Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rauf Arifoğlu seçilməsə, yenidən ixtişaşlar törədəcək?

Rauf Arifoğlu seçilməsə, yenidən ixtişaşlar törədəcək?

28.10.2010 [09:20]

Və ya “Yeni Müsavat” qəzetinin baş redaktoru müsahibəsində nəyə işarə edir?
Son illər keçirilən bütün siyasi kampaniyalar, o cümlədən seçkilər göstərir ki, siyasi qüvvələr daha təmkinli davranmağa, praqmatik olmağa, mövcud reallıqlardan çıxış etməyə, ən başlıcası isə, çəkişmələrdə, polemikalarda etiket normalarına ciddi əməl etməyə çalışırlar.
Noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərin gedişi də göstərir ki, bəzi istisnalar olmaqla, əksər dairələrdə rəqiblər sivil mübarizə tərəfdarıdırlar. Təəsüflər olsun ki, bu səpkidə istisna təşkil edən dairələrdən biri, əvvəldən də ehtimal olunduğu kimi, 25 saylı Nizami ikinci seçki dairəsidir. Əslində dairədən namizədliyi qeydə alınmış yeddi namizəddən altısı öz seçki platformasını yerinə yetirir, təbliğat və təşviqat işlərini aparır, hər kəs öz resusrlarını səfərbər edərək Milli Məclisə seçilmək üçün var qüvvəsi ilə çalışır. Heç bir namizəd rəqibinə ləkə yaxmaq, onu aşağılamaq cəhdində bulunmayıb. Yalnız Rauf Arifoğlu, proqnozlaşdırıldığı kimi, istisna mövqe nümayiş etdirir.
Əvvəldən Yeni Azərbaycan Partiyasının namizədinin imkanlarını dəyərləndirən R.Arifoğlu seçkilərin ilk günlərində azacıq gərginliklə müşayət olunan dözümlülük nümayiş etdirsə də, son günlər özünəməxsus aqresivliklə rəqiblərini şantaj etmək, bütün mümkün vasitələrlə ləkə yaxmaq, nəticədə onların şanslarını minimuma endirmək vərdişini çılpaqlıqla ortaya qoyub. Rauf Arifoğlu “Yeni Müsavat” qəzetinin 22 oktyabr 2010-cu il tarixli nömrəsində “Artıq seçkinin nəticəsini həll etmişik” başlıqlı müsahibəsində gələcək planlarını, Milli Məclisə seçilməyəcəyi halda nələrə əl ata biləcəyinin də anonsunu verib.
Təbliğat kampaniyasının başlandığı gündən cəmisi bir həftə keçəndən sonra “seçkinin nəticəsini həll etmişik” deməklə o, digər rəqiblərini və xüsusilə seçiciləri şantaj etməyə başlayıb. “100 faiz demək doğru olmaz, bizim üçün 95-96 faizlik bir nəticə görürük. Elə bir vətəndaş, seçici yoxdur ki, mənim namizədliyimdən narazılığını bildirsin...2700-dən çox seçici ilə şəxsən özüm görüşmüşəm. İndiyə qədər heç bir neqativ, mənfi münasibətin şahidi olmamışıq”, - bu sözlər Rauf Arifoğlunun müsahibəsindəndir.
Qeyd edək ki, 2700 seçici Nizami rayon ikinci seçki dairəsinin 42000 seçicisinin 6,4 faizini təşkil edir. Əgər inansaq ki, o, doğurdan da 2700 seçici ilə görüşüb (və onları bir-bir sayıb?!) bu adi bir arifmetika onun dediklərini alt-üst edir. Seçicilərin 6,4 faizinin münasibətini dairə seçicilərinin 95-96 faizinin rəyi kimi ictimai rəyə sırımağı, baş redaktor, yəqin ki, Qərbin icad etdiyi, kütlə psixologiyasına hesablanmış seçki texnologiyası kimi əhəmiyyətli hesab edir...
