Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev Rumıniyada "İlin adamı" seçilib

Prezident İlham Əliyev Rumıniyada "İlin adamı" seçilib

02.12.2010 [09:36]

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin çoxşaxəli, qlobal fəaliyyəti bütün dünya liderləri və beynəlxalq təşkilatlar, xarici ölkələrin ictimaiyyəti tərəfindən təqdir olunur, xüsusi olaraq vurğulanır. Heç də təsadüfi deyil ki, dövlətimizin başçısı müxtəlif dövlətlər və təşkilatlar tərəfindən ən yüksək mükafatlara, fəxri adlara layiq görülür. Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə növbəti yüksək qiymət Rumıniya ictimaiyyəti tərəfindən verilib. Belə ki, dövlətimizin başçısı Cənub-Şərqi Avropanın, eləcə də, Rumıniyanın nüfuzlu “Balcanii şi Europa” (“Balkanlar və Avropa”) jurnalı tərəfindən “İlin adamı-2010” mükafatına layiq görülüb. Siyasi, iqtisadi, sosial, mədəni sahələrdə xüsusi çəkiyə malik olan şəxsiyyətlərdən və ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrindən, müstəqil ekspertlərdən ibarət münsiflər heyəti bu addımını Azərbaycan Prezidentinin siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əldə etdiyi uğurlarla, Rumıniya-Azərbaycan əlaqələrinin, hər iki xalqın və geniş Xəzər və Qara dəniz bölgələrinin tərəqqisinə göstərdiyi xüsusi diqqətlə əsaslandırıb, regionun və eyni zamanda, gələcəkdə Qərbi Avropanın enerji problemlərinin səmərəli həllinə gətirib çıxaracaq AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İnterkonnektoru) layihəsinin buna bariz nümunə olduğunu xüsusi qeyd ediblər. Təbii ki, bu hadisə, dövlətimizin başçısının belə yüksək adlara layiq görülməsi hər bir vətəndaşımız üçün böyük fəxrdir, qürur mənbəyidir. Bu, həm də Azərbaycan dövlətinə, onun xalqına yüksək hörmətin ifadəsidir. Ona görə də, bu qərarın qəbul olunmasını, 2010-cu ildə məhz Azərbaycan dövlətinin başçısının “İlin adamı” elan olunmasını zəruri edən şərtlərə yenidən nəzər salmaq, ölkəmizin dünya siyasi arenasında tutduğu yeri daha dəqiq müəyyənləşdirmək üçün əhatəli təhlillər aparmaq olduqca vacibdir.
Sıfır nöqtəsindən inkişafın zirvəsinə...
Sirr deyil ki, 1990-cı illərin əvvəlində mürəkkəb geosiyasi situasiyanın fonunda müstəqillik əldə etmiş Azərbaycan beynəlxalq münasibətlər sistemində olduqca ciddi strateji seçim qarşısında idi. Belə ki, beynəlxalq hüququn və beynəlxalq münasibətlər sisteminin tamhüquqlu və müstəqil subyektinə çevrilmiş Azərbaycan Respublikası dövlətlərarası münasibətlər müstəvisində öz mövcudluğunu-varlığını qoruyub saxlamaq üçün praqmatik, rasional və diversifikasiya olunmuş münasibətlər sisteminə əsaslanan xarici siyasət strategiyası həyata keçirməli idi. Amma ilk illərdə hakimiyyətdə olan səriştəsiz qüvvələr imperialist dövlətlərin korporativ maraqlarının təmin olunması missiyasına xidmət etməklə sözün əsl mənasında Azərbaycanı beynəlxalq münasibətlər sisteminin aktorları ilə qarşılıqlı-faydalı əməkdaşlıqdan məhrum etmişdilər. Ancaq bu tendensiya uzun sürmədi. Ulu öndər Heydər Əliyevin xalqın inam və etimadı əsasında hakimiyyətə gəlişindən sonra Azərbaycanın xarici siyasət strategiyasında kardinal dəyişikliklər edilməklə beynəlxalq münasibətlər sistemində qarşılıqlı-faydalı əməkdaşlıq və müstəqil təmsilçilik baxımından ölkəmiz üçün yeni səhifə açıldı. Bununla da Azərbaycan suveren aktor kimi milli dövlətlərlə və beynəlxalq təşkilatlarla milli maraqlara əsaslanan ikitərəfli və çoxtərəfli praqmatik münasibətlər qurdu...
