Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan mətbuatının inkişaf tarixi

Azərbaycan mətbuatının inkişaf tarixi

06.07.2010 [11:26]

Milli mətbuatımızın “Əkinçi”dən bu günə keçdiyi yol
ölkəmiz ötən əsrdə növbəti dəfə müstəqillik əldə etdikdən, daha doğrusu, Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycanda bütün sahələrdə inkişaf qeydə alınıb. Təbii ki, bu inkişafdan ölkə mətbuatına da pay düşüb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində mətbuatımız da özünün yeni inkişaf mərhələsinə qədəm qoyub desək, yanılmarıq. ötən il Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həyata keçirdiyi layihələr və elan etdiyi qrant müsabiqələri isə KİV-in fəaliyyətinə əsaslı stimul verir. Onu da qeyd etmək yerinə düşər ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra hər il iyulun 22-si, yəni, ilk milli mətbuatımız olan “Əkinçi” qəzetinin işıq üzü gördüyü tarix Milli Mətbuat Günü kimi qeyd olunur. Bu il isə Azərbaycan milli mətbuatının 135 illiyidir və Prezident İlham Əliyev iyunun 10-da “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılıb ki, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etsin. Həmçinin, bir ay müddətində jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri Azərbaycan Prezidentinə təqdim etsin. öz növbəsində sözügedən Sərəncam əsasında Prezident Administrasiyasının rəhbəri   Ramiz Mehdiyev tərəfindən xüsusi tədbirlər planı təsdiqlənib və artıq icraya yönəldilib.
üçüncü yazı
Azərbaycan mətbuatının inkişaf tarixi ilə bağlı silsilə yazılarımızın növbəti bir neçə bölməsi sovet dövrü mətbuatına həsr ediləcək. çünki SSRİ adlı imperiyanın əsarəti altında yaşamağımıza baxmayaraq, həmin dövrdə cərəyan edən hadisələr xalqımızın tarixinin bir parçasıdır.
Mətbuat bolşeviklərin xüsusi önəm verdiyi sahə idi
Beləliklə, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Hakimiyyəti ələ keçirən bolşeviklər dərhal bütün sahələrdə sovetləşmə siyasətinə başladılar. Onu da vurğulamaq yerinə düşər ki, bolşeviklərin ilk vaxtlardan diqqət yetirdikləri sahələr sırasında mətbuat ön yerlərdən birini tuturdu. Bu da səbəbsiz deyildi. çünki bolşeviklər xalq kütlələri ilə işləmək istiqamətində təbliğata xüsusi önəm verirdilər. Məhz bu önəmin nəticəsi idi ki, onlar Azərbaycanda hakimiyyəti ələ keçirməzdən xeyli əvvəl, 1906-cı ildə gizli üsullu “Bakinskiy raboçiy” qəzetinin çapını həyata keçirməyə başlamışdılar. 2006-cı ildə işıq üzü görən “Azərbaycan mətbuat tarixi” adlı kitabda da qeyd edildiyi kimi, 1906-cı ildən çap olunan və hazırda da fəaliyyətini davam etdirən “Bakinskiy raboçiy” milli mətbuatımız tarixində ən uzunömürlü qəzetdir. Rusiyada cərəyan edən inqilab hərəkatının gedişində yaranan qəzetin əsas məqsədi bolşevik ideyalarını yaymaq, kütlələri burjuaziyaya qarşı mübarizəyə yönləndirmək idi.
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Sovet hakimiyyəti mətbuatı kommunist ideologiyasına xidmət edən vasitəyə çevirsə də, bu dövr, eyni zamanda, Azərbaycan mətbuatının daha da genişlənməsi və təkmilləşməsi ilə də səciyyələnir. Bəzi ekspertlərin qeyd etdikləri kimi, ideoloji buxovların mövcudluğuna baxmayaraq, SSRİ adlı imperiyanın tərkibində olduğumuz dövrdə də Azərbaycan ziyalıları xalqın ictimai-siyasi həyatın yenilikləri ilə məlumatlandırılmasında, vətənpərvərlik ruhunun aşılanmasında bütün mövcud imkanlardan istifadə etməyə çalışırdılar. 1969-cu ildə Ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra Azərbaycan mətbuatı milli xüsusiyyətləri özündə əks etdirərək özünəməxsus bir şəkildə inkişaf etməyə başladı. Yerli qəzet və jurnallarda kommunist ideologiyası ilə yanaşı, respublikanın iqtisadi, elmi, mədəni və idman həyatında baş verən yeniliklər də xalqın diqqətinə çatdırılırdı. Azərbaycan gəncləri və məktəbliləri üçün nəşr olunan qəzet və jurnallar yeni nəslin bilikli, geniş dünyagörüşünə malik vətəndaş kimi formalaşmasında böyük rol oynadı. Sözügedən dövrdə meydana gələn çoxsaylı peşəkar jurnalist təbəqəsinin nümayəndələri isə nəinki Sovetlər Birliyi dövründə, həmçinin, müstəqil Azərbaycan mətbuatının inkişafında əvəzsiz xidmətlər göstərdilər.  Ulu öndərin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə mətbuatın inkişafı ilə bağlı görülən işlər haqqında növbəti saylarımızda geniş məlumat verəcəyik.
