Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hökumət Milli Məclisdə hesabat verib

Hökumət Milli Məclisdə hesabat verib

16.03.2011 [09:22]

Millət vəkilləri Nazirlər Kabinetinin hesabatını qənaətbəxş qiymətləndiriblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Spiker Oqtay Əsədov əvvəlcə millət vəkillərini qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Sonra o, yaz sessiyası çərçivəsində parlamentin beşinci iclasında hökumətin hesabatının dinləniləcəyini də bildirib. O.Əsədovun sözlərinə görə, hesabat ölkənin həyatındakı müsbət dəyişiklikləri və dövlət proqramlarının icrasını ətraflı şəkildə özündə əks etdirir. Spiker bildirib ki, dünyadakı qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı ötən il də dinamik inkişafını qoruyub saxlayıb: “2010-cu ildə ümumi daxili məhsul 5 faiz artıb, hazırda ölkənin valyuta ehtiyatları 30 milyard dollardan artıqdır. Azərbaycan iqtisadiyyatına 14 milyard dollar investisiya qoyulub, bu da əvvəlki illərlə müqayisədə 32.4 faiz çoxdur”.
O.Əsədov qeyd edib ki, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanı investisiya yatırmaq üçün əlverişli ölkə hesab edirlər: “Azərbaycan neftdən gələn gəlirləri qeyri-neft sektorunun inkişafına sərf edir. Bu sahələrdən biri də turizmdir. Yaxın illərdə turizm Azərbaycanın ən gəlirli sahələrindən birinə çevriləcək”.
Daha sonra Baş nazir Artur Rasizadə çıxış edərək hökumətin hesabatını təqdim edib. A.Rasizadə qeyd edib ki, 2010-cu ildə Azərbaycanın milli inkişaf strategiyası uğurla həyata keçirilib. Baş nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yürüdülən balanslaşdırılmış sosial-iqtisadi siyasət əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də ölkənin dinamik inkişafına, yüksək iqtisadi göstəricilərin əldə olunmasına xidmət edib. Onun sözlərinə görə, 2004-2010-cu illərdə ölkədə üDM üçqat artıb. Eləcə də, bu artım qeyri-neft sektorunda iki dəfə, sənaye məhsullarının inkişafı üzrə 2,8 dəfə, əsas kapitala investisiya 2,9 dəfə, iqtisadiyyatın qeyri-neft sektoruna investisiyalar 8,2 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə, bank əmanətləri 12 dəfə, kredit qoyuluşları 13,7 dəfə, əhalinin gəlirləri 4,5 dəfə, orta aylıq əməkhaqqı 4,2 dəfə, minimum əməkhaqları 7,1 dəfə, orta pensiyalar 4,7 dəfə artıb. ölkədə yoxsulluğun səviyyəsi 5 dəfə azalıb, 913 min yeni iş yeri açılıb. Bu dövr ərzində ölkənin büdcə gəlirləri 9,3 dəfə, dövlət büdcəsinin xərcləri isə 9,5 dəfə artıb. Sosial təminat və sosial müdafiə xərcləri 5,3 dəfə, səhiyyə üzrə 7,8 dəfə, təhsil 5 dəfə, mədəniyyət, incəsənət və informsiya sahəsində 5,4 dəfə, müdafiə potensialının möhkəmlənməsi üzrə 8,7 dəfə, dövlət əhəmiyyətli kapital qoyuluşları üzrə 47,6 dəfə artıb.
“ötən il ərzində dünyanın bir çox ölkələrində dünya maliyyə-iqtisadi böhranının təsirinin hiss olunmasına baxmayaraq, Azərbaycanın daxili potensiala əsaslanan milli inkişaf strategiyası uğurla həyata keçirilib, yüksək iqtisadi və sosial inkişaf templəri əldə olunub” - deyə, A.Rasizadə qeyd edib. Onun sözlərinə görə, ötən il iqtisadiyyatın qeyri-neft sektoruna investisiyaların artırılması və müasir texnologiyaların tətbiqi, bu sahələrin şaxələndirilməsinin təmin edilməsi, regionların balanslaşdırılmış inkişafı, sahibkarlığın inkişafı, işsizliyin səviyyəsinin azaldılması vasitəsilə makroiqtisadi uğurların əldə olunması Nazirlər Kabinetinin diqqət mərkəzində olub. Bunun nəticəsində hesabat dövründə üDM-in real artımı 5 faiz təşkil edərək 41,6 milyard manata, qeyri-neft sektorunda artım templəri isə 7,9 faizə çatıb. İnflyasiyanın səviyyəsi 5,7 faiz təşkil edib. ötən il ərzində bütün mənbələrdən 13,9 milyard manat həcmində sərmayə yatırılıb ki, bu da inişillə müqayisədə 32,4 faizlik artım təşkil edib.
