Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xalqların öz müqəddəratını təyinetmə prinsipi beynəlxalq münasibətlərin gələcəyi üçün nələr vəd edir?

Xalqların öz müqəddəratını təyinetmə prinsipi beynəlxalq münasibətlərin gələcəyi üçün nələr vəd edir?

30.11.2010 [09:45]

Və ya müasir beynəlxalq münasibətlər sisteminin Versal sistemi kimi iflasa uğramaq təhlükəsi var
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi barədə danışıqlar prosesinin davam etdiyi və bu münaqişənin təqsirkarı olan Ermənistanın 1975-ci il Helsinki Yekun Aktının müddəalarına əsaslanan yenilənmiş Madrid prinsiplərini qəbul etməsini hamının səbirlə gözlədiyi bir vaxtda, beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələrinin parlamentləri bir-birinin ardınca Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını, millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin özbaşına interpretasiya edilməsinin yolverilməzliyini, Ermənistanın işğal etdiyi əraziləri azad etməsinin və məcburi köçkünlərin öz evlərinə qaytarılmasının zəruriliyini təsdiq edən qətnamələr qəbul etdiyi bir vaxtda, Serj Sarkisyan bütün bu sənədləri inadkarcasına görmədən və beynəlxalq birliyin mövqeyinə məhəl qoymadan, diaspordan olan qonaqlarına məsləhət görür ki, onlar öz səylərini “ikinci erməni dövlətinin, Dağlıq Qarabağ respublikasının təşəkkülünə, möhkəmlənməsinə, inkişafına və beynəlxalq aləmdə tanınmasına” yönəltsinlər.
Ermənistan prezidenti ətrafına nəzər salmaq, beynəlxalq aləmdə təklənməsini dərk etmək və nahamar taxtaya vurulmuş mismarı çəkib çıxarmağa başlamaq əvəzinə, həmin mismarı sona qədər vurmağa çağırır, başa düşmür ki, gələcəkdə bu səhvlərin düzəldilməsi indikindən daha ağrılı olacaqdır. Ermənistan özünü dalana nə qədər çox təpirsə, oradan çıxmaq bir o qədər uzun və çətin olacaqdır. Buna görə bütün məsuliyyəti dövlətin rəhbərləri daşıyacaqlar. “İkinci (sonra isə üçüncü, dördüncü...) erməni dövləti”nin hansı beynəlxalq miqyasda tanınmasından söhbət gedə bilər və Ermənistanın rəhbərləri öz həmvətənlərini necə saxta ümidlərlə yaşadırlar ki, beynəlxalq birlik özünün çoxsaylı qətnamələri ilə artıq birmənalı şəkildə bildirmişdir ki, bu, heç vaxt olmayacaqdır! Ermənistan rəhbərliyi nəyə ümid edir? Möcüzəyəmi? Bəlkə də onlar ümid edirlər ki, nümayiş etdirdikləri hədsiz tərsliyin qarşısında nə Azərbaycan, nə də dünya birliyi davam gətirəcəkdir? Bu illüziyadan yaxa qurtarmağın vaxtı çatmamışdırmı?
Akademik Ramiz Mehdiyev
Hər kəsə bəllidir ki, bu gün dünyanın müxtəlif yerlərində mövcud olan münaqişələr məhz qəbul olunmuş beynəlxalq hüquq normaları çərçivəsində həllini tapır. Əlbəttə ki, burada münaqişə tərəflərini razı salmaq və onlar arasındakı münasibətlərin yenidən kəskinləşməsinin qarşısını almaq üçün yeni nizam forması ortaya qoymaq vacib məsələ sayılır. Dövlətlərarası münaqişələrin nizamlanması prosesində müasir reallıqlarla yanaşı, tarixi faktların da nəzərə alınması əsas faktor kimi qəbul edilir. Bu mənada dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipləri düzgün təyin olunmalı və gələcəkdə problemlərə yol açmamalıdır.
çox təəssüflər olsun ki, müasir beynəlxalq münasibətlər sistemində münaqişələrin nizamlanmasında əsas prinsiplər kimi qəbul edilən faktorların imperialist güclərinin maraqlarına işləməsi halları ilə də rastlaşırıq. Bu isə öz növbəsində ortaya yeni problemlər, hətta müharibələr çıxarır. Buna, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də aid etmək olar. Bu münaqişənin həll edilməsi üçün artıq 16 ildir ki, danışıqlar aparılır, amma hələ də hər hansı bir nəticə əldə olunmamışdır. Bu nəticəsizliyin səbəbi isə Ermənistanın qeyri-konstruktiv mövqeyi, beynəlxalq hüququ öz maraqlarına uyğun interpretasiya etməsi, beynəlxalq təşkilatların və ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin işğalçıya təzyiqlər etməməsi, BMT-nin qəbul etdiyi qərarların icrası ilə bağlı qəti addımlar atmamasıdır. Halbuki, beynəlxalq sənədlərdə xalqların öz müqəddəratını təyinetmə ilə yanaşı, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi də vardır...