Kommunistlərin əsas təbliğat ruporu - “Kommunist” qəzeti
Sovet hakimiyyəti illərində Azərbaycanın ictimai-siyasi, mədəni həyatının işıqlandırılmasında mühüm rol oynayan qəzetlərdən biri, əslində isə, birincisi “Kommunist” qəzeti olub. Bu qəzet hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ruhulla Axundovun redaktorluğu ilə gizli çap olunub. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra isə 1920-ci il aprelin 30-da Əliheydər Qarayevin redaktorluğu ilə qəzet leqal şəkildə öz fəaliyyətinə başladı. “Azərbaycan mətbuat tarixi” adlı kitabda da qeyd edildiyi kimi, 1919-cu ildə Azərbaycanda ümumilikdə 20-dən çox bolşevik qəzeti nəşr olunub. Azərbaycan dilində “Bakı Fəhlə Konfransının Əxbarı”, “Hürriyyət”,”Haqq”, “Füqəra sədası”, “Zəhmət sədası”, “Oktyabr inqilabı”, “Gənc işçi”, “Azərbaycan füqərası”, rus dilində “Nabat”, “Molot”, “Proletarı”, “Raboçiy put”, “Qolos truda”, “Bednota”, “Molodoy raboçiy”, “Novıy mir” və başqaları Azərbaycan bolşeviklərinin nəşr etdikləri qəzetlər idi. Doğrudur, bu qəzetlərin ömrü çox az olub, bəzilərinin cəmi bir və ya bir neçə nömrəsi çıxıb. “Kommunist” qəzeti “Hümmət”, “Qoç-Dəvət”, “Təkamül”, “Yoldaş”, “Hümmət” (1917-1918-ci illər), “Bakı Şurasının Əxbarı” kimi bolşevik qəzetlərinin davamçısı olaraq meydana atılıb.
Müxtəlif vaxtlarda Ruhulla Axundovun, Əliheydər Qarayevin, Həbib Cəbiyevin, Böyükağa Talıblının, Ağababa Yusifzadənin rəhbərlik etdiyi qəzetdə N.Nərimanovun, S.M.Əfəndiyevin, D.X.Bünyadzadənin, S.Ağamalıoğlunun, Q.M.Musabəyovun, H.H.Sultanovun və başqalarının məqalələri çap olunub. Azərbaycanın görkəmli ziyalıları Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Məmmədəli Sidqi, Tağı Şahbazi, Xəlil İbrahimov, o cümlədən, 1922-ci ildən başlayaraq uzun illər “Kommunist”in baş rəssamı olmuş Əzim Əzimzadə qəzetlə yaxından əməkdaşlıq ediblər.
II Dünya müharibəsi illərində “Kommunist” qəzetində faşizmin iç üzünü açan, işğalçılara qarşı mübarizə aparan sovet əsgərlərinin qəhrəmanlığını əks etdirən məqalələr dərc olunurdu. Bu mənada Azərbaycanın görkəmli yazıçı və şairlərindən S.Vurğunun, M.İbrahimovun, S.Rəhimovun, Ə.Vəliyevin S.Rüstəmin, R.Rzanın, M.Rahimin, Ə.Cəmilin, C.Xəndanın və başqalarının “Kommunist”də dərc edilmiş hekayələrində, oçerklərində, şeirlərində Vətənə sədaqət, xalqlar dostluğu, qəhrəmanlıq mövzuları əsas yer tuturdu. Əli Nəzminin, Ə.Vahidin satirik şeirlərində faşistlərin yırtıcılığı, qəddarlığı kəskin bir qələmlə ifşa edilirdi.
Tarixi materiallarda da qeyd edildiyi kimi, dilimizin zənginləşməsində “Kommunist”in böyük xidmətləri olub. Qəzetdə respublikamızın tanınmış tərcüməçilərindən C.Cabbarlı, M.Sidqi, S.Məlikov, D.Cavadlı, Ə.Tahir, A.Gülməmmədov, Ə.Bədəlbəyli, C.Əzimov, V.Hacıoğlu, H.Mütəllimov, Ə.Zeynalov, C.Xəlilov və başqaları uzun müddət işləyiblər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra “Kommunist” yeni adla “Xalq qəzeti” kimi nəşrini davam etdirməyə başladı.
