Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türk dünyasının YUNESKO-su

Türk dünyasının YUNESKO-su

27.11.2010 [10:05]

Türk xalqlarının ortaq maddi və mənəvi abidələrini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək istiqamətində türkdilli xalqlar arasında əməkdaşlıq etmək məqsədi ilə yaradılan TüRKSOY bu gün 14 türkdilli xalqı birləşdirir
Xəbər verildiyi kimi, noyabrın 24-25-də Türkiyənin Antalya şəhərində TüRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 28-ci toplantısı keçirilib. TüRKSOY-un dönəm koordinatoru seçilmiş Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın rəhbərliyi və Türkiyənin ev sahibliyi ilə təşkil edilən iclasda bir sıra mühüm məsələlər müzakirə edilib. Belə ki, sözügedən iclasda türkdilli ölkələrin mədəniyyət nazirləri 2010-cu il 14-15 sentyabr tarixlərində İstanbulda keçirilmiş türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşündə təşkilatla bağlı qəbul olunmuş qərarlar, türkdilli ölkələrin müstəqillik qazanmalarının 20-ci ildönümü münasibətilə Türkmənistanda keçiriləcək mədəniyyət festivalı, TüRKSOY-la YUNESKO milli komissiyaları arasında əməkdaşlıq, gələn ilin Novruz şənliklərinin BMT Baş Məclisində təşkil olunması və digər məsələləri müzakirə ediblər. Tədbirdə çıxış edənlər son illər türkdilli ölkələrin mədəniyyət sahəsində əməkdaşlığında qazanılmış uğurlardan söhbət açıblar.
17 il əvvəl əsası qoyulan qurum
Məlumat üçün bildirək ki, türkdilli xalqların mədəni əməkdaşlığının inkişafı məqsədi ilə yaradılan və baş ofisi Ankarada yerləşən TüRKSOY-un əsası 1993-cü il iyulun 12-də türkdilli dövlətlərin mədəniyyət nazirlərinin imzaladıqları bəyannamə ilə qoyulub.
Türk dünyasının YUNESKO-su kimi səciyyələndirilən, həmçinin, Azərbaycan, Türkiyə və Orta Asiya respublikalarının iştirakı ilə yaradılan TüRKSOY (Türk Kültür ve Sanatları Ortak Yönetimi) bu gün Rusiya və Moldovadakı türk xalqları, həmçinin, Şimali Kipr türkləri daxil olmaqla, 14 türkdilli xalqı birləşdirir. Təşkilatın əsas məqsədi türk xalqlarının ortaq maddi və mənəvi abidələrini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək istiqamətində türkdilli xalqlar arasında əməkdaşlıq etməkdir. TüRKSOY-un ən yüksək orqanı üzv ölkələrin Mədəniyyət Nazirləri Şurasıdır.
Onu da bildirmək yerinə düşər ki, ötən il 16-17 oktyabr tarixlərində Bakıda keçirilən türkdilli dövlətlərin mədəniyyət nazirlərinin 26-cı toplantısında qəbul edilən qərarla qurum beynəlxalq status alıb. Həmin toplantının yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən TüRKSOY-un baş direktoru Düsen Kaseinov toplantıda qurumun adının dəyişdirildiyini və bundan sonra Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı - TüRKSOY adlandırılacağını bildirib. Məhz həmin qərara əsasən, TüRKSOY yeni formatda fəaliyyət göstərməyə başlayıb. Eyni zamanda, təşkilatın baş direktoru baş katib adlandırılıb.
TüRKSOY-un fəaliyyətində yeni dönəm
Bu qurum yaranandan etibarən Azərbaycan onun işində və həyata keçirilən layihələrdə aktiv iştirakı ilə xüsusi olaraq fərqlənib. Eyni zamanda, hazırda TüRKSOY-un fəaliyyətində yeni, daha məsuliyyətli bir dövr başlayıb. Və bu dövrün başlanması da Azərbaycanla bağlıdır. Daha dəqiq desək, əksər ekspertlərin də qeyd etdikləri kimi, buna əsas verən ötən il oktyabrın 3-də Naxçıvanda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısında müzakirə edilən məsələlər və qəbul edilən qərarlar arasında TüRKSOY-la bağlı məqamların da öz əksini tapması olub. Məhz Naxçıvanda keçirilən toplantıdan sonra hazırda ortaq türk mədəniyyətinin və mədəni irsinin dünyaya tanıdılması istiqamətində fəaliyyət göstərən TüRKSOY-un fəaliyyət proqramına yeni detallar əlavə olunub.
