Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İdarə olunan sorğu və ya "Azadlıq" radiosunun növbəti saxtakarlığı

İdarə olunan sorğu və ya "Azadlıq" radiosunun növbəti saxtakarlığı

24.09.2010 [09:45]

Bir müddət öncə, bəzi kütləvi informasiya vasitələrində, o cümlədən, “Yeni Azərbaycan” qəzetinin səhifələrində “Azadlıq” radiosunun Bakı bürosunun fəaliyyətində yol verdiyi qüsurlarla bağlı ciddi tənqidi yazılar yer almışdı. Bu yazılarda əsasən, radionun xarici maliyyə təşkilatlarından aldığı yardım hesabına ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl yetirmək yönündə göstərdiyi “xidmətlər” oxucuların diqqətinə çatdırılır, tənqid hədəfinə çevrilirdi. Amma, aradan xeyli vaxt keçməsinə baxmayaraq, “Azadlıq” radiosu fəaliyyətində yol verdiyi nöqsanları nəinki aradan qaldırmayıb, əksinə, neqativ halları bir az da artırıb. Bunu radionun, sadəcə, bir neçə günlük fəaliyyətinə nəzər salmaq, ya da daha az vaxt sərf edib internet ünvanına göz gəzdirməklə də müşahidə etmək mümkündür.
“Azadlıq” radiosunun addımbaşı pozduğu əsas prinsipləri...
Heç kəsə sirr deyil ki, hər bir KİV-in başlıca məqsədi, öz auditoriyasına dəqiq, qərəzsiz və obyektiv informasiya çatdırmaqdır. Eyni zamanda, fəaliyyətini vicdanlılıq və operativlik prinsiplərinə uyğun olaraq həyata keçirmək onların borcudur. “Azadlıq” radiosu da bu prinsipləri mənimsədiyini iddia edərək, hətta bəzi əlavə tələbləri də gözlədiyini bildirir. Radionun öz işçiləri qarşısında qoyduğu tələblər (əslində, bu tələblər hər addımbaşı pozulur - red.) dəqiqlik, tərəfsizlik, qərəzsizlik şərtlərinə əməl olunmasını özündə ehtiva edir. Radionun rəsmi saytında yer alan məlumatlarda da göstərilir ki, “Azadlıq”da çalışan müxbirlər və təhlilçilər mümkün olan hər şeyi etməlidirlər ki, radionun yayım və çap materiallarında məlumatların dəqiqliyi təmin olunsun. Həmçinin, göstərilir ki, informasiya konkret faktlarla verilməli, heç bir təhrif və ya qərəz olmadan auditoriyanın hadisələri və problemləri qavramasına yardım edilməlidir: “Jurnalistlər və təhlilçilər müzakirə olunan bütün məsələlər üzrə müxtəlif, o cümlədən, bir-birinə əks olan fikirləri dəqiq və balanslı şəkildə təqdim etməlidirlər. Balansı təmin edərkən fikirləri mühüm olan insanlar və ya qruplar şərh verməzlərsə, bu barədə efirdə məlumat verilməlidir. “Azadlıq” radiosu hakimiyyətdə və ya müxalifətdə olmasına baxmayaraq, bütün siyasi partiyalardan azaddır. Radiostansiya hər hansı bir xüsusi siyasi, iqtisadi və ya dini mövqeləri dəstəkləmir və təbliğ etmir. Konkret siyasi və ya qanunvericilik qərarlarının qəbulunun lobbiçiliyini aparmır, rəsmi vəzifələrə seçilən və ya təyin olunan namizədləri dəstəkləmir və onlara qarşı kampaniya aparmır”.