Əlbəttə ki, bu kontekstdə Azərbaycanın qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq münasibətləri qurduğu geosiyasi subyektlərdən biri də Avropa oldu. Belə ki, ölkəmiz özünün milli maraqları əsasında Avroatlantik məkana inteqrasiya strategiyasını reallaşdırmaqla sözügedən geosiyasi vahidin iqtisadi, siyasi, humanitar və mədəni həyatında iştirak edən aktorlardan birinə çevrildi və “qoca qitə”nin vacib strateji tərəfdaşı statusunu əldə etdi. Bundan sonra Avropa etibarlı strateji tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərini müxtəlif inkişaf proqramları çərçivəsində davam etdirdi. Bu əməkdaşlıq bəhs olunan geosiyasi vahidin müxtəlif institutlar və strukturları ilə sürdürüldü. Məsələn, Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri 1996-cı ildə bağlanmış “Əməkdaşlıq və Tərəfdaşlıq Sazişi” ilə hüquqi status almış oldu. “Əməkdaşlıq və Tərəfdaşlıq Sazişi” Azərbaycanla Avropa İttifaqı və onun üzv dövlətləri arasında ticarət, investisiya, iqtisadi qanunvericilik və mədəni əməkdaşlıq, eyni zamanda, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahələrindəki münasibətlərin əsasını qoydu və mövcud əlaqələri daha da möhkəmləndirdi. Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın yeni səviyyəyə keçməsi Avropa qonşuluq siyasəti ilə başlandı. Avropa Qonşuluq Siyasəti 2004-cü ildən həyata keçirilməyə başlanıb və əsas məqsədi genişlənən Avropa İttifaqı ilə qonşu ölkələr arasında yeni parçalanma hallarının qarşısını almaq, davamlı (stabil) təhlükəsizlik və firavanlığı təmin etməkdir. Avropa Qonşuluq Siyasətinin əsas mexanizmini ikitərəfli qaydada razılaşdırılan Avropa Qonşuluq Siyasətinin fəaliyyət planı təşkil edir. Bu plan Cənubi Qafqaz ölkələri ilə 2006-cı ildə razılaşdırılıb. Bu fəaliyyət planına əsasən əməkdaşlıq zamanı qısa və orta müddətə həyata keçiriləcək iqtisadi və siyasi islahatlar davamlı xarakter daşımalıdır...
Bununla yanaşı, Azərbaycan Avropa Şurasında uğurla təmsil olunmaqdadır. Belə ki, ölkəmiz təşkilata üzv olarkən və sonradan götürdüyü bütün öhdəlikləri yerinə yetirməkdədir. Bu da ölkəmizin təşkilatda mövqeyinin möhkəmlənməsinə xüsusi töhfə verməkdədir...
Şübhəsiz, bütün bu müsbət proseslər və faktorlar Azərbaycanın ayrı-ayrı Avropa dövlətləri ilə münasibətlərini möhkəmləndirməkdədir. Bu da nəticə etibarilə Azərbaycanla Avropa ölkələri arasındakı qarşılıqlı-faydalı əlaqələrə yeni keyfiyyət çalarları verməkdədir.
Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunmasına fundamental töhfələr verməkdədir
Beynəlxalq münasibətlər sisteminin hər bir müstəqil subyekti özünün xarici siyasət strategiyasının fundamental substratlarından və praktik detallarından, istiqamətlərindən asılı olaraq qlobal təhlükəsizliyin təmin olunmasında müəyyən rol oynamaqdadır. Buna müvafiq olaraq dünya siyasətinin bir sıra aktorları özlərinin milli və transmilli maraqlarına, dövlətlərarası münasibətlərdə qəbul edilmiş ümumi normalara müvafiq surətdə reallaşdırdıqları strateji kursla formalaşmış və ya formalaşmaqda olan beynəlxalq təhlükəsizlik sisteminə önəmli töhfələr bəxş etməkdədirlər. Xarici siyasət strategiyasını praqmatik və balanslaşdırılmış detallar, milli maraqlar üzərində quran Azərbaycan Respublikası da regional və qlobal təhlükəsizliyin təmin olunması işində özünəməxsus rol oynamaqdadır. Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunması, regional və qlobal deviasiyaların qarşısının alınması istiqamətində dünya siyasətinin müstəqil aktorları ilə çoxtərəfli, bərabərsəviyyəli əməkdaşlıq etməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasətlə Azərbaycan Cənubi Qafqaz bölgəsinin, Avrasiya subregionunun və bütövlükdə dünyanın hərbi-siyasi, iqtisadi, ekoloji, demoqrafik və enerji təhlükəsizliyinin təmin olunmasında aktiv surətdə iştirak edir. Bu tezisi konkret faktlar və istiqamətlər üzərində əsaslandırmaq heç də çətin məsələ deyil:
Birincisi, Azərbaycan özünün tarazlaşdırılmış rasional xarici siyasət strategiyası ilə Cənubi Qafqaz regionunda təhlükəsizlik qarantı qismində çıxış etməkdədir. Bölgənin siyasi təhlükəsizliyi, sözsüz ki, qarşılıqlı-faydalı ikitərəfli və çoxtərəfli münasibətlər sistemindən asılıdır. Məhz bu meyara görə regionun lokomotiv aktoru olmaq etibarilə Azərbaycan həm regiondaxili qarşılıqlı faydalı münasibətlərin formalaşdırılması və inkişaf etdirilməsi, həm də bölgə ölkələri ilə regiondankənar aktorların əməkdaşlığında mühüm strateji rol oynamaqdadır;
İkincisi, Azərbaycanın iştirakı ilə reallaşdırılan transmilli layihələr həm bölgənin, həm də subregionun iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında birbaşa fundamental önəm kəsb edir. Belə ki, Azərbaycanın mərkəzində dayandığı regional miqyaslı, qlobal mahiyyətli layihələr Xəzər-Qara-Baltik dənizləri hövzələrinin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizi layihələrinin həyata keçirilməsində də təkanverici mahiyyət daşıyır. Digər tərəfdən, ölkəmizin əlverişli tranzit mövqeyi regionlararası əməkdaşlıq və inteqrasiyanın sürətləndirilməsində önəmli rol oynayır. Azərbaycan Mərkəzi Asiyanın zəngin karbohidrogen ehtiyatlarının Avropaya daşınmasında bir nömrəli tərəfdaşlardan hesab edilir. Bu isə həm Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına, həm də Mərkəzi Asiya ölkələrinin öz enerji ehtiyatlarından səmərəli istifadə etməsi prosesinə fundamental töhfələr verir;
üçüncüsü, Azərbaycan rasional seçim strategiyası ilə yerləşdiyi bölgənin və bölgəətrafı ərazilərin hərbi təhlükəsizliyinin təmin olunması işində fəal oyunçu qismində çıxış edir. Belə ki, ərazisində heç bir dövlətin hərbi bazası olmayan Azərbaycan regionun hərbi-siyasi təhlükəsizlik balansının qorunmasına və ona yeni strateji korreksiyaların edilməsinə birbaşa və fundamental töhfələr verməklə yanaşı, eyni zamanda, dünyanın “qaynar nöqtə”lərində stabilliyin təmin edilməsi işində də aktiv iştirak edir. Məsələn, ölkəmiz hərbi-siyasi alyans-NATO-nun sülhməramlı qüvvələrinin qlobal miqyaslı fəaliyyətində iştirak etməklə dünya düzəninin təhlükəsizlik arxitekturasının substratlarının təmini və gücləndirilməsi işində özünəməxsus rol oynayır.
