiya mühiti, sabit, dinamik inkişaf edən cəmiyyətə malik olması Azərbaycanın beynəlxalq aləmdə çəkisini artırır. Hərbi qüdrətinin möhkəmlənməsinə buna paralel olaraq, bu potensialın regionda və ümumiyyətlə, dünyada sülhün təmin olunmasına yönəldilməsi, bu istiqamətdə üzərinə götürdüyü sülhyaratma missiyasını uğurla icra etməsi, ölkəmizin beynəlxalq təşkilatlarda yüksək səviyyəli təmsilçiliyi, qonşu və digər dövlətlərlə çoxşaxəli münasibətlərinin yaradılması, formalaşmış ciddi imici və regionda demokratik prinsiplərə sədaqətdə göstərdiyi ardıcıllıq ölkəmizin bütün siyasi proseslərdə ön sıralarda dayanmağına şərait yaradır. Bunlar isə onu deməyə əsas verir ki, Avropa ilə Asiyanın qovşağında, əsas tranzit xətlərinin üstündə yerləşən Azərbaycan təbii olaraq, siyasi proseslərin Avropadan Avrasiyaya transfer olunmasında da başlıca keçid rolunu oynayır.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16

