Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2010 - dinamik inkişaf və demokratiyanın təntənəsi ili

2010 - dinamik inkişaf və demokratiyanın təntənəsi ili

31.12.2010 [10:02]

2010-cu ildə Azərbaycanda bütün sahələr üzrə əldə olunan yüksək nəticələr gələcək dövrlərdə daha böyük nailiyyətlərə imza atılacağına zəmanət verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin sonlarında Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışı zamanı bəyan etmişdi ki, Azərbaycan iqtisadi sahədə keçid dövrünü artıq başa vurub. Dövlət başçısının ölkəmizin sosial-iqtisadi inkişafına məntiqi yekun vuran bu bəyanatı həm də iqtisadiyyatın yeni mərhələdə hədəflərini, reallaşdırılacaq planlarını müəyyənləşdirirdi. Bu gün isə 2010-cu ilin yekunlarını məhz bu hədəflərin, bu planların işığında şərh etmək vacibdir. Bu mənada söyləyə bilərik ki, 2010-cu il Azərbaycan iqtisadiyyatı, sosial həyatı və ümumiyyətlə, dövlətimizin gələcək inkişafı baxımından keçid dövründən sonrakı ilk il idi. Və çox qürurverici faktdır ki, cari ildə də Azərbaycan müasir dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındakı mövqeyini qoruyub, həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırıb, siyasi sabitlik gücləndirilib, beynəlxalq münasibətlər sistemindəki mövqeyi gücləndirilib. Görülən işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi mövqeyini möhkəmləndirib. Bu isə onu deməyə əsas verir ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanı hədəflərinə, böyük uğurlara aparan ən doğru yoldur. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi yola saldığımız 2010-cu ildə inkişaf dinamikasının daha da möhkəmlənməsinə səbəb olub, iqtisadiyyatın modernizasiyası üçün əlverişli imkanlar yaradıb.
2010-cu ildə pensiya və maaşların artımı əhalinin sosial rifahını daha da yaxşılaşdırıb...
2010-cu ilin əvvəllərindən başlayaraq davam etdirilən sistemli tədbirlər bütün iqtisadi sektorlarda dinamikliyi təmin edib, xalqın maddi rifahının durmadan yaxşılaşmasına impuls verib. Bu inkişaf və artım indiqatorları, ümumilikdə, ölkəmizin 2010-cu ili yüksək makroiqtisadi göstəricilərlə başa vurduğunu şərtləndirir.
2010-cu il makroiqtisadi və sosial sabitliyin qorunub saxlanılması, əhalinin rifah halının, maddi təminatının yaxşılaşdırılması, aztəminatlı qruplara dövlət qayğısının artırılması, infrastruktur layihələrinin davamlılığı, investisiyaların həcminin çoxalması, əhalinin pul gəlirlərinin çoxalması və digər komponentlər üzrə pozitiv meyillərin əldə olunması ilə yadda qalacaq. Eyni zamanda, Azərbaycanın dünya iqtisadiyyatında nüfuzunun daha da möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı mövqeyinin güclənməsi, çoxşaxəli enerji marşrutlarının yaradılması sahəsində yeni addımların atılması, diversifikasiya siyasətinin dərinləşməsi, yeni neft-qaz sazişlərinin imzalanması, ölkə iqtisadiyyatının modernləşdirilməsi, siyasi, iqtisadi və sosial islahatların institusional baxımından yeni mərhələyə keçid alması başa vurduğumuz il üçün əsas xarakterik əlamətlər sayıla bilər.
Orta pensiya məbləği 150 dollara çatıb...
2010-cu ildə ölkəmizdə makroiqtisadi və sosial sabitliyin qorunub saxlanılması, əhalinin rifah halının, maddi təminatının yaxşılaşdırılması, onun aztəminatlı qruplarına dövlət qayğısının artırılması istiqamətində sistemli tədbirlər davam etdirilib. Vətəndaşların maaşlarının, pensiyaların, eləcə də, minimum əməkhaqqının artırılması ilə bağlı kompleks tədbirlər 2010-cu ildə sosial siyasətin başlıca komponenti olub. Dövlətimizin başçısının imzaladığı sərəncamlara əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilib. Eyni zamanda, minimum aylıq əməkhaqqının məbləği 85 manata qaldırılıb. Bununla yanaşı, başa vurduğumuz ildə sentyabr ayının 1-dən ölkəmizdə bütün büdcə təşkilatlarında çalışan insanların aylıq vəzifə maaşlarının məbləği 10 faiz artırılıb. Pensiyaların artımı ölkəmizdə 1 milyon 291 mindən çox vətəndaşa şamil olunub və bununla da ölkəmizdə orta pensiya məbləği pensiyalarının baza hissəsi 106 dollara çatıb. Həmin artımdan sonra pensiyaların ölkə üzrə orta məbləği 150 dollara çatıb.
