Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 18 günlük inqilab Misirə nə verdi, nə dəyişdi?

18 günlük inqilab Misirə nə verdi, nə dəyişdi?

18.02.2011 [10:53]

Son dövrlər dünya ictimaiyyətinin əsas gündəm mövzusu Misirdə baş verən hadisələrdir. Baxmayaraq ki, 1 həftədən artıqdır ki, Hüsnü Mübarək prezident postunu tərk edib və ölkəyə rəhbərliyi Hərbi Şuraya təhvil verib, amma hələ də Misirdə sabitliyi təmin etmək mümkün olmayıb. Buna paralel olaraq, Misirdəki inqilabın fəsadları və bunun ölkənin gələcəyi üçün vəd etdiyi perspektivlər siyasi təhlil mərkəzlərini düşündürən əsas məsələlərdən biridir. Bəs görəsən, 18 günlük inqilab Misirə nə verdi?
İnqilab Misirə milyardlarla dollar ziyan vurdu!!!
Şimal-Qərbi Afrikanın ən zəngin karbohidrogen ehtiyatlarına malik ölkələrindən biri olan Misirdə baş verən proseslərdə beynəlxalq maraq dairələrinin rəsmi Qahirənin siyasətinə nüfuz etməsi açıq şəkildə bu bölgədə geosiyasi və iqtisadi mənafeləri üzə çıxarır. Daha dəqiq desək, Misirdə baş verənlərin bu regionun ümumi inkişafından daha çox, enerji marşrutlarının və neft-qaz ehtiyatlarının mərkəzləşdirilmiş şəkildə inhisarçılığına can atan Qərb dövlətlərinin maraqlarına xidmət etdiyini görmək olar. Artıq bu bölgədə yeni siyasi-iqtisadi xəritənin konturları cızılıb və Misir daxil olmaqla, Orta Şərqin, həmçinin, Afrikanın zəngin iqtisadi resurslara malik dövlətləri imperialist güclərin iqtisadi inhisarına alınmağa başlayıb.
Ehtimala görə, ötən əsrdə olduğu kimi, bu ölkələrə qarşı ilkin mərhələdə iqtisadi dəstək məqsədilə ucuz kredit tranşları gücləndirilə, milli iqtisadiyyatın inkişafı üçün donorların maliyyə ayırmaları intensiv xarakter ala bilər. Necə ki, bu ssenari ötən əsrin son 20 ilində müşahidə olunub. Belə ki, beynəlxalq maliyyə qurumları “uzunmüddətli” kreditlərlə bir sıra Afrika ölkələrinin milli iqtisadiyyatını asılılıq vəziyyətinə gətiriblər.
Əslində, bu “modernizasiya”lar Qərbin hə
m iqtisadi, həm də siyasi maraqlarına xidmət edirdi və bu gün yenidən eyni ssenari təkrarlana bilər. çox maraqlıdır ki, son 10 gün ərzində Misirlə bağlı müntəzəm açıqlamalar verən beynəlxalq qurumlar arasında Dünya Bankı və Beynəlxalq Valyuta Fondu daha çox diqqəti cəlb edir. Hər iki qurum “xalq demokratiyası”ndan sonra Misir və Tunisdə milli iqtisadiyyatın inkişaf edəcəyinə, şəffaf iqtisadi idarəetmə sisteminin formalaşacağına dair ucuz reseptlər verməklə məşğuldur. Bu maliyyə institutları bölgədə neoliberal iqtisadi islahatların aparılacağını, hətta indidən müəyyənləşdiriblər. Bu kimi “maliyyə maqnatlarının” haradan idarə olunması, hansı maraqlara qulluq etməsi isə heç də gizli deyil.
Bəs Misirdə baş verənlər ölkəyə hansı zərərlər hesabına başa gəldi və qarşıda iqtisadi dividendlər gətirə biləcək strateji xətt mövcuddurmu?
Bu suala cavab verməzdən öncə vurğulamaq yerinə düşər ki, iğtişaşlar Misirin hazırkı iqtisadi vəziyyətini gərginləşdirməklə bərabər, yaxın illər üçün makroiqtisadiyyatın bir çox bölmələrində bərpa proseslərinə ciddi zərbə vurub. Təxminən, son 3 həftə ərzində bu ölkədə əsas ixrac malları olan neft və qazın satışı rentabelliyini itirib. Qeyd edək ki, Misir Yaxın Şərqin ən iri neft və qaz tədarükçülərindən biri hesab olunur və gün ərzində 2 milyon barel neft, ildə isə təxminən 50 milyard kubmetr qaz ixrac edir. Bu ölkə İsrail, İordaniya, İtaliya, Avstriya, çin, Yaponiya və Avropanın bir sıra ölkələrinə yanacaq nəql edir. Rəsmi Qahirə 3 iri qaz və 2 trans-neft kəmərinə sahibdir.
