Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nərimanov rayonunda seçicilərən layiqli namizədə səs verdilər

Nərimanov rayonunda seçicilərən layiqli namizədə səs verdilər

08.11.2010 [09:45]

19 saylı Nərimanov birinci seçki dairəsi üzrə səsvermə qanunauyğun şəkildə keçirilib
7 noyabr parlament seçkiləri demokratik və şəffaf şəkildə keçirilib. Səsvermə prosesi 19 saylı Nərimanov birinci seçki dairəsində də yüksək səviyyədə həyata keçirilib. Bu dairədə parlament seçkilərinin azad və demokratik keçirilməsi istiqamətində bütün lazımi addımlar atılıb. 19 saylı Nərimanov birinci dairə seçki komissiyasının sədri Etibar Abdullayevin sözlərinə görə, dairə üzrə 31 seçki məntəqəsi fəaliyyət göstərir. Bütövlükdə dairənin 42 min 591 seçicisi var. 450 nəfər isə parlament seçkilərini müşahidə etmək üçün DSK-da qeydiyyatdan keçib. Dairə üzrə səsverməni müşahidə edənlər arasında siyasi partiyaların, QHT-lərin nümayəndələri, müstəqil şəxslər və beynəlxalq təşkilatların təmsilçiləri olublar. Onun sözlərinə görə, saat 10.00-dək seçicilərin 11,38 faizi, saat 12.00-da isə 19,79 faizi iştirak edib. Bundan əlavə, 7 saylı məntəqədə veb-kameralar quraşdırılıb. DSK sədri seçki ilə bağlı hər hansı pozuntu haqda komissiyaya məlumatın daxil olmadığını deyib. “Bir sözlə, seçkilərin azad və demokratik keçirilməsi üçün bütün addımlar atılıb” - deyə, DSK sədri bildirib.
Daha sonra İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar kollecində yerləşən 5 və 6 saylı seçki məntəqələrində prosesi müşahidə etdik. Müşahidəçi Məhbubə Məmmədova səsvermənin gedişi zamanı hər hansı qanun pozuntusunun qeydə alınmadığını bildirib: “Vətəndaşlar öz hüquqlarından sərbəst şəkildə istifadə edərək öz seçimlərini edirlər. Texniki təchizat baxımından da məntəqələr tam təmin olunub ki, bu da hansısa problemin ortaya çıxmasını istisna edir”.
Müstəqil müşahidəçi Şəlalə Heydərova seçkilərin şəffaf keçirildiyini vurğulayıb: “Hər hansı pozuntuya rast gəlmək mümkün deyil. çünki səsvermə yüksək səviyyədə təşkil olunub”.
Parlament seçkilərinin şəffaf keçirildiyini “AXCP-Müsavat” seçki blokunun müşahidəçisi Böyükağa Əhədov da etiraf edib: “Səsvermənin gedişi normaldır. Bütün məsələlər qanunvericiliyə uyğundur. Mən müşahidə etdiyim müddətdə hər hansı qanun pozuntusuna rast gəlmədim. Məntəqədə səsverməyə hazırlıq işləri də yüksək səviyyədə təşkil olunub”.
Qeyd edək ki, bu məntəqələrin həyətində “ELS” təşkilatı “exit-poll” keçirirdi. Təşkilatın nümayəndəsi Sərxan Hacıyevin sözlərinə görə, seçicilər bu prosesdə də yaxından iştirak edir.
Səsvermə prosesi 19 saylı dairənin 7 saylı məntəqəsində də normal şəkildə keçib. AVCİYA-nın nümayəndəsi Rəşad Cəfərov seçkilərin yüksək səviyyədə keçdiyini bildirib. Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda seçki təcrübəsi xeyli təkmilləşib. Bu da artıq ölkəmizin inkişaf etmiş dövlətlər sırasında olduğunu göstərir.
Bu dairənin 8 saylı məntəqəsində də seçici fəallığı yüksək idi. Məntəqə seçki komissiyasının sədri Ofelya Sadıqova məntəqə üzrə 1346 seçicinin qeydiyyatda olduğunu bildirib. O qeyd edib ki, səsvermə prosesində seçicilər fəal şəkildə iştirak edirlər. Hər hansı pozuntunun baş vermədiyini deyən məntəqə sədri bütün proseslərin çoxsaylı müşahidəçilərin gözü qarşısında baş verdiyini vurğulayıb.
19 saylı dairənin 16 saylı məntəqəsində seçici fəallığı var idi. Məntəqənin sədri Rəşad Abbasov seçici siyahılarının yüksək səviyyədə hazırlandığını bildirərək seçicilərin sərbəst şəkildə öz seçimlərini etdiyini deyib.
20 saylı məntəqə seçki komissiyasının BAXCP-dən olan üzvü Fazil Yusifov səsvermənin gedişindən razılıq ifadə edib: “Gördüyünüz kimi, seçici fəallığı çox yüksəkdir. Heç bir pozuntu yoxdur və hər kəs sərbəst şəkildə səs verir”.
24 saylı seçki məntəqəsində müşahidə aparan “AXCP-Müsavat” seçki blokunun nümayəndəsi Rübabə Fleydanlı da səsvermənin gedişində hər hansı qanun pozuntusuna rast gəlmədiyini deyib: “Müşahidələrimə əsasən deyə bilərəm ki, proses normal gedir. İnanıram ki, 19 saylı seçki dairəsi üzrə insanların etimad göstərdiyi şəxs seçiləcək”.
R.Fleydanlı səsvermə prosesinin normal getdiyini bildirərək heç bir problemin olmadığını qeyd edib.
Digər müşahidəçi SMDT təşkilatının nümayəndəsi Nərmin Tağıyeva da səsvermənin təşkilindən razılıq ifadə edib. Onun fikrincə, seçkilərin tam qanunauyğun şəkildə keçirilməsi onu göstərir ki, ölkəmizdəki seçkilər, səsvermə prosesi beynəlxalq standartlara cavab verir.