ümumilikdə, sosial sektorda pensiyaların və minimum əməkhaqlarının artım dinamikasına nəzər saldıqda, Azərbaycan hökumətinin son 7 ildə bu istiqamətdə intensiv və əhatəli tədbirlər həyata keçirdiyini görmək olar. Son 7 il ərzində Azərbaycanda əməkhaqqı və pensiyalar orta hesabla 5 dəfə artıb. Qeyd etdiyimiz kimi, hazırda ölkəmizdə orta pensiya məbləği 150 dollar təşkil edir ki, bu da respublikamızın həmin göstərici üzrə MBD ölkələrinin əksəriyyətini üstələdiyini təsdiqləyir. Məsələn, pensiyaların orta aylıq həcmi Ermənistanda 21,6 dollar, Belarusda 82,1 dollar, Qırğızıstanda 17,1 dollar, Moldovada 48,5 dollar, Rusiyada 98 dollar, Tacikistanda 18,3 dollar, özbəkistanda 55,3 dollar, Ukraynada 89,8 dollar, Qazaxıstanda 170 dollar təşkil edir. Azərbaycan bu göstəriciyə görə MDB məkanında Qazaxıstandan sonra 2-ci yeri tutur.
Bu il bütün dövlət təşkilatlarında çalışanların maaşlarında artım baş verib...
Göründüyü kimi, 2010-cu il Azərbaycanda sosial sferada pozitiv dəyişikliklərin baş verməsi baxımından əlamətdar il kimi qiymətləndirilə bilər. Respublikamızda yüz minlərlə insanı əhatə edən sosial tərəqqi və əməkhaqlarının artırılması ilə bağlı dövlət siyasəti hökumətin vətəndaşlara olan yüksək diqqət və qayğısının nəticəsidir. Qeyd edək ki, dövlət başçısının təqaüdçülərin və digər sosial kateqoriyaların sosial müdafiəsini gücləndirmək məqsədi ilə yürütdüyü davamlı siyasət ölkə daxilində sosial vəziyyətin yaxşılaşmasını təmin etməklə yanaşı, respublikamızın digər dövlətlərlə müqayisədə iqtisadi inkişafının üstünlüyünü şərtləndirmiş olub.
2010-cu ildə dövlətimizin başçısının imzaladığı müvafiq sərəncamlara əsasən, bütün güc strukturlarında, dövlət idarəetmə sistemində və digər dövlət təşkilatlarında çalışan insanların maaşlarında artım baş verib. ümumiyyətlə, sentyabr ayında bütün büdcə təşkilatlarında çalışan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə davamlı tədbirlər görülüb, onların aylıq vəzifə maaşları artırılıb. Bundan başqa, 2010-cu ildə aztəminatlı əhali qruplarına göstərilən qayğı daha da gücləndirilib, məcburi köçkünlərə və ünvanlı yardım alan ailələrə verilən aylıq müavinətin məbləği artırılıb. Eləcə də, tələbə və gənclərin də sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sistemli tədbirlər həyata keçirilib.
Başa vurduğumuz ildə Azərbaycan yeni enerji sazişlərinə imza atıb...
2010-cu ildə Azərbaycanın enerji siyasəti daha da zənginləşib və respublikamız dünyada təchizatçı kimi mövqeyini möhkəmləndirib. Bu il karbohidrogen ehtiyatlarının hasilatında və nəqlində artım meyilləri baş verib, xarici ölkələrə ixrac olunan yanacaq resurslarının həcmi əhəmiyyətli dərəcədə artıb. Azərbaycan 2010-cu ildə bölgənin bir çox ölkəsinə yanacaq ehtiyatlarının nəqlini həyata keçirməklə diversifikasiya siyasətini gücləndirib. ölkəmiz yola saldığımız ildə dünyanın 30-a yaxın ölkəsinin enerji təminatında mühüm rol oynamaqla qlobal iqtisadiyyatda xüsusi çəkiyə malik dövlət olmasını təsdiqləyib.
Yola saldığımız ildə Azərbaycan yanacaq-enerji sektorunda ən mühüm nailiyyətlər əldə edib. Rusiya istiqamətində şimal marşrutunun nəql gücünün artırılması, İrana qaz ixracına başlanılması, qardaş Türkiyə ilə yeni əsrin ən mühüm iqtisadi hadisələrindən biri olan tranzit sazişinin imzalanması, AGRİ layihəsinin əsasının qoyulması, digər dövlətlərlə yanacaq nəqlinə dair razılaşmaların əldə olunması, karbohidrogen ehtiyatlarının axtarış-kəşfiyyat işlərinin uğurla aparılması və yeni enerji bloklarının kəşf edilməsi 2010-cu ilin uğurlarını şərtləndirən faktorlar kimi dəyərləndirilə bilər. Xatırlatdığımız kimi 2010-cu ilin ən zəngin iqtisadi yeniliklərindən biri iyun ayında Azərbaycanla Türkiyə arasında təbii qazın satışı və nəqli üzrə sazişin imzalanmasıdır. Yeni sazişi imzalamaqla Azərbaycan və Türkiyə regionda əməkdaşlıq və təhlükəsizlik dəhlizinin möhkəmlənməsi üçün yeni təməllər yaradıb.
