Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan sülhə hazır olmayacaqsa, Azərbaycanın sülh təklifi masa üstündə əbədi qala bilməz

Ermənistan sülhə hazır olmayacaqsa, Azərbaycanın sülh təklifi masa üstündə əbədi qala bilməz

18.08.2021 [14:28]

Dövlətimizin başçısı “CNN Türk” televiziya kanalına müsahibəsində regiondakı hazırkı reallıqlardan ətraflı bəhs edib, həmçinin işğalçı ölkədə revanşist cəhdlərdə bulunan qüvvələrə, onları dəstəkləyən xarici dairələrə və ölkələrə  ciddi mesajlar ünvanlayıb

Azərbaycan məqsədyönlü informasiya siyasəti həyata keçirməklə ölkəmizlə, ələlxüsus da artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına böyük önəm verir ki, bu da təsadüfi deyildir. Ötən üç onillik ərzində xaricdəki güclü erməni lobbisi işğala, torpaq itkilərinə məruz qalan və qaçqınlar problemi kimi böyük humanitar fəlakətlə üzləşən respublikamıza qarşı şər, böhtan kampaniyası aparıb, öz yalanları ilə dünya ictimaiyyətini aldatmağa çalışıb. Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında görülən  məqsədyönlü tədbirlər sayəsində erməni lobbisinin və antimilli dairələrin ölkəmizin ətrafında yaratdığı informasiya blokadasını yarmağa və özünün tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanan mövqeyini dünya birliyinin diqqətinə çatdırmağa nail oldu. Məhz bunun sayəsində ölkəmiz güclü beynəlxalq dəstək qazandı.

Deyilənlər baxımından Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə və postmüharibə mərhələsində bütün dünyada məşhur olan transmilli media qurumlarına verdiyi müsahibələr böyük önəm daşıyır. Həmin müsahibələr vasitəsilə beynəlxalq ictimaiyyət Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti, respublikamıza qarşı törətdiyi davamlı təxribatlar və ölkəmizin haqq işi uğrunda mübarizə apardığı barədə ilk mənbədən dolğun informasiya almaq imkanı qazandı.

Bu günlərdə isə Prezident İlham Əliyev  “CNN Türk” televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı bəhs olunan müsahibəsində regiondakı hazırkı reallıqlardan ətraflı bəhs edib, həmçinin işğalçı ölkədə revanşist cəhdlərdə bulunan qüvvələrə, onları dəstəkləyən xarici dairələrə və ölkələrə ciddi mesajlar ünvanlayıb. Dövlətimizin başçısının bu müsahibədəki fikirlərini Ermənistana ciddi xəbərdarlıq kimi dəyərləndirən ekspertlər də vurğulayırlar ki, əgər Ermənistan sülhə hazır olmayacaqsa, Azərbaycanın sülh təklifi masa üstündə əbədi qala bilməz. Həqiqətən də, məğlub ölkənin postmüharibə mərhələsində  ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın ayrı-ayrı şərtlərini hansısa formada yerinə yetirməməyə cəhdlər göstərməsi, bu ölkənin yüksəksəviyyəli rəsmilərinin aqressiv ritorikadan əl çəkməmələri, Laçın dəhlizi vasitəsilə Xankəndinə silahlı dəstələr göndərilməsi, sərhəddə atəşkəsin pozulması və digər belə hallar regional təhlükəsizliyə və sabitliyə ciddi təhdidlər yaradır. Belə davam edərsə, bunun məsuliyyəti, ilk növbədə, 44 günlük müharibədəki acı məğlubiyyətdən sonra özünü, necə deyərlər, ərköyün uşaq kimi aparan Ermənistanın üzərinə düşəcək.

