Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "11 mart - Böyük Xalq Günü" qrupu xaricdən maliyyələşən, spekulyativ və təxribatçı fəaliyyətin nəticəsidir

"11 mart - Böyük Xalq Günü" qrupu xaricdən maliyyələşən, spekulyativ və təxribatçı fəaliyyətin nəticəsidir

11.03.2011 [00:39]

İKT-nin inkişafından, sosial şəbəkələrdən danışan Azərbaycan gəncləri düşmən təxribatlarının sayının durmadan artdığını və hər zaman onlara qarşı mübarizədə olacaqlarını söyləyiblər
Son zamanlar internetin, informasiyanın hər bir insanın həyatının  mühüm bir hissəsinə çevrilməsi nəticəsində bir sıra xoşagəlməz məqamlar ortaya çıxıb. Xüsusilə, gənclərin aktiv şəkildə sosial şəbəkələrdə yer almasından düşmənlərimiz hazırladıqları təxribatlarda da istifadə etməyə başlayıblar. Onlar bizim gənclərin adından istifadə etməklə, müxtəlif spekulyativ aksiyalar təşkil edirlər. Bir növ informasiya təhlükəsini sosial şəbəkələrdən hiss etməyə başlamışıq...
ümumiyyətlə, sosial şəbəkələrdən ixrac edilən bu cür aksiyaların nə dərəcədə real olduğunu və Azərbaycan gənclərinin düşmənin təxribat xarakterli fəaliyyətinə münasibətini öyrənmək üçün qəzetimizin redaksiyasında “Dəyirmi masa” təşkil etdik. “Dəyirmi masa”da Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov,  YAP Gənclər Birliyinin sədr müavinləri Samirə Quliyeva və Aytac Əliyeva, YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin sədri Sərraf Hüseynov, Nəsimi rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü Əmir Hacılı iştirak ediblər.
- Alimlərin deyiminə görə, XXI əsr informasiya əsridir. Bu məsələyə münasibətiniz necədir? Bu deyim özündə nəyi ifadə edir?
Seymur Orucov: Bəli, söylənildiyi kimi, bu gün müasir cəmiyyətimizdə istənilən problemlərin həllində, görülən işlərdə informasiya vacib ünsür kimi çıxış edir. Bugünkü dövrə nəzərən hələ bir neçə əsr öncə hansısa coğrafi baxımdan uzaq məsafədə yerləşən dövlətin ərazisində baş vermiş hadisə haqqında bizim regionda bəlkə də, 2 həftədən sonra xəbər tuturdular. Amma hazırda, ABŞ-ın hansısa ştatında baş vermiş olayla bağlı həmin an xəbərimiz olur.
Eyni zamanda, biz bu gün informasiya bolluğunda yaşayırıq. Yəni, hansısa obyekt haqqında internet vasitəsilə istənilən qədər məlumat toplaya bilirik. Əlbəttə ki, informasiya əsrinin bəşəriyyət üçün bu baxımdan əhəmiyyəti böyükdür.
Amma bu informasiya bolluğunun mənfi tərəfləri də var. Bəzən elə olur ki, insanlar onlara lazım olmayan, milli şüuru zəhərləyən informasiyaları qəbul etmək məcburiyyətində qalır. Ona görə də, həm dövlətin informasiya təhlükəsizliyi ilə bağlı fəaliyyəti, həm də insanların lazımsız məlumatların təsirinə düşməkdən qorunması aktiv şəkildə həyata keçirilməlidir.
Samirə Quliyeva: XXI əsrin informasiya dövrü olduğunu nəzərə alaraq, deyə bilərik ki, bu gün informasiya çox böyük yükə və gücə malikdir. Hazırda, bir informasiya ilə düzəni həm qurmaq, həm də yıxmaq mümkündür. Qloballaşma prosesi o dərəcədə sürətlə gedir ki, dünyanı artıq informasiya vasitəsilə idarə etmək erası başlayır. Həm informasiya-kommunikasiya texnologiyalarının inkişafı, həm yeni sürətli kompyüterlərin istehsalı, həm də dünya insanlarını bir şəbəkədə birləşdirən informasiya torlarının meydana gəlməsi haqqında danışdığımız idarəetmə erasının əsas məqamlarını təşkil edir. Elə hər birimizin evinə daxil olan komryüter sistemləri, bütün dünyanı vahid informasiya məkanında birləşdirən internet şəbəkəsi, virtual kitabxanalar, jurnallar və bu qəbildən olan digər vasitələr də həyatımızın ayrılmaz hissəsinə çevrilir. Hətta, informasiyanın həyatımızın ayrılmaz elementinə çevrilməsi yavaş-yavaş yeni insan tipinin formalaşmasına da gətirib çıxarır. Bu sahədə tədqiqatlar aparan alimlərin qeydlərinə görə, artıq müasir dövrün insanlarını “homoinformatikus”lar da adlandırmaq olar.