Sadalananlardan da göründüyü kimi, radionun başlıca hədəfi siyasi dairələrin təbliğatı, onların ideoloji silahı qismində fəaliyyət göstərmək deyil. Amma “Azadlıq” radiosu faktiki olaraq, özlərinin müəyyənləşdirdiyi bu prinsipləri heçə sayaraq, Azərbaycanda müəyyən siyasi qrupların təbliğatçısı kimi çıxış edir. Yalnız bəzi partiyaların məlumatlarını, onların siyasi bəyanatlarını, hadisələrə münasibətini öz efirinə daşıyan radio bununla, həm də balanslı informasiya tələbini də gözləməmiş olur. Adi bir misala diqqət yetirək. Son bir neçə ildə yalnız müxalifətdə yer alan bəzi partiyaların liderləri hər gün onların efirindən düşmürlər.
Ya da başqa məqama diqqət yetirək. “Azadlıq” radiosu ölkəmizdə mövcud olan böyük inkişaf, həyata keçirilən mütərəqqi islahatlar, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun güclənməsi istiqamətində həyata keçirilən siyasət haqqında heç bir məlumat vermədiyi halda, bəzi beynəlxalq dairələrin xüsusi sifariş əsasında hazırladıqları hesabatları, həqiqiliyi şübhə doğuran əsassız məlumatları gündəmə gətirir. Bunun özü belə, nəinki radionun öz prinsiplərinə, hətta jurnalistikanın tələblərinə də uyğun gəlmir. Bu faktlar isə bir daha onu göstərir ki, “Azadlıq” radiosu müstəqil jurnalistika ilə məşğul olmur və bəzi maraqlı dairələrin sifarişlərini yerinə yetirir.
Şikayətçilərə cavab verməyə təkcə operatorun cəsarəti çatır?
Biz radionun efir vaxtını zəbt edən maraqsız verilişlər, həqiqətə uyğun olmayan məlumatlar, qərəzli fəaliyyət haqqında uzun-uzadı danışmaq istəməzdik. Sadəcə, bir fakta toxunaraq bu faktın işığında əsl həqiqətlərə aydınlıq gətirmək niyyətindəyik. Məlum olduğu kimi, radionun internet ünvanı olan “www.azadlıq.org” saytında mütəmadi olaraq, müxtəlif mövzularla bağlı sorğular keçirilir. Bu dəfə isə saytın qonaqlarına “Hazırda parlament seçkiləri olsaydı, hansı düşərgəyə səs verərdiniz” sualı təqdim olunub. Bununla bağlı, geniş təhlillərə keçməzdən öncə vurğulamaq istərdik ki, bu sorğunun açıq məqsədi bəzi qeyri-konstruktiv müxalifət partiyalarının təbliğ olunması və buna paralel olaraq hakim partiyaya qarşı kampaniyanın aparılmasına xidmət edir. Onun nəticələrinin saxta olduğunu isə sadalayacağımız faktlar sübut edir.
Belə ki, sorğu ilə bağlı həftə ərzində redaksiyamıza çoxsaylı zənglər daxil olub. Hər dəfə də zəng edənlər “www.azadlıq.org” saytındakı səsvermənin düzgün aparılmamasından şikayətlənirlər.
Məsələn, Vaqif Cəbrayılov adlı oxucumuz deyib ki, o, saytdakı səsvermə ilə bağlı radioya zəng edərək, sorğuda olan bir sıra problemlərlə bağlı məsələyə aydınlıq gətirmək istədiyini bildirib: “Səsvermədə iştirak etsəm də, səs verdiyim müddətdə nəticələr dəyişmədi. Bunun səbəbini öyrənmək istədim və bu məqsədlə də saytdakı 436-77-41 nömrəli telefona zəng etdim. Telefona cavab verən şəxsə problemlə bağlı məlumat verdim və izahat istədim. Radionun əməkdaşı isə gah işinin çox olduğunu, gah qonaqlarının olduğunu, gah da bu məsələyə cavabdeh olmadığını bəhanə edərək sualdan yayındı. İsrarımı gördükdən sonra dedi ki, “yəqin bu texniki problemdir, tezliklə aradan qaldırılar”. O, həmçinin, səslərin hesablanması məsələsinin moderatora aid olduğunu bildirdi və daha dəqiq məlumat almaq üçün saat 19:00-dan sonra zəng etməyi məsləhət gördü. Amma göstərilən müddətdə radioya zəng edəndə telefonların operatora qoşulduğunun şahidi oldum”.