Bunlarla yanaşı, Azərbaycan bir sıra istiqamətlərdəki rasional fəaliyyəti ilə qlobal təhlükəsizliyin təmin olunmasında önəmli rol oynayır. Beynəlxalq arenada qeyri-dövlət aktorları qismində çıxış edən beynəlxalq terrorçu qruplaşmaların dağıdıcı fəaliyyətinin, hərbi-siyasi xarakterli separatçı hərəkatların, etnik və dini ekstremizmin, mütəşəkkil cinayətkarlığın, habelə qeyri-qanuni miqrasiyanın, insan alverinin, kütləvi qırğın silahlarının yayılmasının, vacib enerji və nəqliyyat infrastrukturunda sabotaj riskinin və son illərin fenomeni olan kiber hücumların qarşısının alınmasında ölkəmiz dünya dövlətləri ilə sıx əməkdaşlıq edir. ölkəmiz “Kütləvi qırğın silahlarının yayılmaması haqqında Saziş” çərçivəsində ixraca nəzarət və sərhəd təhlükəsizliyi tədbirləri vasitəsilə kütləvi qırğın silahlarının yayılmaması istiqamətində də təqdirəlayiq fəaliyyət göstərir. Azərbaycan kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı beynəlxalq rejimin gücləndirilməsinə tərəfdardır və müvafiq nəzarətin həyata keçirilməsi üçün qlobal aktorlarla (buraya milli dövlətlər və müxtəlif beynəlxalq təşkilatlar aiddir) və müvafiq təşkilatlarla əməkdaşlığı davam etdirir.
Bir sözlə, bütün bu strateji istiqamətlərdəki fəaliyyətinə və töhfələrinə görə Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunması işində vacib tərəfdaş aktor kimi qəbul edilməkdədir. Bu amil isə ölkəmizin beynəlxalq münasibətlər sisteminin güc və nüfuz iyerarxiyasında sürətlə irəliləməsində fundamental substrat qismində çıxış edir...
Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində başlıca rol oynayan flaqmandır...
öz zəngin karbohidrogen ehtiyatları ilə dünya dövlətlərinin enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın regionda strateji mövqeyi möhkəmlənməkdədir. Azərbaycan 16 il əvvəl Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəməri layihələrini, digər layihələri həyata keçirməklə geniş əməkdaşlıq məkanının əsasını qoyub və bu strategiya daha da möhkəmlənib. ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası bu gün ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, təhlükəsizliyinin etibarlı təmin olunması, zəngin və qüdrətli dövlətə çevrilməsi, eləcə də, regionun və dünyanın enerji təhlükəsizliyində əsas yer tutan dövlət kimi nüfuzunun artmasına səbəb olub. Respublikamız son illərdə diversifikasiya siyasətini genişləndirərək Qərb ölkələri ilə enerji sahəsində dərin təmaslar yaradıb.
Azərbaycanın ən nəhəng layihələrin reallaşmasına nail olması, ən iri layihələrin təşəbbüskarı kimi rəqabətdə qalib gəlməsi, regionda söz sahibi kimi gücünün möhkəmlənməsi ilə nəticələnib. İstər enerji təhlükəsizliyi, istər nəqliyyat-infrastruktur, istərsə də kommunikasiya layihələrində bütün məsuliyyəti üzərinə götürərək istəyinə nail olan respublikamız siyasi iradə nümayiş etdirməsinə görə beynəlxalq təşkilatların, ən inkişaf etmiş supergüclərin diqqət mərkəzində dayanır. Elə dövlətlər var ki, hansısa siyasi qərar versə də, iqtisadi proqramların icrasına dair saziş imzalasa da, bu qərarların məsuliyyətini üzərinə götürməsinə baxmayaraq onun uğurla başa çatdırılmasına nail ola bilmir. İllər keçsə də bu siyasətin konkret nəticəsi olmur. Azərbaycan isə bütün bəyanatlarına hörmətlə, məsuliyyətlə yanaşaraq onun gerçəyə çevrilməsi istiqamətində qətiyyətini göstərməklə ən yeni tarixə möhürünü vurub. Prezident İlham Əliyev bu strategiyaya sadiqliyini əmin edərək bildirir: “Əgər Azərbaycan hansısa təşəbbüsü irəli sürübsə, hansısa bəyanatı veribsə, bunun arxasında dayanacaqdır. Bizim siyasətimizdə konyunktura meyilli heç bir məqam yoxdur. Yaxud da ki, qeyri-səmimi, ləyaqətsiz addımlar yoxdur. Biz öz milli maraqlarımızı müdafiə edirik. Belə də olmalıdır və biz bütün ölkələrlə münasibətləri, bir də demək istəyirəm ki, qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurmuşuq. Mən sizə deyə bilərəm ki, bu siyasət dünyada böyük rəğbətlə qarşılanır”.
