Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ölkəmizdə istehsal artıb, amma bazarlarda qiymətlərin bahalaşması baş verib

Ölkəmizdə istehsal artıb, amma bazarlarda qiymətlərin bahalaşması baş verib

27.01.2011 [11:29]

Prezident İlham Əliyev: Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyillərinin qarşısını almalıyıq
Məlum olduğu kimi, son illər dünya bazarında bir sıra mal və xidmətlərin qiymətlərində artım meyilləri müşahidə olunur və bu tendensiya bir-biri ilə sıx ticarət münasibətləri qurmuş əksər ölkənin daxili bazarına öz təsirini göstərir. Qiymət artımları dünyanın bir sıra xarici dövlətləri ilə sıx iqtisadi əlaqələrə malik olan Azərbaycana da müəyyən dərəcədə təsir edir. Yəni, bəzi məhsulların bahalaşmasında idxal faktoru rol oynayır. Amma bununla yanaşı, bəzi hallarda işbazlar ticarət məntəqələrində qiymətləri süni şəkildə artırmağa çalışırlar. Yəni, daxili bazarda yerli istehsal məhsulunun həcmi tələbdən kifayət qədər çox olsa da, onların qiymətləri ucuzlaşmaq əvəzinə bahalaşır.
Məlum olduğu kimi, 2010-cu ildə dünyada baş verən təbii fəlakətlərlə bağlı taxıl məhsullarının istehsal həcmi azaldı və bu, özünü müəyyən dərəcədə çörək və un məmulatlarının qiymətlərində göstərdi. Yəni, istehsalın aşağı düşməsi əlavə olaraq taxıl idxalı zərurətini meydana çıxardı, bu isə qiymət bazarına təsir etdi. Eləcə də, kartof istehsalının azalması hazırda bahalaşmanın baş verməsində əsas səbəblərdən biri kimi səciyyələndirilə bilər. Bu halları bazar münasibətlərindən doğan iqtisadi faktorların nəticəsi kimi dəyərləndirmək olar. Amma digər növ ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalında azalma baş vermədiyi, əksinə artım qeydə alındığı təqdirdə, qiymətlərin bahalaşması liberal bazar qanunlarına zidd olan hal kimi qiymətləndirilə bilər. Daha doğrusu, bu tendensiyanı tamamilə inhisarçılığın və süni qiymət artımının nəticəsi saya bilərik.    
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə ölkəmizdə taxıl və kartof istisna olmaqla, bütün növ kənd təsərrüfatı mallarının istehsalında əhəmiyyətli dərəcədə artım baş verib. Məsələn, ötən il 1181 min ton tərəvəz (2009-cu illə nisbətdə 2,5 min ton çox), 729 min ton meyvə-giləmeyvə (12 min ton çox) istehsal olunub. 2010-cu ildə üzüm istehsalında 330 ton artım olub. Bostan məhsullarının istehsalında artım isə 23 min tonu keçib. ötən il ən çox artım şəkər çuğunduru istehsalında qeydə alınıb (33,6 faiz), bu isə son beş ildə şəkər istehsalında ən yüksək artım göstəricisi sayıla bilər. 2010-cu ildə, həmçinin, 440 min ton diri çəkidə ət istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 7,1 faiz (təxminən 34 min ton) artım deməkdir.
