Rasionallığın və qeyri-rasionallığın sistemli təhlili
26.10.2010 [00:46]
İri həcmli monoqrafiya bir-biri ilə bağlı məsələləri ehtiva edən uğurlu plan əsasında yazılmış və mündəricatın ehtiva etdiyi problemlər silsiləsi rasionallıq, qeyri-rasionallıq və irrasionallıq məsələlərindən tutmuş sinergetikayadək mürəkkəb, bəzən də tədqiq edilməmiş məsələlərin araşdırılması ilə başa çatdırılmışdır.
Monoqrafiyanın başlanğıc mərhələsini təşkil edən “ön söz” haqqında bir neçə kəlmə demək istərdik. Monoqrafiyanın intellektual dünyasına giriş “Kitab niyə yazıldı?” başlığı altında verilmiş qısa və lakonik şərhlə başlanır. Bir çox hallarda böyük həcmli girişlə başlanan kitablardan fərqli olaraq haqqında rəy söylədiyimiz monoqrafiyanın cəmisi dörd səhifədən ibarət giriş hissəsi mövzunun aktuallığını və müasir elmi idrak üçün əhəmiyyətini aydın şəkildə açıqlayaraq başlıqda qoyulan sualı belə cavablandırır: monoqrafiya ona görə yazılmışdır ki, əvvəla rasionallıq və qeyri-rasionallıq anlayışları özlərinin mürəkkəbliyi ucbatından fəlsəfi tədqiqatlara nüfuz etməmiş problemlərdəndir, ikincisi, elmi-fəlsəfi ədəbiyyatda anlayışların münasibətində yol verilən dolaşıqlığı qismən də olsa, aradan qaldırmaq məqsədilə rasionallıq, qeyri-rasionallıq və irrasionallıq anlayışlarının qarşılıqlı münasibətinin aydınlaşdırılması mühüm elmi əhəmiyyət daşıyır.
Monoqrafiyanın “İnsanın mənəvi dünyası elmin güzgüsündə” adlı fəsli yaxşı düşünülmüş kompozisiya əsasında yazılmış, fəslin ayrı-ayrı bölmələrində psixika, şüuri, qeyri-şüuri anlayışlarının məntiqi - qnoseoloji təhlili verilmiş, insan psixikasında şüuri və qeyri-şüurinin nisbəti problemi freydizm konsepsiyası kontekstində dərin təhlil edilmiş, rasionallıq və qeyri-rasionallıq anlayışlarının mahiyyəti açıqlanmaqla rasionallığın tarixi tipləri öyrənilmişdir.
Tədqiq olunan problematika üzrə aparılan tədqiqatlarda rasionallıq, qeyri-rasionallıq və irrasionallıq anlayışlarının birmənalı xarakteristikalarının verilməməsi bir çox hallarda qeyri-rasionallıq və irrasionallıq anlayışlarının sinonim anlayışlar kimi işlədilməsinə və bu mənada onların eyniləşdirilməsinə səbəb olur. Belə bir eyniləşdirməyə ehtiyatla yanaşan müəlliflərin araşdırmaları həmin anlayışların mənasını dəqiqləşdirməyə və bu baxımdan onların insan psixikasındakı fəza mövqeyini düzgün müəyyənləşdirməyə imkan vermişdir.
Fikrimizcə, fəslin ortaya qoyduğu məziyyətlərdən biri də rasionallıq anlayışının amorf anlayış kimi deyil, mürəkkəb struktura və müxtəlif təzahür formalarına malik fenomen kimi tədqiq edilməsidir. Bu baxımdan monoqrafiyada rasionallığın fəaliyyət, bilik metod formalarının fərqləndirilməsi müəlliflərin uğurlu tapıntılarından biridir. Əsərdə rasionallığın tarixi tiplərinin də fərqləndirilməsi və onların klassik, qeyri-klassik və postqeyri-klassik rasionallıqlar kimi təsnif edilməsi də, fikrimizcə müəlliflərin tədqiqat obyektinə yaradıcı münasibətinin göstəricisi kimi qəbul edilə bilər.
Fikrimizcə, monoqrafiyada elmi idrak əm
əliyyatlarının onun ruhuna və müəlliflərin düşüncə tərzinə uyğun olaraq rasional və qeyri-rasional əməliyyatlar kimi qruplaşdırılması, rasional əməliyyatların təsvir, izahat, anlama timsalında, qeyri-rasional idrakı əməliyyatların isə yaradıcılıq və intuisiya timsalında tədqiq olunması uğurlu sayıla bilər. Bununla əlaqədar olaraq biz intuisiya problemi haqqında mülahizələrimizi söyləmək istəyirik.
