Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yaxın Şərq və Şimali Afrikadakı iğtişaşlar ABŞ-ın "Böyük Ortadoğu və genişləndirilmiş Şimali Afrika projesi"nin növbəti halqasıdır

Yaxın Şərq və Şimali Afrikadakı iğtişaşlar ABŞ-ın "Böyük Ortadoğu və genişləndirilmiş Şimali Afrika projesi"nin növbəti halqasıdır

26.01.2011 [10:16]

Yaxın Şərq və Şimali Afrikada baş verənlər özlərinin milli maraqlarını təmin etməyə çalışan qlobal aktorların ssenarilərinin bir parçasıdır
Şimali Afrika və Yaxın Şərqdəki qeyri-stabil vəziyyət gərginləşməkdə davam edir. Məlum olduğu kimi, Sudanda baş verən məlum hadisələrdən sonra Tunisdə yaşanan kütləvi iğtişaşlar prezident Zin əl-Abidin Ben Əlinin ölkəni tərk etməsi ilə nəticələnib. Lakin ölkədə kütləvi etiraz aksiyaları hələ də davam edir. Aksiya iştirakçıları əməkhaqqının artırılması ilə yanaşı, hakim partiya əsasında qurulan yeni hökumətin tam heyətdə istefası tələb ilə də çıxış edirlər. Qeyd edək ki, Tunisdə artıq prezident Ben Əlinin yaxın ətrafının və tərəfdarlarının həbsinə başlanılıb. Belə ki, devrilmiş ölkə başçısının əsasən yaxın qohumlarından ibarət olan 30-dan artıq tərəfdarı həbs olunub. Onların arasında ölkənin nüfuzlu özəl telekanalı olan “Hannibal TV”nin rəhbərinin də adı çəkilir. Lakin bu həbslər nümayişçilərin narazılığını azaltmayıb, etiraz aksiyaları isə hələ də davam edir.
Tunisdəki hadisələr digər ərəb ölkələri olan Əlcəzair, İordaniya və Yəməndə də vəziyyəti gərginləşdirib. Əlcəzairin paytaxtında küçələrə çıxan yüzlərlə nümayişçi ölkədəki ərzaq bahalaşmasına və sərbəst toplaşmaq hüququnu qadağan edən qanuna etiraz ediblər. Qeyd edək ki, Əlcəzairdə fövqəladə vəziyyət haqqında qanun artıq 20 ildir ki, qüvvədədir. Xaricdən dəstəklənən müxalifət nümayəndələrinin də iştirakı ilə keçirilən mitinqlərdə nümayişçilərlə polis arasında çoxlu sayda insanın xəsarət alması ilə müşayiət olunan qarşıdurmalar yaşanıb.
Yəməndə isə paytaxt Sana şəhərində minlərlə nümayişçi prezident Əli Abdulla Salehin istefasını tələb edib. Qeyd edək ki, Əli Abdulla Saleh artıq 32 ildir ki, ölkə başçısı vəzifəsini icra edir. Son məlumatlara görə, nümayişçilər Tunisdə “Yasəmən inqilabı” adını alan dövlət başçısının devrilməsi ilə nəticələnən çevrilişi Yəməndə də gerçəkləşdirmək niyyətindədirlər...
“Zəncirvari reaksiya” ssenarisi... Yaxud “domino effekti”nin Yaxın Şərq nümunəsi
Tunisdə başlanan iğtişaşların kəskinlik səviyyəsi, baş vermə motivləri və qüvvələr balansını hələ ilk zamanlarda statik və dinamik detallar əsasında analiz etdikdə belə bir nəticəyə gəlmək olurdu ki, destruktiv səciyyəli bu hadisələr Yaxın Şərqdə və Şimali Afrikada yerləşən digər bir sıra ölkələrə də yayılacaq. Belə ki, son zamanlar dünyanı idarə edən və yeni dünya düzəninin əsas konturlarını müəyyənləşdirən güc mərkəzlərinin-imperialist aktorların diktəsi ilə Yaxın Şərq və Şimali Afrikada start verilən “rəngli”, “çiçəkli” inqilablar və iğtişaşların “domino effekti” ilə yayılması gözlənilən və qanunauyğun nəticə idi. çünki Qərbin strateji planlarına müvafiq olaraq tətbiq olunan inqilablar ssenarisinin budəfəki hədəfi onsuz da inhisar altında olan Yaxın Şərq və Şimali Afrika bölgələrində strateji korreksiyaların edilməsi idi. Sözügedən hədəfin vurulması isə “rejim dəyişikliyi” prinsipi altında inqilablar və çevrilişlər vasitəsilə ilə ediləcəkdi. Və budur, ənənəvi surətdə istifadə edilən “inqilab” metodunun növbəti meydanı-Yaxın Şərq və Şimali Afrikanın avtoritar idarəetmə sisteminə malik ölkələri oldu. İndi bir çox siyasi analitiklərin üzərində düşündüyü məsələlərdən biri budur ki, “rəngli” inqilabların “zəncirvari reaksiya” ssenarisi, yaxud “domino effekti” ilə yayılmasının səbəb(lər)i nə(lər)dir?