Bütün bunlara baxmayaraq, qeyd olunan bütün növ kənd təsərrüfatı məhsullarının qiymətləri artıb. Yəni, əhalinin istehlak etdiyi kənd təsərrüfatı mallarından meyvə, tərəvəz, bostan və heyvandarlıq məhsullarının istehsalında 50 faizə yaxın, (bəzi məhsullarda 70 faiz) qiymət artımı baş verib. ötən illə müqayisədə kələm, pomidor, xiyar, çuğundur, kök  və digər tərəvəzlərin qiymətləri xeyli bahalaşıb. 2009-cu ilin dekabr ayında 1 kq kələmin pərakəndə satış qiyməti 25 qəpik təşkil edirdisə, indi bu rəqəm 70-80 qəpikdən aşağı deyil. Eləcə də, çuğundur ötən il 50 qəpik, hazırda isə 1 manata satılır. ötən il 300 tondan artıq üzüm istehsal olunsa da, 1 kq üzüm 50 faizdən çox bahalaşaraq 3-4 manata satılır. Diri çəkidə ət istehsalı isə 34 min ton artsa da, qiymətlər 1 manat 50 qəpik bahalaşıb. Bununla yanaşı, yaşıl çay, şəkər tozu, qənd də son bir ildə 40 faiz bahalaşmaya məruz qalıb.
Göründüyü kimi, qeyd olunan məhsulların bahalaşması süni inhisarçılıq amilləri ilə daha çox bağlıdır. Yəni, həmin məhsulların qiymət artımında daxili bazar amillərinin rolu çox azdır. Son bir ildə istehsal və emal müəssisələrinin enerji, yanacaq, xammal, işçilərə verilən əməkhaqqı, nəqliyyat və daşınma, amartizasiya xərcləri artmadığı halda, onların istehsal etdikləri malların qiymətlərinin bahalaşmasını ancaq süni faktorlarla əlaqələndirmək olar.
Qeyd edək ki, qiymətlərin süni şəkildə bir qrup inhisarçı tərəfindən artırılmasını müvafiq qurumların rəhbərləri də dəfələrlə etiraf edib. Onlar bazardakı qiymət artımlarına heç bir iqtisadi səbəbin olmadığını bildirirlər. Məhsul bolluğu olduğu halda satış məntəqələrində qiymətlərin tələb-təklif prinsiplərindən kənara çıxaraq məqsədli şəkildə artırılması yalnız süni inhisarçılığın əlaməti sayılır. Kənd təsərrüfatı naziri İsmət Abasov bir müddət əvvəl bildirib ki, bazarda əksər məhsulların bolluğu hökm sürür, malların strukturunda qiymət artımına səbəb ola biləcək hansısa bir amil yoxdur. Amma buna baxmayaraq, qiymətlər liberal bazar prinsiplərinə əsasən müəyyən olunmur. Burada satıcıların rəyi daha üstün rol oynayır.
Onu da qeyd edək ki, kənd təsərrüfatı məhsullarının satıcılar tərəfindən bahalaşdırıldığını Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev də diqqətə çatdırıb. Komitə sədri 2010-cu ildə kənd təsərrüfatı məhsullarının əksəriyyətinin istehsalında artım baş veməsinə baxmayaraq, bazarlarda bahalaşmanın qeydə alındığını xatırladıb. Arif Vəliyev “bazardakı bahalaşmanı satıcılar yaradır, qiymətlərin artması o halda mümkündür ki, təklif tələbi ötür, amma bazarlarda əks proseslər gedir” - deyə, bahalaşmanın süni şəkildə baş verməsinə işarə edib.
Prezident İlham Əliyev dəfələrlə müvafiq orqanlara qiymətlərin süni şəkildə artırılmasının qarşısını almaq üçün lazım olan bütün tədbirləri görməyi tapşırıb. Dövlət başçısı Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bəyan edib ki, daxili bazarda qiymətlərin sabit qalması üçün zəruri olan tədbirlər görülməlidir: “Biz xüsusilə istehlak bazarına nəzarətimizi gücləndirməliyik. Bu sahədə böyük işlər görülüb və davam etdirilməlidir. Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyillərinin qarşısını almalıyıq. Lazımsız yoxlamalar aparılmamalıdır, xüsusilə hüquq-mühafizə orqanları tərəfindən lazımsız yoxlamalara son qoyulmalıdır ki, ölkədə sahibkarlığı daha da sürətlə inkişaf etdirək, buna daha böyük təkan verək”.
ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 908 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30