Yeni əsrin geoiqtisadi və siyasi reallıqları göstərir ki, enerji resurslarına malik olan tədarükçü dövlətlərin bir çoxu tərəfdaşları ilə münasibətdə öz siyasi məqsədlərindən istifadə etməyə çalışır, daha doğrusu, enerji amilindən siyasi təzyiq vasitəsi kimi yararlanmaq istəyir. Bunu Rusiya ilə Avropa İttifaqı arasında yaşanan “qaz müharibəsi” əyani şəkildə ortaya qoydu. Eləcə də, Yaxın Şərq bölgəsində neft və qaz amilindən spekulyasiyalar, iqtisadi və siyasi məqsədlər üçün istifadə edilməsi hallarının baş verməsi bunu təsdiq edir. Bütün bunlara rəğmən, real gerçəkliklər göstərdi ki, Azərbaycan hər bir tərəfdaşı ilə səmimi, real bazar prinsiplərinə uyğun əlaqələr qurmaqla etibarlı partnyor imici qazanıb. Respublikamızın bu cür mövqeyə sahib olması və tarazlaşdırılmış siyasət aparması özünün enerji ehtiyatlarından güclü tərəfdaşlıq qurmaq üçün istifadə etdiyini sübut etmiş olur. ölkəmiz digər neft və qaz ixrac edən dövlətlərdən fərqli olaraq heç vaxt bu ehtiyatlardan kiməsə siyasi təzyiq üsulu kimi istifadə etməyib və bu niyyətdə deyil. Azərbaycan tərəfdaşlıq etdiyi ölkələrlə qarşılıqlı hörmət və bərabər əməkdaşlıq prinsipləri üzrə əlaqələrə üstünlük verir.
Bu tendensiya eyni zamanda, Azərbaycanın yerləşdiyi Xəzər regionunun dünyanın enerji təchizatında mühüm yer tutduğunu təsdiqləmiş oldu. Avropanın bütün iqtisadi-siyasi tədqiqat mərkəzlərinin yekun rəyi bundan ibarətdir ki, Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına nəqli ədalətli enerji partnyorluğu üçün ən mükəmməl vasitədir. Birmənalı şəkildə qeyd etmək olar ki, Avropanın enerji təhlükəsizliyinin təminatında Xəzər regionu müstəsna məkandır və Azərbaycan bu prosesdə başlıca rol oynayan regionunun flaqmanıdır.
Prezident İlham Əliyevin müəyyən etdiyi diversifikasiya siyasətinin başlıca məzmunu enerji resurslarının nəqlində bütün tərəfdaşlarla qarşılıqlı maraqlara söykənən, real bazar prinsiplərinə uyğun və səmimi dostluq münasibətlərinə əsaslanan strategiyadan ibarətdir. Dövlətimizin başçısının vurğuladığı kimi, ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında ədalətli əməkdaşlığa önəm verir: “Azərbaycan enerji daşıyıcılarının nəqli və qiymət məsələsində istər hasilatçı, istər istehlakçı, istərsə də tranzit ölkələrin maraqlarının ədalətli şəkildə uzlaşdırılmasının tərəfdarıdır. Biz etibarlı təchizatçıyıq. Azərbaycandan neft və qaz dünyanın müxtəlif yerlərinə ixrac edilir. Bütün ixrac əməliyyatlarımızda heç vaxt elə bir hal olmayıb ki, təchizatımız dayansın və ya istehlakçılar müəyyən problemlərlə üzləşsinlər. Enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməlidir. O, millətləri bir-birindən ayırmalı deyil, onları birləşdirməlidir. Biz enerjinin nəql olunması sistemini şaxələndirmişik. Əminəm ki, gələcəkdə Azərbaycan ilə Avropa istehlakçıları arasında münasibətlər uğurla inkişaf edəcəkdir”.