Əlbəttə ki, biz bu sahədə olan inqilabi dəyişiklikləri yalnız mənfi istiqamətdə qiymətləndirə bilmərik. çünki İKT-nin inkişafı eyni zamanda, müxtəlif sahələrdə intellektual idarəetmə sistemlərinin formalaşmasına və insanların həyatının daha da yaxşılaşmasına təsir göstərir. Beynəlxalq şəbəkələr vasitəsilə yazışmalar aparılır, müqavilələr imzalanır, əməkdaşlıq münasibətləri qurulur və s. Hətta, alimlər, araşdırmaçılar beynəlxalq şəbəkəyə çıxışdan istifadə etməklə dünyanın nüfuzlu universitetlərilə əməkdaşlıq edir, tədqiqat əsərlərini məşhur elmi jurnallarda dərc etdirirlər. Yəni, İKT-nin inkişafı cəmiyyətimizin sosial-iqtisadi, elmi-mədəni inkişafını sürətləndirir, ona öz töhfəsini verir.
Amma çox təəssüflər olsun ki, müasir dövrdə İKT-nin inkişafından hansısa qüvvələrin korporativ maraqlarının təmin olunması üçün də istifadə edilir. Təbii haldır ki, bu cür qüvvələrin fəaliyyətinin qarşısını tamamilə almaq mümkün deyil. Bir daha qeyd edim ki, bu prosesdə əsas obyekt və subyekt insan olduğundan məsələnin qarşısının alınmasına tam müdaxilə baş tutmur.
Aytac Əliyeva: XXI əsrdə informasiyadan danışırıqsa, bu zaman sərhəd tanımayan, qlobal təsir gücünə malik faktordan bəhs etməli olacağıq. Bu gün informasiyanın emalı və ötürülməsi o qədər mərkəzləşdirilib və müxtəlifləşdirilib ki, onun müasir sosial-siyasi və iqtisadi proseslərə böyük təsirini hiss etməkdəyik. İnformasiyanın mərkəzləşdirilməsi məsələsinə gəlincə deməliyik ki, bu gün beynəlxalq çıxışı olan istənilən kiçik bir məkanda dünyanın istənilən yerindən eyni məzmunlu informasiyalar əldə edə bilirik. Amma informasiyanın məqsədli şəkildə müxtəlifləşdirilməsi artıq insanın dəqiq məlumat əldə etmək imkanlarını məhdudlaşdırır. Və qeyd olunduğu kimi, bununla da, insan informasiya ilə idarəolunan obyektə çevrilməyə başlayır.
Gizli bir hal deyil ki, bu gün reket informatorların əməllərilə də qarşılaşırıq. Onlar informasiya əsrində yaranmış imkanlardan sui-istifadə etməklə, ictimaiyyəti yanlış məlumatlandırırlar və bununla da, məqsədlərini həyata keçirmiş olurlar.
Bir sözlə, bu gün informasiya bizim həyatımızın mühüm tərkib hissəsinə çevrilib. İradəmizdən asılı olmayaraq, yayılmış informasiyanı qəbul etmək məcburiyyətində oluruq. Onun təsirinə düşüb-düşməmək isə artıq bizim özümüzdən də asılı olan məsələdir. Əlbəttə ki, informasiya dövrünün də mənfi və müsbət tərəfləri bu nöqteyi-nəzərdən qiymətləndirilə bilər.
Sərraf Hüseynov: Mən XXI əsri informasiya ilə idarəolunan cəmiyyətlərin formalaşması dövrü kimi xarakterizə edərdim. Bu gün həqiqətən də insanların informasiya ilə idarəolunması halları müşahidə edilir. Hazırda insanların həddən artıq informasiya qəbul etməsi onların düşüncə qabiliyyətini zəiflədir. Bilirsiniz bu nə üçün belə olur?
çünki bu gün istədiyimiz problemin həlli ilə bağlı məlumatı internetdən əldə edə bilərik. Orada əksini tapmış informasiyalar isə vahid qəlib şəklində olduğu üçün insanlar tərəfindən qəbul edildikdən sonra düşünməyə yer qoymur. Məsələn, hansısa fənlə bağlı imtahan suallarını internetdən taparaq, cavablandırıb əzbərləyirik. Səhv cavab olduqda isə internetdə avtomatik olaraq, onun düzgün cavabı yazılır. Beləliklə də, insanlar artıq heç bir araşdırma aparmadan informasiyaya yiyələnir və ondan istifadə edir.