Son hadisələr zamanı İsraildən keçən qaz kəməri partladılıb və ixrac dayanıb. Bundan sonra neftin qiyməti dünya bazarında 96 dollardan 102 dollara kimi yüksəlib. Bu, 2008-ci ildən sonra ilk dəfə ən böyük qiymət artımı sayılır. Yəni, neft və qaz satışındakı məhdudiyyətlər bu ölkəyə gün ərzində 200 milyon dollardan çox zərər vurub. Bura digər iqtisadi sahələri də əlavə etsək, zərər 300 milyon dolları ötüb. Məsələn, Misirdə informasiya texnologiyaları sisteminin bir neçə gün fəaliyyətini dayandırması xeyli maliyyə itkilərinə səbəb olub. Təkcə internetin kəsilməsi səbəbilə ölkəyə dəyən zərər 90 milyon dollara çatıb. Qeyd edək ki, telekommunikasiya və internet xidməti Misirin ümumi daxili məhsulunun təxminən 3-4 faizini təşkil edir. ümumiyyətlə, Misiri Afrikanın inkişafına görə, əsas ölkəsi hesab etmək olar. Bu ölkədə adambaşına orta hesabla hər nəfərə 4000-4500 dollar milli məhsul düşür. Misir neftlə yanaşı, pambıq, taxıl, şəkər tozu, düyü, duz, dəmir, qarğıdalı, bitki yağları, ədviyyatlar ixrac edir. Misir iki dənizlə əhatə olunduğundan geniş liman kompleksinə malikdir. Amma buna baxmayaraq, ölkədə yoxsulluq və işsizliyin səviyyəsi yüksək olaraq qalır. Son hadisələr isə bu problemi daha da dərinləşdirib.
Fransanın “Credit Agricole” analitik mərkəzinin hesablamalarına görə, bu etiraz aksiyalarına görə, Misir hər gün 310 milyon avro itirib. Son iki həftədə bu ölkəyə 5 milyard dollardan çox ziyan dəyib.
ölkədəki maliyyə və bank strukturları isə fəaliyyətlərini bir neçə günlük dayandırıb ki, bu da valyuta birjalarında, kredit bazarında əlavə gərginlik yaradıb. Bu prosesdən ən çox zərəri isə Misirin Mərkəzi Bankı çəkib. Bank valyuta bazarına müdaxilə edə bilməyib və nəticədə milli valyuta olan funtun dəyəri xeyli aşağı düşüb. Misir funtu 20 faiz ucuzlaşıb. Vəziyyət hələ də stabilləşməyib və valyuta bazarındakı gərginliklər davam edir. ölkənin Maliyyə Nazirliyi zərərin hər gün arta biləcəyini güman edir. Maliyyə naziri Samir Radvanın sözlərinə görə, Misirdə qarət və talandan savayı, bank və birjaların işləməməsi, hər gün bir-birinin ardınca müəssisələrin bağlanması ölkəyə dəyən ziyanın həcmini daha da artırır. Xüsusilə ölkə əhalisinin yarıdan çoxunun yaşayışını təmin edən turizm sahəsinin də fəaliyyətinin dayandırılması Misirdəki maliyyə vəziyyətini daha da çətinləşdirir.
ölkəyə gəlir gətirən ən strateji sahələrdən olan turizm sənayesinə də inam azalıb. İldə 5 milyondan artıq turisti qəbul edən Misir hökuməti il ərzində bu sahədən 10 milyard dollara yaxın qazanc əldə edir. Son 20 gündə ölkəni 1 milyon nəfərdən artıq turist tərk edib ki, bu da ən azı 1 milyard dollar itki deməkdir. ölkədə hakimiyyət dəyişikliyinin baş tutmasına baxmayaraq, xarici turistlərin hələ də Misirə gəlmək fikirləri müəmmalıdır. çünki sabit və təhlükəsiz bir sistemin yaradılması barədə əcnəbilərdə inam yoxdur.