Yeni neft-qaz yataqları kəşf olunub...
Bundan başqa, 2010-cu ildə Azərbaycan, Gürcüstan və Rumıniyanın dövlət başçılarının, Macarıstanın isə baş nazirinin iştirakı ilə AGRİ layihəsinə dair imzalanan saziş geoiqtisadi əhəmiyyətinə görə, böyük strateji məzmun kəsb edir. Bu layihə Xəzər-Qara-Aralıq dənizlərinin əhatə olunduğu hövzənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verməklə yanaşı, yeni strateji əməkdaşlıq platformalarının formalaşmasına və uzunmüddətli perspektivdə davam etdirilməsinə əlverişli zəmin yaradır.
ümumiyyətlə, 2010-cu ilə nəzər salsaq, bu ili Azərbaycanın neft-qaz sənayesi üçün çox əlamətdar və zəngin hadisələrlə səciyyələndirmək olar. Bu il “çıraq” Neft Layihəsinə dair imzalanmış sazişin xüsusi əhəmiyyətini də qeyd edə bilərik. Belə ki, Dövlət Neft Şirkəti mart ayında BP şirkəti ilə dəyəri 6 milyard dollar olan “çıraq” Neft Layihəsinə sanksiya verib. Bundan bir müddət sonra isə BP ilə Azərbaycan arasında ən zəngin neft-qaz bloklarından biri sayılan “Şəfəq-Asiman” yatağının işlənməsinə dair saziş imzalanıb. Hazırda isə “ümid” yatağının kəşfi davamlı uğurların daha bir komponenti kimi ölkəmizin iqtisadi qüdrətini artırır və respublikamızın enerji siyasətini daha da zənginləşdirir.
Regionlarda yeni müəssisələr istifadəyə verilib, yeni açılan iş yerlərinin sayı artıb...
Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi 2010-cu ildə ən mühüm tarixi-iqtisadi hadisə sayıla bilər. Bu layihə infrastruktur bölməsində ən böyük və ölkəmiz üçün strateji əhəmiyyətə malik olması ilə diqqəti cəlb edir. ümumiyyətlə, bu il ölkəmizdə iri infrastruktur layihələrinin icrası, yeni sosial və iqtisadi obyektlərin açılması baxımından mühüm əhəmiyyət kəsb edir. 2010-cu ildə ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub. Regionların iqtisadi inkişafına dair ilk proqramın uğurla başa çatmasından sonra qəbul olunmuş ikinci Dövlət Proqramının bu il icrasının sürətlənməsi qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, bununla əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun artmasına mühüm təkan verib, bu istiqamətdə geniş imkanlar açıb.
İlin əvvəllərindən başlayaraq Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərlərinin və rayonlarda əhali ilə keçirilən görüşlərinin intensiv xarakter alması, eləcə də, yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər verməsi proqramın icrasının və əhatəliliyinin daha da sürətlənməsinə səbəb olub.
Yola saldığımız ildə sahibkarlığın davamlı inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, daxili və xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində özəl sektorun ölkə iqtisadiyyatında payı 80 faizdən çox olub. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizminin yaradılması sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşıb. ötən dövr ərzində minlərlə sahibkara kreditlərin verilməsi təmin edilib. Bu müddət ərzində vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və sərhəd-buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tədbiqi, sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi özəl sektorun inkişafını daha da sürətləndirib.
2010-cu ildə Azərbaycanın dünyada reytinqi yüksəlib...
Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı, onun davamlı artımı, maliyyə ehtiyatlarımızın çoxalması, konstruktiv borclanma siyasəti, habelə onun böhrana qarşı nümayiş etdirdiyi dayanıqlılıq beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməkdədir. Dünyanın nüfuzlu reytinq agentlikləri və maliyyə institutları ötən ildə olduğu kimi, bu ildə də ölkəmizin makroiqtisadi vəziyyəti barədə qənaətbəxş qiymət verib, nikbin proqnozlarını açıqlayıb. “Fitch” beynəlxalq reytinq agentliyi 2010-cu ildə ölkəmizə ilk dəfə olaraq “sabit” investisiya reytinqini verib. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2010” hesabatında isə Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması sahəsində islahatçı ölkə mövqeyi yüksək dəyərləndirilib, həmin hesabatda ölkəmiz öz mövqelərini qoruyub saxlayıb. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan ötən il olduğu kimi, bu il də MDB ölkələri arasında liderdir. “Standard and Poor’s” beynəlxalq reytinq agentliyi isə ölkə iqtisadiyyatını əks etdirən göstəricini “Stabil”dən “Pozitiv”ə yüksəldib.