Bütün bunların nəticəsidir ki, Azərbaycana olan etibar bu gün Avropanın fəaliyyət planının bir nömrəli məsələsidir.
Rumıniya Xəzər-Qara-Aralıq dənizi enerji marşrutlarının bir komponentinə çevrilib...
O da qeyd olunmalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin məhz Rumıniyada belə yüksək mükafata layiq görülməsi heç də təsadüfi deyil. Qeyd olunmalıdır ki, digər Avropa dövlətləri kimi Rumıniya ilə əlaqələrin inkişafı Azərbaycan dövləti üçün mühüm əhəmiyyət kəsb edir. Bu da səbəbsiz deyil. Avropa İttifaqının üzvlərindən biri olan, regionda yeni enerji marşrutlarının və kommunikasiya dəhlizlərinin yaradılmasında fəal iştirak edən, tranzit dövlət kimi mövqeyini möhkəmləndirən Rumıniya da Azərbaycanın ən yaxın tərəfdaşı hesab olunur. Azərbaycan ilə Rumıniya arasında iqtisadi, siyasi, sosial, humantiar, mədəni sahələr üzrə əməkdaşlığın səviyyəsi çox yüksək səviyyədədir. Son illər hər iki ölkənin dövlət başçılarının intensiv xarakter alan qarşılıqlı səfərləri münasibətlərin daha da möhkəm əsaslar üzərində inkişafına impuls verib. Azərbaycan bu ölkənin enerji təminatında xüsusi rol oynayır. Eyni zamanda, respublikamız həm neft, həm də qaz ehtiyatlarının nəqlində Rumıniyaya tranzit ölkə kimi önəm verir. Artıq bu ölkə respublikamızın həyata keçirdiyi çoxşaxəli enerji marşrutlarının nəqli sisteminin bir komponentinə çevrilib.
Regionda ən nəhəng tranzit dəhlizlərindən biri hesab olunan AGRI layihəsinin əsas iştirakçılarından biri də məhz Rumıniyadır. Qeyd edək ki, 2010-cu ilin sentyabr ayında Buxarestdə Azərbaycan, Rumıniya və Gürcüstan arasında imzalanan anlaşma memorandumuna əsasən, AGRI layihəsinin əsası qoyulub. AGRİ layihəsi Azərbaycanın təbii qazının boru xətləri vasitəsilə Gürcüstanın Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda mayeləşdirilərək, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən təbii qaz şəklində bu ölkənin ərazisində mövcud olan qaz infrastrukturu şəbəkəsi vasitəsilə Rumıniyanın və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsini nəzərdə tutur. ümumiyyətlə, AGRI layihəsi Xəzər-Qara-Aralıq dənizlərinin əhatə olunduğu hövzənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verməklə yanaşı, yeni strateji əməkdaşlıq platformalarının yaradılmasına və uzunmüddətli perspektivdə davam etdirilməsinə təkan verəcək. Bu layihə təbii qazın sıxılmış formada Qara dəniz vasitəsilə Avropaya nəqlini nəzərdə tutur. Rumıniyanın Konstansa limanı vasitəsilə Avropaya nəql olunacaq qaz, ümumilikdə, bir çox dövlətlərin yanacaq təminatını həll etmiş olacaq. Layihə çərçivəsində ildə 7 milyard kubmetrdən artıq qazın nəqli nəzərdə tutulur ki, bunun da 2 milyard kubmetri Rumıniyaya çatacaq. Layihənin reallaşması həm də Rumıniyada yeraltı qaz anbarları sisteminin, yanacaq komplekslərinin və sənaye müəssisələrinin yenidən qurulmasına imkan verəcək.