İntuisiya fəlsəfi tədqiqatlarda mühüm əhəmiyyət kəsb edən şüuraltı prosesdir. Bu problem respublikamızda az tədqiq olunmuşdur. İnsan psixikası özünün bütün çalarları ilə elmi tədqiqatın diqqətini çəksə də, bir sıra obyektiv və subyektiv səbəblər üzündən intuisiya problemi öyrənilməmiş qalmış, filosof və psixoloqlarımız bu maraqlı, lakin mürəkkəb problemin üzərindən sükutla keçmişlər. Buna görə də, monoqrafiyanın müəllifləri hələ də qalmaqda olan bu ənənəni pozaraq onun heç də kiçik görünməyən ayrıca bir bölməsini “İntuisiya: reallıq və möcüzələr aləmi” başlığı altında insan ruhunu daima düşündürən intuisiya probleminin tədqiqinə, bu mənəvi fenomenin fəlsəfi-psixoloji aspektlərinin açıqlanmasına, intuisiyanın dünyanın dərki prosesində roluna və əhəmiyyətinin aydınlaşdırılmasına həsr etmişlər. İntuisiya problemi üzrə aparılan tədqiqatdan alınan yekun nəticə monoqrafiyada belə ifadə olunmuşdur: intuisiya meydana gəlməsi hələlik bizə məlum olmayan və psixikanın şüuraltı fəzasında məskunlaşan hisslərdən çıxarılan şüuraltı əqli nəticədir.
Monoqrafiyanın yazılmasında yalnız epistemologiya və qnoseologiyanın deyil, həmçinin, təbiətşünaslığın da materiallarından geniş istifadə olunmuşdur. Bu da təbiidir, belə ki, rasionallıq və qeyri-rasionallıq yalnız ictimai-humanitar biliklər sahəsində deyil, həm də təbii-elmi biliklər fəzasında təsir göstərir. Bu qənaətdən çıxış edən müəlliflər monoqrafiyanın “Təbiətşünaslığın inkişaf mərhələləri və elmi rasionallıq” adlanan fəslində təbiətşünaslıqda elmi rasionallığın təzahürünü, onun tarixi tiplərini və bu tiplərin təkamülü gedişində idrakda obyekt, subyekt və idrak vasitələrinin rolunun dəyişməsini və bunun elmi rasionallığın tiplərinə təsirini izləmişlər.
Monoqrafiyanın ayrıca bir fəslində epistemologiyada elmi rasionallığın təzahürünün spesifikası, elmi idrakın xarakteristikası, elmi biliyin inkişaf dinamikası, empirik və nəzəri biliyin nisbəti və vəhdəti məsələləri araşdırılmış və əldə edilmiş nəticələr aydın və yığcam şəkildə şərh olunmuşdur.
Monoqrafiyanın rasionallığın strukturuna və inkişaf etdirilməsi prinsiplərinin təhlilinə həsr olunmuş “Elmi-rasionallığın məntiqi strukturu və inkişaf prinsipləri” fəsli də problem haqqında deyilən yeni söz baxımından maraq doğurur. Bu məsələlər içərisində respublikamızda az tədqiq olunmuş verifikasiya, falsifikasiya və Kunun paradaqmalar konsepsiyasının rasionallıq kontekstində tədqiqini ayrıca qeyd etmək istərdik. Bu prinsiplərin rasionallığının tədqiqinin əhəmiyyəti, hər şeydən əvvəl, ondadır ki, müəlliflər bu prinsiplərin müxtəlif ipostasiyalarına müraciət etməklə marksist fəlsəfədə uzun illər ərzində elmi-tədqiqatlara qatılmayan müasir Qərb fəlsəfəsinin metodoloji prinsiplərini elmi- tədqiqat sferasına cəlb etməklə filosoflara metodoloji prinsiplərdən seçim etməyə imkan yaratmışdır.