Əlbəttə ki, bu bizim xoşbəxt oxucumuzdur ki, saytdakı sorğu ilə bağlı radionun əməkdaşı ilə danışa bilib. Redaksiyamızla əlaqə saxlayan digər oxucularımız isə deyirlər ki, dəfələrlə radioya zəng etsələr də, onlara cavab verən olmayıb.
İdarə olunan sorğunun həqiqəti əks etdirmədiyini sübuta yetirən faktlar...
öncə onu qeyd edək ki, hər bir sorğunun əsas məqsədi, müəyyən bir məkanda yaşayan insanların hər hansı bir siyasi, sosial, iqtisadi proseslərlə əlaqədar nəbzini yoxlamaq, ictimai rəyi öyrənməkdir. ümumiyyətlə, sorğunun müxtəlif növləri və tipləri mövcuddur ki, onlardan biri də məhz, internet vasitəsilə ictimai rəyin öyrənilməsidir. Amma növ və tiplərinin fərqinə baxmayaraq, bütün sorğuların, sosioloji araşdırmaların başlıca hədəfi obyektiv şəkildə ictimai fikri öyrənmək və onu təhrifsiz şəkildə insanların diqqətinə çatdırmaq olmalıdır. Sorğu aparan şəxs və ya təşkilat ortaya qoyduğu nəticə ilə cəmiyyət qarşısında böyük məsuliyyət daşıyır. Burada həm insanların iradəsi təhrif oluna, həm də bir sıra qüvvələrin imicinə zərər vurula bilər. Belə halların nəticəsində isə ya məhkəmə prosesləri başlanmalı, ya da ki, sorğunu aparan təşkilat məsuliyyətsiz iş gördüyünü etiraf edərək, təkzib verməlidir...
“www.azadlıq.org” saytında aparılan sorğuya gəlincə, sayta daxil olarkən, elə ilk andan diqqətimizi bir cümlə çəkdi. Sorğunun aşağı hissəsində yazılmışdı: “Bu, elmi sorğu deyil və yalnız orada iştirak edən internet istifadəçilərinin mövqeyini əks etdirir”.
Bu fikirdən artıq görünür ki, saytda aparılan sorğu heç bir elmi-təcrübi əsasa söykənmir və onun nəticələri heç şübhəsiz qeyri-obyektiv olacaq. Yəni, bununla da, sorğunu aparan təşkilat nəticələrə görə, məsuliyyət daşımadığını şüuraltı olaraq, ifadə etmiş olur. Amma bu məqamın üzərindən keçərək aparılan sorğunu qısamüddətli müşahidə etdik və nəticədə sorğunun keçirilməsi ilə bağlı ciddi saxtakarlıqları üzə çıxardıq.
Birincisi, sorğunu aparan təşkilat 3 cavab versiyası ortaya qoymaqla, faiz nisbətinin hesablanmasını düzgün həyata keçirmir. Yəni, eyni zamanda, səsvermədə bir neçə nəfər iştirak edərək, səs verdikdə, səslərin hesablanması müəyyən olmayan tərzdə aparılır. Məsələn, 2 nəfər, eyni zamanda, “bitərəf” cavabına səs verdikdə, birinci cavabdan faiz azalır, bunun əvəzində isə həm ikinci, həm də üçüncü cavabların faizləri artır.
İkincisi, verilən hər səsə görə, faiz nisbətinin necə aparıldığı da bəlli deyil. Müşahidələrimiz zamanı bir fakt da ortaya çıxdı: sorğuda “bitərəf” və ya “müxalifət” cavablarına 1 səs veriləndə, onların faiz nisbəti 0,1 faiz dəyişir. Amma, elə vaxtlar olur ki, səslərin sayında artım olanda, cavabların faiz nisbətində heç bir dəyişiklik olmur.