Misir xalqının sosial qayğıları heç kəsi maraqlandırmır
Misirdə b0aş verən son hadisələrdən sonra ölkədə əvvəllər normal fəaliyyət göstərən müəssisələr hələ də işləmir. Onların çoxuna basqınlar olub və bir müddət bu sahədə işləri nizama salmaq lazımdır. Birjalar, fabriklər, iş yerlərinin çoxunun bərpası üçün həm də maliyyə vəsaitlərinə ehtiyac var. Bu isə sosial vəziyyəti bir qədər də çətinləşdirəcək. Qeyd edək ki, Misirdə sosial durum daha da pisləşib. çörək və digər ərzaq məhsullarının qiyməti 80 faizədək artıb. İnflyasiya 80 faizə çatıb. Son 30 ildə istehlak bazarında bu qədər ağır vəziyyət olmayıb. Daxili bazarı və maliyyə sistemini bərpa etmək üçün 10 milyard dollara yaxın vəsait lazımdır. Doğrudur, Misirin kifayət qədər valyuta rezervləri (40 milyard dollardan artıq) var, amma bu vəsaitlərin  qarşıdakı aylar üçün digər sahələrə də xərclənməsi gərəkdir, ona görə də, maliyyə problemi uzun müddət davam edə bilər.
Beynəlxalq reytinq agentlikləri artıq ölkənin kredit reytinqini pozitivdən neqativə endiriblər. Dünyanın tanınmış “Moods”, “Standar ənd Poors” və “Fitch” reytinq agentlikləri ötən həftə ölkənin suveren reytinqini aşağı salıb.
Hazırda Avropa və Amerikanı narahat edən başlıca məsələ isə regionda əsas kommunikasiya tranziti olan Süveyş kanalının bağlanma ehtimalıdır. Məsələ ondadır ki, bu kanal vasitəsilə təkcə Misir nefti deyil, Yaxın Şərqin digər iri yanacaq istehsalçılarının da neft məhsulları daşınır. Yəni, Süveyş kanalı Afrika, Yaxın Şərq və Avropa-Asiya arasında birbaşa kommunikasiya bağlantısıdır. Bu kanaldan Nigeriya, Liviya, Əlcəzair, Anqola, Sudan, Yəmən, İndoneziya istifadə edir və yanacaq resurslarını dünya bazarlarına çıxarır. Göründüyü kimi, həmin kanal əsas körpü sayılır. Nəzərə alsaq ki, hazırda iğtişaşların ən böyük mərkəzlərindən biri də məhz Süveyş bölgəsidir, onda bu ərazinin kommunikasiya bağlantılarının qeyri-sabit bölgə kimi müvəqqəti bağlanması inandırıcıdır. Ona görə də, Süveyş kanalının bağlanması dünya neft bazarında acı nəticələrə səbəb ola bilər. Bu kanalın qapadılması gün ərzində ən azı 2 milyon barel neftin nəqlinin dayanması demək olardı.
Məhz mövcud situasiyalar və hadisələr də bir daha onu göstərir ki, zəngin iqtisadi resurslara malik olan Misir Qərb üçün xammal bazasıdır, əhalinin sosial problemlərinin həlli, ölkənin yüksək inkişafı onlar üçün böyük əhəmiyyət daşımır. İmperialist güclər üçün bu ölkənin, sadəcə, iqtisadi-xammal resursları, həmçinin, nəqliyyat-kommunikasiya və liman-ticarət şəbəkələri vacibdir. çox maraqlıdır ki, indiyədək Təhrir meydanına toplaşan minlərlə insanın qarşısında dayanaraq, ölkənin inkişafı və iqtisadi islahatlarla bağlı elmi-nəzəri konsepsiyaya malik lider gözə dəymədi. ölkəni bu sosial və iqtisadi böhrandan çıxarmaq üçün konkret strateji proqramı ola bilən siyasi qüvvə yoxdur. Yenə də Qərbin iqtisadi hegemoniyası əsasında idarə olunan bir rejimin fəaliyyəti bərqərar olur və bunun milli iqtisadiyyatın və milli oliqarxiyanın, sahibkarlıq sinfinin formalaşması və inkişafı üçün nələr verəcəyi də müəmmalı olaraq qalır. Bu isə Misirin müstəqil idarəçiliyinə, öz sərvətlərinə, milli təhlükəsizliyinə özünün sahib olmasına bir çox suallar yaradır.