“Ekologiya ili” mühüm nailiyyətlərlə yadda qaldı
2010-cu ildə həyata keçirilən çox əhəmiyyətli məsələlərdən biri də qlobal problem olan ekoloji problemlərin ölkəmizdə həlli ilə bağlıdır. Problemin bütün dünyada, o cümlədən, respublikamızda aktuallığını nəzərə alaraq, Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan edilməsi bu sahədə köklü problemlərin böyük bir qisminin həllinə, ekoloji tarazlığın təmin olunmasına gətirib çıxarıb, ekoloji maarifləndirmə istiqamətində və ekoetika sahəsində ciddi nailiyyətlərin əldə olunmasına səbəb olub. Təbii ki, ekologiya məsələlərinin həlli bundan sonra da dövlətin diqqət mərkəzində qalacaq və buna dövlət başçısı İlham Əliyev də zəmanət verib: “Əlbəttə, biz “Ekologiya ili”nin elan edilməsi ilə bağlı bir məqsədi güdürdük ki, bu sahəyə həm ictimaiyyət, həm də dövlət qurumları tərəfindən diqqət daha da artsın və buna nail olduq. Biz bu gözəl təşəbbüsləri növbəti illərdə davam etdirməliyik”.
Bir il öncə ətraf mühitin problemlərini ilin prioritetinə çevirməyə zərurət hiss olunurdu. Buna görə də Prezident İlham Əliyev ilk olaraq ağacların kəsilməsinə qadağa qoydu. Sonra 3 milyon ağac əkilməsi ilə bağlı verdiyi Sərəncam ilin prioritetini müəyyənləşdirdi: yaşıllaşdırma. Azərbaycanda başlanan bu hərəkat dünyada gedən “Yaşıl hərəkat”a dəstək oldu. Bu, dünyanın da diqqətindən yayınmadı və Ətraf Mühit günü ilə əlaqədar keçirilən tədbirlərdə Bakı əsas şəhərlərdən biri oldu. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) 2010-cu ildə Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün İtaliyanın Genuya, İsveçrənin Cenevrə və Azərbaycanın Bakı şəhərlərini mərkəz şəhərlər elan etdi. “çoxlu növlər, bir planet, bir gələcək” devizi altında həyata keçirilən tədbirlərə BMT-nin Ətraf Mühit Proqramının Avropa bürosunun direktoru Kristof Buvye məhz Bakıda qatıldı.
Bu il bioloji müxtəlifliyin qorunması sahəsində də mühüm addımlar atılıb. üzərində peyk vasitəsilə məlumat toplayan və xüsusi siqnalötürücü xaltası olan ceyranların Qobustan-Cəngiçay ərazisinə buraxılması isə ilin sonunda reallaşıb və bu mühüm hadisəni Azərbaycan Prezidenti və xanımı da izləyib. Xəzər sahili boyu mərkəzi kanalizasiya sistemlərinə qoşulmayan tullantı sularının idarə olunması Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi yaradılıb. İndi Azərbaycan Xəzərin mühafizəsi ilə bağlı kompleks tədbirlər həyata keçirən yeganə ölkədir.
Ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində əsas hədəflərdən biri isə su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, əhalinin təmiz su ilə təmin olunmasıdır. Prezident İlham Əliyevin “İndi Kür və Araz çayları boyunca qurulan təmizləyici qurğular yüz minlərlə insanın təmiz su ilə təmin olunmasına xidmət göstərir. çirklənmiş göllərin, Xəzər dənizinin təmizlənməsi, kanalizasiya sisteminin qurulması - bütün bu işlər gələn ildə də nəzərdə tutulur. Biz elə etməliyik ki, Bakı və Abşeron yarımadasının bütün ekoloji problemlərini tezliklə həll edək, neftlə çirklənmiş gölməçələri qurudaq. Bir sözlə, bu sahə daim diqqət mərkəzində olmalıdır” fikri bu problemlərin həllinin də prioritet olmasından xəbər verir.
ölkə rəhbərinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamından irəli gələn məsələlərin həlli nəticəsində hazırda 15 rayonun 64 min nəfərdən çox əhalisi olan 36 kəndində yerli şəraitdə etibarlığı və dözümlüyü ilə seçilən İsrail istehsalı olan modul tipli sutəmizləyici qurğuların gətirilməsi və quraşdırılması işləri başa çatmaq üzrədir. Qeyd edək ki, bir sıra rayonlardan bu cür sutəmizləyici qurğuların quraşdırılması üçün əlavə müraciət edənlər də var. Məsələn, Kürdəmir, Yevlax və İmişli rayonlarından ETSN-ə müraciətlər ünvanlanıb.