2010-cu ilin oktyabrında “Artıq seçkinin nəticəsini həll etmişik” deyən Rauf Arifoğlu daha çox 2003-cü ilin oktyabrında “bir çox beynəlxalq qüvvələr, Türkiyə iqtidarı, dövlətin güc strukturlarının böyük əksəriyyəti, seçicilərin 90 faizi İsa Qəmbərinin namizədliyini dəstəkləyir, qələbəsini qəbul edir” deyərək qeyri-itaətkar qrupları küçələrə çıxaran, ixtişaşlar törədən, uşaqlı qadınları, qocaları tapdaqlar altında qoyub Norveç səfirliyində gizlənən Rauf Arifoğluna daha çox bənzəyir. Görünür, 2003-cü ildə baş verənlərdən nəticə çıxarmaq Rauf Arifoğluluq deyil. “Fikrini dəyişməyən yalnız ölülər və dəlilərdir” misalı da onluq deyil. Hərçənd bəzi məsələlərdə baş redaktor hamının gözü qabağında öz mövqeyini 180 dərəcə dəyişə bilib.
20-ci əsrin ən böyük siyasətçilərindən olan Ulu öndər Heydər Əliyev ağır xəstə olanda onun haqqında insanlığa, müsəlmanlığa, türklüyə yaraşmayan nalayiq yazılar yazan və yazdıran, bunlara görə Prezident İlham Əliyevin ciddi qınağı ilə üzləşən baş redaktor indi nədənsə, böyük məmnuniyyətlə dövlət başçısı cənab İlham Əliyevin, Mehriban xanımın görüşləri, keçirdiyi tədbirlər haqqında məlumatları qəzetinin ön səhifələrində, İsa Qəmbər haqqında olan məlumatlardan da öndə verir.
Əlbəttə, bu özülüyündə təqdir olunası bir haldır. Ancaq bu cür ciddi mövqe dəyişikliyi özünü siyasətçi adlandıran biri üçün siyasi intihardır. Belə siyasi sürüşkənliyi azərbaycanlı mentaliteti qəbul edə bilmir, elə seçicilər də...
Bu adam hər şeyi, hər kəsi öz məqsədinə çatmaq üçün vasitə etdiyini dəfələrlə sübut edib. Ən yaxın silahdaşlarını, dost dediklərini şantaj etmək məqsədinə çatmaq üçün onu ən sevimli priyomudur. Hər seçkidən, partiya qurultayından qabaq “bu İsa Qəmbərin sonuncu şansıdır” deyə partiyanı parçalamaqla hədələyən Arifoğlunun özünə başqan müavini postunu əldə etdiyi hamının yadındadır. İndi də “əgər kimsə saxtalaşdırmaya gedəcəksə mən bu faktları biləcəm və həmin insanları şəxsimin və millətimin düşmənı sayacam”, - deyərək seçiciləri hədələyir, mandat istəyir.
“AXCP-Müsavat” seçki blokunun vahid namizədi olsa da, hər iki partiyada sevilmədiyini Rauf Arifoğlu gözəl bilir. Azacıq öncə “AXCP-Musavat” blokunda namizədliyi razılaşdırılmayan 2-3 nəfərdən biri məhz Arifoğlu idi. Bu partiyaların rəhbərliyində, sıravi heyəti arasında onun vahid namizəd olmasını istəməyənlərin sayı böyük əksəriyyət təşkil edirdi. çünki hər iki qurumun rəhbərliyi də, siravi üzvləri də bu adamın etibarsızlığını, insanlara qarşı münasibətini öz maraqlarına uyğun olaraq müəyyənləşdirdiyini dəfələrlə şahidi olublar. Sonda baş redaktorun vahid namizəd kimi razılaşdırılmasının hansı şərtlər altında mümkün olduğunu özü hamıdan yaxşı bilir.
Təmsil olunduğu seçki blokunda nüfüzuna görə ən axırıncı simalardan biri olan Rauf Arifoğlunun elektoratına, siyasi resurslarına görə müqayisə olunmayan Yeni Azərbaycan Partiyasının namizədini seçkilərin keçirilməsinə hələ iki həftə qalmış məğlub etdiyini deməsi hansı məntiqə sığır?
Əslində, “kimsə saxtalaşdırmağa gedəcəksə mən bunları biləcəm və həmin insanları düşmən sayacam” deyən Rauf Arifoğlu seçiciləri qorxu altında saxlamağa çalışır. Heç bir saxtalaşdırılmağa lüzum olmayacığını dəqiq bilən Rauf Arifoğlu ona səs vermək istəməyənlərə barmaq sirkələyir. “Mən biləcəm”, “düşmən sayacam”, “... siyahısını Yeni Müsavat qəzetində dərc edəcəyik” və s. bütün bunların hamısı seçicini şantaj etmək, qorxu altına almaq deyilmi? Bütün bunlar cinayət məsuliyyəti doğurmurmu?
