Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın Şərqi Zəngəzurda möhkəmlənməsi üçün bütün şərtlər təmin olunur

Azərbaycanın Şərqi Zəngəzurda möhkəmlənməsi üçün bütün şərtlər təmin olunur

19.08.2021 [09:51]

Prezident İlham Əliyev: Azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların buraya, bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq

Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan böyük Qələbə qazanaraq işğalçı Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu şanlı Zəfər tariximizdə əbədi qalacaq. Keçmişə ekskurs etsək, görərik ki, Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmayıb. Çox haqlı olaraq ölkəmizin İkinci Qarabağ müharibəsində qazandığı uğur son əsrlərdə torpaqlarını itirə-itirə gələn Azərbaycanın tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir.

İkinci Qarabağ müharibəsində qazanılan şanlı Qələbəmizin baş memarı isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. O, son 18 ildə, həmçinin 44 günlük müharibə dövründə işğalçı Ermənistana havadarlıq edən güclərin təzyiqləri qarşısında geri çəkilmədi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması naminə prinsipiallıq, qətiyyət göstərdi və apardığı məqsədyönlü, düşünülmüş siyasətlə ölkəmizi, xalqımızı Zəfərə qovuşdurdu. Postmüharibə dövründə Azərbaycan Prezidenti Vətən müharibəsində işğaldan azad edilən ərazilərə qalib Ordunun Müzəffər Ali Baş Komandanı kimi tez-tez səfərlərə gedir. Elə bu günlərdə dövlətimizin başçısının bəhs olunan ərazilərə növbəti səfəri baş tutub. Xəbər verildiyi kimi, avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar. Prezident İlham Əliyevin səfər çərçivəsində etdiyi cəsarətli çıxışları və söylədiyi fikirləri qalib Ordunun Ali Baş Komandanının çıxışları və fikirləri kimi dəyərləndirə bilərik. Belə ki, səfər zamanı dövlətimizin başçısı Azərbaycanın yaratdığı reallıqları, hazırkı hərbi-siyasi vəziyyəti Özünəməxsus yüksək diplomatik məharətlə dəyərləndirib, Ermənistana və onun havadarlarına ünvanlanmış hədəfli mesajlar səsləndirib. Azərbaycanlıların doğma torpaqlarına qayıtmalarını sonsuz qürur hissi ilə diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq”.

İkinci Qarabağ müharibəsinin nəticələri ermənilərin uzun illər boyunca yaratdıqları mifləri tamam dağıtdı

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün əməliyyatları uğurla həyata keçirən Silahlı Qüvvələrimiz elə ilk günlərdən təşəbbüsü ələ aldı və döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirdi. Bu zərbələr nəticəsində acınacaqlı məğlubiyyətə uğrayan mənfur düşmən noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Bəyanata əsasən, düşmən tərəf üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Beləliklə, Azərbaycan özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi.

Bu məqamda, Silahlı Qüvvələrimizin müharibənin ilk günlərində Murov istiqamətində apardığı uğurlu əməliyyatları da yada salmaq yerinə düşər. Kəlbəcər hərbi əməliyyatlar bitdikdən sonra boşaldılsa da, burada müharibənin taleyini həll edən döyüşlər olub. Prezident İlham Əliyev Kəlbəcər şəhərində Dövlət bayrağını ucaltdıqdan sonra etdiyi çıxışında həmin döyüşlərin önəmini bir daha diqqətə çatdırıb. “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Ancaq strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti bəhs olunan çıxışında ötən əsrin doxsanıncı illərinin əvvəllərində torpaqlarımızın, o cümlədən Şuşanın, Laçının və Kəlbəcərin işğal altına düşməsinin səbəblərinə də aydınlıq gətirib. Laçın və Şuşa rayonları 1992-ci ilin may ayında işğal altına düşəndən sonra ermənilərin növbəti hədəfi Kəlbəcər idi. Dövlət başçımızın bildirdiyi kimi, Şuşa və Laçının işğalı ilə bağlı artıq Azərbaycanda çox dəqiq təsəvvür var. Hər kəs bilir ki, Şuşa və Laçının işğala məruz qalması AXC-”Müsavat” cütlüyünün xəyanəti nəticəsində baş vermişdir. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi, AXC-”Müsavat” cütlüyü hakimiyyətə can atırdı, nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqınlar Şuşanı, demək olar ki, ermənilərə təhvil verdilər və Şuşa, demək olar ki, müdafiə olunmadı. “Məhz bunun nəticəsində Azərbaycanda hakimiyyət böhranı yaşandı və AXC-Müsavat cütlüyü bundan istifadə edib qanunsuz yollarla hakimiyyəti uzaqlaşdırıb, hərbi çevriliş törədib hakimiyyətə gəldi. Şuşa və Laçının işğal altına düşməsi sırf AXC-Müsavat cütlüyünün xəyanətidir, satqınlığıdır. Kəlbəcər rayonu işğal altına düşəndə artıq AXC-Müsavat cütlüyü öz çirkin məqsədlərinə çatmışdı, hakimiyyətdə idi. Təxminən bir ilə yaxın hakimiyyətdə idi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qurduğu güclü Ordu AXC-”Müsavat” iqtidarının xəyanətinin acı nəticələrini Vətən müharibəsində aradan qaldırdı. Kəlbəcər, Laçın və Ağdam rayonlarının genişmiqyaslı döyüşlər və çoxsaylı itki olmadan azad edilməsi Prezident İlham Əliyevin diplomatik məharətinin, Azərbaycan Ordusunun gücü, uğurlu hərbi əməliyyatlar həyata keçirməsinin sayəsində mümkün oldu. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, özünün tarixi torpaqlarına qayıdıb.