Bununla da, informasiya cəmiyyətinin müsbət və mənfi cəhətləri belə aydınlaşır. Amma düşünürəm ki, insan malik olduğu potensialı işə salmaqla bu dövrün müsbət tərəflərindən öz xeyrinə faydalana bilər.
Əmir Hacılı: Mənim fikrimcə, müasir dövrdə ən güclü silah informasiyadır. Bəli, qeyd olunduğu kimi, insanların idarəolunmasında informasiyadan daha geniş şəkildə istifadə olunur. Hətta, bu gün elə bir vəziyyət formalaşıb ki, düzgün informasiya ilə dezinformasiyanın bir-birindən ayırd edilməsi müşkül məsələyə çevrilib. Adi və bəsit informasiyaların cəmiyyət tərəfindən qəbulu da asanlaşmaqdadır. Təbii ki, biz informasiyanın yalnız mənfi tərəfləri ilə maraqlanmamalıyıq. çünki İKT-nin inkişafı və əlaqələrin qurulmasının şəffaflaşdırılması informasiyanın müsbət əhəmiyyətini də üzə çıxarmış olur. Yəni, insan dövlət başçısına və ya hansısa dövlət orqanına ürək sözlərini, şikayətini çatdırmaq istəyirsə, aylarla növbə gözləməyə ehtiyacı qalmır. İnternet vasitəsilə həmin məktubları göndərir. Bu da öz növbəsində insanların xeyrinə olan amil kimi dəyərləndirilir. Amma çox təəssüflər olsun ki, müəyyən qüvvələr informasiyadan öz məqsədləri naminə qərəzli şəkildə istifadə edirlər. Bu da informasiya cəmiyyətinin mənfi tərəfini təşkil edir.
- Dünya əhalisinin bir neçə yüz milyonunu öz torunda birləşdirən sosial şəbəkələrdən danışaq. Bu sosial şəbəkələrin əsas fəaliyyət istiqaməti necədir və hansı funksiyaları daşıyır?
Seymur Orucov: Həqiqətən də, bu gün sosial şəbəkələr insanların həyatında müəyyən mənada mühüm rol oynayır. Sosial şəbəkələrin ətrafında milyonlarla insanın birləşməsini nəzərə alaraq, dövlətimiz üçün əhəmiyyətli sayılan işləri həyata keçirmək olar. Məsələn, Azərbaycanla bağlı həqiqətlərin yayılmasını, mədəniyyətimizin, incəsənətimizin və musiqimizin təbliğini sistemli şəkildə qurmaq olar. Yəni, əslində, sosial şəbəkələr elə bu cür sosial əhəmiyyətli işlər üçündür. Amma təəssüflər olsun ki, hazırda sosial şəbəkələrdən siyasi məqsədlər üçün daha çox istifadə edilir. Dünyada sürətlə gedən bu proses, əlbəttə ki, Azərbaycandan da yan keçməyib. Yəni, bu proses ölkəmizdə də müşahidə olunmaqdadır. Bəzi qüvvələr dövlətimizin əleyhinə təşkil olunan kampaniyalarda iştirak edir, qərəzli dairələrin maraqlarının reallaşmasına yardım göstərirlər. Bu cür hallar bizim tərəfimizdən təəssüf hissi ilə qarşılanır. Azərbaycanlı gəncin öz dövlətinə qarşı düşmənlərinə yardım etməsini başa düşmək olmur. Biz və ətrafımızdakı gənclər belələrinə qarşı daim mübarizə aparırıq, bundan sonra da mübarizəmizi davam etdirəcəyik.