Bəs, görəsən, bu prinsiplər nə üçün yazılıb və beynəlxalq münasibətlər sisteminin idarə olunmasında hansı rola malikdir? Görəsən, xalqların öz müqəddəratını təyinetmə prinsipi beynəlxalq münasibətlərin gələcəyi üçün nələr vəd edir?
XX əsrin əvvəllərində dünya siyasətinə möhkəmlənən ABŞ yeni dünya nizamı formalaşdırmaq həvəsi ilə beynəlxalq münasibətlər sisteminin əsaslarını təşkil edəcək prinsiplər ortaya qoydu. Bunu ilk dəfə ABŞ prezidenti Vudro Vilson 14 maddəlik sənədlə gündəmə gətirdi.
Həmin ərəfədə hələ də imperiya idarəçiliyinin mövcud olması Vaşinqtona sərbəst şəkildə hərəkət etməyə imkan vermirdi. Karbohidrogen ehtiyatlarının Osmanlı və Rusiya, Avropanın böyük kömür yataqlarının Avstriya-Macarıstan, Almaniya imperiyaları tərəfindən idarə olunması digər düşərgədə yer almış imperialist ruhlu dövlətləri narazı salırdı. Bu geosiyasi mənzərənin dəyişdirilməsi üçün ən yaxşı metod məhz “parçala və hökmranlıq et” siyasətidir.
Vudro Vilsonun 14 maddəlik prinsipləri sırasında yer almış V maddə “Müstəmləkələr üzərində suverenliklə bağlı bütün məsələlərin həllində əhalinin maraqlarının hökumətlərin ədalətli tələblərinə nisbətdə bərabər tutulması prinsipinə əsaslanaraq bütün müstəmləkə mübahisələrinin sərbəst, səmimi və mütləq bitərəflik mövqeyindən həlli” idi.
Eyni sənədin XII maddəsində isə göstərilirdi ki, Osmanlı imperiyasının türk hissəsi təminatlı və möhkəm suverenlik almalıdır, tabe edilmiş millətlərə təhlükəsizlik və “muxtar inkişafın mütləq pozulmaz şərtləri” təmin edilməlidir.(1)
Bununla, ABŞ ilk dəfə olaraq, öz maraqları naminə dünyada xalqların öz müqəddəratını təyinetmə prinsipini işə salmış oldu. ABŞ-ın rəhbərliyilə davam etdirilən bu proses, Versal müqaviləsi ilə daha da sürətləndi.
I Dünya müharibəsinin nəticəsi olaraq ortaya çıxmış Versal müqaviləsində də yuxarıda söylədiyimiz prinsiplər öz əksini tapdı. Belə ki, Versal müqaviləsinin XVIII maddəsində göstərilirdi ki, “Müstəmləkələrin xalqlarına hərtərəfli kömək göstərilməsi sivilizasiyalı dövlətlərin müqəddəs missiyasıdır və Cəmiyyətin statusu da bunun təmin edilməsini öhdəsinə götürür. çünki müstəmləkə ölkələrinin xalqları hələ elə bir səviyyəyə gəlib çatmamışlar ki, onlar özləri-özlərini idarə etməyi bacarsınlar. Onların idarə edilməsində qəyyumluğu Millətlər Cəmiyyəti öz üzərinə götürməlidir. Bu xalqları idarə etməyin ən yaxşı üsulu Mandatlar sisteminə riayət edilməsidir. Millətlər Cəmiyyəti ayrı-ayrı dövlətlərə bu xalqları idarə etmək üçün mandat verməlidir”.(1)
Bütün bunlarla, ABŞ beynəlxalq münasibətlər sistemində “koloniyalaşmanın qarşısını almaq” və özünün geostrateji maraqlarının təmin olunması üçün xalqların öz müqəddəratını təyinetmə prinsipini əsas gətirməklə, dəhşətli müharibələrə, vətəndaş qarşıdurmalarına rəvac verdi. Bu prosesin axarında onlarla yeni, lakin idarəçilik sükanı Millətlər Liqasının “rəhbərlərinin” əlində olan kiçik dövlətlər yarandı. Bu prinsipin nəzarətsiz şəkildə işə salınması nəticəsində dünyada yenidən xaos yarandı. Bu xaos isə tam uğursuzluğun və qısamüddətli məhdud maraqlar naminə tarixin ümumi axın istiqamətinin nəzərə alınmamasının nəticəsi idi.(3) Qalib dövlətlər Millətlər Cəmiyətini yaratmaqla onu Versal sistemini qoruyan alətə çevirdilər. Həmin dövlətlər bu təşkilat vasitəsi ilə Sovet İmperiyasına və yeri gəldikdə digər dövlətlərə qarşı diplomatik və başqa mübarizə vasitələrini işə salırdılar. Onların yaratdıqları Millətlər Cəmiyyəti müstəmləkəçilik sistemini müdafiə edən orqan oldu.(4)
Beləliklə də, beynəlxalq hüquq normalarının maraqların reallaşması alətinə çevrilməsi prosesi bəşəriyyətin ən böyük müharibəsinin baş verməsinə gətirib çıxardı...