26 saylı məntəqədə olarkən isə Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidə missiyasının səsvermənin gedişini izlədiyini gördük. Missiyanın Türkiyədən olan nümayəndələri Türkiyə - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı və Türkiyə parlamentinin AKP-dən olan üzvü Yüksel Mehmet məntəqənin ümumi vəziyyəti, səsvermənin təşkili işi ilə də maraqlanırdılar. Onlar öz müşahidələri ilə bağlı təəssüratlarını qəzetimizlə bölüşdülər.
Mustafa Kabakçı bu seçkilərin Azərbaycan üçün əhəmiyyətini vurğulayıb: “TürkPA-nın nümayəndələri olaraq burdayıq. İki məsələ ilə bağlı sevinirik. Əvvəla, hər bir seçki demokratiyanın bayramı kimi qeyd olunmalıdır. Azərbaycanda oturuşmuş demokratiyanın olmasından son dərəcədə məmnunuq. Hazırda olduğumuz seçki məntəqələrində insanların sərbəst şəkildə seçim etdiklərini müşahidə etdik. Digər bir sevincimiz isə bu missiyanın TürkPA tərəfindən təşkil olunması ilə bağlıdır. TürkPA-nın fəaliyyəti sübut edir ki, bundan sonra bütün türk dilində danışan ölkələr birlikdə hərəkət etmək, demokratiyanı birlikdə gücləndirmək istiqamətində səyləri artacaq. Bütün bunlardan isə son dərəcə şadıq. Bu seçkilərlə bağlı deyə bilərəm ki, vətəndaşların fəal şəkildə bu prosesdə iştirak etdiyini və bütün məsələlərin qanunauyğun şəkildə həyata keçirildiyini müşahidə etdik. Yəni, hər hansı qayda-qanun pozuntusu görmədik. Biz bu seçkinin hər kəs üçün uğurlar gətirməsini diləyirik. Azərbaycanlı qardaşlarımızı gələcəkdə daha gözəl günlər gözlədiyini düşünürük. İnanırıq ki, Azərbaycan demokratiya istiqamətində bundan sonra da uğurlara imza atacaq”.
Yüksel Mehmet də həmkarı ilə eyni fikirləri bölüşür: “Mən Türkiyə parlamentində AKP-ni təmsil edirəm. Azərbaycanda parlament seçkilərini izləyirik. İndiyə qədər bir sıra seçki məntəqələrində müşahidələr apardıq, insanlarla söhbət etdik, yerli müşahidəçilərin mövqeyini öyrəndik. Seçki prosesi normal qaydada keçir. Mövqeyim belədir ki, qalib gələn Azərbaycan olsun. Bu seçkilərin bütün Azərbaycana xeyirlər gətirməsini arzu edirik”.
“Seçki məntəqələri səsvermə prosesinə yaxşı hazırlaşıblar. Bütün seçki məntəqələrində ab-hava normal vəziyyətdədir. Məntəqələr bütün zəruri maddi-texniki avadanlıqlarla təmin edilib”. Bu sözləri isə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Kərim Kərimov səsvermə prosesini müşahidə edərkən deyib. Onun sözlərinə görə, əsas məsələ odur ki, səsvermə prosesində seçici aktivliyi müşahidə olunur: “Saat 12.00-a qədər Nərimanov rayonunda 25 seçki məntəqəsində müşahidə aparmışam. Hər məntəqədə 2-3 seçki qutusu artıq dolmaq üzrə idi. Eyni zamanda, bütün məntəqələrdə müşahidəçilərlə söhbət etdik. Onlar da heç bir pozuntunun olmadığını dedilər. Bu faktlar göstərir ki, səsvermə prosesi normal vəziyyətdədir”.
28 saylı seçki məntəqəsi isə xeyli sayda beynəlxalq müşahidəçinin ziyarət etdiyi bir məkan idi. Belə ki, bu məntəqədə həm ATƏT-in DTİHB-nin, həm də MDB Parlament Assambleyasının nümayəndələri müşahidələr aparırdılar. MDB PA-nın müşahidə missiyasının üzvü Natalya Lyudina Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə keçdiyini bildirib: “Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsi istiqamətində vacib tədbirlər həyata keçirilib. Bu, demokratiyanın inkişafı baxımından müsbət haldır”.
O, bir sıra seçki məntəqələrini müşahidə etdiklərini və hər hansı qanun pozuntusuna rast gəlmədiklərini deyib. Həmin məntəqədə ATƏT-in DTİHB-nin iki nümayəndəsi- ABŞ-dan olan çarlz Makkey və almaniyalı Volker Vayel səsvermənin gedişini izləyirdilər. ç.Makkey 2000-ci və 2005-ci illərdə də Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etdiyini və hazırda da müşahidə missiyasının üzvü olaraq seçki prosesini izlədiyini deyib. O, seçki ilə bağlı müəyyən təəssüratlarının olduğunu bildirib. Bununla belə, müşahidəçi missiyanın hesabatının ümumiləşmiş şəkildə açıqlanacağını deyib. “Bizim müşahidələrimizlə bağlı rəyimiz əsasında ümumləşmiş rəyimiz hazırlanacaq. Həmin hesabatda mövqeyimiz əks olunacaq. 8 noyabrda Azərbaycan parlament seçkiləri ilə bağlı ATƏT DTİHB-nin müşahidə missiyasının ilkin rəyi açıqlanacaq” - deyə, beynəlxalq müşahidəçi qeyd edib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 937 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30