Məlum olduğu kimi, sözügedən tədbiri giriş nitqi ilə açan Azərbaycan Prezidenti İlham Əliyev TüRKSOY təşkilatının fəaliyyətinin genişləndirilməsi ilə bağlı yeni təkliflə çıxış edib: “Humanitar sahədə də çox gözəl perspektivlər vardır. Mədəniyyətlərimiz bir-birinə çox bağlı olduğuna görə humanitar sahədə əməkdaşlıq daha da sürətlə inkişaf etməlidir. Bu sahədə TüRKSOY təşkilatının fəaliyyətini mən yüksək qiymətləndirmək istəyirəm. Gələcək illərdə TüRKSOY-un fəaliyyətini biz daha da gücləndirməliyik. Biz təklif edirik ki, TüRKSOY Fondu yaradılsın. Fondun maliyyə təminatı təşkil edilsin və bu Fond bütün türk dövlətlərində və eyni zamanda, bütün türk diyarlarında tarixi abidələrin bərpası, mədəniyyətlərarası əlaqələrin inkişafı ilə məşğul olsun. Bir sözlə, Fond praktiki cəhətdən səmərəli işlərlə xalqlarımızı daha da sıx birləşdirsin. Dünyada türkdilli xalqlar çoxdur və türkdilli xalqlar arasında dostluq, qardaşlıq ölkələrimizi də gücləndirəcəkdir”.
Dövlət başçısı onu da əlavə edib ki, əgər gələcəkdə bütün siyasi məsələlərdə, beynəlxalq təşkilatlarda, beynəlxalq müstəvidə biz bir-birimizə öz dəstəyimizi verməyə davam etsək, iqtisadi sahədə əməkdaşlığımızı konkret layihələrlə zənginləşdirsək, humanitar və mədəniyyət sahəsində TüRKSOY vasitəsilə, konkret layihələr vasitəsilə bu birliyi daha da gücləndirsək bizim xalqlarımız bundan ancaq fayda götürəcək.
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidentinin zirvə toplantısındakı çıxışı və təklifi türkdilli ölkələrin liderləri, həmçinin, TüRKSOY-un rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib. Məsələn, Naxçıvan toplantısında çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev türkdilli dövlətlər arasında mədəni-humanitar əməkdaşlığın TüRKSOY təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əsaslarla inkişaf etdirilməsinin mühümlüyünü bildirib: “Bizim hörmətli qardaşımız İlham Əliyevin dediyi kimi, tam dəstəkləyirəm ki, biz TüRKSOY təşkilatı yanında bir fond yaratmalıyıq və həmin fond çərçivəsində türkdilli akademiyanı yaratmaq məqsədəuyğun olardı ki, türkdilli xalqların türk dilinin, türk mədəniyyətinin araşdırılması və öyrənilməsi ilə məşğul olacaqdır. Bu bizim vəzifəmizdir”.
“TüRKSOY Azərbaycan Prezidenti İlham Əliyevin təşkilatın fondunun yaradılması haqqında təklifini yüksək qiymətləndirir”. Bunu isə TüRKSOY-un baş katibi Düsen Kaseinov deyib: “Qeyd etmək lazımdır ki, məhz bu fond maddi mədəniyyət irsimizin saxlanılması və bərpasını maliyyələşdirəcək, türk xalqlarının mənəvi mədəniyyət irsinin inkişafına vəsait ayıracaq”.
Beynəlxalq əlaqələr və yaddaqalan layihələr
ötən müddət ərzində fəaliyyət arealını genişləndirən TüRKSOY MDB ölkələrinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu, bir sıra beynəlxalq qurumlar, həmçinin, YUNESKO ilə əməkdaşlıq haqqında müqavilə də imzalayıb.