Bəzi ekspertlər iddia edirlər ki, sözügedən ölkələrdə baş verən iğtişaşların əsasında ölkədaxili sosial-iqtisadi, siyasi faktorlar durur. İddia edilir ki, işsizlik, sosial problemlər, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması başlıca səbəblər sırasında yer alır. Odur ki, məhz bu cür acınacaqlı vəziyyətdə yaşamaq istəməyən vətəndaşlar xarici qüvvələrin dəstəklədiyi ölkədaxili “marionetka”ların təşkilatçılığı ilə həyata keçirilən iğtişaşlara maraq göstərirlər...
Amma məsələni daha geniş rakursdan dəyərləndirdikdə belə bir məqamı aşkar etmək olur ki, bəhs olunan iğtişaşlar Qərbin ixrac etdiyi “məhsuldur”. İşsizlik, sosial qayğısızlıq, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması kimi faktorlar isə, sadəcə, vasitə rolunu oynayır. Başqa sözlə, adıçəkilən ölkələrdə baş verən destruktiv hadisələrin səbəblərini-qaynağını xarici amillərdə axtarmaq lazımdır. Düzdür, dünya siyasətinin əsas konturlarını özlərinin ekspansionalist maraqları əsasında formalaşdıran imperialist güclər sözügedən inqilabları, həmçinin, bu inqilablardan “qaynaqlanan” çevrilişləri intensiv surətdə istifadə etdikləri daxili “marionetka”lar hesabına həyata keçirirlər. Amma hər halda demək olar ki, baş vermə dinamikasından, xüsusiyyətlərindən və qüvvələr balansından asılı olmayaraq, məhz bu cür inqilablar əsasən geosiyasi güc mərkəzlərinin strateji planlarının tərkib hissəsi kimi öz təzahürünü tapır. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, məhz bu cür inqilablar heç də insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, vətəndaşların sosial-iqtisadi durumunun yaxşılaşdırılması məqsədinə xidmət etmir və özü ilə daha fəlakətli nəticələr gətirir...
Beləliklə, sadalananlardan belə bir nəticəyə gəlmək olur ki, Yaxın Şərq və Şimali Afrikada baş verənlər özlərinin milli maraqlarını təmin etməyə çalışan qlobal aktorların ssenarilərinin bir parçasıdır. Hansı ki, bu ssenarilər dünyanı vahid mərkəzdən, vahid qanunlar-qaydalar çərçivəsində idarə etmək üçün hazırlanmış strateji planların bir hissəsini təşkil etməkdədir. Həmin planların əsasında isə ABŞ-ın mondalizm konsepsiyası (vahid dünya dövləti, qlobal imperatorluq qurmaq) dayanır. Daha da dəqiqləşdirərək deyə bilərik ki, sözügedən ölkələrdə baş verən iğtişaşlar ABŞ-ın mərkəzində dayandığı Böyük Ortadoğu Projesinin (The Greater Middle East Project) uzantısıdır. Məlumat üçün deyək ki, Böyük Ortadoğu Projesi 2000-ci ildən aktuallıq qazanan strateji konsepsiyadır. Onun əsasında Yaxın və Orta Şərqi, eləcə də, Şimali Afrikanı bütövlükdə ələ keçirərək, “əyalətə çevirmək” məqsədi dayanır. Şimali Afrikadan Cənubi Asiyaya qədər olan geniş bir ərazini əhatə edən, böyük bir coğrafiyanı özündə birləşdirən bu konsepsiyanın reallaşdırılması ilə Yaxın və Orta Şərq bilavasitə nəzarət altına alınacaq ki, bu da bütövlükdə, Avrasiyanın ələ keçirilməsi demək olacaq. çünki layihə çərçivəsinə 23 ölkə daxildir ki, bunların da hər biri mühüm geosiyasi önəm kəsb edir. Yəni, bu konsepsiyanın reallaşdırılması ilə mühüm sərmayə məkanları - mərkəzləri, bazarlar və strateji tranzit məntəqələr ələ keçiriləcək. Bununla da, ABŞ-ın dənizaşırı imperialist genişlənməsinin təməlini təşkil edən “Böyük Avrasiya imperatorluğu konsepsiyası” həyata keçiriləcək...
Beləliklə, Tunis, Yəmən, Əlcəzair, Misir, İordaniya və digər bölgə ölkələrində baş verən hadisələrin əsasında Böyük Ortadoğu Projesinə müvafiq olaraq həyata keçirilən planlar durur...
Avtoritarizmdən neoavtoritarizmə... Yaxud inqilablar milli tənəzzül mənbəyi kimi...