Qərb öz müttəfiqini ona görə göndərdi ki...
Göründüyü kimi, iqtisadi-sosial durumlarının ağır olmasını əsas gətirərək küçələrə çıxan onminlərlə misirlinin bu inqilab sonrasında iqtisadi cəhətdən qazancının nəinki olmaması, əksinə, böyük ziyanlarla prosesdən çıxmasını faktlar sübuta yetirir. Eynilə, siyasi cəhətdən də misirlilərin nəsə qazandığını söyləmək sadəlövhlük olardı.
Bununla bağlı dəfələrlə yazılar yazmışıq, təhlillər aparmışıq. Və gəldiyimiz nəticə bundan ibarət olub ki, bu inqilabın baş verməsində Misir xalqının rolu, sadəcə, prosesləri sürətləndirən vasitə olmaqla məhdudlaşıb. Daha dəqiq desək, bu hadisələrin də, onun emal etdiyi inqilabın da layihəsi Misirin sərhədlərindən çox-çox uzaqda hazırlanıb. Yəni, bu inqilab Misirə, sadəcə, ixrac olunub. Böyük Orta Doğu və Şimali Afrika Projesinin bir halqasını təşkil edən Misirdə hakimiyyət çevrilişi beynəlxalq güclərin məhsulu olmaqla, sadəcə, onun maraqlarına xidmət edib. Nəzərə almaq lazımdır ki, Yaxın Şərq və ətraf bölgələrdə imperialist güclərin nəzarətindən kənarda hər hansı hərbi çevriliş etmək mümkün deyil. Baş vermiş hərbi çevrilişlər isə birbaşa Qərbin diktəsi ilə reallaşıb. Digər tərəfdən, Misir ordusu bu günə qədər xaricdən ən çox yardım alan ordulardan biri kimi, hegemon güclərin maddi və təşkilati dəstəyi ilə dünyanın ən böyük ordularından birinə çevrilə bilib. Ona görə də, Misirdəki hərbi çevrilişin də imperialist güclərin iradəsindən kənarda olmadığını düşünmək elə də çətin olmamalıdır.
Beləliklə, Misirdə qiyamın baş qaldırdığı vaxtdan son ana qədər baş verənləri diqqətlə müşahidə etsək, bir neçə maraqlı nüansın ortaya çıxdığını görürük. Məsələn, niyə bu 18 günlük dövrdə Fələstinin lehinə bir dəfə də olsun şüar eşidilmədi? çünki onlara təqdim olunmuş ssenarilərdə bu ifadələrə yer yoxdur. Demək ki, bu inqilabın, bu çevrilişin sadə Misir ərəbinə heç bir dəxli olmayıb.
Artıq dünya şərtləri dəyişir və bu dəyişən şərtlər fonunda Qərbin Yaxın Şərq və Mərkəzi Afrika ilə bağlı düşüncələrində də müəyyən korrektələr sezilir. Bu korrektələr isə xarici qüvvələrin iradəsindən daha çox asılı olan yeni bir Misir hökumətini tələb edirdi. Ona görə də, yeni dövrün çağırışlarına uyğun olaraq, Qərb həm öz maraqlarını daha da yaxşı səviyyədə qoruyacaq bir adamı hakimiyyətə gətirir, həm guya demokratiyanı dəstəkləyən superdövlət imicini möhkəmləndirməyə çalışır, həm də Yaxın Şərqdəki əsas müttəfiqinin ətrafındakı təhlükəsizlik koridorunu daha da genişləndirir.
Beləliklə, Misir inqilabının imperialist güclərə qazandırdığı siyasi dividendlər yetərincədir. Misir xalqına isə həm iqtisadi, həm də siyasi cəhətdən heç nə qazandırmadı. Əksinə, xalqın onsuz da çox olan problemlərinin üzərinə yeni problemlər əlavə etməkdən başqa bir işə yaramadı. Bu isə gözlənilən və proqnozlaşdırılan sonluq idi. çünki son zamanlar Qərbin və onun çətiri altına toplaşan imperialist güclərin ixrac etdiyi heç bir inqilab bu və ya digər ölkəyə rifah bəxş etmədiyi kimi, həmin ölkələrin olan - qalan imkanlarını da havaya sovurub.
“Yeni Azərbaycan”

Paylaş:
Baxılıb: 933 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30