Eyni strategiyanı davam etdirən ABŞ II Dünya müharibəsindən sonra müstəmləkə şəraitində qalmış xalqların müstəqillik qazanmasını və formalaşmış yeni dövlətləri öz nəzarətində saxlaması üçün BMT-ni yaratdı. Vaşinqtonun göstərişilə BMT-nin vacib fəaliyyət sahəsi müstəmləkəçilik asılılığının ləğvi prosesinə, Afrika, Asiya, Sakit və Atlantik okeanı hövzəsi xalqlarının dövlət müstəqilliyi əldə etməsinə kömək göstərməsi oldu. Bu prosesdə BMT Baş Assambleyasının 1960-cı ildə qəbul etdiyi müstəmləkə xalq və ölkələrinə müstəqillik verilməsi haqqında Bəyannamə də müstəsna rol oynayıb.(5) Bununla da, həmin ərəfədə 60 dövlət müstəqillik qazandı.
Həmin illərdə 100-dən artıq dövlətin meydana gəldiyi ərəfədə təsir dairəsi uğrunda amansız mübarizə getdiyindən bəşəriyyət yeni dünya müharibəsinin başlanmasının astanasında dayanmışdı. Bu hadisədən sığortalanmaq üçün ABŞ Avropa İttifaqı ilə birgə 1975-ci ildə beynəlxalq hüquq sahəsində yeni səhifə açan Helsinki Aktının qəbuluna nail oldu. Bu dəfə insan hüquqları məsələsilə təzyiqləri artıran Qərb SSRİ-nin parçalanması və yeni 15 respublikanın yaranması prosesinə start vermiş oldu. 1990-cı illərdə xalqların öz müqəddəratını təyinetmə prinsipi Cənubi Qafqazı, Balkanları və digər əraziləri də qan gölünə çevirdi. Bu ərazidə müharibələr yaşadığımız illərə qədər gəlib çıxdı.
Növbəti dəfə də bütün bunlar ona görə baş verdi ki, bu geostrateji məkanlarda dünya güclərinin maraqları toqquşurdu. Yəni, superdövlətlərin fikrincə, regionda onların maraqları reallaşmırsa, o zaman, mütləq burada həmin güclərin iradəsini həyata keçirəcək “banan respublikaları” yaradılmalıdır. Bu işdə isə ən yaxşı vasitə xalqların öz müqəddəratını təyinetmə prinsipindən məqsədəuyğun şəkildə istifadə sayılır...
Eyni xətt üzrə hərəkət edən qüvvələr beynəlxalq hüquq normalarından və prinsiplərindən özünün strateji məqsədlərinin həyata keçməsi üçün bu gün də istifadə edirlər.