Bütün bu sadalananları ümumiləşdirərək belə bir nəticəyə gələ bilərik ki, keçmişdə olduğu kimi, bu gün də inqilablar istənilən ölkədə milli tənəzzül mənbəyi qismində çıxış edir. Belə ki, ictimai-siyasi strukturların və təsisatların iflic edilməsi, hakimiyyətin bir qrup oliqarxdan digərinə keçməsi, həmçinin, dağıdıcı inqilablar nəticəsində hakimiyyətə gələnlərin bu yolla da hakimiyyətdən devrilməsi, yaxud da tezliklə müəyyən sahələrə nəzarət uğrunda inqilabçıların öz aralarında da nifaq yaranması kimi real nəticələr məkan və ya zamanından asılı olmayaraq, inqilabların dağıdıcı funksiya (disfunksiyalılıq) daşıdığını sübut edir.
Sonuncu məqamla bağlı istər bundan əvvəl rəngli inqilabların baş verdiyi Qırğızıstanda, istərsə də elə Tunisin özündə cərəyan edən hadisələri xatırlatmaq kifayət edir. Məlum olduğu kimi, Qırğızıstanda rəngli inqilab nəticəsində, Əsgər Akayevi devirənlər sonradan öz aralarında maraq savaşına qalxdılar. Və nəticədə də bir zamanlar Akayevin devrilməsində aparıcı rol oynayan Kurmanbek Bakıyev da eyni üsulla prezident postundan uzaqlaşdırıldı. Hər iki halda uduzan isə Qırğızıstan dövlətçiliyi və qırğız xalqı oldu. çünki bir-birini əvəz edən inqilablar onsuz da yaxşı olmayan ölkə iqtisadiyyatının daha da bərbad vəziyyətə düşməsinə səbəb olub.
Tunisə gəlincə isə deyə bilərik ki, ölkə, sözün əsl mənasında, xaos və anarxiya içindədir və bütün sahələrdə dirçəlişin əldə edilməsi üçün möcüzə lazımdır...
Bütün bunlar isə onu deməyə əsas verir ki, XXI əsr yeni dünya düzəninin fonunda imperialist güc mərkəzlərinin “sınaq laboratoriyası”na çevrilmiş ölkələrdə baş tutmuş inqilablar həmin dövlətlər və bu dövlətlərin xalqları üçün yalnız “bumeranq” zərbəsi səciyyəsi daşıyır...
Ekspert mövqeyi...
Sözügedən məsələyə münasibət bildirən politoloq Elman Nəsirli deyib ki, bəhs edilən ölkələrdə məlum hadisələrin baş verməsi üçün sosial-iqtisadi və siyasi zəmin mövcud olub: “Yəni, sözün əsl mənasında, iğtişaşların baş verdiyi ölkələrdə işsizlik, sosial qarşıdurma, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması kimi ciddi problemlər mövcud olub və bu gün də davam etməkdədir. Amma analoji problemlər bir çöx ölkələrdə mövcuddur. Onların heç də hamısında bu cür dağıdıcı proseslər təzahür etmir. Deməli, bu situasiyanın fonunda Yaxın Şərq və Şimali Afrikada yerləşən ölkələrdə iğtişaşların baş verməsi belə bir məqamı ortaya çıxarır ki, bütün bu hadisələrin arxasında nəhəng aktorlar-dünyanı idarə edən güc mərkəzləri durur. Xüsusilə də, tərəddüdsüz demək olar ki, Yaxın Şərq və Şimali Afrikanı cənginə almış iğtişaş dalğaları ABŞ-ın “Böyük Ortadoğu Projesi”nin tərkib hissəsidir. Corc Buşun dönəmində icrasına start verilmiş bu layihənin ilk məqsədi zəncirin ən zəif həlqəsi olan İraqda hakimiyyəti devirməklə “İraq modeli” yaratmaq və bu modeldən “domino effekti” ilə yararlanmaq olub. Beləliklə, bu modelin zaman keçdikcə digər ərəb ölkələrində-”neft krallıq”larında tətbiq olunması planın ana ünsürünü təşkil edirdi. Bununla da projedə öz əksini tapmış bölgələrdə və ölkələrdə qərbyönümlü qüvvələrin hakimiyyətə gətirilməsi və ya hakimiyyətdə olan qərbyönümlülərin mövqeyinin gücləndirilməsi nəzərdə tutulurdu. Amma İraq strategiyası bu modelin perspektivini şübhə altına saldı. Bununla belə, bu gün sözügedən coğrafiyada həmin modelin klassik elementlərindən istifadə edilməkdədir. Belə ki, ABŞ Tunisdə “Yasəmən inqilabı”nı reallaşdırmaqla regionda inqilablar silsiləsinin əsasını qoymağa çalışır. Buradan da belə bir nəticəyə gəlmək olur ki, ABŞ “Böyük Ortadoğu Projesi” çərçivəsində “Tunis modeli”ni yaradıb və bu model zaman-zaman bölgədə tətbiq ediləcək”.
NURLAN QƏLƏNDƏRLİ
HüLYA MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 972 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30