Güclü Lider olan İlhamƏliyev xalqın bütün istək və arzularını yerinə yetirir

Təbii ki, Azərbaycanın ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmasını şərtləndirən bir sıra mühüm amillər sadalamaq mümkündür. Bu sırada, heç şübhəsiz ki, güclü Lider amilinin önəmi xüsusi vurğulanmalıdır. Azərbaycanın dövlət başçısı məhz belə güclü Liderdir. Son 18 ilin təcrübəsi əyani şəkildə təsdiqləyir ki, Prezident İlham Əliyev xalqını dərindən sevən, bütün gücünü Azərbaycanın daha da qüdrətlənməsinə, xalqın ən böyük arzularının gerçəkləşdirilməsinə sərf edən və bütün bunların müqabilində xalqın sevgi və dəstəyini qazanan Liderdir. O, nəyi necə və nə zaman etməyin lazım olduğunu hamıdan yaxşı bilir və zamanında ən doğru qərarlar verir. Prezident İlham Əliyev Azərbaycanı güclü dövlətə çevirməklə və ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə bağlı Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının bütün istək və arzularını yüksək səviyyədə yerinə yetirib. Gəlin, xatırlayaq: Artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsi üç onillik ərzində həllini tapmadı. ATƏT-in Minsk qrupu formatında aparılan danışıqların nəticəsi sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Əslində, məsələnin dondurulması prosesi gedirdi. İşğalçı  Ermənistanın özü də ardıcıl və məqsədyönlü şəkildə danışıqlar prosesini pozmağa və işğal məhsulu olan keçmiş status-kvonu sonsuzadək davam etdirməyə çalışırdı. Düşmən dövlət danışıqlar prosesində hansısa bir pozitiv irəliləyiş baş verəndə dərhal təxribatlara əl atırdı. Müharibədən əvvəl işğalçı Ermənistan Tovuz istiqamətində iki ölkə arasındakı dövlət sərhədini pozmağa cəhd göstərdi. Bundan sonra düşmən dövlət respublikamızın ərazisinə diversant qrupları göndərdi. Bu kimi təxribatlarına ara verməyən işğalçı dövlət nəhayət, ötən il sentyabrın 27-də keçmiş təmas xətti boyunca mövqelərimizə qarşı hücum əməliyyatına başladı və Azərbaycan buna özünün layiqli cavabını verdi.

Müharibədən əvvəl Prezident İlham Əliyev müxtəlif auditoriyalarda Azərbaycanın yaranmış vəziyyətlə barışmaq fikrində olmadığını qətiyyətlə diqqətə çatdırırdı. Bəhs olunan müsahibəsində bunu bir daha xatırladan dövlətimizin başçısı “Mən son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi”, - deyə bildirib.

Azərbaycanın dövlət başçısı 44 günlük müharibə dövründə də eyni qətiyyətli mövqe sərgilədi. Prezident İlham Əliyev hələ müharibənin əvvəlində transmilli media qurumlarına verdiyi müsahibələrdə Azərbaycanın sülh istədiyini diqqətə çatdırmaqla yanaşı, qətiyyətlə bildirirdi ki, müharibə yalnız düşmənin işğal altındakı torpaqlarımızdan geri çəkiləcəyinə dair cədvəl təqdim edəcəyi təqdirdə dayandırıla bilər. Gizlətmək lazım deyil ki, müharibə dövründə ayrı-ayrı xarici ölkələr və onların rəhbərləri Azərbaycan Prezidentinə təzyiqlər göstərməyə cəhdlər göstərirdilər. Lakin xalqına, Vətəninə bağlı olan, həmişə Azərbaycanın millin maraqlarından çıxış edən Prezident, Müzəffər Ali Baş Komandan belə təzyiqlərə məhəl qoymadı. Sözügedən müsahibəsində bu məqama toxunan dövlətimizin başçısı deyib: “Müharibənin ilk günlərində, bilirəm, bəziləri düşünürdü ki, görəsən dayanacaqlarmı, dayanmayacaqlarmı, dayandıracaqlarmı, dayandırmayacaqlarmı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi. Amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik”. Bu fikir bir daha dövlət başçımızın xarakterini, şəxsi keyfiyyətlərini, qətiyyətini, cəsarətini, vətənpərvərlik nümunəsini bariz şəkildə göstərir.

Zəngəzur dəhlizinin yaradılması regional əməkdaşlıq üçün yeni imkanlar açacaq

Müharibə və onun nəticələri Ermənistan və Azərbaycan arasındakı kəskin fərqi bütün cəhətləri ilə ortaya qoydu. Son 30 ildə Ermənistan cəmiyyəti radikal millətçilik, Türkofobiya, Azərbaycanofobiya, islamofobiya kimi mənfi təsirlər altında formalaşıb. İşğalçı Ermənistan zor gücünə zəbt etdiyi ərazilərimizdə üç onillik ərzində ağlasığmaz vandalizm əməlləri törədib. Bir vaxtlar ahəngdar inkişaf edən şəhər və kəndlərimiz tamam dağıdılıb. Sanki bu yerlərdən vəhşi tayfalar gəlib keçib və onlar ayaq basdıqları ərazilərdə hər şeyi yerlə-yeksan ediblər. Eyni zamanda, Ermənistanın döyüş meydanında ağır məğlubiyyətə uğrayan  hərbi birləşmələri çoxsaylı müharibə cinayətləri törədiblər. Müharibə günlərində münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə, Tərtər, Bərdə, Ağcabədi və digər yaşayış məntəqələrimiz ağır artilleriya atəşinə məruz qaldı, düşmən tərəf mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan atəş açmaqdan belə, çəkinməyib. Bunun da nəticəsində Azərbaycanın 100-dən çox mülki vətəndaşı həyatla vidalaşdı.

Bütün bunlara rəğmən, Azərbaycan müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq niyyətindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, ölkəmiz işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb. Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində gərgin iş aparılır. Güclü dövlət olan Azərbaycan bərpa işlərini planlı şəkildə və maksimal sürətlə həyata keçirilmək əzmindədir.

Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə sayəsində regional əməkdaşlıq üçün gözəl imkanlar yaranıb. Azərbaycan bu imkanların reallaşmasına güclü siyasi iradə nümayiş etdirir. Hazırda Ermənistanın işğalçılıq siyasəti nəticəsində uzun illər müharibə vəziyyətində olmuş iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına, Zəngəzur dəhlizi başda olmaqla kommunikasiyaların açılmasına, sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə, həmçinin digər məsələlərin həllinə maneə törədən yeganə səbəb isə  Ermənistanın ya buna hazır olmaması, ya da bunun əleyhinə çıxması ilə bağlıdır.

Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasına qətiyyətli siyasi iradə göstərir. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında birbaşa bağlantı yaranacaq, həmçinin ölkəmizin qardaş Türkiyə ilə ikinci dəmir yolu bağlantısı qurulacaq.  Bu dəhlizin açılması regional iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, indiyədək dalan ölkə kimi bütün investisiya cəlbediciliyini itirən Ermənistan da yeni dəhlizin yaradacağı imkanlardan bəhrələnə bilər. Belə ki, yeni dəhlizin yaradılması ilə Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Bütün bu kimi amillərə görə hazırda region dövlətləri yeni dəhlizin yaradılmasına böyük maraq göstərirlər. Həmçinin Avropa İttifaqı da Zəngəzur dəhlizinin yaradılmasına müsbət yanaşır. Azərbaycanın mövqeyi belədir ki, Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm də avtomobil yolunun yaradılması zəruridir.

Azərbaycanın region ölkələrindən bir sıra gözləntiləri var

Məsuliyyətli dövlət olan Azərbaycan ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın şərtlərinə əməl edir. Məlum olduğu kimi, bəhs olunan sənəd Azərbaycanın, Rusiyanın prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanıb. Ölkəmizin qəti mövqeyi belədir ki, üçtərəfli Bəyanatın bütün şərtləri yerinə yetirilməlidir. Hazırda məğlub Ermənistan Bəyanatla üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməkdən yayınmağa uğursuz cəhdlər göstərir. Ermənistanın Laçın dəhlizi vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah və hərbçilər göndərməsi yolverilməzdir və buna son qoyulması üçün ciddi tədbirlər görülməlidir. Qeyd edək ki, Azərbaycan bu ərazilərdə baş verən prosesləri yaxından izləmək üçün bütün texniki imkanlara malikdir, hətta Ermənistandan həmin əraziyə gedən və qayıdan avtomobillərin, insanların sayı ilə bağlı dəqiq informasiyalara malikdir. Ermənistanın bu kimi təxribatları davam etdirməsi onun özü üçün çox ağır nəticələrə gətirib çıxara bilər.

Azərbaycanın dövlət başçısı bəhs olunan müsahibəsində ölkəmizin postmüharibə mərhələsində region dövlətlərindən gözləntilərini də diqqətə çatdırıb. Azərbaycan Rusiyadan üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsini gözləməkdə tam haqlıdır. Ölkəmizin qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi Rusiyanın bu bölgədə xüsusi rolu nəzərə alınaraq bu dövlətdən sülhün bərqərar olunması üçün səylərini daha da artırması ilə bağlı gözləntiləri var. Ermənistan cəmiyyətinin müharibənin nəticələrini qəbul etdiyi halda, Rusiyanın bu ölkəni silahlandırmaqda davam etməsinin məntiqi izahı yoxdur. Üçtərəfli Bəyanata imza atan Rusiya Azərbaycanın narahatlıqlarını nəzərə almalıdır.

Qonşu İrana gəldikdə isə bu ölkədə prezident sekiləri hələ təzə başa çatıb və yeni hakimiyyətin formalaşması prosesi gedir. Azərbaycan rəsmi Tehranın Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətini ortaya qoymasını gözləyir.

44 günlük müharibə  Azərbaycan üçün həm də dostlarını və əlehdarlarını daha yaxından tanıması üçün  böyük fürsət oldu. Müharibənin ilk günlərindən Azərbaycan dost ölkələrin mənəvi-siyasi dəstəyini hiss etdi. Xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş Türkiyə Azərbaycana yüksək mənəvi-siyasi dəstək göstərdi. İki ölkə arasındakı münasibətlərin mahiyyəti Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamında ifadə olunub.  İki qardaş ölkə həm çətin, həm də xoş günlərdə həmişə bir-birinin yanında olurlar. Türkiyənin Azərbaycan, Azərbaycanın isə Türkiyə üçün önəmi ölçüyəgəlməzdir. Qardaş ölkədə bu yaxınlarda baş vermiş təbii fəlakətin aradan qaldırılmasında Azərbaycanın yaxından iştirak etməsi, hərtərəfli dəstək və yardım göstərməsi Türkiyə-Azərbaycan birliyinin əməldə öz əksini tapmasının bariz nümunəsidir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 576 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31