Azərbaycanın 20 faiz ərazisini işğal etmiş və əhalisinin 1 milyondan çoxunu qaçqın və məcburi köçkün vəziyyətinə salmış Ermənistana mənəvi, maddi və siyasi dəstək verən qüvvələr yenidən öz ənənələrinə sadiq qaldıqlarını nümayiş etdirirlər. Artıq 20 ilə yaxın bir müddətdir ki, Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq, öz ərazi bütövlüyünü bərpa edə bilmir. Bunun səbəbi Azərbaycanın mövqeyinin əsassız olması deyil, əslində, rəsmi Bakının BMT-ni və digər təşkilatları, beynəlxalq hüquq normalarını siyasi maraqlarının təmin olunması alətinə çevirmiş dövlətlərin ikili standartlı siyasəti ilə üzləşməsidir. İşğal prosesi davam edərkən, “dünya dövlətlərinin hüquqlarını qoruyan” BMT-nin Təhlükəsizlik Şurasında Ermənistanı Azərbaycan torpaqlarından çıxmağa vadar edən 4 qətnamə qəbul edildi. Həmçinin, Ermənistanın işğalçı olduğunu rəsmən təsdiqləyən sənədlərin AŞ, ATƏT, İKT kimi nüfuzlu təşkilatlarda da qəbul edilməsi Azərbaycanın haqlı mövqedə olduğunu göstərdi. Hətta tarixi faktlar da sübut edir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır və bu faktı dünya da qəbul edir. Bəs, nə üçün Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına maneçilik törədilir?
Axı ABŞ-ın, Avropa dövlətlərinin tez-tez istinad etdiyi Helsinki Yekun Aktında üçüncü yerdə sərhədlərin toxunulmazlığı, dördüncü yerdə isə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri yer alıb. Bu akta görə, danışıqlarda göstərilən prinsiplər əsas götürülməlidir.
Bu prinsipi qarşıya qoyduqda, ermənilərə dəstək verən qüvvələr isə işğalçı ilə birgə deyir ki, Helsinki Yekun Aktında, VIII yerdə xalqların bərabər hüquqlardan və öz müqəddəratını təyinetmə hüquqlarından istifadə etmələri haqqında prinsiplər də öz əksini tapıb. Məhz burada beynəlxalq hüququ siyasi alətinə çevirmiş qüvvələr fərqinə varmadan(?) çox ciddi və təhlükəli səhvə yol verməklə, böyük bəlaların başlanğıcını qoymuş olurlar və bir sıra sualları cavabsız qoymuş olurlar.
Bəs, nə üçün bugünkü beynəlxalq sənədlərdə qeyd olunmayıb ki, xalqlar öz müqəddaratını təyinetmə prinsipindən yalnız bir dəfə istifadə edə bilər?
Bu gün bir xalq öz müqəddəratını istədiyi qədər təyin etsə, o zaman dünyada hansı səviyyəli xaosun yaranacağını ehtimal etmək çətin olmaz. Yəni, demokratik dəyərləri siyasi təzyiq alətinə çevirmiş ABŞ-da, eyni zamanda, İspaniyada, Fransada, həmçinin, Rusiyada milyonlarla başqa xalqların nümayəndələri yaşayır. Qoy o zaman onlar da öz müqəddəratlarını təyin etsinlər və dövlətlərini yaratsınlar...
Məgər sabah ABŞ-da yaşayan yarım milyondan artıq erməni muxtariyyət və ya başqa bir şey tələb etsə, Vaşinqton rəsmiləri ermənilərə öz müqəddəratını təyinetmə prinsipindən istifadə etməyə imkan verəcəkmi? Halbuki, ABŞ-da yaşayan ermənilərin sayı Dağlıq Qarabağda yaşayanlardan dəfələrlə çoxdur. Bunu, eyni zamanda, Fransaya və digər dövlətlərə də aid etmək olar...
Əgər həmin dövlətlərin rəhbərləri başqa xalqların nümayəndələrinin öz müqəddaratını təyinetmə hüququnu onların ölkələrinin ərazisində reallaşdırmağı mümkün saymırlarsa, o zaman bu prinsipi, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də aid etmək olmaz. çünki birincisi ortada işğal faktı var. İkincisi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını beynəlxalq hüquq nomaları da tələb edir. üçüncüsü, ermənilər artıq bir dəfə Azərbaycanın torpaqları hesabına öz müqəddəratlarını təyin ediblər...
Faktlardan da göründüyü kimi, xalqların öz müqəddəratını təyinetmə prinsipi müstəmləkə dövrünə aid olub. Bu gün Helsinki Yekun Aktının III və IV prinsipləri əsas götürülərək, əməkdaşlıq və təhlükəsizliyin bərqərar olmasına nail olmaq lazımdır. Əgər xalqların öz müqəddəratını təyinetmə prinsipi bütün hallarda, siyasi sistemi formalaşmış coğrafiyalarda tətbiqi yenidən baş tutarsa, o zaman, müasir beynəlxalq münasibətlər sistemi Versal sistemi kimi iflasa uğrayacaq. Bunun nəticəsi isə yalnız irimiqyaslı müharibələrə bağlı olacaq.