Sovetlər də “Əkinçi”nin ideyalarından yararlanıblar
Azərbaycan mətbuatının inkişaf tarixi ilə bağlı silsilə yazıların hazırlanması zamanı “Milli mətbuatımızın “Əkinçi”dən bu günə keçdiyi yol” şəklində ümumi yarımbaşlığın seçilməsi heç də təsadüfi deyil. Zamanı gəldikcə bunun səbəbləri açıqlanacaq. Hələlik isə, növbəti səbəb kimi maraqlı bir məqama toxunaq. Tarixdən bəlli olduğu kimi, böyük ədib Həsən bəy Zərdabi 1875-ci ildə əsası qoyulan “Əkinçi” qəzetində kəndli həyatına, kəndli təsərrüfatına, əkinçilik mədəniyyətinə, suvarma işlərinə, əmək alətlərinə dair məqalələr nəşr etməklə kənd təsərrüfatında geriliyi aradan qaldırmağa çalışıb. Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk illərdən etibarən isə bolşeviklər Həsən bəy Zərdabinin həmin ideyasından yararlanmağa çalışıblar. Belə ki, Azərbaycanda sovet hakimiyyətinin ilk illərində “Kommunist” və “Bakinskiy raboçiy” qəzetlərinin səhifələrində qəzalardan tez-tez materiallar dərc olunurdu. Azərbaycan kəndinin ağır vəziyyətini kəndlilərin çətin həyat tərzini daha dolğun əks etdirmək və problemləri həll etmək üçün bu sahəyə uyğun yeni qəzetin yaradılması zərurəti meydana çıxdı. Maddi çətinliyə, respublikanın poliqrafiya bazasının zəifliyinə, jurnalist kadrlarının çatışmazlığına baxmayaraq, 1923-cü ilin mart ayında Rusiya Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya ölkə Komitəsi Azərbaycan dilində kəndli qəzetinin nəşri haqqında xüsusi qərar qəbul etdi.
Sovet kəndlisi üçün işıq üzü görən qəzet
Qeyd edək ki, bu qəzet ilk vaxtlar başqa adlar altında çap olunub. Daha dəqiq desək, 1923-cü ilin mart qərarından sonra həmin ilin iyunun 16-da “Kəndçi qəzetəsi” adlı qəzetin birinci sayı çapdan çıxıb. Lakin “Kommunist” qəzeti redaksiyasının yaxından iştirakı və köməyi ilə çıxan və ilk gündən maddi çətinliklər, poliqrafiya bazasının zəifliyi, kadr çatışmazlığı kimi problemlərlə üzləşən qəzet bir müddət fəaliyyətini dayandırmalı olub. 4 ay sonra 1923-cü ilin 12 oktyabrından “Kəndçi qəzetəsi”nin ikinci nömrəsi çıxıb və uzun illər müntəzəm çap olunmağa başlayıb. Sözügedən qəzetə ayrı-ayrı vaxtlarda S.Əfəndiyev, Ə.Qarayev, S.Cavadzadə, M.Şahbazov və İ.Əminbəyli rəhbərlik ediblər.
Mətbuat tarixinin araşdırmaçılarının da qeyd etdikləri kimi, Azərbaycan kəndlisinin həyatının, qayğılarının, istəklərinin ifadə olunması baxımından həmin dövrdə belə bir qəzetin nəşrinə tələbat yaranmışdı. Buna görə də, qəzet uzun illər müntəzəm olaraq çap olundu. 1932-ci ildən isə qəzet “Azərbaycan kolxozçusu” adı altında çap olunmağa, 1933-cü ilin yanvar ayından isə gündəlik çıxmağa başladı. Məlumatlara görə, “Azərbaycan kolxozçusu” hər hansı yeni bitki sortunun, mal-qara cinsinin respublikada yayılmasını təbliğ edərkən, hər şeydən əvvəl yerli şəraiti, ayrı-ayrı zonaların təbii-iqtisadi şəraitini, təsərrüfatın perspektivini nəzərə alır, bu barədə respublikanın, ölkəmizin ən görkəmli mütəxəssislərinin, təcrübəli adamlarının rəyini öyrənib öz səhifələrində elmi-kütləvi dillə işıqlandırırdı.
Bu qəzet sonralar da ad dəyişikliklərinə məruz qaldı. Belə ki, qəzet 1953-cü ilin iyul ayından “Azərbaycan kənd təsərrüfatı”, 1960-cı ilin avqust ayından isə “Sovet kəndi” adı ilə çıxmağa başladı. Respublikamız müstəqillik qazandıqdan sonra bir müddət “Həyat” adı altında çap olunan qəzet maddi və peşəkarlıq baxımdan yaranan problemlər üzündən bağlandı.
