Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Çirkli pullar, yoxsa dünyanın nəhəng banklarının maliyyə fırıldaqçılığı...

Çirkli pullar, yoxsa dünyanın nəhəng banklarının maliyyə fırıldaqçılığı...

08.03.2011 [01:17]

Mübarəkin və yaxud Qəddafinin bank hesablarını donduran banklar indi də bu vəsaitləri ələ keçirmək üçün müxtəlif yollar arayır
Məlum olduğu kimi, Avropanın iri bankları, əsasən də İsveçrə bankı ərəb dövlətlərinin keçmiş rəhbərləri Zeynalabdin bin-Əlinin və Hüsnü Mübarəkin, eləcə də, Liviya lideri Müəmmar Qəddafinin hesablarına həbs qoyub, yerləşdirdikləri depozitləri dondurub. Hesablamalara görə, təkcə bu üç şəxsin banklardakı hesablarında ən azı 150 milyard dollar kapital mövcuddur. Zeynalabdin bin-Əlinin təxminən 30, Hüsnü Mübarəkin 70, Qəddafinin isə 65 milyard dollar vəsaitinə həbs qoyulub. İsveçrə hökuməti, bununla yanaşı, hər üç siyasi liderin ailəsinə və yaxınlarına məxsus olan bank hesablarının da mövcud olduğunu və onları da dondurmaq qərarını bəyan edib. Beləliklə, 3 ərəb ölkəsinin 200 milyard dollardan artıq pulunun taleyi sual altına düşüb. Həmin pulların aqibəti necə olacaq, kimin sərəncamına veriləcək, bu və digər suallar hələ də qaranlıq qalır.
Əvvəlcə, İsveçrə bankının və digər iri dünya banklarının qeyd olunan hesabları dondurmaq barədə qərarına aydınlıq gətirək. İsveçrə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ştefan Bellou belə bir açıqlama ilə çıxış edib ki, dondurulmuş bank hesablarındakı pulların qanuni yolla əldə olunub-olunmaması hələ məlum deyil. Əgər bu pulların qanunsuz yollarla əldə olunması sübut olunarsa, o zaman bu varidatın taleyini səlahiyyətli məhkəmə hakimiyyəti orqanları təyin edəcək.
Dünyanın iri bankları, o cümlədən, İsveçrə bankı hər hansı bir fiziki və yaxud hüquqi şəxsə yerləşdirdiyi vəsaitə görə, bank hesabı açdıqda, həmin pulların mənşəyi ilə bağlı xüsusi deklarasiyanı da tələb edir. Yəni, 5-10 milyard dollar həcmində vəsaitin hansı yolla qazanılması haqqında bəyannamə də sənədlər içərisində yer tutur. Təbii ki, biznesmenin və yaxud iri holdinqin bununla bağlı heç bir problemi ola bilməz. Amma adi vətəndaşın böyük məğləğdə pul vəsaitinin əldə olunmasının qanuniliyi haqqında şübhə doğuracaq amillər olduqda bank bundan imtina edir. Bəs, beynəlxalq banklar Hüsnü Mübarəkin, yaxud Müəmmar Qəddafinin vəsaitlərini qəbul edərkən, niyə həmin pulların qanuni yolla əldə olunub-olunmaması barədə sənəd tələb etməyib, bunu araşdırmayıb?!
MONEYVAL-ın gözündən yayınan “çirkli pullar”...
Bu gün Beynəlxalq Maliyyə Monitorinqi Agentliyi şübhə doğuran bank hesablarını araşdıraraq ən sərt addımlar atmaq səlahiyyətlərinə malikdir. Amma bu qurum da ötən dövr ərzində Mübarəkin və Qəddafinin bank hesablarına dair heç bir təlimatla çıxış etməyib. Digər tərəfdən, dünyada xüsusi nəzarət mexanizmlərinə malik olan qurum var, çirkli Pulların Yuyulması Əleyhinə Görülən Tədbirlərin və Terrorizmin Maliyyələşdirilməsinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL), bu təşkilat bütün ölkələrin fiziki və hüquqi şəxslərinə aid bank vəsaitlərinin mənşəyi ilə bağlı qlobal səviyyədə ciddi yoxlama funksiyalarını həyata keçirir. MONEYVAL hansısa bankdakı vəsaitin terrorun, qadın biznesinin, narkotika ticarətinin, orqan mafiyasının və digər qlobal miqyaslı qanunsuz bizneslərin maliyyələşdirilməsinə yönəldilməsini, eyni zamanda, şəffaflıq olmadan, yəni qeyri-qanuni şəkildə əldə olunmasını yolverilməz hesab edir və həmin pulları çirkli pullar kateqoriyasına aid edir. Əgər belə bir fakt olsa, MONEYVAL dərhal həmin hesabın bağlanması barədə bankın rəhbər şurasına xəbərdarlıq edir, tələbin icra olunmasına nail olur. Yenə də, ortaya sual çıxır, Hüsnü Mübarəkin və Qəddafinin bank hesablarındakı pullar qeyri-qanuni yolla əldə olunubsa, niyə MONEYVAL indiyədək bu hesabların dondurulmasına nail olmayıb? Məgər, Mübarəkin devrilməsini gözləmək lazım gəlirdi? Yaxud, niyə hələ də çirkli pulların sahibi olan Kojennının, Berezovskinin hesabları dondurulmur, axı onların da kifayət qədər pulları var?!