Samirə Quliyeva: Bəli, bugünkü həyatımızın ayrılmaz hissəsi olan kompüter texnologiyalarından istifadə bizi internetdən istifadəyə də məcbur edir. Eyni zamanda, ölkəmizlə bağlı həqiqətləri, özümüzün fəaliyyətimizlə bağlı informasiyaları digər milyonlarla istifadəçinin diqqətinə çatdırmaq üçün mütləq haqqında danışdığımız sosial şəbəkələrdən istifadə etməli oluruq. ümumiyyətlə, sosial şəbəkə - sosial qarşılıqlı əlaqələr, sosial obyektlər - adamlar və ya təşkilatlar, həmçinin, kommunikasiyalar arasında sosial struktur düyünlərindən ibarət olan qrupdur. Sosial şəbəkələrin unikal cəhəti ondan ibarətdir ki, burada həm milyonlarla insan birləşir, həm də bu şəbəkəyə yerləşdirilmiş bir informasiyanı, eyni zamanda, yüzminlərlə insan paylaşa bilir. Sosial şəbəkələrin müsbət cəhətlərinə bir qayda olaraq, şəxsin yeni tərəfdara, dostlara, maraqlı xəbərlərə yiyələnmə və xoş vaxt keçirməsi kimi hallar daxildir. Həmçinin, sosial şəbəkələr virtual kommunikasiyaların bir çox fiziki qüsurlu iştirakçıları üçün yeganə ünsiyyət və əlaqə yaratmaq vasitəsinə, özünüifadə imkanlarına çevrilir. Bu mənada sosial şəbəkələr həyatımızda mühüm rol oynayır.
Qeyd etmək istəyirəm ki, bu cür şəbəkələrin yaradılması heç də nizamsız proses olmayıb. Yəni, bu, düşünülmüş, vahid strategiya əsasında həyata keçirilmiş bir işdir. Hər kəs bilir ki, ilk olaraq, ictimai platforma “Classmates” 1990-cı illərin ortalarında internetdə meydana çıxıb. 1999-cı ildə yaradılan “Livejournal” da populyar olub. 2003-cü ildə “MySpace”, 1 il sonra yaradılan “Facebook” və 2006-cı ildə Rusiyada yaradılan “Odnoklassniki” və “V kontakte”də fəaliyyətə başlayıb.
Bütün bunlarla yanaşı, sosial şəbəkələrin meydana çıxması ilə dünyada yeni həyəcanlar da yaşanmağa başlanıb. Bu, ilk növbədə, insanların şəxsi həyatlarına və əmək fəaliyyətlərinə mənfi təsir göstərən amillərlə bağlıdır. Eyni zamanda, insanların şəxsi həyatına birbaşa müdaxilə edən sosial şəbəkələr ailələrin dağılmasına da səbəb olur. Ən dəhşətlisi isə odur ki, xarici dövlətlərin xüsusi xidmət orqanları bu şəbəkələrdən hansısa dövlətin ərazisində qarışıqlıq yaratmaq üçün də istifadə edirlər. Hətta, bu gün bəzi dövlətlərin bu cür sosial şəbəkələrin fəaliyyətinin genişləndirilməsi üçün milyonlarla dollar vəsait ayırması həyəcanı daha da artırır. çünki hazırda ümumi internetdən istifadə edənlərin sayı yarım milyard nəfərə yaxındır. Bu rəqəm bundan sonra azalmağa deyil, əksinə artmağa doğru gedəcək. Hətta bu artım bir-bir, on-on deyil, milyon-milyon olacaq.
Aytac Əliyeva: Qeyd olunduğu kimi, bu gün sosial şəbəkələrdən müxtəlif məqsədlər üçün istifadə edilir. Dünyanın istənilən ölkəsində bu şəbəkələrdən siyasi və ya digər maraq qruplarının öz mənafeləri naminə istifadə etmələri artıq adi hal alıb. çox təəssüflər olsun ki, Azərbaycanda da bu vəziyyət müşahidə edilməkdədir. ölkəmizin bəzi “vətənpərvər” gəncləri xarici ölkələrin mətbəxlərində hazırlanmış çirkin oyunların həyata keçirilməsi üçün sosial şəbəkələrdən geniş şəkildə yararlanırlar. Onlar, hətta Azərbaycanı sevməyən qərəzli dairələrin hazırladıqları təxribat xarakterli materialları sosial şəbəkələrdə yaymaqla, qarşıdurma yaratmağa çalışırlar. Əlbəttə ki, sosial şəbəkələrin fəaliyyət istiqaməti insanların çirkin oyunlara cəlb edilməsi və sırf hansısa qrupların siyasi maraqlarının reallaşdırılması platforması deyildir. Sosial şəbəkələr əsasən, ünsiyyətin qurulması və şəxsi informasiyaların mübadiləsi üçün virtual məkandır.