Məlumdur ki, müasir elmi fəlsəfənin paradiqmalarından və universal metodlarından biri sistem-struktur yanaşma əməliyyatıdır. Təsadüfi deyil ki, müasir dövrdə materiyanın və bütövlükdə varlığın təşkili haqqında elmi təsəvvürlərin əsasını ixtiyarı maddi obyektə elementlərdən və strukturdan təşkil olunan törəmə kimi baxan sistemlilik prinsipi təşkil edir. Haqqında rəy söylədiyimiz monoqrafiyanın səkkizinci fəslində postqeyri-klassik rasionallığın əsas paradiqmalarından biri kimi təqdim olunan sistemli yanaşmanın elmi rasionallıqla əlaqəsi, mahiyyəti, qnoseoloji imkanları, səciyyəvi cəhətləri və paradiqmal keyfiyyəti təhlil edilmişdir.
Monoqrafiyanın sonuncu fəsli isə keçən əsrin 70-ci illərində alman alimi G.Haken və belçika alimi İ.Priqojin tərəfindən yaradılmış sinergetika elmlərarası istiqamətin rasionallıq ilə əlaqəsinin tədqiqinə həsr edilmişdir.
Müəlliflərin tədqiq etdikləri problemlə bağlı olaraq mürəkkəb, özünü təşkiledən, açıq, qeyri-xətti, dissipativ sistemlərin inkişaf qanunauyğunluqlarını öyrənən sinergetik konsepsiyaya müraciət etmələri təsadüfi olmayıb, bununla bağlıdır ki, sinergetika insanın yalnız təbiətlə yeni dialoqu olmayıb, eyni zamanda, postqeyri-klassik rasionallığın yüksək zirvəsi, inteqrativ fikrin yeni nümunəsi, qeyri-xətti təfəkkürün qərarlaşmasının və şüurun qloballaşmasının qabarıq ifadəsidir. Monoqrafiyada rasional biliyin ən yeni nümunəsi kimi təhlil olunan sinergetika fəlsəfi prizmadan yeni paradaqma, yeni nəzəriyyə, yeni dünyagörüşü, yeni ideologiya, yeni metodologiya kimi səciyyələndirilərək özünütəşkiletmə proseslərinin fizikada, biologiyada və kimyada konkret təzahür formaları öyrənilmiş və bu sahədə qazanılmış elmi yeniliklərin fəlsəfi dəyərləri açıqlanmışdır.
Monoqrafiyanın həcmi böyük olsa da, oxucunu yormur, maraqla oxunur, burada epistemologiyanın az tədqiq olunmuş problemlərinə həsr edilmiş fəsillər müəyyən ardıcıllıqla düzülərək bir-birini tamamlayır və bütövlükdə rasionallıq və qeyri-rasionallıq haqqında sinkretik bilik yaradaraq oxucuya yeni və maraqlı məlumatlar verir. Monoqrafiya istər problemin qoyuluşu, istər tədqiqatın nəticələri və yenilikləri, istər şərh üslubu, dil zənginliyi, məzmun bütövlüyü, istərsə də elmi aparatının mükəmməlliyi etibarilə ən yüksək qiymətə layiqdir. Monoqrafiya fəlsəfənin işlənməmiş bir problemi üzrə müəlliflərin elmə dəyərli töhfəsidir.
Monoqrafiyanın elmi məziyyətlərini açıqlamaqla yanaşı, ona ünvanladığımız bəzi irad və təklifləri də söyləməyi vacib bilirik. Əvvəla, monoqrafiyanın ayrıca bir fəsli rasional idrakın metodologiyasına həsr olunduğu halda, onda qeyri-rasional idrakın metodologiyasına toxunulmamışdır. Elə düşünürük ki, bu məsələlərin tədqiqatda özünə yer alması onu daha da zənginləşdirərdi.
İkincisi, monoqrafiyada təbiətə sinergetik yanaşma fizika, biologiya və kimyanın materialları əsasında reallaşdırılsa da, onda cəmiyyətə və təfəkkürə sinergetik yanaşma özünə yer almamışdır.
Düşünürük ki, göstərilən nöqsanlara baxmayaraq, “Rasionallıq və qeyri-rasionallıq” fəlsəfi-metodoloji kontekst mövzusunda yazılmış monoqrafiya fundamental tədqiqat əsəri olub ixtisasından aslı olmayaraq hər bir elm adamı üçün əhəmiyyətli mənbə olacaqdır. Belə ki, fəlsəfə yalnız filosofların deyil, bütün düşünən beyinlərin intellektual mülkiyyətidir.
Həmid İMANOV,
Əməkdar elm xadimi, BDU-nun humanitar fakultələr üzrə fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02

