Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 44 günlük müharibəyə görə məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, həm də bu ölkənin işğalçılıq siyasətinə göz yuman beynəlxalq birliyin üzərinə düşür

44 günlük müharibəyə görə məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, həm də bu ölkənin işğalçılıq siyasətinə göz yuman beynəlxalq birliyin üzərinə düşür

26.08.2021 [09:59]

Prezident İlham Əliyev: Əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib. Qəbulda dövlətimizin başçısı Azərbaycanla dünyanın ən nüfuzlu qurumu olan BMT arasında formalaşan çoxillik münasibətlərin müxtəlif aspektləri barədə söhbət açıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə BMT TŞ-nin ötən əsrin doxsanıncı illərinin əvvəllərində işğalçı Ermənistanın silahlı qüvvələrinin zor gücünə zəbt etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarını özündə ehtiva edən qətnamələrinin uzun illər ərzində yerinə yetirilmədiyinə və bunun doğurduğu fəsadlara xüsusi diqqət çəkib. Təcəvüzkar Ermənistanın təxminən üç onillik ərzində işğalçılıq siyasətindən əl çəkməməsi və beynəlxalq birliyin bu ölkəyə  münasibətdə ikili standartlar mövqeyindən çıxış etməsi son nəticədə ötən il sentyabrın 27-də 44 gün davam edən və Azərbaycanın şanlı Zəfəri ilə yekunlaşan müharibənin başlamasına gətirib çıxartdı.

Uzun illər ərzində işğalçı dövlətin cəzalandırılmaması və BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməməsi ikili standartlar nümunəsidir

Sülhsevər ölkə olan Azərbaycan Vətən müharibəsində qazanılan Qələbə sayəsində artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunan ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda fəal iştirak edib. Torpaqlarının 20 faizinin işğala məruz qalmasına baxmayaraq, üç onillik ərzində danışıqlar prosesində iştirak etməsi Azərbaycanın sülhə nə qədər böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir. Ölkəmiz sülh prosesində daim o mövqedən çıxış edib ki, danışıqlar substantiv nəticələrə hesablanmalıdır.

Bütün bunları işğalçı Ermənistan barəsində söyləmək mümkün deyil. Ermənistan 44 günlük müharibədən əvvəl danışıqlar prosesinə müxtəlif pozucu əməllərlə pəl vurmaqla, əslində, işğal məhsulu olan status-kvonu sonsuzadək davam etdirmək niyyəti güdürdü. Bunu Ermənistan rəhbərlərinin təhrikedici hərəkətləri və açıqlamaları aydın şəkildə təsdiqləyirdi. Ermənistandan “yeni torpaqlar uğrunda yeni müharibə” iddiaları eşidilirdi. Ötən ilin iyul ayında iki ölkə arasındakı dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimiz, dinc sakinlər və mülki infrastruktur erməni hərbi birləşmələri tərəfindən qəfil artilleriya atəşinə tutuldu. Bu, Ermənistanın növbəti təxribatı idi. Avqust ayında işğalçı dövlət respublikamıza diversiya qrupu göndərdi. Bu ölkənin baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” deməsi, onun işğal altındakı torpaqların heç vaxt Azərbaycana qaytarılmayacağını bildirməsi, əvvəlcədən müəyyənləşdirilən formatı dəyişdirməyə cəhdlər göstərməsi danışıqlar prosesini bütünlüklə mənasız etmişdi.

Eyni zamanda, beynəlxalq birlik də işğalçı dövlətə münasibətdə loyallıq göstərir, ikili standartlardan çıxış edirdi. ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlar prosesi açıq-aşkar imitasiya edilirdi və mahiyyət etibarilə, “for long occupation”a (uzunmüddətli işğala) hesablanmışdı. Bəhs olunan qəbulda da bildirildiyi kimi, 1993-cü ildə Təhlükəsizlik Şurasının məşhur qətnamələri qəbul olunmuşdu. Bu, zamanında atılan çox müsbət bir addım idi. Həmin qətnamələri dəyərləndirən Prezident İlham Əliyev “Bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi”, - deyə bildirib.

