Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cəmiyyət qadınlara inanır

Cəmiyyət qadınlara inanır

08.03.2011 [01:16]

Bu gün Azərbaycan qadınının həyatımızın bütün sahələrində əldə etdiyi uğurlar, nümayiş etdirdiyi yüksək göstəricilər ölkəmizdə əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasətinin inkişafının sistemli şəkildə həyata keçirilməsinin məntiqi nəticəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətində qadınların rolunun yüksəldilməsi üçün hərtərəfli şərait yaradılır, ardıcıl tədbirlər həyata keçirilir.
Qadın problemlərinə dövlət səviyyəsində diqqət və qayğını biz həmişə hiss edirik. Yeni qanunvericilik aktları, respublika Prezidentinin Fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, gender siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu sahədə böyük işlərin görüldüyünü əyani surətdə nümayiş etdirir.
Son illərdə Azərbaycanın ictimai-siyasi, elmi-iqtisadi həyatında çox mühüm dəyişikliklər, mühüm yüksəliş baş verməkdədir. Xüsusən qadın hərəkatı öz fəaliyyətini daha da gücləndirir.
Biz  bu gün mürəkkəb, lakin şərəfli bir dövrdə yaşayırıq. Vətənimizin günü-gündən inkişaf etdiyi bir zamanda Azərbaycan xanımları əsası Ulu öndər tərəfindən qoyulmuş qadın siyasətinin fəal iştirakçılarına çevriliblər. Azərbaycanda müşahidə olunan surətli iqtisadi inkişafın nəticəsi olaraq hər bir ölkə vətəndaşı öz  peşəkar həyatında böyük uğurlar qazanmaq  imkanları əldə edib.
Təcrübə göstərir ki, demokratik inkişaf yolu seçən hər bir  müasir cəmiyyətdə  zamanın dinamikası yeni vərdişlər, yeni bacarıqlar tələb edir. Bu da qadınları cəmiyyət həyatında daha fəal iştirak etməyə sövq edir. Bu gün Azərbaycan xanımları cəmiyyət həyatının hər bir  sahəsinə surətlə inteqrasiya olunmaqdan əlavə, öz fəaliyyətlərində, işlərində, həyata keçirilən  yeni layihələrdə böyük inkişaf  nümayiş etdirirlər.
Tarix boyu Vətənə, torpağa sədaqəti ilə seçilən qadınlarımız milli-mənəvi dəyərlərimizə sadiq olaraq, bu gün də müstəqil Azərbaycan Respublikasının iqtisadi-siyasi qüdrətinin güclənməsi naminə ictimai həyatımızın bütün sahələrində səylə çalışırlar. Şərq dünyasında ilk dəfə, 1918-ci ildə seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını son 100 ildə bir neçə əsrə bərabər inkişaf yolu keçmişdir. Azərbaycan qadınları yüksək işgüzarlıq, peşəkarlıq nümayiş etdirərək, xalqımızın maariflənməsi, mədəniyyətimizin yüksəlişi və güclü iqtisadi potensialımızın yaradılması işinə öz layiqli töhfəsini vermişlər. Azərbaycan qadını bu gün gələcək nəsillərin milli-mədəni irsə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə olunmasında var qüvvələrini sərf edir, doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə xidmət edirlər.
Azərbaycan cəmiyyətində həmişə aparıcı mövqe tutmuş qadınlarımız bu gün daha böyük fəaliyyət sahəsinə malikdirlər. Onlar rəhbərlik etdikləri təşkilatlarda yüksək bacarıq və fəallıq nümayiş etdirməklə, həm də ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər. Bu gün ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva özünün şəxsi nümunəsi və çoxsaylı ictimai fəaliyyəti ilə yüksək ehtiram sahibidir. Gözəl ailə başçısı, qayğıkeş ana olmaqla Mehriban xanım Əliyeva ölkəmizin ictimai həyatında xüsusi fəaliyyəti ilə seçilir. O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı kimi nə qədər gərgin işlə məşğul olsa da, fəaliyyətinin əsas hissəsini  qadınların və uşaqların problemlərinin həllinə yönəldir.