üçüncüsü, cavabların yalnız faizlərlə ölçülməsi məsələsi də diqqət çəkir. Əslində, mühüm siyasi kampaniyalar ərəfəsində bu cür sorğular zamanı, nəticələrin say şəklində aparılması daha məqsədəuyğun olur. çünki səs verən şəxs onun səsinin qeydə alındığını bilmək istəyir. Amma “www.azadlıq.org” saytında aparılan sorğuda cavabların faizlərlə göstərilməsi bir daha qeyri-obyektiv mövqedən xəbər verir.
Dördüncüsü, səsvermə zamanı böyük səs itkiləri olur. Qeyd etdiyimiz kimi, səslərin hesablanmasında saylardan istifadə edilməməsi, şəffaflığa mane olur. Sorğuda iştirak etmiş insanlar verdikləri səsin qeydə alınıb-alınmadığını bilmirlər. Ona görə də, bu cür səsvermədə böyük səs itkiləri olur.
Beşincisi, səslərin sayılmasında “karusel” variantı işləyir. Apardığımız müşahidələr zamanı bir fakt da aydın oldu ki, sorğunu keçirən təşkilat “karusel” mexanizmindən istifadə edir. Belə ki, müəyyən səsvermə həddindən sonra nəticə təkrar-təkrar 22-55-23 kimi olur. Yəni, avtomatlaşdırılmış şəkildə səslərin verilməsindən sonra müəyyən artma və azalmalar müşahidə olunsa da, nəticə yenidən eyni həddə yaxınlaşır.
Altıncısı, səslərin məqsədyönlü şəkildə paylaşdırılması aparılır. Bu sorğuda, eyni zamanda, səslərin verilməsinə və faiz bölgüsünə bilərəkdən müdaxilələr edilir.
Yeddincisi, bütün bunların məntiqi nəticəsi olaraq, demək olar ki, səsvermədən asılı olmayaraq, faizlərin pay bölgüsünə nəzarət edilir.
Ən nəhayət, müşahidə apardığımız müddət ərzində qəribə bir halla da qarşılaşdıq. Daha doğrusu, səslərin sayının artımı nəticəsində faiz nisbətlərinin düzgün bölüşdürülməməsi diqqətimizi cəlb etdi.
Məsələn, təqdim etdiyimiz şəkillərdən də gördüyünüz kimi, (bu şəkilləri müşahidə apardığımız müddət ərzində müxtəlif zaman kəsiyində kompüterin yaddaşına köçürmüşük) sorğunun nəticələrinə kobud şəkildə müdaxilə olunur və yekunda səhvlərə yol verilib. Yəni, müşahidə apardığımız müddət ərzində faiz bölgüsünün ümumi nəticəsi bəzən 99,9 faiz, bəzən də 100,1 faiz olurdu.
Bir sözlə, təkcə bu faktın özü bir daha göstərir ki, “www.azadlıq.org” saytında aparılan sorğu Azərbaycanda seçkiqabağı atmosferi bulandırmaq və ictimai fikirdə yanlış rəy yaratmaq məqsədilə hansısa qərəzli dairələrin siyasi sifarişinin nəticəsidir.