Uzun illər Sumqayıt şəhərinin ətraf mühitinin normadan artıq çirklənməsinə səbəb olan xlorun alınmasında əmələ gəlmiş 287 min ton civə tərkibli toksiki tullantılar Təhlükəli Tullantılar Poliqonuna daşınaraq tam şəkildə zərərsizləşdirilib. Bərk tullantıların idarə olunması sahəsində ən böyük iş isə “Təmiz şəhər” ASC-nin yaradılması olub. Və nəhayət, ölkə Prezidentinin Sərəncamı ilə müasir tələblər səviyyəsində yenidən qurulan Azərbaycan Geologiya Muzeyi artıq fəaliyyətə başlayıb.
Parlament seçkiləri dövlətimizin demokratiyaya sadiqliyini bir daha təsdiqlədi
Təbii ki, iqtisadi sahədə əldə olunan bu böyük nailiyyətlər digər sahələrdə də əsaslı uğurların qazanılmasına şərait yaradıb. O cümlədən, 2010-cu il ölkəmizdə siyasi müstəvidə cərəyan edən müxtəlif mühüm hadisələrlə də yaddaqalan oldu. Bu çərçivədə, 7 noyabr 2010-cu il tarixində keçirilmiş parlament seçkilərini xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə keçirilən seçkilərə diqqət beynəlxalq miqyasda da xeyli artıb. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə ciddi siyasi islahatlar həyata keçirilməyə başladı və hər bir seçkinin azad və demokratik keçirilməsi məqsədilə əhəmiyyətli addımlar atıldı. ölkəmizdə siyasi plüralizmin bərqərar edilməsi, söz azadlığının təmin olunması, demokratik seçki qanunvericiliyinin formalaşdırılması və bu sahədə nüfuzlu beynəlxalq institutlarla aparılan əməkdaşlıq nəticə etibarilə seçkilərin azad və şəffaflığının təmin olunmasında vacib rol oynayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman seçkilərin demokratik keçirilməsinə maraqlı olduğunu bəyan edib və bununla bağlı üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirib. Məhz bunun nəticəsi olaraq 7 noyabr parlament seçkiləri tam demokratik şəkildə baş tutub. Bu seçkilərin diqqəti cəlb edən məqamlarından biri siyasi spektri daha geniş təmsil etməsi ilə bağlıdır. ölkədə siyasi plüralizmin bərqərar olması, çoxpartiyalı sistemin mövcudluğu və inkişafı siyasi partiyaların da fəaliyyətinə geniş imkanlar açıb. Bu səbəbdən də partiyalar sərbəst şəkildə, bərabər əsaslarla seçki prosesində fəal iştirak ediblər. Qeyd edək ki, bu fakt parlament seçkilərini izləyən beynəlxalq təşkilatların müşahidə missiyalarının hesabatlarında da təqdir olunur. Məlum olduğu kimi, 7 noyabr seçkilərində 30-dan çox siyasi partiyanın nümayəndəsi namizəd qismində iştirak edib. Təxminən 10 siyasi təşkilat partiya kimi seçkilərdə qüvvəsini sınayıb, bəziləri isə 5 seçki bloku çərçivəsində seçki marafonuna qoşulublar. Nəticə etibarilə hazırda Milli Məclisdə 11 siyasi partiya təmsil olunur. Bütün bunlar isə Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün yaradılmış münbit şəraitin mövcudluğundan xəbər verir. Digər tərəfdən, hər bir seçki ümummilli əhəmiyyət daşıdığı üçün onun bütün mərhələləri və nəticəsi ölkə üçün sosial-siyasi baxımdan xüsusi önəm kəsb edir. Yəni, demokratik şəkildə baş tutan seçkilər siyasi sistemin elementlərinin təkmilləşməsinə, vətəndaşların siyasi iştirak və sosiallaşması səviyyəsinin artmasına, onların öz aktiv və passiv seçki hüquqlarından sərbəst şəkildə istifadə etməsinə real zəmin yaradır. Bu mənada, 7 noyabr parlament seçkilərində vətəndaşların kifayət qədər aktiv şəkildə iştirak etməsi də bu seçkilərlə bağlı söylənə biləcək növbəti müsbət məqamdır. Eyni zamanda, insanların seçki hüququndan istifadə edərək öz seçdiyi namizədə sərbəst şəkildə səs verməsi demokratiyanın əsas göstəricilərindən biridir. Və seçki hüququnun reallaşdırılması da hər bir xalqın siyasi iradəsinin ifadəsidir.
Qeyd olunduğu kimi, 7 noyabr parlament seçkiləri azad və şəffaf şəkildə keçirilib. Bu seçkilər gənc Azərbaycan dövlətinin demokratiyanın inkişafı istiqamətində irəliyə doğru atdığı növbəti addım oldu. Onu da vurğulayaq ki, parlament seçkilərinin 42 ölkədən olan 1000 nəfərdən artıq beynəlxalq müşahidəçi tərəfindən izlənilməsi dünyada Azərbaycana nə qədər böyük maraq göstərildiyini nümayiş etdirir. Eyni zamanda, bu müşahidə missiyalarının ümumən seçkilərdən razı qalması və bu prosesi Azərbaycanın demokratik inkişafı yolunda növbəti addım kimi qiymətləndirməsi də rəsmi Bakının ortaya qoyduğu iradəyə adekvat qiymət idi.
