Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müasir Azərbaycanın inkişafının əsasında Ümummilli lider Heydər Əliyevin quruculuq fəlsəfəsi, inkişaf və tərəqqi strategiyası dayanır

Müasir Azərbaycanın inkişafının əsasında Ümummilli lider Heydər Əliyevin quruculuq fəlsəfəsi, inkişaf və tərəqqi strategiyası dayanır

15.07.2010 [08:28]

Ulu öndərin 41 il əvvəl Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi ilə respublikanın həyatında əsaslı dönüş yarandı
“Mənim yaratdığım hər bir şey mənim üçün əzizdir: zavod da, fabrik də, elektrik stansiyası da, yol da, körpü də, ev də, bina da, saray da - hər bir şey. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır, insanlardır. Mən daim insanlara xidmət etmişəm. Bu gün də vətəndaşlarıma, xalqıma xidmət edirəm. O ağır günlərdə də xalqımdan, sıravi adamlardan, səmimi adamlardan həmişə dəstək almışam. Ona görə də, mən xalqıma-Azərbaycan xalqına öz sədaqətimi bir daha bildirirəm və xalqımı yaşadan insanlara, xalqımı irəliyə aparan insanlara öz hörmət və təşəkkürümü bildirirəm”.

Heydər Əliyev
(ümummilli lider Heydər Əliyevin 25 dekabr 1995-ci il tarixdə
Bakı Məişət Kondisionerləri Zavodunun 20 illik yubileyi
münasibətilə təntənəli mitinqindəki çıxışından.)


öz inkişaf potensialına görə regionun lider dövlətinə çevrilən, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müasir Azərbaycan Ulu öndərimiz Heydər Əliyevin şah əsəridir. Bu fikirlər heç də təsadüfi deyilmir. Bunun əsasında Ulu öndərimizin 1969-cu ildə Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişi, daha dəqiq desək, həmin il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə əsası qoyulan quruculuq fəlsəfəsi, inkişaf və tərəqqi strategiyası dayanır. 1969-cu ilin iyuluna qədər inkişafına görə keçmiş SSRİ respublikaları arasında sonuncu yerlərdən birini tutan Azərbaycan, məhz ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyası nəticəsində qısa zaman kəsiyində bütün sahələr üzrə öncül yerləri tutmağa başladı.
Tarixi materiallardan da bəlli olduğu kimi, ötən əsrin 60-cı illərinin axırlarında Azərbaycan iqtisadi və mənəvi tənəzzül dövrünü yaşayırdı. Lakin bu geriliklərə və sonuncu yerlərdə qərar tutmaq ənənəsinə 1969-cu il iyulun 14-dən sonra son qoyuldu. Həmin vaxt Ulu öndər Heydər Əliyevin respublikanın siyasi rəhbəri seçilməsi ilə Azərbaycanda həyatın bütün sahələrində sürətli inkişaf və yüksəliş dövrü başlandı. Belə ki, 1969-1982-ci illərdə Azərbaycanda yüzlərlə yeni müəssisə tikildi, neftayırma və neft maşınqayırması müəssisələri tamamilə yenidən quruldu. İri elektron, elektrotexnika, radiotexnika və cihazqayırma sənayesi zavodları inşa edildi, Azərbaycanda sənaye istehsalı 2 dəfədən çox artdı.
Tənəzzüldən tərəqqiyə doğru
Beləliklə, 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev qısa müddət ərzində həyata keçirdiyi işlərlə respublikamızın inkişafının əsasını qoydu. Ulu öndərin 41 il əvvəl Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi ilə respublikanın həyatında əsaslı dönüş yarandı. ümummilli liderimizin birinci hakimiyyəti dövründə Azərbaycanda bütün infrastruktur yenidən quruldu, kənd təsərrüfatında zamanın tələbinə uyğun islahatlar həyata keçirildi. Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda milli hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına məktəb fəaliyyətə başladı.
Ulu öndər Heydər Əliyevin sayəsində Stalin istibdadının qurbanları olan Mikayıl Müşfiq, Hüseyn Cavid kimi görkəmli şairlər və digər yaradıcı adamlar unutqanlıq əsarətindən qurtuldu.