Nizami rayonunun sakinlərinin böyük əksəriyyətinin neft sənayesində çalışdığını, neftçilərin bu rayonda kompakt yaşadığını, ARDNŞ prezidenti Rövnəq Abdullayevin neftçilər arasında populyarlığını yaxşı bilən Rauf Arifoğlu onu da əbəs yerə hədəfə götürməyib. “Bu arada mənimlə bağlı kim nə edəcəksə aydın məsələdir ki, Rövnəq müəllimə çox yaxın olan Sədaqət xanım üçün edəcək. Deməli bütün prosesin arxasında duran Rövnəq Abdullayevdir...cavabını Rövnəq müəllimə verəcəyik- bir başqasına yox”, - bunları da Yeni Müsavatın baş redaktoru söyləyir. Daha doğrusu ARDNŞ prezidentini şantaj edir. O, istəyir ki, YAP-ın siyasi elitasında təmsil olunan bu şəxs partiyanın namizədini müdafiə etməsin. O, istəyir ki, ARDNŞ prezidenti öz işçilərini rəqib düşərgənin namizədini dəstəkləməyə dəvət etsin. O, istəyir ki, illər uzunu bu rayonda yaşamış, fəalliyət göztərmiş, rayon üçün, onun əhalisi üçün işlər görmüş, nüfuz qazanmış bir şəxs öz nüfuzunu onu qəzetində illər uzunu mənəvi terrora, şantaja məruz qoyan birisinə xərcləsin... Yaxşı olmazdımı ki, deputatlığa namizədlər həkim müayinəsindən keçsin və sağlamlıq haqqında arayışını namizədlərdən tələb olunan digər sənədlərin siyahısına əlavə etsin?
Tirajının sayı ölkə əhalisinin cəmisi 0,14 faizini təşkil edən qəzet sahibi onu ədalı vurğu ilə “Qafqazın ən böyük qəzeti” adlandıraraq rəqibini “Azərbaycanda mümkün ola biləcək ən ciddi və ən çətin rəqib” kimi hədələyir. Rəqib düşərgənin seşki ilə bağlı etdiklərinin hamısını özünə qarşı(?!) kampaniya kimi dəyərləndirən, “əlimizdə sübutlar, faktlar var” deyən baş redaktorun məntiqindən belə çıxır kı, ondan başqa bütün namizədlər susub dayanmalı, təbliğat, əks-təbliğat aparmamalıdırlar. Yaxud namizədlər nüfuzu, populyarlığı olan yaxınlarının yardımından imtina etməlidirlər... Axı, kiminsə öz yaxın adamına dəstək verməsinin, çevrəsində onun təbliğatını aparmasının, yaxud qanuni yollarla onun namizədliyini dəstəkləməsinin Cinayət Məcəlləsinə və ...Rauf Arifoğluna nə dəxli var?
... Sübutlara və faktlara gəlincə isə “Yeni Müsavat”ın baş redaktoru onları internet portallarından yığışdırsa, daha yaxşı olar. Bir də Rövnəq Abdullayevə müraciətlə “adamlarının ipini yığsın bir az” deyən Rauf Arifoğlu bilsin ki, səsinə möhtac olduğu insanları - seçiciləri bu cür təhqir etməklə ona səs vermək istəyən 5-6 nəfərin də etibarını itirə bilər.
Son olaraq baş redaktora xatırladırıq ki, hazırda 2010-cu ildir. 2003-cü ilin abu-havası ilə yaşamaqla, 2003-cü ilin “seçki texnologiyalarını” tətbiq etməklə Milli Məclisə getmək olmaz. Bu dəfə bəlkə də anonsunu vermək istədiyi ixtişaşlar da olmayacaq. çünki 2003-cü ildə onun siyasi bleflərinə inanan bir neçə nəfər var idisə də, indi onlar başına gələnlərin səbəbkarı kimi, ya Rauf Arifoğluna nifrət edirlər, ya da bir kənara çəkilərək ailələrinə çörək pulu qazanmaqla məşğuldurlar.
Baş redakrorun özü-özünə verdiyi müsahibəsində isə yalnız bir ifadəsi həqiqəti əks etdirir. O, özünü mümkün ola biləcək ən çətin rəqib adlandırır. Doğurdan da, çətin rəqibdir-çox çətin islah olunur...
Selcan NOVRUZOVA

Paylaş:
Baxılıb: 936 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30