Onu da qeyd etmək yerinə düşər ki, seçkidə iştirak edən müxalifət partiyaları da nəticələri sakit tərzdə qarşıladılar və buna ciddi etiraz etmədilər. Bununla da, seçkilərin nəticələrinin düzgünlüyünü, seçicilərin öz iradələrini ifadə etdiyini etiraf etmiş oldular. Bu amil artıq Azərbaycanda siyasi partiyaların siyasi mədəniyyətinin formalaşdığının göstəricisi sayıla bilər. Beləliklə, bütün bu müsbət məqamlar isə dövlətimizin demokratiyaya sadiqliyini bir daha təsdiqləmiş oldu.
respublikamızın regionda mövqelərin uzlaşdırıcısı kimi əhəmiyyəti daha da artıb
2010-cu ildə ölkəmizin beynəlxalq aləmdəki mövqeləri də daha da möhkəmlənib, xarici təşkilatlarla, dövlətlərlə əlaqələr inkişaf edib, Azərbaycanın regiondakı təsir gücü xeyli möhkəmlənib. Belə ki, əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də Azərbaycanla dünyanın müxtəlif dövlətləri arasında dövlət və hökumət başçıları səviyyəsində çoxsaylı rəsmi və işgüzar görüşlər keçirilib, qurulan siyasi münasibətlər əsasında iqtisadi, humanitar, mədəniyyət və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişafı yönündə birgə addımlar atılıb. Prezident İlham Əliyevin cari ildə Rusiya, ABŞ, İran, Niderland, Yunanıstan, Böyük Britaniya, Belarus, Gücüstan, İordaniya, Bolqarıstan və digər ölkələrin yüksək rəsmi şəxsləri ilə keçirdiyi görüşlər və imzalanan ikitərəfli sənədlər Azərbaycanın fəal xarici əlaqələrindən xəbər verir. ölkəmiz həm də Türk dünyasının mühüm tərkib hissəsi kimi türkdilli dövlətlərlə də dostluq və qardaşlıq əlaqələrinin intensivləşdirilməsinə nail olub. Bu ilin sentyabrında Türkiyənin İstanbul şəhərində keçirilən Azərbaycan Prezidentinin də qatıldığı Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı qardaş ölkələr arasında əlaqələrin daha da yaxşılaşması baxımından əlamətdar hadisə oldu.
Eyni zamanda, Azərbaycanın artan nüfuzu ölkəmizin regionda mövqelərin uzlaşdırıcısı kimi əhəmiyyətini də yüksəldib. Belə ki, bir müddət əvvəl Bakıda Xəzəryanı ölkələrin yüksək səviyyədə təşkil olunan sammiti və sahil dövlətləri arasında Xəzərdə təhlükəsizliyə dair əməkdaşlıq Sazişinin imzalanması Xəzərin statusu üzrə yekun razılığın əldə olunması istiqamətində mühüm mərhələ kimi dəyərləndirmək olar. Bakı sammiti Azərbaycanın Xəzər regionunda əməkdaşlıq və təhlükəsizlik məsələlərinin bərqərar olmasında vacib rola malik bir ölkə olduğunu bir daha təsdiqlədi.
Dağlıq Qarabağ danışıqlarında Azərbaycanın mövqeyi xeyli güclənib
Respublikamızın 2010-cu il ərzində beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmlənməsi yönündə fəaliyyəti də uğurlu olub. BMT, ATƏT, NATO ölkələrinin iştirakı ilə keçirilən beynəlxalq tədbirlərdə iştirak edən Azərbaycan bir dövlət kimi heç bir kənar qüvvədən asılı olmadığını, öz milli maraq və mənafelərinə söykənən müstəqil siyasət yeritdiyini bir daha nümayiş etdirib. Azərbaycan bu il də Avropa Birliyinə inteqrasiya və NATO ilə əlaqələrin inkişaf etdirilməsi yönündə irəliləyişlərə nail olub.