Təbii ki, dövlət sosial şəbəkələrdən istifadəni qadağan etməz. çünki Azərbaycan demokratik ölkədir və burada insanların Konstitusiya ilə müəyyənləşdirilmiş söz, özünüifadə azadlıqları müdafiə olunur. “Vətənpərvər” gənclərin düşmənin maraqlarına xidmət edən fəaliyyətinin qarşısını yalnız Azərbaycanı sevən digər böyük qism gənclər ala bilər. Bunu isə sosial şəbəkələrdə yayılmış təxribat xarakterli məlumatları tutarlı arqumentlərlə neytrallaşdırmaqla, davamlı virtual hücumlar təşkil etməklə və onların kimlərə xidmət etdiklərini şəbəkə boyu yaymaqla həyata keçirmək lazımdır. Biz YAP Gənclər Birliyi olaraq, bu funksiyanı həyata keçiririk.
Sərraf Hüseynov: ümumiyyətlə, sosial şəbəkənin bir forması olan “Facebook” yaradılarkən, onun əsas məqsədi universitet tələbələrini öz ətrafında birləşdirmək idi. Burada tələbələr arasında informasiya mübadiləsinin aparılması, ünsiyyətin asanlaşdırılması həyata keçirilirdi. Maraqlıdır ki, Harvard Universitetində baş tutmuş bu hadisədən sonra “Facebook”un yaradıcısı təhsil ocağından qovulmuşdu.
ümumiyyətlə, bu cür saytları doğru olaraq, sosial şəbəkə adlandırıblar. Həqiqətən, böyük bir sosiumu əhatə etdiyinə görə, bunları başqa cür adlandırmaq da doğru olmazdı. Sosial şəbəkələr sosial maraqlar baxımından, mühüm əhəmiyyət kəsb edir. Məsələn, ABŞ-da sosial şəbəkələrdən sosial problemlərin həlli, gündəlik məişət məsələlərinin müzakirəsi məqsədilə istifadə olunur. Onlar iqtisadi və siyasi məsələlərlə bağlı spekulyasiyaların həyata keçirilməsini və ya hansısa çağırışların edilməsini yolverilməz sayırlar.
Əlbəttə ki, sui-istifadəçilərin əməlləri bu sahəyə də sirayət edib. Son zamanlar sosial şəbəkələrdən siyasi məqsədlər üçün istifadə edildiyini müşahidə edirik. Eyni zamanda, sosial şəbəkələr vasitəsilə insanları bir siyasi məqsəd ətrafında birləşdirmək, çağırışlar etməklə ictimai asayişi pozmaq halları da ortaya çıxdı. Bu mənada, insanların əksəriyyəti bir sıra ölkələrdə inqilabların olmasını da həmin informasiya yükünü artıran sosial şəbəkələrlə bağlayırlar. Hətta deyirlər ki, Misirdəki inqilab hələ 4 ay əvvəlcədən başlamışdı. Yəni, sosial şəbəkələr vasitəsilə hazırlıq işləri aparılırdı. Amma bəziləri bu cür inqilabların baş tutmasını yalnız informasiya ilə bağlayırlar. Burada əlbəttə ki, inqilabı yetişdirən sosial-siyasi şərait olmalıdır. Mən bir daha deyirəm ki, sosial şəbəkələrdə nə qədər qrup yaradırlarsa-yaratsınlar, Azərbaycanda bunu etmək mümkün olmayacaq. çünki Misir idarəçiliyi, sosial şəraiti, insanların güzəranı ilə Azərbaycandakı vəziyyəti eyniləşdirmək olmaz. Yəni, əgər Misirdə insanların 75 faizi təhsilsiz, 50 faizdən çoxu yoxsuldursa, Azərbaycanda təhsilsiz insan demək olar ki, yoxdur, yoxsulluq isə 8 faiz təşkil edir. Buna görə də, Misir və Azərbaycan müstəviləri bir-birindən çox fərqlənir.
Ortaya çıxan məntiqi nəticə odur ki, bu gün sosial şəbəkələr vasitəsilə kütlənin idarəçiliyi problemi mövcuddur. Bu idarəçilik isə bir çox hallarda mənfi xarakterli olur. Bu cür sosial şəbəkələrin fəaliyyətini tənzimləyən tövsiyə xarakterli göstərişlərin olması daha əhəmiyyətli olardı. Artıq bu cür təcrübə Skandinaviya ölkələrində mövcuddur. ümumiyyətlə, bizdə sosial şəbəkələrin siyasiləşdirilməsi Azərbaycan gəncləri tərəfindən qəbuledilməzdir. Biz bunu qətiyyətlə pisləyirik.