Azərbaycan ictimaiyyətinin hansı siyasi qüvvəni dəstəklədiyini seçkilər müəyyənləşdirir
Əslində, istər sorğunu aparanların, istərsə də radikal müxalifətin əsassız iddialarına dəstək ola biləcək bu cür qeyri-şəffaf sorğunun hazırlanmasını sifariş edən daxili və xarici maraqlı qüvvələrin nə istədikləri bəllidir. Yəni, onlar bundan əvvəlki bütün seçkilər kimi, noyabrın 7-də baş tutacaq parlament seçkilərinin də şəffaf, demokratik və beynəlxalq normalara uyğun şəkildə keçiriləcəyini yaxşı bilirlər. çünki Azərbaycan hakimiyyətinin seçkilərin demokratik keçirilməsi istiqamətindəki siyasi iradəsi ortadadır. Bu ilki parlament seçkilərini daha ədalətli, daha şəffaf keçirmək üçün bütün əsaslar var. Azərbaycanın Seçki Məcəlləsində hər bir qurumun vəzifələri qoyulub, həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçki proseslərinin ədalətli keçirilməsi ilə bağlı yerli icra hakimiyyətlərinin qarşısına vəzifə qoyan xüsusi bir Sərəncamı var. Prezident Adminstirasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun bir neçə gün öncə jurnalistlərə açıqlamasında da qeyd etdiyi kimi, seçki proseslərinə qeyri-qanuni müdaxiləyə cəhd göstərən istənilən məmur, dövlət qulluqçusu həm Seçki Məcəlləsinə, həm də Prezidentin müvafiq Sərəncamına uyğun olaraq cəzalandırılacaq.
Bu qüvvələr onu da yaxşı bilirlər ki, saxta, qeyri-şəffaf sorğularla şişirtməyə çalışdıqları müxalifət qüvvələrinin xalq, seçicilər arasında heç bir imici və dəstəyi yoxdur. Və fəaliyyətini yalnız xaricdən aldıqları sifarişlər əsasında və Azərbaycan dövlətinin imicinə zərbə vurulmasına hesablanmış əməllər üzərində quran müxalifət qüvvələrinin bu cür şəffaf və demokratik şəraitdə keçiriləcək seçkilərdə qələbə qazanmaq imkanı sıfıra bərabərdir.
çünki əvvəla, yuxarıda da qeyd etdiyimiz kimi, müxalifət qüvvələri seçki prosesində xalqın deyil, xarici havadarların dəstəyinə arxalanır ki, bu da onların məğlubiyyətini şərtləndirən başlıca amildir. Yəni, seçicilər ölkəsinin maraqlarını xaricdən gələn mənşəyi bəlli olmayan pullara qurban verənlərin namizədlərini birmənalı şəkildə dəstəkləmir.
O da başqa bir həqiqətdir ki, bu cür sorğular Azərbaycanda siyasi partiyalara olan ictimai dəstəyi müəyyənləşdirməyə xidmət etmir. Bu dəstəyin əsl və ən real göstəricisi ölkəmizdə keçirilən müxtəlif seçkilərdir ki, onların da nəticələri hamıya bəllidir.
Beləliklə, bu sadalananları yaxından dərk və müşahidə edən, həmçinin, Azərbaycanla sabitliyin, inkişafın və tərəqqinin olmasını arzulamayan maraqlı qüvvələr çıxış yolunu yalançı sorğularda görürlər. Necə ki, bunu “www.azadlıq.org” həyata keçirir. Bu cür saxta, qeyri-şəffaf sorğular yalnız bir məqsədə hesablanıb. Artıq uduzacaqları bəri başdan bəlli olan müxalifət qüvvələrinin noyabrın 7-də keçiriləcək parlament seçkilərində üzləşəcəkləri məğlubiyyəti sığortalamağa və yalançı hay-küy üçün “əsas” yaratmağa. Lakin istər sözügedən radionun, istərsə də ölkəmizin inkişafında maraqlı olmayan digər qüvvələrin cəhdləri nəticəsiz tamamlanacaq. çünki Azərbaycan cəmiyyəti müasir qlobal prosesləri yaxından izləyir, qərəzli dairələrin ölkəmizə qarşı hansı münasibətdə olduğunu gözəl dərk edir və hökumətin məqsədyönlü, praqmatik siyasətinin nəticələrini yaxşı mənada öz həyatında hiss edərək, bu siyasəti birmənalı şəkildə dəstəkləyir. Ona görə də, həmin qərəzli dairələrin bu cür cəhdləri heç bir halda baş tutmayacaq.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

Paylaş:
Baxılıb: 1070 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30