ölkənin qarşısında dayanan həlli ən vacib problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hər zaman olduğu kimi, 2010-cu ildə xarici siyasətin prioritetləri sırasında yer alıb. Məlum olduğu kimi, bu il danışıqların tərkib hissəsi kimi, Azərbaycanla Ermənistan arasında prezidentlər və nazirlər səviyyəsində keçirilən görüşlər davam etdirilib. Bu görüşlər içərisində Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında Həştərxanda keçirilən görüş iki dövlət arasında əsir və cəsədlərin geri qaytarılması ilə bağlı razılaşmanın imzalanması baxımından daha uğurlu olub. Prezident İlham Əliyev keçirdiyi hər görüşdə, iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Azərbaycanın ədalətli mövqeyini dünya birliyinin nəzərinə çatdırıb. Belə ki, sentyabr ayında keçirilən BMT Baş Assambleyasının 65-ci sessiyasında çıxış edən dövlət başçısı Ermənistanın işğalçı siyasətini növbəti dəfə ifşa edərək Azərbaycanın 20 faiz torpaqlarının zəbt olunduğunu, işğal altındakı ərazilərdə xalqımıza məxsus maddi-mədəniyyət nümunələrinin məhv edildiyini və bölgədə erməni vandalizminin bu gün də davam etdiyini yüksək tribunadan bəyan edib. Digər nüfuzlu təşkilat olan NATO-nun Lissabonda keçirilən sammitində qəbul olunan qərarda ölkəmizin ərazi bütövlüyünün tanınması isə Azərbaycan diplomatiyasının daha bir uğuru kimi dəyərləndirilə bilər. Digər tərəfdən, Azərbaycan bu yaxınlarda ATƏT-in Astanada baş tutan sammitində də öz mövqeyini ortaya qoyaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasının respublikanın xarici siyasətində prioritet olduğunu bir daha nümayiş etdirib.
ümumiyyətlə, Azərbaycanın bu məsələdə yürütdüyü beynəlxalq hüququn tələblərinə və ölkəmizin ərazi bütövlüyünü qəbul edən dünya birliyinin dəstəyinə əsaslanan xarici siyasəti Ermənistanı işğal etdiyi torpaqlardan əl çəkmək reallığı qarşısında çıxılmaz vəziyyətdə qoyub.
Azərbaycan mətbuatının inkişafında yeni mərhələ
“Mətbuat cəmiyyətin güzgüsüdür” deyiblər. Həmçinin, söz və məlumat azadlığı, fikir plüralizmi müasir cəmiyyətlərin demokratik inkişafının əsas parametrlərindən birini təşkil edir. Ona görə də, Azərbaycanın 2010-cu ildə keçdiyi inkişaf yolunu dəyərləndirərkən mütləq şəkildə bu dövr ərzində mətbuatın da həyatında baş verən dəyişikliləri nəzərdən keçirmək lazımdır. Bu sahənin isə dövlətin xüsusi diqqət mərkəzində olduğunu başa çatan və milli mətbuatımızın yaranmasının 135 illiyinə təsadüf edən 2010-cu il ərzində Azərbaycanda KİV-lə bağlı keçirilən bir sıra tədbirlər, həmçinin, dövlət başçısı tərəfindən imzalanan Fərman və sərəncamlar da təsdiqləyir. Belə ki, martın 2-də AzərTAc-ın 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Prezidentin Sərəncamı ilə AzərTAc-ın 19 nəfər əməkdaşı agentliyin 90 illiyi münasibətilə Azərbaycan Respublikasının fəxri adları və mükafatları ilə təltif olunub. Martın 13-də İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupun və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda “Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” mövzusunda beynəlxalq konfrans keçirilib. Aprelin 3-də Prezident İlham Əliyevin KİVDF-nin yaradılması haqqında Fərman imzalamasından bir il ötdü. ötən müddət ərzində həyata keçirilən tədbirlər sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qısa müddət ərzində milli mətbuatımızın inkişafına böyük töhfələr verməyi bacarıb. İyunun 30-da Bakıda Avropa Yayımçılar Birliyi, Norveç İctimai Yayımçılarının dəstəyi və Azərbaycan Media Mərkəzinin əməkdaşlığı ilə “Yeni media erasının dəyərləri” mövzusunda konfrans və seminar keçirilib. Dekabrın 3-də isə Bakıda Türkiyə Nazirlər Kabineti yanında Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin, bu ölkənin Bakıdakı səfirliyinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkil etdikləri “Mətbuatda təcrübə mübadiləsi” mövzusunda seminar baş tutub.
Yuxarıda da vurğuladığımız kimi, 2010-cu il Azərbaycan milli mətbuatının 135 illiyi və bu münasibətlə Prezident İlham Əliyevin imzaladığı bir sıra Fərman və sərəncamlarla da yadda qaldı. Dövlət başçısının iyunun 10-da imzaladığı Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Sərəncama əsasən, Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurasına tapşırıqlar verilmişdi. Eyni zamanda, Sərəncamda jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təkliflərin də irəli sürülməsi ilə bağlı müddəa öz əksini tapmışdı. Sözügedən Sərəncama müvafiq olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin təsdiq etdiyi tədbirlər planı nəticəsində milli mətbuatımızın 135 illik yubileyi bütün ölkə miqyasında yüksək səviyyədə qeyd olundu.
Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı bir sıra sərəncamlarla jurnalistlərə fəxri adların verilməsi, KİV-lərə birdəfəlik yardımların ayrılması və mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair tədbirlər KİV-in inkişafında yeni mərhələnin başlanğıcını qoydu.