Lakin əfsuslar olsun ki, həmin qətnamələr kağız üzərində qaldı. Bu, olduqca təzadlı bir mənzərə idi. Axı bəzi hallarda TŞ-nin qətnamələri qısa müddət ərzində yerinə yetirilir, Azərbaycana gəldikdə isə onlar beynəlxalq iştirakçılar tərəfindən, ümumiyyətlə, icra olunmadı. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini dəfələrlə gündəmə gətirib. Bu qətnamələri qəbul edənlər, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Onlar özləri bu sənədləri qəbul etmişdir. Sözügedən qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib. Xatırlayaq, Prezident İlham Əliyev bir çox hallarda Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini qaldırmışdı. Prezident İlham Əliyevin ötən il sentyabrın 21-də keçirilən BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxışları da beynəlxalq birliyə bir çağırış idi. Dövlətimizin başçısı BMT-nin yüksəksəviyyəli tribunasından Ermənistanın güc tətbiq etməklə Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü pozmasını, işğalçılıq siyasətini davam etdirdiyini növbəti dəfə bütün təfərrüatları ilə diqqət mərkəzinə gətirmişdi. Prezident İlham Əliyev BMT-ni və dünya ictimaiyyətini beynəlxalq hüquqa məhəl qoymayan Ermənistanı ölkəmizə qarşı növbəti hərbi planlardan çəkindirməyə çağırış etdi. Təəssüf doğuran haldır ki, işğalçı siyasət həyata keçirən Ermənistana qarşı loyal mövqe davam etdirilirdi. Bu isə ikili standartlar nümunəsi idi. 44 günlük müharibənin başlamasının məsuliyyətini Ermənistanın tək bölüşmədiyini diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Ötən il, müharibədən cəmi bir neçə gün əvvəl, Baş Assambleyada çıxış edərkən mən beynəlxalq birliyi xəbərdar edərək, Ermənistanın müharibəyə hazırlaşdığını dedim. Bu, təbliğat deyildi, Ermənistanın müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilinin nəticəsi idi. Əfsuslar olsun ki, mən haqlı çıxdım. Ona görə də, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür”.

Azərbaycan BMT TŞ-nin qətnamələrini özü yerinə yetirdi

44 günlük müharibənin nəticələri bəllidir. Haqq işi uğrunda mübarizə aparan Azərbaycan Vətən müharibəsində qalib gələrək işğalçı Ermənistanı kapitulyasiyaya məruz qoydu. Müharibənin davam etdiyi hər gün Silahlı Qüvvələrimiz yeni uğurlara imza atdı. Verilən məlumatlara görə, müharibə dövründə işğalçı Ermənistanın hərbi birləşmələrində 10 minədək fərarilik qeydə alınıb. Azərbaycan Ordusunda isə belə hal baş vermədi. Əsgər və zabitlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün əməliyyatları yüksək səviyyədə yerinə yetirdilər. Ordumuzun  peşəkarlığı, şəxsi heyətin yüksək döyüş ruhu və əlbəttə ki, cəmiyyətin dövlətə, Silahlı Qüvvələrimizə, Ali Baş Komandana dəstək verməsi son nəticədə şanlı Qələbəmizi təmin etdi. Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən artıq yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin geri qaytarılması ilə müharibənin taleyi böyük dərəcədə həll olundu. Bundan sonra müharibəni davam etdirmək iqtidarında olmadığını dərk edən düşmən noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanata əsasən, üzərinə bir sıra öhdəliklər götürən işğalçı dövlət sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Beləliklə, Azərbaycan özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi. Bu şanlı Qələbə xalqımız üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq. Prezident İlham Əliyev deyib:  “Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik. Biz BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdik. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Beləliklə, biz bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik”.

Son üç onillik ərzində Ermənistanın cəzalandırılmaması, işğalçıya qarşı zəruri hüquqi prosedurların həyata keçirilməməsi təkcə Azərbaycana zərər vurmayıb, bu, həm də beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupunun, eləcə də BMT-nin imicini böyük zərbə altında qoyub. Bu, bir həqiqətdir ki, işğalçının vaxtında cəzalandırılmaması bütün dünya üçün təhlükəli presedentlərə yol açır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 553 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31