1969-cu ilin iyuluna qədər daha çox kənd təsərrüfatı ölkəsi olan Azərbaycan həyata keçirilən iri layihələr nəticəsində sənaye respublikasına çevrildi. Bu dövrdə neft-kimya, maşınqayırma, metallurgiya, mədənçıxarma və digər sahələr əhəmiyyətli dərəcədə inkişaf etməyə başladı. Azərbaycan sənaye məhsulunun artım tempinə görə, ittifaq ölkələri arasında ilk yerlərdən birini tutdu. Statistik məlumatlara əsasən, 1970-1980-ci illərdə respublikamızda istehsal olunan sənaye məhsulunun payı ümumi daxili məhsulda 66 faizə çatmışdı. Bu illər ərzində ölkədə 400-ə yaxın yeni sənaye müəssisəsi tikilərək istifadəyə verildi. 1969-cu ildə sənaye obyektlərinin sayı 735 ədədə bərabər idisə, 1982-ci ildə bu rəqəm 1048-ə çatdırıldı. Aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrilən Azərbaycanın ixrac potensialı da artdı. Bundan başqa, Azərbaycanın sənaye və kənd təsərrüfatı məhsulları təkcə, ittifaq respublikalarına deyil, xarici dövlətlərə də ixrac olunmağa başladı. Məsələn, həmin illərdə respublikamızda istehsal edilən 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.
Azərbaycanda sürətli inkişaf dinamikası tikinti-quraşdırma, nəqliyyat, infrastruktur bölmələrinə də təkan verdi. Nəhəng tikinti meydançasını xatırladan Azərbaycanda aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan enerji strategiyası respublikamızın elektrik enerjisi ilə təminatında ciddi dönüşün yaranmasına səbəb oldu. 1969-1982-ci illərdə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün yeni elektrik stansiyalarının tikintisi və yenidən qurulması bu gün də ölkəmizin enerji balansının əsas təməllərini təşkil edir. Eyni zamanda, respublikamızın başdan-başa qazlaşdırılması işləri ilə bağlı da mühüm tədbirlər həyata keçirildi. Bir sözlə, sosial siyasət, infrastrukturun yenidən qurulması, investisiya siyasəti Azərbaycanın iqtisadi inkişafını sürətləndirdi.
Neft sənayesinin inkişafına təkan verildi
Hazırda öz inkişaf tempinə görə, beynəlxalq qurumların və ekspertlərin yüksək qiymətləndirilməsinə layiq görülən Azərbaycan, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatçılarından, həmçinin, aparıcı Qərb ölkələrinin bərabərhüquqlu tərəfdaşlarından biridir. Təbii ki, bütün bunlara da həyata keçirilən balanslaşdırılmış xarici siyasət kursu və çoxşaxəli enerji layihələri təkan verib. Bu layihələrin, yeni tranzit marşrutlarının gerçəkləşməsi isə Ulu öndərin 41 il əvvəl müəyyənləşdirdiyi neft strategiyasının təməl prinsiplərinə əsaslanır.
çünki Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə, yəni, 1969-1982-ci illərdə neft sənayesinin inkişaf etdirilməsi üçün genişmiqyaslı proqramlar hazırlanaraq həyata keçirildi. Yeni neft siyasətinin həyata keçirilməsi isə Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Neftayırma zavodlarının köklü surətdə yenidən qurulması, Xəzərin ehtiyatlarının geoloji kəşfiyyatı və yeni yataqların işlənməsi bu illərdə daha geniş miqyas aldı. Azərbaycanda ən iri neftayırma qurğusu (ELOV-AVT) işə salındı. 1970-80-ci illərdə Azərbaycanda iri dəniz neft donanması yaradıldı. Dənizin 200 metr dərinliyində 6 min metrlik quyu qazmaq imkanına malik olan “Şelf-2” qurğusunun istismara buraxılması da məhz Ulu öndərin əməyi sayəsində mümkün oldu. ötən əsrin 70-ci illərində Azərbaycan öz neft strategiyasını gerçəkləşdirməklə malik olduğu təbii sərvətlərindən səmərəli istifadə etdi və ölkənin güclü sosial-iqtisadi inkişafına nail olundu.
ümummilli lider Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsində isə respublikamızın enerji siyasətinə yeni komponentlər əlavə edildi, həmçinin, Azərbaycan dünyanın neft və qaz mərkəzinə çevrilməyə başladı. Respublikamızın dünya iqtisadiyyatına inteqrasiya olunması, ən nəhəng şirkətlərlə sıx təmasların yaradılması və dünyanın aparıcı dövlətləri ilə tərəfdaşlıq münasibətlərinin qurulması gərgin iş bahasına əldə olundu və bu strategiyanın gerçəkləşməsi məhz Heydər Əliyevin qətiyyəti sayəsində mümkün oldu.