İkinci Qarabağ müharibəsinin nəticələri ermənilərin uzun illər boyunca yaratdıqları mifləri tamam dağıtdı. İlk növbədə, “yenilməz erməni ordusu” mifi tar-mar oldu. Müharibədə erməni ordusu məhv edildi, düşmənin hərbi texnikası isə hazırda Bakıda yaradılan “Hərbi Qənimətlər Parkı”ndadır. “Qəhrəman erməni əsgəri” mifi məhv edildi. Xatırladaq ki, 44 gün ərzində Ermənistan Ordusunda 10 min fərari qeydə alınıb, Azərbaycan Ordusunda isə bir əsgər də fərarilik etməyib. “Görkəmli erməni sərkərdələri” mifi alt-üst oldu - Xocalıda dinc əhalini qıran Koçaryan, Sarkisyan, Ohanyan 44 günlük müharibə zamanı Qarabağa gəlsələr də, Azərbaycan Ordusunun qarşısına çıxmaqdan qorxub Yerevana qaçdılar. Prezident İlham Əliyev bildirib ki, fərarilər, satqınlar, cəlladlar, qorxaqlar - onlar, ancaq əliyalın əhali ilə müharibə apara bilərlər. Erməni hərbçilərin törətdikləri Xocalı faciəsi buna bariz nümunədir. Müharibədə, həmçinin “azərbaycanlılar vuruşmayacaqlar” mifi dağıdıldı. Hazırda azərbaycanlıların döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar dillər əzbəridir. “Ermənilər qədim tarixə və mədəniyyətə malikdirlər, Ermənistan Qafqazda mədəniyyət ocağıdır” mifi də artıq qeybə çəkilib - yerlə-yeksan olunmuş şəhər və kəndlər, dağıdılmış qəbirlər, sökülmüş məscidlər düşmənin əsl simasını açıb göstərir. “Bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. Çünki uzun illər ərzində, otuz il ərzində ermənilər dırnaqarası “hərbi qələbə” ilə öyünürdülər”, - deyə Prezident İlham Əliyev bildirib.

Şərqi Zəngəzurda, bütün Qarabağda genişmiqyaslı bərpa işləri həyata keçirilir

Postmüharibə dövründə Azərbaycanın qarşısında duran əsas çağırışlardan biri işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa işləri aparmaqdan və Böyük Qayıdış üçün zəruri olan infrastruktur yaratmaqdan ibarətdir. Hazırda Şərqi Zəngəzurda, bütün Qarabağda genişmiqyaslı bərpa işləri həyata keçirilir. Ölkəmizin bu ərazilərdə həm iqtisadi, həm də hərbi-siyasi baxımdan möhkəmlənməsi üçün bütün şərtlər təmin edilir. O cümlədən işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir. İşğaldan azad eilmiş ərazilərdə üç hava limanının tikintisi planlaşdırılıb. Füzuli Beynəlxalq Hava Limanının təməli 2021-ci ilin yanvarında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bundan başqa, yenə də Prezident İlham Əliyevin iştirakı ilə Zəngilan rayonunda beynəlxalq hava limanının təməlqoyma mərasimi keçirilib. İşğaldan azad olunmuş ərazilərdə daha bir beynəlxalq hava limanının inşası isə Laçın rayonunun ərazisində nəzərdə tutulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bəhs olunan səfər çərçivəsində Laçın Beynəlxalq Hava Limanının təməlini qoyublar. Beləliklə, ölkəmizin digər guşələrindən, həmçinin xaricdən işğaldan azad olunmuş ərzilərimizə gediş-gəliş və yüklərin daşınması asanlaşacaq. İşğaldan azad olunmuş ərazilərə növbəti səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı, həmçinin Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə də tanış olub. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması mərasimindəki çıxışında işğaldan azad olunan ərazilərdə görülən işlərin Qarabağın, Şərqi Zəngəzurun qarşısında geniş inkişaf perspektivləri açacağına əminliyini bildirərək vurğulayıb: “Azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların buraya, bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq”.

Azərbaycanın Şərqi Zəngəzurda möhkəmlənməsi, bölgənin gələcək inkişafı baxımından Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmana əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması da mühüm əhəmiyyət daşıyır. Vətən müharibəsində işğaldan azad olunan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları isə Şərqi Zəngəzur iqtisadi rayonunda birləşir. Qeyd olunan bölgələrin Şərqi Zəngəzur iqtisadi rayonunda birləşdirilməsi ənənəvi sosial-iqtisadi və tarixi-mədəni bağlılıqlara əsaslanır. Əslində, bəhs olunan Fərmana əsasən, yeni yaradılan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları Qarabağın bütövlüyünü, tamlığını simvolizə edir. Tarixdən də bəlli olduğu kimi, zamanında Qarabağa “dağlıq” sözü müəyyən siyasi məqsədlər üçün yamaq edilmişdi.

Digər tərəfdən, işğaldan azad edilən ərazilərimizin yeni iqtisadi rayonlarda birləşdirilməsi sözügedən ərazilərin kənd təsərrüfatı üçün əlverişli olan münbit torpaqlarından, sənaye ehtiyatlarından səmərəli istifadə olunmasına, həmin bölgələrin digər iqtisadi rayonlara reinteqrasiyasına geniş imkanlar yaradacaq.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 576 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31