Əmir Hacılı: Sosial şəbəkə ingilis dilindən tərcümədə “internet üzərində sosial iş” deməkdir. Yəni, burada insanlar bir yerə yığışaraq, qeyri-siyasi maraqlara xidmət edən, yalnız sosial xarakter daşıyan fəaliyyətlə məşğul olurlar. Məsələn, mədəni-elmi, ictimai əhəmiyyət kəsb edən problemlər müzakirə edilir, kiminsə yaradıcılıq sahəsində uğurları varsa, onu təbliğ edir və s. Əgər sosial şəbəkələr həddən artıq siyasiləşdirilirsə, bunun özü də sonda mənfi nəticələrə gətirib çıxara bilər. Necə ki, bu gün bəzi ölkələrdə müşahidə olunur.
Qeyd etmək istəyirəm ki, sosial şəbəkələrdən təxribat xarakterli məsələlər üçün istifadə edilməsi sonda bəzi qadağaların qoyulmasına da gətirib çıxarır. Məsələn, Türkiyədə bir müddət “youtube.com” saytından istifadəyə qadağa qoyuldu. Səbəb isə orada PKK terror təşkilatilə bağlı çoxsaylı video məlumatların yerləşdirilməsi idi. Əlbəttə, biz istəmirik və arzu etmirik ki, Azərbaycanda da analoji addım atılsın və hansısa saytlara qadağa qoyulsun. Biz azad və demokratik ölkədə yaşayırıq. Bu cür düşmən maraqlarına işləyən gənclərlə özümüz virtual aləmdə mübarizə apararıq. Necə ki, bunu artıq uzun müddətdir edirik.
- Sosial şəbəkələrdən danışmağımız da təsadüfi deyil. çünki artıq bir neçə gündür “Facebook”da azərbaycanlı istifadəçilərə müxtəlif çirkin əməlləri özündə birləşdirən qruplara qoşulmaq təklifləri gəlir. Bunlardan biri də “11 mart - Böyük Xalq Günü” qrupudur. Mətbuatda bununla bağlı müəyyən fon yaradıcı fikirlər səslənir. Azərbaycan gəncliyi olaraq, siz bu haqda nə düşünürsünüz?
Seymur Orucov: Bəli, qeyd etdiyiniz kimi, hansısa dairələrin sifarişilə “Facebook”da “11 mart - Böyük Xalq Günü” qrupu yaradılıb. Amma bəzi müxalifət qəzetlərinin yazdığı kimi, bu, böyük sosial dəstəyə malik qrup deyil. Mən istərdim bu qrupun hansı hiyləgər fəaliyyətin nəticəsində ortaya çıxmasından danışım. Belə ki, bu, əvvəlcə tələbələri özündə birləşdirən qrup kimi yaranmışdı. Sonradan bu qrupun tərkibinə daxil olmuş tələbələrin sayının artdığını görən qrup yaradıcıları onun adını dəyişdirərək, öz məqsədləri üçün istifadə etməyə çalışdılar. Əlbəttə ki, qrupa hiylə yolu ilə salınmış sayt istifadəçilərinin adları siyahıda saxlanılmaqla, onlar qrup daxilindəki üzvlərin sayı ilə manipulyasiya etməklə, Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq istədilər. Amma tam əminliklə deyə bilərəm ki, bu qrupun dəstəyi yalnız onun yaradıcılarından və onların ətrafındakı bir neçə şəxsdən ibarətdir. Mən bunu həmin qrup daxilində gedən müzakirələrdən də müşahidə etmişəm. Yəni, qrupdan çıxmaq istəyənlərin sayının çoxluğunu oradakı narazılıqdan da görmək olur. Bu qrup qərəzli dairələrin sifarişi ilə hazırlandığından gənclərimiz də onların məqsədlərini başa düşür və onlara qarşı etiraz edirlər.
Samirə Quliyeva: İlk olaraq, qeyd edim ki, bu, müxalifət mətbuatında şişirdildiyi kimi təhlükəli deyil. çünki, bugünkü Azərbaycan gəncliyi dünyada və ölkəmizdə gedən prosesləri, inkişaf tendensiyalarını müşahidə və müqayisə edib düzgün nəticə çıxarmağı bacarır. Hər kəs yaxşı bilir ki, bu qrupun yaradılması da Azərbaycanı sevməyən qüvvələrin növbəti təxribatıdır. Mən də bu qrupla bağlı qısa araşdırma apardım və bu qənaətə gəldim ki, “11 mart - Böyük Xalq Günü” qrupu ideyası xaricdən maliyyələşən, spekulyativ və təxribatçı fəaliyyətin nəticəsidir. çünki qeyd edildiyi kimi, bu qrup heç də bu ad altında yaradılmayıb. İlk vaxtlarda tələbələr qrupu adı ilə fəaliyyət göstərib. Sonradan isə görüblər ki, qrupu ziyarət edənlərin sayı artır. Bu məqamda da, düşmənlərimizlə əlbir olub bu qrupa “11 mart - Böyük Xalq Günü” adını veriblər.