Mübarəkin pulları humanitar proqramlar adı altında “silinə” bilər...
Beynəlxalq bank qurumları iddia edirlər ki, dondurulmuş bank hesablarındakı pulların Tunis, Misir və Liviya hökumətlərinə qaytarılması müvafiq araşdırmalardan sonra mümkün ola bilər. Ən yaxşı halda vəsaitlərin yeni hökumətə geri ödənilməsi 3 ildən sonra mümkün  olacaq. Belə çıxır ki, İsveçrə bankı həmin pullardan 3 il ərzində 10-15 milyard dollar divident əldə etmək istəyir. Amma ola bilər ki, bu pulların qaytarılması heç mümkün olmasın və beynəlxalq humanitar proqramlar adı altında “silinsin”.
Nəzərə almaq lazımdır ki, bu gün beynəlxalq maliyyə piramidaları sayılan Avropa və Amerikanın bank nəhənglərində saxlanılan ən iri məbləğə malik pullar da məhz Yaxın Şərqin və Şimal-Qərbi Afrikanın ən zəngin karbohidrogen ehtiyatlarına malik ölkələrin dövlət başçılarına məxsusdur. Yəni, dünyanın iri maliyyə qurumlarının rəhbərləri də yaxşı başa düşür ki, burada saxlanılan on milyardlarla dollar pul birbaşa neft və qaz satışından daxil olan vəsaitlərdir. Bu kapital hansısa ərəb liderinin aylıq maaşı hesabına topladığı ehtiyat deyil, mənimsənilmiş çirkli pullardır. İllərdir ki, zəngin neft ölkələri olan Misir və Liviyanın yanacaq resurslarının alıcıları isə Avropa və Amerika ölkələridir. Dünyada maliyyə sistemində hegemon mövqeyə malik olan bankların da arxasında məhz dövlətlərin dayanması sirr deyil. Bu qənaətlə belə çıxır ki, vaxtilə Misir və Liviyanın sərvətlərinə milyardlarla dollar pul xərcləyən həmin ölkələr indi bu ölkənin, xalqın sərvətləri olan valyuta ehtiyatlarına həbs qoymaqla açıq şəkildə verdikləri pulları geri alırlar. Yəni, 10 il, 20 il ərzində kisələrindən pul sərf edən həmin ölkələr indi bu vəsaitlərə sahib çıxırlar.
Valyuta Fondunun “öncəgörməliyi” işə yaradı...
İndi iqtisadiyyatı, infrastrukturu darmadağın olmuş Misirin bərpası üçün böyük həcmdə pula ehtiyacı var. Qərb ölkələri və beynəlxalq maliyyə institutları yeni hökumətə yardım edəcəyini, uzunmüddətli kreditlər verəcəyini əmin edir. Milyardlarla dollar kreditlərlə bu ölkəni “yükləmək” o qədərmi vacibdir? Əgər bu ölkələr belə səxavətlidirlərsə və xalqın taleyini düşünürlərsə, onda niyə dondurulmuş, xalqın halal haqqı sayılan vəsaitləri tezliklə Misirin ehtiyat fondlarına geri ödəmirlər?! Bu vəsaitlər Misir, Tunis və yaxud Liviya xalqına, daha doğrusu, bu ölkələrin hökumət fondlarına (Mərkəzi Banka) təhvil verilməlidir. Əks halda dünya banklarının adi oğru və dələduzlarla, bank fırıldaqçıları ilə nə fərqi olardı.
Göründüyü kimi, Misir də daxil olmaqla ərəb ölkələrində baş verənlərin pərdəarxası oyunları heç də gizli qalmır. İndi ərəb ölkələrinin “batmış” 100 milyardlarının ardından yeni bir “iqtisadi ekspansiya” dövrü başlayır. Bölgənin zəngin neft ehtiyatlarının mənimsənilməsi və inhisara alınması erası start götürüb. (Əslində bu proses 2003-cü il İraqın işğalından sonra başlayıb). Maraqlı bir tendensiya hazırkı proseslərdə beynəlxalq maliyyə institutlarının “dəridən qabıqdan çıxaraq” Misir və Liviya hökumətinə ağıl dərsi verməsidir. Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondu (BVF) neçə aylardır ki, Misirin iqtisadiyyatı ilə bağlı ortamüddətli proqnozlar verir. Nəhayət, BVF-nin “öncəgörməliyi” bu region ölkələrinin iqtisadiyyatındakı ağır durumu üzə çıxardı. İndi isə hər iki qurum öz yardım əlini uzatmağa başlayıb. İlkin mərhələdə iqtisadi dəstək məqsədilə ucuz kredit tranşları gücləndirilə, milli iqtisadiyyatın inkişafı üçün donorların maliyyə ayırmaları intensiv xarakter ala bilər. Əslində, beynəlxalq maliyyə qurumlarının “uzunmüddətli” kreditləri də Afrika ölkələrinin milli iqtisadiyyatını asılılıq vəziyyətinə gətirməyə xidmət edir.
P.S. Bizcə inqilab həvəsinə düşmək niyyətində olan Yaxın Şərq və Şimali Afrika ölkələrinin xalqları artıq iki dəfə fikirləşməlidir: inqilab onlara demokratiyanı gətirəcək, yoxsa, olub qalan milli varidatlarının da axırına çıxacaq?
ELBRUS CƏFƏRLİ
Paylaş:
Baxılıb: 967 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30