Ona görə də, artıq dünya gücləri beynəlxalq hüquq normalarını planetimizdə ədalətin bərqərar olması alətinə çevirməlidirlər. 1947-ci ildə fələstinliləri muxtariyyətlə aldadıb, israillilərə dövlət verən BMT-ni isə tarixin arxivinə göndərmək və yeni özünün müstəqil qərarvermə və qərarların icra mexanizminə sahib yeni bir təşkilat yaratmaq lazımdır. Bir sıra alimlərin, ekspertlərin dediyi kimi, “BMT-nin islahatlara ehtiyacı var” fikrini də arxaikləşdirmək lazımdır. çünki ABŞ-ın İraqa və Əfqanıstana hərbi müdaxiləsinə şərait yaradan, Yaxın Şərqdə günahsız insanların qırılmasına, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ilə yaxındır ki, doğma yurdsuz çəkdiyi mənəvi əzablara adi hal kimi baxan BMT insanların nifrətini kifayət qədər qazanıb. Elə bu təşkilat mafiozların idarə etdiyi Ermənistanı özünün ali orqanının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə məcbur edə bilmədiyindən Azərbaycan ictimaiyyətində də ona qarşı eyni münasibəti formalaşdırıb.
Düşünürəm ki, bu gün dünyanın güclü dövlətləri artıq bu cür ikili standartlı fəaliyyətlərini ədalətin bərpası işinə çevirməlidirlər. Keçmiş siyasət bugünkü tariximizdirsə, indiki siyasətimiz gələcək tariximiz olacaq. Əgər ötən əsrin əvvəllərində dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinin siyasi alətə çevrilməsi II Dünya müharibəsinə, sonradan isə 70 il ərzində amansız münaqişələrə yol açmışdısa, bundan sonra da eyni vəziyyət yaşana bilər. Ona görə də, hesab edirəm ki, ATƏT-in Astana sammiti tarixi qərarların qəbulu məkanına çevrilməlidir. Yəni, ATƏT-in Astana sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ədalətli qərarın verilməsi nəticəsində bütün münaqişələrin nizamlanması üçün stimul yarana bilər.
Professor K.Bouldinq deyib ki: “Əgər soruşsaq ki, möhkəm sülhün şərtləri nədir, cavab çox sadə olar: qarşılıqlı razılıq olmadan digər bütün hallarda milli sərhədlərin yenidən bölüşdürülməsi haqqında məsələnin gündəlikdən çıxarılması”. Karl Doyç isə söyləyib ki: “Sərhədlərin dəyişdirilməsi haqqında məsələnin gündəlikdən çıxarılması milli suverenliyi lazımi səviyyədə qoruyub saxlamaqla yanaşı, “təhlükəsiz birlik” yaradır.(6)
Bu fikirləri söyləyən hər iki alim Qərb mütəfəkkiridir. Sülh və təhlükəsizliklə bağlı ideyaların formalaşmasında da Qərb mütəxəssislərinin rolu böyük olduğu üçün, Azərbaycan ictimaiyyəti ümid edir ki, ABŞ-ın və Avropanın qarşıdan gələn sammitdə torpaqlarımızın Ermənistanın işğalından azad olunmasında və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında Helsinki Yekun Aktının III və IV prinsiplərinin ədalətli şəkildə öz ifadəsini tapmasında çox böyük rolu olacaq.
 
İstifadə olunmuş ədəbiyyatların siyahısı
   1) “Birinci Dünya müharibəsi dövründə beynəlxalq münasibətlər”, Səmayə Mustafayeva, Zərifə Cavadova, Bakı 2010, səh. 140
   2) “Birinci Dünya müharibəsi dövründə beynəlxalq münasibətlər”, Səmayə Mustafayeva, Zərifə Cavadova, Bakı 2010, səh. 172
   3) “Dünya siyasəti və beynəlxalq münasibətlər”, Hikmət Babaoğlu, Bakı-2010, səh. 191
   4) “Birinci Dünya müharibəsi dövründə beynəlxalq münasibətlər”, Səmayə Mustafayeva, Zərifə Cavadova, Bakı 2010, səh. 180
   5) “Dünya siyasəti və beynəlxalq münasibətlər”, Hikmət Babaoğlu, Bakı-2010, səh. 212
   6) “Politologiya”, Həsən Şirəliyev, Əli Əhmədov, Bakı 1997, səh. 405
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1223 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30