1969-1982-ci illəri sənayenin inkişaf mərhələsi kimi qiymətləndirmək olar
ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci mərhələsində Azərbaycan iqtisadiyyatı ən yüksək dinamik inkişaf mərhələsinə çatdı. Heydər Əliyevin sənayenin inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi genişmiqyaslı islahatlar bu sahənin iqtisadiyyatda aparıcı yer tutmasına səbəb oldu. Sənaye istehsalı bir neçə dəfə artaraq ümumi daxili məhsulda əsas yeri tutmağa başladı. Məsələn, 1970-ci ilə kimi ümumi daxili məhsulun tərkibində sənaye məhsulunun payı 30 faizə bərabər idisə, 1982-ci ildə bu göstərici 70 faizə yaxınlaşdı. Əksər ekspertlərin də vurğuladıqları kimi, ümumiyyətlə, 1969-1982-ci illəri sənayenin inkişaf mərhələsi kimi qiymətləndirmək olar.
Onu da qeyd etmək yerinə düşər ki, nəinki sənayenin, ümumilikdə Azərbaycan iqtisadiyyatının “onurğa sütunu” olan nəhəng müəssisələr, infrastruktur obyektləri məhz həmin illərdə tikilərək istifadəyə verildi. Buna misal olaraq Azərbaycan memarlarının təntənəsi sayılan “Gülüstan” Sarayı, Prezident Administrasiyasının, Milli Məclisin, Milli Təhlükəsizlik Nazirliyinin binaları, Azərbaycan Televiziyasının teleötürücü qülləsi, Azərbaycan Ensiklopediyası, Kosmik Tədqiqatlar İnstitutu, “Ulduz” Elektrik Cihazları Zavodu, Bakı Şampan Şərabları Zavodu, Neft Emalı Zavodu, Dəmir Yol İdarəsi, Bakı Dəmir Yolu Vağzalı, Əl Oyunları Sarayı, İdman Sərgi Kompleksi, Gəncə Avtomobil Zavodu, “Elektroterm” Zavodu, Sumqayıt İplik-Əyirici Fabriki, Lənkəran Konserv Zavodu, Xırdalan Ət və Süd Emalı Kombinatı, “Sirab” Mədən Suları Zavodu, bir neçə ayaqqabı fabriki, Bakı Zərgərlik Zavodu, Bakı Elektrik Maşınqayırma, Radiozavod, Elektron Hesablayıcı Maşınları Zavodu, Sumqayıt Kompressor Zavodu, Gəncə “Büllur” Zavodu, Dəniz vağzalı, “Azon”, “Alunit” zavodları və digər sənaye obyektlərini göstərmək olar.
Heç şübhəsiz ki, sənaye müəssisələrinin yaradılması həddindən artıq gərgin əməyin və qətiyyətin nəticəsində mümkün olurdu. O dövrün mütəxəssislərinin də qeyd etdikləri kimi Heydər Əliyevin iradəsi və qətiyyəti olmasaydı bu müəssisələrin tikintisi də mümkün olmayacaqdı. Ulu öndər onlarla müəssisənin, infrastruktur obyektinin yaradılması üçün SSRİ Nazirləri Soveti və Siyasi Büro ilə aylarla gərgin danışıqlar aparmışdı. Məsələn, məlumatlara əsasən, Bakı Məişət Kondisionerləri Zavodunun Zaporojye şəhərində tikilməsi nəzərdə tutulurdu. SSRİ Nazirlər Soveti bu müəssisənin Azərbaycanda inşa olunmasını istəmirdi. ümummilli lider zavodun ölkəmiz üçün hansı gücə malik olmasını nəzərə alaraq ağır və gərgin zəhmət nəticəsində ittifaqın ən yüksək məmurlarını bu obyektin tikintisinə razı sala bildi. Ulu öndər, eyni zamanda, Bakı Dərin özüllər Zavodunun inşası üçün həddindən artıq əzmkarlıq göstərərək ittifaq rəhbərliyinin razılığını ala bilmişdi.