Eyni zamanda, yarandığı vaxtdan etibarən bir sıra yaddaqalan layihələri gerçəkləşdirən qurum yeni layihələr üzərində də çalışır. Məsələn, bu ilin aprel ayında Azərbaycan Muzey Mərkəzinin Akt Zalında TüRKSOY-un “Türk xalqlarının qeyri-maddi mədəni irsinin konvensiallaşdırılması, inventarlaşdırılması və proqramlaşdırılması” adlı III Beynəlxalq konfransı keçirilib. Azərbaycanın Mədəniyyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən seminarın açılışında TüRKSOY-un məsul işçiləri, Türkiyə, Qazaxıstan və digər ölkələrdən gəlmiş mütəxəssislər iştirak ediblər. Bakıda start götürən və sonra Şəkidə davam etdirilən seminarda TüRKSOY-un qeyri-maddi mədəni irsin Beynəlxalq Reyestrinin formalaşdırılmasının imkanları, “Türk dünyasının xalq yaradıcılığı paytaxtları” Beynəlxalq Proqramı layihələri ilə bağlı müzakirələr aparılıb.
ötən il İstanbulda beynəlxalq opera festivalının keçirilməsinində təşkilatçı rolunu oynayan TüRKSOY-un gerçəkləşdirdiyi layihələrdən biri də görkəmli Azərbaycan bəstəkarı üzeyir Hacıbəylinin “Koroğlu” operasının türkdilli ölkələrin sənətkarlarının iştirakı ilə tamaşaya qoyulmasıdır. Bu opera TüRKSOY-a üzv 6 ölkədən 250 sənətçinin iştirakı ilə oynanılıb. İyul ayında İstanbulda uğurla təqdim olunan səhnə əsəri dahi bəstəkar üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr edilmiş Beynəlxalq musiqi festivalında da nümayiş etdirilib.
Yayılan məlumatlara görə, 16-17 dekabr tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və TüRKSOY-un birgə təşkilatçılığı ilə Bakıda “Türkdilli xalqların musiqi alətləri” mövzusunda Beynəlxalq Simpozium keçiriləcək. Simpoziumun əsas vəzifələri türkdilli xalqların musiqi alətlərini bir-biri ilə birləşdirən ümumi və fərqli əlamətlərin müəyyənləşdirilməsi, musiqi alətlərinin texnologiya və akustikası, ikonoqrafiya elementlərinin araşdırılması, bəstəkarlıq yaradıcılığında ənənəvi musiqi alətləri, türk xalqlarının musiqi alətlərinin kolleksiyalarının müəyyən edilməsi, yeni yanaşmalar və qiymətləndirmələr və ifaçılıq məsələlərinin müzakirəsi, yox olmuş alətlərin bərpası, mühafizəsi, etnoorqanologiya problemləri və pedaqogikadır.
TüRKSOY Dağlıq Qarabağ məsələsini hər zaman diqqətdə saxlayıb
Son olaraq onu vurğulamaq yerinə düşər ki, TüRKSOY-un əsas məqsədlərindən biri də türkdilli xalqların maddi və mədəniyyət abidələrinin dünyaya tanıdılmasıdır. Və qurum bu istiqamətdə fəaliyyət göstərərkən Dağlıq Qarabağ məsələsini hər zaman diqqətdə saxlayıb. Məsələn, sözügedən qurum Dağlıq Qarabağdakı türk mədəniyyət irsinin dünyaya tanıdılması üçün həmin ərazilərdəki tarixi və mədəni abidələrin siyahısını hazırlayıb. Artıq TüRKSOY-un Maddi-Mədəni İrsin Qorunması Mərkəzi Qarabağdakı maddi mədəniyyət əsərlərinin siyahısını tərtib edib.
Bir sözlə, həm bu, həm də yuxarıda sadalanan digər məqamlar TüRKSOY-un qarşısına qoyulan məqsədə çatmaq üçün əzm və fədakarlıqla çalışdığını, türk dünyasının daha da sıx birləşməsi üçün fəaliyyət göstərdiyini bir daha təsdiq edir.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 931 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30