Yeri gəlmişkən, iyulun 22-də imzalanan milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə, 92 nəfər həmkarımızın müxtəlif dərəcəli dövlət mükafatları ilə təltif olunması, həmçinin, mətbuat orqanlarının maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə 40 KİV-ə birdəfəlik yardım ayrılması haqqında sərəncamlarla Prezident İlham Əliyev bir daha sübut etdi ki, dövlətimiz mətbuatın inkişafında maraqlıdır.
İyulun 22-də Mətbuat Şurasının ən müasir tələblərə cavab verən yeni binasının açılışında iştirak edən dövlət başçısı şuranın İdarə Heyətinin üzvləri ilə görüşdəki çıxışı zamanı söz azadlığının, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması sahəsində ölkəmizin çox böyük və uğurlu yol keçdiyini bəyan edib. Prezident medianın inkişafına dövlət dəstəyinin gücləndirilməsi üçün ardıcıl tədbirlərin görüldüyünü, dövlət konsepsiyasının qəbul edildiyini bildirib: “Maddi-texniki bazanın möhkəmləndirilməsi işində dövlət öz dəstəyini göstərir və bundan sonra da göstərəcəkdir”.
Yeri gəlmişkən, həmin görüşdə Prezident İlham Əliyev “jurnalistlərin məişət şəraiti ilə bağlı məsələlərlə əlaqədar siz təklifləri verin. Mən çalışacağam operativ şəkildə bunu həll edim ki, Azərbaycan dövləti bu sahədə öz dəstəyini göstərsin” dedi və səslənən təklifə ən operativ şəkildə cavab verdi. Belə ki, dövlət başçısı iyulun 22-də “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncam imzaladı. Həmin Sərəncama uyğun olaraq Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün mənzillərin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılması da dövlətin media sahəsində çalışanlara münasibətini ifadə edir.
Bəli, görünən odur ki, başa çatan il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə KİV-in inkişafı istiqamətində əsaslı addımlar atılıb. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi altında mətbuata, azad sözə göstərilən qayğı və diqqət media orqanları, əməkdaşları tərəfindən də yüksək qiymətləndirilir. Məhz bu qiymətləndirmənin məntiqi nəticəsi olaraq, “RUH” Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsinin dekabrın 1-dən 20-dək 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatının qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun qalibi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olub. 30 gündəlik və 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV-in iştirak etdiyi sorğuda ölkə başçısı 81 faiz səs qazanıb.
Təbii ki, bu seçim təkcə jurnalistlərin, media təmsilçilərinin seçimi deyil. Bu gün istənilən sahənin nümayəndəsi, hər bir vətəndaşımız Prezident İlham Əliyevi özünün hamisi hesab edir. 7 il öncə “Mən hər bir azərbaycanlının prezidenti olacağam” deyən Prezident İlham Əliyev xalqımızın böyük sevgisini, dəstəyini, rəğbətini qazana bilib. Cənab Prezident İlham Əliyev öz mütərəqqi, yüksək effektiv və çoxşaxəli fəaliyyəti ilə Ona olan böyük etimadı doğruldaraq, xalqımıza, Azərbaycan vətəndaşlarına verdiyi yüksək dəyəri bir daha nümayiş etdirib. O, üç gün öncə Azərbaycan tarixində ən böyük iqtisadi hadisələrdən biri olan Oğuz - Qəbələ - Bakı su kəmərinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdəki çıxışı zamanı da bir daha dövlətin öz vətəndaşlarına yüksək dəyərini bəyan etdi: “... Bizim üçün ən böyük sərvət, ən böyük dəyər Azərbaycan vətəndaşıdır. Bizim təbii sərvətlərimiz, artıq güclü iqtisadiyyatımız vardır. Ancaq ölkəmizi gücləndirən, gələcəyə aparan və ölkəmizdə bütün prosesləri müsbət istiqamətdə inkişaf etdirən Azərbaycan vətəndaşlarıdır. Biz bu uğurlara Azərbaycan vətəndaşlarının zəhməti hesabına nail ola bilmişik”.
Bəli, Azərbaycanda xalq-hakimiyyət birliyi, xalqımızın Prezidentimizə böyük sevgisi ölkəmizin inkişafının ən əsas təminatıdır. Bu birlik isə ildən - ilə möhkəmlənərək dövlətimizin daha böyük uğurlar qazanmasını şərtləndirir. 2010-cu ildə bütün sahələr üzrə əldə olunan yüksək nəticələr və dövlətimizin böyük inkişafı bu birliyin sarsılmaz olduğunu təsdiqləyərək, gələcək illərdə daha böyük nailiyyətlərə imza atılacağına zəmanət verir.
“Yeni Azərbaycan”ın Analitik Qrupu

Paylaş:
Baxılıb: 954 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30