Qeyd edim ki, bu qrupa tam təsadüf nəticəsində bəzi tanışlarımız da düşüb. Onlar bu qrupa dəstək vermək üçün deyil, sadəcə, etiraz etmək üçün daxil olublar. Amma bu işin təşkilatçılarına qarşı etirazlar səslənərkən, bizlərə qarşı təhqirlər yağmağa başladı. Hətta, sonradan etirazçı istifadəçilərin öz fikirlərini ifadə etməməsi üçün məhdudiyyətlər də qoyuldu. Artıq bu qrupu tərk etmək də mümkün deyil. çünki bütün çıxış yollarını bağlayıblar. Göründüyü kimi, bu bir oyundur və təxribat nümunəsidir. Digər tərəfdən, həmin qrupun çağırışında dindarlara da mesajlar verilir və onların bu qrupa cəlb olunmasına çalışırlar. Buradan bir daha aydın olur ki, dindarlarla dövlət arasında narazılıq salmağa çalışanlar da bu təxribat qrupunun fəaliyyət göstərməsinə maraq göstərirlər. Yəni, biz gənclərə aydındır ki, bu, düşmənlərin dövlətimizə qarşı növbəti təxribatıdır. Əgər biz bunu başa düşürüksə, necə həmin qrupa dəstək verə bilərik?
Deməli, onların iddia etdiyi 20 minlik dəstək spekulyasiyadan başqa bir şey deyil. Ortaya çıxan məntiq isə onu deməyə əsas verir ki, bu qrupa yazılanlar Azərbaycan gəncləri deyil, məhz ölkəmizi sevməyən xarici dövlətlərin xüsusi xidmət orqanlarıdır.
Bir neçə kəlmə də bu qrupun yaradıcıları haqqında demək istəyirəm. Məlum olduğu kim, bu qrupun yaradıcısı Fransada yaşayır. Hər birimiz də bilirik ki, Fransada böyük erməni diasporası fəaliyyət göstərir. Azərbaycanda isə qanunsuz yolla fəaliyyət göstərərək, var-dövlət qazanmaq istəyən gənclərin bir növ sığınacaq yeri də elə bil ki, Fransadır. Hətta məlumdur ki, müxalifət mətbuatından da bəziləri Fransaya qaçıblar. Bu baxımdan da, Vətəninə xəyanət edə biləcək birisinin tapılması heç də ermənilər üçün çətin olmayıb. Onların ermənilərlə əlbir olmasını sübut edən faktlar da var. Yəni, bu qrupa yaradıcı qismində dəstək verən şəxslərin “Twitter”də ermənilərlə isti əlaqələr saxlaması da açıq şəkildə müşahidə olunur. Hətta “Vətən dərdi çəkən” bu şəxslər bloqlarında Hrant Dinkə dəstək aksiyası keçirmək üçün sloqanlar yazırlar, virtual aksiya da keçirirlər.
çox təəssüf hissilə demək istəyirəm ki, gənclərimizdən tez bir zamanda şan-şöhrət sahibi olmaq istəyənlər və bu yolda Vətənini düşmənlərə satanlar da az deyil. Amma nədənsə belə gənclər də məhz müxalifət sıralarından çıxır. çox təəssüflər olsun ki, gənclərimizdən bəziləri müxtəlif adlar altında düşmən təxribatının baş tutmasına yardım göstərirlər. 2000 dollara Azərbaycanı, Dağlıq Qarabağı satmış Ruslan Bəşirli kimilər görünür hələ də çoxluq təşkil edir.
Ona görə də, biz Azərbaycan gəncləri gərək birləşək, düşmənlərə bütün sahələrdən zərbələr endirək. Vətən sevgisi bizim amalımıza çevrilməlidir.
Aytac Əliyeva: ümumiyyətlə, məndən öncə çıxış edənlər bu qrupun hansı məqsədlərə xidmət etdiyini və necə yaradıldığını söylədilər. Mən bu qrupla bağlı bəzi məqamlara toxunmaq istəyirəm. Bildiyiniz kimi, bu “11 mart - Böyük Xalq Günü” qrupunun “Twitter”də də səhifəsi var. Həmin səhifədə bir sıra sayt istifadəçilərinin ermənilərlə yaxın əlaqələrin olduğu açıq şəkildə görünür. Bu istifadəçi öz statusuna erməni dilində “möhkəm olun gəlirik” yazıb. Eyni zamanda, onun əlaqə saxladığı erməni Onnik Krikorian isə ona aksiyalarda dəstək olacaqlarını bildirir. O, həmçinin, yazır ki, “Azərbaycan gəncləri Ermənistanda inqilabı dəstəkləyir”.