Şərq qadınının səsi
Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi 1923-cü il iyulun 2-də Bakıda “Şərq qadını”nın nəşr olunması barədə qərar qəbul etdi. Qərarda Şərq qadınlarının, xüsusilə Azərbaycan qadınlarını ictimai-siyasi həyata alışdırmaq məqsədilə aylıq, ədəbi, ictimai və siyasi jurnal olan “Şərq qadını”nın nəşrinin məqsədəuyğunluğu öz əksini tapdı.
Sözügedən jurnalın 1-ci sayı 1923-cü ilin noyabrında 40 səhifədən ibarət 1000 nüsxə tirajla çapdan çıxdı.
Jurnalın ilk redaktoru Ayna Sultanova olub. Sonralar jurnala Gülarə Qədirbəyova, Hökumə Sultanova, Zəhra Kərimova, Barat Kərimova, Züleyxa Əliyeva, Rəhimə Zeynalova, Şəfiqə Ağayeva və Xalidə Hasilova rəhbərlik ediblər. 1938-ci ildən etibarən isə “Şərq qadını”, “Azərbaycan qadını” adı ilə nəşr olunmağa başlayıb.
Məktəblilər də yaddan çıxmır
Yeri gəlmişkən, bu bir həqiqətdir ki, sovet hakimiyyətinin mətbuat üzərinə ciddi senzura tətbiq etməsinə baxmayaraq, SSRİ dönəmində cəmiyyətin bütün kəsiminin maariflənməsi işinə xüsusi diqqət ayrılırdı. Bu diqqətdən uşaqlara da pay düşürdü. Məsələn, 1926-cı ildə Bakı şəhər komsomol təşkilatının konfransı çağırılmışdı. Konfransın keçirildiyi gün bir dəstə fəal məktəbli üzərində “Pioner” sözü yazılmış 28 səhifəlik jurnal hazırlamışdı. Uşaqların xətti ilə yazılmış cəmi 50 nüsxə jurnal konfrans iştirakçılarının çox xoşuna gəldi. Həmin nüsxələr “Pioner” jurnalının ilk qaranquşu oldu. Aradan bir neçə ay keçəndən sonra, yəni, 1927-ci ilin fevralında “Pioner” jurnalı kütləvi tirajla çıxmağa başladı. Jurnalın əsas məqsədi məktəbliləri xalqa, Vətənə, torpağa məhəbbət, sədaqət ruhunda tərbiyə etməkdən ibarət idi. Beləliklə də, Azərbaycanda ilk professional uşaq jurnalı nəşrə başladı. Yazıçı Qılman İlkin və Hüseyn Abbaszadə də uzun müddət “Pioner” jurnalında məsul vəzifələrdə çalışıblar.
Eləcə də, bir çox cavan yazarlardan-xalq şairi Xəlil Rzanın, yazıçı Sabir Əhmədovun, şair Nəriman Həsənzadənin ilk əsərləri də “Pioner” jurnalında nəşr olunub. Tanınmış rəssamlardan Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Davud Kazımov, Toğrul Sadıqzadə, Elmira Şaxtaxtinskaya, Həsənağa Ağayev jurnalla əməkdaşlıq edirdi. Bəstəkarlardan ilk dəfə olaraq Qara Qarayevin “Sülh”, Səid Rüstəmovun “Dəstə rəhbəri”, Qəmbər Hüseynlinin “Ana məktəb”, Ağabacı Rzayevanın, Cahangir Cahangirovun mahnıları “Pioner” jurnalında dərc olunub. Azərbaycan yazıçılarından Abdulla Şaiq, Səməd Vurğun, Mirzə İbrahimov, Eynulla Ağayev, Zeynal Cabbarzadə, Tofiq Mütəllibov, Hikmət Ziya, Nəriman Süleymanov, Tofiq Mahmud, Qaçay Köçərli, Rafiq Yusifoğlu, Məmməd Namaz kimi şair və yazıçıların, rus ədəbiyyatı nümayəndələrindən M.Lermontov, L.Tolstoy, M.Qorki, A.çexov və başqa sənətkarların əsərləri də bu jurnalda dərc edilib. Jurnal bədii ədəbiyyat vasitəsilə də oxucusunun qəlbinə həmişə yol tapmaq təşəbbüsündə olub, yüksək əxlaqi keyfiyyətlər tərbiyə edib. Jurnalın bir neçə dəfə yubileyi - 30, 40, 50 illiyi keçirilib. 1977-ci ildə isə bütün respublika ictimaiyyəti onun 50 illik yubileyini daha təntənəli surətdə qeyd edib, jurnal SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə məktəblilərin tərbiyəsi sahəsində səmərəli işinə görə “Şərəf nişanı”ordeni ilə təltif edilib. Jurnal 1990-cı ildən “Günəş” adıyla nəşr olunur.
“Yeni Azərbaycan”
Paylaş:
Baxılıb: 1017 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30