ümummilli lider Heydər Əliyev fəaliyyətinin ikinci mərhələsində də sənaye sektorunun inkişafı ilə bağlı çox mühüm layihələr həyata keçirdi. Onun müəyyənləşdirdiyi iqtisadi siyasətin və kompleks islahatlar proqramının başlıca prioritetlərindən biri sənayeləşmənin geniş xarakter almasını təmin etməkdən ibarət idi. Heydər Əliyevin 1994-cü ildən başlayaraq həyata keçirdiyi yeni neft strategiyası isə sənaye sektorunun inkişafına əhəmiyyətli dərəcədə təkan verdi. Əsası Ulu öndər tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uzunmüddətli inkişaf strategiyası sənayenin yeni inkişaf erasına qədəm qoymasına səbəb olub.
Qısa bir müddətdə Azərbaycan kəndləri müasirləşdi
Yuxarıda da qeyd etdiyimiz kimi, Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdə olduğu birinci dövrdə bütün sahələrdə hərtərəfli inkişaf qeydə alındı. Təbii ki, bu inkişafdan ölkənin kənd təsərrüfatına da pay düşdü. Baxmayaraq ki, 1969-cu ilə qədər Azərbaycan keçmiş SSRİ məkanında məhz kənd təsərrüfatı respublikası kimi tanınırdı, ölkəmizin kəndləri o vaxta qədər ən geridə qalmış və ən aşağı səviyyəli yaşayış məkanları idi. Bunu nəzərə alan ümummilli liderimiz xalq təsərrüfatının başqa sahələrində olduğu kimi, kənd təsərrüfatında yaranmış vəziyyəti dərindən təhlil etdi, onun sürətli inkişafını təmin edəcək kompleks tədbirlər, təkliflər planı hazırladı. 1970-ci ilin iyul ayında Ulu öndərimizin təşəbbüsü və gərgin əməyi sayəsində SSRİ Nazirlər Sovetinin qəbul etdiyi “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” Qərar respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının inkişafında müstəsna rol oynadı. Cəsarətlə demək olar ki, 1971-1975-ci illər respublikamızın kənd təsərrüfatının inkişafında mühüm tarixi dönüş nöqtəsi oldu. Məhz 1969-cu ildə Ulu öndərimiz kənd təsərrüfatının uzun sürən geriliyinə son qoydu, kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək üçün möhkəm təməl yaratdı.
Eyni zamanda, 1975-ci il 9 iyul tarixli “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək haqqında” Qərarın qəbul olunması nəticəsində respublikamızda üzümçülükdə görünməmiş nəticələr əldə edildi. Azərbaycan üzüm istehsalına görə 2 milyon ton həddi keçərək keçmiş SSRİ məkanında birinci yeri tutdu, pambıq istehsalı isə 1 milyon ton həddi keçdi.
Ulu öndərin xüsusi diqqət və qayğısı nəticəsində həmin dövrdə təsərrüfatların maddi-texniki bazası yeni texnika və texnologiya ilə möhkəmləndirildi, əkinçilik mədəniyyəti əsaslı surətdə yüksəldi, bitkiçilik və heyvandarlığın intensiv inkişafı təmin edildi, heyvandarlıq məhsullarının sənaye üsulu ilə istehsalının təşkili üçün çoxsaylı komplekslər və quşçuluq fabrikləri fəaliyyətə başladı. Bitkilərin sortunun və heyvanların cinsinin yaxşılaşdırılması, toxumçuluq və damazlıq işinin elmi əsaslarla təşkili üçün məqsədyönlü işlər həyata keçirildi. Bütün bunlar kənd təsərrüfatı məhsullarının istehsalının dinamik və davamlı inkişafını təmin etdi, respublika bu göstəricilərə görə özünə layiq ön sıraya çıxdı. Kənd təsərrüfatı məhsulları istehsalının artımı ilə yanaşı, emal sənayesinin inkişafına da xüsusi diqqət yetirildi.
Kənd təsərrüfatı və emal sənayesinin inkişafı ölkəmizdə yüngül və yeyinti sənayesinin də sürətli inkişafına təkan verdi, bir çox şəhərlərdə yeni yüngül və yeyinti sənaye müəssisələri istifadəyə verildi.