Yeni dövrün yeni LİDERİ
Təbii ki, Azərbaycanla bağlı yuxarıda sadalananlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş xarici siyasət kursunun mühüm komponentləridir. Azərbaycanın modernləşməsi və hərtərəfli inkişafı birbaşa olaraq, Prezident İlham Əliyev şəxsiyyətindən asılıdır. Prezident İlham Əliyev xarizmatik lider kimi xalqın dəstəyini alır və əminliklə sosial-iqtisadi inkişaf siyasətini yürüdür. Əlbəttə ki, bu gün ölkəmizdə gedən abadlıq-quruculuq işləri, sosial-iqtisadi islahatlar, siyasi mühitin demokratikləşməsi, insanların siyasi proseslərdə aktiv və sərbəst iştirakı məhz dövlət başçısı İlham Əliyevin iradəsinin ifadəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət metod və vasitələrinə görə, dünyanın ən məşhur siyasətçiləri, dövlət xadimlərinin fəaliyyətilə müqayisə edilir və Onun ölkənin inkişafı naminə atdığı addımlar nümunə kimi göstərilir. Bunun nəticəsidir ki, dünyanın tanınmış insanları Prezident İlham Əliyevi yeni DöVRüN yeni LİDERİ kimi xarakterizə edirlər.
İxtisasca iqtisadçı olan An-Mari Liz deyib ki, Prezident İlham Əliyev bu gün ölkəsinin perspektivlərini və işıqlı gələcəyini düşünən dövlət başçısıdır.
Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perrən isə söyləyib ki, Azərbaycan dövlətinin başçısı ölkəni irəliyə doğru aparır. Asiya və Avropa arasında, Rusiya, İran və Türkiyə kimi nəhəng dövlətlərin əhatəsində İlham Əliyevin diqqətəlayiq siyasət yürütməsi Prezidentin geniş dünyagörüşündən və böyük təcrübə əldə etməsindən xəbər verir.
Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə və hərtərəfli dünyagörüşünə malik olduğunu söyləyən ABŞ-ın energetika naziri Samuel Bodman deyib ki, Prezident İlham Əliyev həqiqətən əsl liderdir və biz Onunla birgə işləməkdən çox məmnunuq.
Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti, dünyanın görkəmli siyasətçilərindən biri Süleyman Dəmirəl isə vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycan xalqının istək və arzularını ən mükəmməl şəkildə gerçəkləşdirir: “Eyni zamanda, dövlət xadimi kimi, düşünülmüş və soyuqqanlı siyasət yürütməkdədir”.
Robert Veksler də Prezident İlham Əliyevi güclü lider kimi xarakterizə edir. O deyib: “ölkəsinin gələcəyi barədə Onun uzaqgörənliyi vardır”.
Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini Andrey Denisov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevə Rusiyada böyük insani rəğbət bəsləyirlər, eyni zamanda, o, görkəmli dövlət xadimidir və Rusiya-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verir.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi, məşhur siyasətçi, politoloq, ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin məsləhətçisi Zbiqnev Bjezinski isə Prezident İlham Əliyevi özünəinamlı, ciddi dövlət adamı kimi tanıyır və deyib ki, O, Avropanın həmin hissəsində öz mühüm rolu və konstruktiv mövqeyi ilə seçilir.
ümumiyyətlə, bu cür fikirlər səsləndirmiş siyasətçilərin, ekspertlərin sayını artıra bilərik. Amma bu söylənilənlərin əsasında bir həqiqət dayanır ki, Prezident İlham Əliyev hazırda dünya siyasətində öz siyasi çəkisi, xarizması, idarəçilik qabiliyyəti və analitik təfəkkürü ilə seçilən siyasətçi-LİDER kimi qəbul edilir. Cənab Prezidentin müəllifi olduğu yeni inkişaf strategiyası artıq bəzi dünya dövlətlərinin elmi ədəbiyyatlarına salınır, bir mütərəqqi model kimi tədqiq olunur. Bütün dünya, beynəlxalq ictimaiyyət Prezident İlham Əliyev şəxsiyyətinə, Onun dünyagörüşünə, siyasi səriştəsinə böyük rəğbət bəsləyir, hörmətlə yanaşır, müxtəlif məsələlərin, enerji təhlükəsizliyi problemlərinin həllində məhz Azərbaycanın mövqeyi ilə hesablaşırlar.
“Yeni Azərbaycan”ın Analitik Qrupu

Paylaş:
Baxılıb: 995 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30