Mehriban Əliyevanın Azərbaycanın həyatındakı çoxşaxəli fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü genişmiqyaslı işlər qadınlara əsl örnəkdir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqram və layihələr Azərbaycan təhsilinin, mədəniyyətinin qarşısında yaşıl işıq yandırdı. Azərbaycanın birinci xanımının məramı çox sadədir , o istəyir ki, uşaqlar çox gözəl və müasir məktəblərdə təhsil alsınlar, Azərbaycan təhsili dünya standartları səviyyəsinə qalxsın. O, istəyir ki,  Azərbaycanda bir dənə də olsun internat və uşaq evi qalmasın, bütün uşaqlar ana nəvazişi, ata qayğısı ilə böyüsünlər. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində  az vaxtda iki mərhələdə 200-ə qədər məktəbin tikilib istifadəyə verilməsi, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində bu cür müəssisələrdə aparılan əsaslı təmir işləri də cəmiyyətdə böyük rezonansa səbəb olur.
O, həmçinin, qaçqın və məcburi köçkün ailələrinin uşaqlarına, xüsusi yardıma və qayğıya ehtiyacı olan əlil və xəstə uşaqlara ayrıca diqqət yetirir, onların problemlərinin həllinə kömək edir. Bundan əlavə, xalqlar arasında mədəni əlaqələrin daha da genişləndirilməsi, Azərbaycan mədəniyyətinin dünyada tanınması üçün əlindən gələni edir, gördüyü işləri özünün vətəndaşlıq borcu bilir. O, ümummilli liderimiz Heydər Əliyev məktəbinin layiqli davamçısı kimi respublikamızda xeyriyyəçilik ideyalarının bərqərar edilməsində, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, şifahi ədəbi və musiqi irsinin qorunub saxlanılması yolunda böyük zəhmət sərf edir. Bu gün Mehriban xanım Əliyeva Azərbaycan qadın hərəkatının önündə gedərək beynəlxalq təşkilatlarda xanımlarımızı ləyaqətlə təmsil edir.
Mehriban xanımın həyata keçirdiyi böyük missiya Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsinə sübutdur.
İctimai həyatda öz yerini təsdiqləmiş qadınlarımızın ailə dəyərlərinin də qorunub saxlamasında müstəsna rolu var. Biz dövlətimizin bu sahədəki siyasətini yerinə yetirən bir qurum olaraq ailələrin rifahının daha da yüksəldilməsi, qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması, uşaqların hüquqlarının təmin edilməsi sahəsində ardıcıl işlər görürük. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq öz fəaliyyətimizdə qadın problemləri və ailə zorakılığına qarşı təbliğat, erkən nikahın qarşısının alınması ilə bağlı bir sıra layihələr həyata keçiririk.
Bu gün qürurla qeyd edirik ki, ötən illərin mühüm sənədlərindən biri olan, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən imzalanmış Sərəncamla təsdiq edilən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu qadınlarımızın həyatında mühüm bir hadisəyə çevrildi.
Ulu öndər Heydər Əliyev MDB məkanında i
lk dəfə 6 mart 2000-ci ildə “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzaladı. Bu tarixi sənəddə dövlətin qadın siyasətinin əsas istiqamətləri, qadınların ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrində məhsuldar və səmərəli fəaliyyətinin hüquqi-təşkilatı əsasları, ailə, uşaq, qadın problemlərinin tənzimlənməsində dövlət orqanlarının vəzifələri müəyyənləşdirildi. Qadın problemləri ilə məşğul olan nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasları qoyuldu. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına yönəlmiş konvensiya və digər mühüm sazişlərə qoşuldu. Respublikanın bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların kişilərlə bərabər təmsil olunması prioritet vəzifə kimi qiymətləndirildi. ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən gender siyasəti tələblərini rəhbər tutmaqla qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılmasının qanunvericilik bazası təmin olundu.
Bu gün Azərbaycan qadınları bütün bu kimi imkanlardan istifadə edirlər. Onlar sərbəst təhsil almaqla, peşə səviyyələrini artırmaqla bərabər, cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.
Respublikada qadınların qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakı da getdikcə artmaqdadır. Buna baxmayaraq, qadınların hakimiyyətdə və idarəetmədə iştirak səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bundan sonra da konkret addımlar atılacaqdır.
Bununla da qadınlarımızın liderlik mövqeyinin möhkəmlənməsinə, onların cəmiyyətin bərabər hüquqlu üzvü kimi öz potensialını tam reallaşdırılmasına möhkəm zəmin yaranıb.
Ailə, qadın, uşaq  problemləri spesifik xarakter daşıdığına görə bizdən həssas yanaşma, davamlı və ardıcıl münasibət tələb edir.