Azərbaycanda bütün sahələri, o cümlədən də, kənd təsərrüfatını inkişaf etdirən Ulu öndər, eyni zamanda, bu sahədə çalışanları da diqqətdən qaçırmır, kəndlilərin sosial rifah halının yaxşılaşdırılması üçün müvafiq tapşırıqlar verirdi. Məhz bunun nəticəsidir ki, Heydər Əliyev qısa bir müddətdə Azərbaycan kəndlərini müasirləşdirdi.
Kadr bazasının yaradılması Ulu öndərin diqqət mərkəzində idi
Azərbaycanın elmi potensialının, güclü kadr bazasının yaradılmasında müstəsna xidmətlərə malik olan Ulu öndər hələ hakimiyyətinin birinci dövründə ictimai-siyasi, iqtisadi-sosial, hərbi, elmi-mədəni, humanitar və digər sahələrdə yüksək idarəetmə qabiliyyətinə malik peşəkar kadr potensialının formalaşması üçün genişmiqyaslı işlər gördü. Onun uzaqgörən siyasətinin ən mühüm komponentlərindən biri də məhz Azərbaycanın güclü kadr potensialının yaradılmasının əsasının qoyulması ilə bağlıdır.
Xatırladaq ki, 1969-cu ilə qədər respublikamızın təhsil sferasında vəziyyət ürəkaçan səviyyədə deyildi və keçmiş ittifaq ölkələri arasında sonuncu yerlərdən birini tuturdu. 1969-cu ilə qədər Azərbaycandan ittifaq respublikalarının ali təhsil müəssisələrinə göndərilənlərin sayı cəmi 47 nəfər təşkil edirdi. Ulu öndər hakimiyyətə gələndən sonra təhsilə xüsusi diqqət göstərməyə başladı və bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start verildi. Həmin vaxt ittifaq respublikalarına təhsil almağa göndərilənlərin, ilk növbədə, ən nüfuzlu ali məktəblərdə yerləşdirilməsinə dair qərar qəbul olundu. Heydər Əliyevin bu strategiyası nəticəsində 1970-ci illərdə bütün ixtisaslar üzrə respublikamızdan kənarda təhsil alanların sayı 100 dəfəyə yaxın artdı. Həmin illərdə 3600-dən çox şəxs keçmiş ittifaqın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil aldı. Bu kadrlar peşəkar mütəxəssislər kimi yetişdikdən sonra respublikamızın dövlət strukturlarında müxtəlif vəzifələrdə işləməyə cəlb olundu. Onlar sənaye, maliyyə-iqtisadi, ictimai-siyasi, elmi-tədqiqat bölmələrində qabaqcıl kadr kimi çalışmağa başladılar. Onu da qeyd etmək gərəkdir ki, həmin kadr potensialının bir hissəsi keçmiş ittifaqın iri sənaye, elmi-tədqiqat müəssisələrində fəaliyyətə başladı və bu, Azərbaycanın ziyalı təbəqəsinin, peşəkar kadrlarının respublikamızdan kənarda tanınmasında, şöhrət tapmasında mühüm rol oynadı.
Prezident İlham Əliyev ümummilli liderin əsasını qoyduğu bu strategiyanı davam etdirməklə təhsil siyasəti ilə bağlı missiyanın uzunömürlülüyünü təmin etməkdədir. Heydər Əliyevin başladığı siyasətin məntiqi davamı olan bu strategiya hazırda yeni mərhələyə qədəm qoyub. Bu gün azərbaycanlı tələbələr dünyanın ən məşhur təhsil ocaqlarında ən peşəkar kadr kimi yetişdirilir.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq respublikamızın yüzlərlə gənci xarici dövlətlərin ən nüfuzlu ali təhsil ocaqlarında təhsil alırlar.
Bir sözlə, sadalanan bütün bu faktlar Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi üçün müstəsna xidmətlər göstərdiyini bir daha təsdiqləyir. Eyni zamanda, görünən odur ki, ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövründə əsası qoyulan islahatlar, bütün sahələr üzrə reallaşdırılan işlər öz bəhrəsini nəinki 1969-1982-ci illərdə, eyni zamanda, ölkəmiz yenidən öz müstəqilliyini əldə etdikdən, daha doğrusu, 1993-cü ilin iyunundan sonra da verməyə başladı. Bu isə Heydər Əliyevin bütün dövrlərin dahisi, bütün dövrlərin strateqi və dövlətçilik memarı olduğunun əyani təsdiqidir.
Hikmət BABAOÄžLU

Paylaş:
Baxılıb: 945 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30