Bütün bunlar o deməkdir ki, “11 mart - Böyük Xalq Günü” qrupunun yaradıcıları və dəstəkçiləri ermənilərlə fəal işbirliyindədirlər və düşməndən dəstək gözləyirlər. İndi təsəvvür edin ki, bu cür gənclər təsadüf nəticəsində yüksək post tuturlar. O zaman, nələr olacaq? Belə çıxır ki, bu cür gənclər hakimiyyətə gəlməklə, ermənilərlə qardaşlaşmaqla, Azərbaycanı parçalamaq və ermənilərə “Böyük Ermənistan” xülyasını reallaşdırmağa kömək etmək istəyirlər.
Mən özüm bunlara etiraz edərkən, “Leyla Nuruzadə” adlı bir sayt istifadəçi mənə təhqiramiz sözlərlə, ifadələrlə cavab verdi. Amma sonradan bu qrupun yaradıcılarının hansı məqsədlərə xidmət etdiyini orada yaydıqdan sonra həmin istifadəçi mənə məktub yazaraq üzr istədi. O, mənə dedi ki, mənim səhifəmdən istifadə ediblər. Onda belə çıxır ki, oraya üzv olmuş sayt istifadəçilərinin özlərindən belə xəbərləri yoxdur. Hətta bir çoxları onların bu qrupda nə etdiklərini belə aydın bilmirdilər. Bir sözlə, mən düşünürəm ki, bu qrupun yaradıcıları düşmən mətbəxində hazırlanmış siyasi oyunun iştirakçılarıdır və onlar heç bir dəstəyə malik deyillər.
Sərraf Hüseynov: Ulu öndərimiz Heydər Əliyev demişdi ki, dövlətin yürütdüyü siyasətə müxalif olmaq olar, amma dövlətə, xalqa qarşı müxalifətçilik etmək olmaz. Həqiqətən də, “11 mart-Böyük Xalq Günü” qrupunda yayılan fikirlər dövlət siyasətinə deyil, xalqımıza qarşıdır, xəyanətdir.
ümumiyyətlə, hansısa siyasi sistemə qarşı müxalifətdə olmaq üçün mütləq mövcud olana qarşı alternativ sistem qoymaq lazımdır. Əgər səndə belə bir sistem yoxdursa, hansı məqsədlə mövcud olanı dağıtmağa cəhd göstərirsən? Demək ki, burada əsas rolu dövlətimizin düşmənləri oynayır. Onlar istəyir ki, Azərbaycan zəifləsin, parçalansın. Qrupun yaradıcıları isə yəqin ki, nəyinsə müqabilində bu oyunun üzdə olan iştirakçısına çevrilməyə razı olublar. Mən düşünürəm ki, “11 mart-Böyük Xalq Günü” qrupunun yaradıcılarını heç bir vətənpərvər gənc dəstəkləməyəcək. çünki dövlətçiliyimizin düşmənlərinin məqsədləri üçün çalışmaq ən azından xalqımıza, dövlətimizə xəyanətdir.
Əmir Hacılı: Mən başqa bir məqama toxunmaq istəyirəm. Bu qrupa daxil olmuş bir neçə tanıdığım şəxslər var. Onlardan bu qrupa daxil olmaqda məqsədin nədən ibarət olduğunu soruşanda mənə dedilər ki, səhifəyə dəvət ingilis dilində gəlib. Onlar da bu qrupun məqsədinin ingilis dilində yazıldığından başa düşməyiblər və təsadüf nəticəsində daxil olublar. Mən əminəm ki, gənclərin böyük əksəriyyəti bu qrupa məhz bu cür daxil olub. Eyni zamanda, deyim ki, buraya daxil olan və şərh yazanların hamısı bir neçə şəxsdir. çünki bir fikir digərinə təsadüf nəticəsində oxşaya bilər. Amma orada yazılan fikirlərin çoxu eynidir. Fikirlərimi yekunlaşdıraraq, demək istəyirəm ki, bu qrupun yaradıcıları və fəal dəstəkçiləri düşmənlərimizə işləyən “sapı özümüzdən olan baltalardırlar”.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 869 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30