Hazırda Azərbaycanda 2 milyona yaxın
 ailə var. Sevindirici haldır ki, cəmiyyətdə tarixi milli-mənəvi dəyərlərə əsaslanan sağlam ailələrin sayı ildən ilə artır. Rəsmi statistikaya görə hazırda ailəli qadınların 68.6 % (kişilərin 72.3 %) əmək fəaliyyəti ilə məşğuldur. Bu rəqəmlər ölkəmizdə qadın azadlığının yüksək səviyyədə olduğunu əyani sübut edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailələrin mənəvi sağlamlığı, onların cəmiyyətdə sosial statusunun daha da qaldırılması yönündə ilə çoxlu sayda tədbirlər keçirilir. Artıq bir neçə ildir ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 May Beynəlxalq Ailə günü ilə əlaqədar ölkənin müxtəlif bölgələrində “Ailə bayramı” qeyd olunur. Bayram tədbirində respublikanın müxtəlif rayonlarında təşkil olunan yaradıcılıq, kulinariya, musiqi ,əl işləri üzrə müsabiqələrin qalib ailələri dəvət alır.
Bununla bərabər etiraf etməliyik ki, ailələrin, xüsusilə də, gənc ailələrin qorunması istiqamətində aparılan işlər daha da geniş vüsət almalı, cəmiyyətin ona dəstəyi artmalıdır.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu işdə öz fəaliyyətini daha da təkmilləşdirməli, nikahların davamlı, möhkəm olmasına çalışmalıdır.
Ailələrin inkişafı, yeni nəslin tərbiyəsi, cəmiyyətdə qadınların rolunun artırılması məsələlərinin həlli yalnız dövlət qurumlarının işi olmayıb, eyni zamanda, hər birimizin vətəndaşlıq vəzifəmizdir. Həyat şəraitimizin yaxşılaşması, cəmiyyətin inkişafı müəyyən mənada biz qadınlardan asılıdır. Bir vətəndaş, eyni zamanda, bir qadın olaraq öz işimizə yaradıcı və məsuliyyətlə yanaşsaq, daha çox uğur qazana bilərik. Bu baxımdan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müvafiq dövlət və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlığın tərəfdarıdır.
Qadınlar çalışdıqları hər sahədə fəal olmalı, onları narahat edən məsələlərin həllində iştirak etməlidirlər. Bu gün bütün dünyada mövcud olan, həmçinin də cəmiyyətimizdə həllini gözləyən bir sıra problemlər - məişət zorakılığı, təhsildən yayınma, erkən nikah, qadınlar tərəfindən törədilən cinayətlər, narkomaniya, ekoloji problemlər, uşaq əlilliyi və s. mövcuddur. Biz belə halların aradan qaldırılması üçün tədbirlər görməliyik.
İctimai-siyasi dəyişikliklər, sosial-iqtisadi çətinliklər, məişət problemləri qadınlara daha çox təsir göstərir. Ən adi məişət qayğılarından tutmuş qlobal sosial problemlərə qədər bütün məsələlərin həllində qadınlarımız kişilərlə bərabər, bəzən də onlardan artıq çalışır, səy göstərməli olurlar. Bu problemlərin həlli üçün dövlət və qeyri-hökumət təşkilatlarının birgə səyi həmişə istənilən nəticəni verir. Bizim dəstəyimizlə xanımlarımız öz evlərində, yaşadıqları kənd, qəsəbə və şəhərlərdə rastlaşdıqları problemlərin həllinə kömək edə bilərlər. Buna görə  onların daha təşəbbüskar və fəal, cəsarətli olmaları vacibdir. Biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq hər bir addımda qadınlarımızın fəaliyyətini dəstəkləməyə hazırıq. çünki cəmiyyət onlara çox inanır.
Qarşıda duran mühüm vəzifələrdən biri ondan ibarətdir ki, dövlət qurumlarında və özəl sektorda fəaliyyət növü nəzərə alınmaqla onlar üçün kişilərə bərabər imkanların yaradılmasına, iqtisadi fəallıqla məşğul olmaq arzusunda olan qadınların işlə təmin edilməsi məqsədi ilə müvafiq proqramların hazırlanmasına, qadınların hüquqlarının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının qanunlarında müvafiq dəyişikliklərin edilməsinə öz töhfəmizi artıraq.
Müasir Azərbaycan qadını öz soy-kökünə, xalqının mənəvi dəyərlərinə sadiq tarixi ənənələri qoruyan , onun keşiyində duran və bu gözəl ənənələri daha da zənginləşdirərək sabaha ötürmək iqtidarında olan bir insandır.
Burada möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Azərbaycan qadınları haqqında söylədiyi fikirləri bir daha yada salmaq yerinə düşərdi: “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir”.
Əziz qadınlar, sizi çox sevdiyiniz 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür, can sağlığı, uğurlar arzu edirəm.
Hicran Hüseynova,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Paylaş:
Baxılıb: 932 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30