Baş nazir bildirib ki, Azərbaycan iqtisadiyyatına qlobal maliyyə böhranının təsirinin neytrallaşdırılması və iqtisadi sabitliyin təmini üçün 2010-cu ildə adekvat siyasət aparılıb: “ötən il ölkədə aparılan pul siyasəti milli valyutanın sabit məzənnəsini, inflyasiyanın aşağı səviyyədə tənzimlənməsini təmin etməyə imkan verib”. A.Rasizadənin sözlərinə görə, fiziki və hüquqi şəxslərə verilən bank kreditləri 9 faiz artaraq 9,2 milyard manata çatıb. Bunun 72 faizi uzunmüddətli kreditlərin payına düşür. ölkənin strateji valyuta ehtiyatları ötən il ərzində xeyli artaraq praktiki olaraq 30 milyard dollara çatıb. Hesabat dövrü ərzində Azərbaycanda güclü sahibkarlıq bazasının formalaşdırılması üçün sahibkarlığın güzəştli maliyyələşdirilməsi təmin edilib. ötən il, həmçinin, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1430 subyektə 115 milyon manat məbləğində güzəştli kredit verilib.
Baş nazirin hesabatından sonra müzakirələr başlayıb. Müzakirələrdə çıxış edən millət vəkili Elton Məmmədov hesabatı yüksək qiymətləndirib. O qeyd edib ki, ötən il əldə olunan uğurlar hökumətin 2011-ci ildə də səmərəli fəaliyyət göstərməsinə təkan verəcək.
Vitse-spiker Bahar Muradova hesabatda yer alan rəqəmlərin arxasında çox ciddi işin dayandığını bildirib. Onun sözlərinə görə, son illər Azərbaycanda görülən işlər göz qabağındadır. Hər il hökumətin hesabatında yer alan rəqəmlər ölkəmizin müəyyənləşdirdiyi hədəflərə doğru irəlilədiyini göstərir. Vitse-spiker hökumətin ordu quruculuğu və qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı addımların da təqdirəlayiq olduğunu bildirib. B.Muradova hökumətin qaçqın və məcburi köçkünlərə dəstəyinin də yüksək səviyyədə olduğunu vurğulayıb. Onun sözlərinə görə, hökumətin keçən il bir köçkünə 684 manat pul xərcləməsi çox şeydən xəbər verir. Bu göstərici dünyanın qaçqın və məcburi köçkünləri olan heç bir ölkəsində qeydə alınmayıb. Vitse-spiker deyib ki, görülən işlərin nəticəsində qaçqınlar arasında yoxsulluq səviyyəsi 70 faizdən 25 faizə enib. Bununla belə, bu sahədə hələ də görüləsi işlər var. Məsələn, Füzuli rayonundakı Fin qəsəbəsindəki məcburi köçkünlər hələ də ağır şəraitdə yaşamaqdadırlar. O, burada yaşayan məcburi köçkünlər üçün də müasir tələblərə cavab verən yaşayış məntəqəsinin salınmasını təklif edib.
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxışında hökumətin illik hesabatını qənaətbəxş qiymətləndirib: “Azərbaycan hökuməti Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi, sosial, eləcə də, həyatımızın digər sahələrini əhatə edən siyasətin uğurla həyata keçirilməsi istiqamətində çox səmərəli fəaliyyət göstərib. Görülən işlər nəticəsində əhəmiyyətli nailiyyətlər qazanılıb, çox müsbət göstəricilər əldə edilib. Bütün bunların hamısı Azərbaycan parlamentinə təqdim olunmuş hökumətin hesabatının yüksək qiymətləndirilməsi üçün əsas verir”.
Əli Əhmədov qeyd edib ki, Baş nazirin səsləndirdiyi rəqəmlər 2010-cu ildə Azərbaycan iqtisadiyyatının və digər sahələrdə inkişafı əks etdirən ciddi göstəricilərdir. Onun fikrincə, Azərbaycanın iqtisadi inkişafı əldə olunan nailiyyətlər nəticəsində yeni bir mərhələyə qədəm qoyub. “Mən xüsusilə Prezident İlham Əliyevin bu inkişafın yeni mərhələsi ilə əlaqədar fikirlərinə istinad edirəm. Bu, Azərbaycanın növbəti mərhələdə müasirləşməsi, ilk növbədə iqtisadiyyatın modernləşməsi mərhələsindən ibarətdir. Əmin olduğumu bildirmək istəyirəm ki, əldə olunan nailiyyətlər əsasında Azərbaycan hökuməti növbəti mərhələdə Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri də yerinə yetirə biləcək, səmərəli fəaliyyət göstərəcək” - deyə, YAP Sədrinin müavini qeyd edib.
Əli Əhmədov, həmçinin, bir sıra məsələlərlə bağlı təkliflərlə çıxış edib. Millət vəkili son 20 ildə ölkə  əhalisinin iki milyon nəfər artdığını xatırladıb. Onun sözlərinə görə, bu fakt iş qüvvəsinin də artımı deməkdir: “Əlbəttə, yeni, artan iş qüvvəsi əhəmiyyətli iqtisadi resursdur. Təbii ki, bu resursdan lazımınca istifadə etdikdə o öz səmərəsini verir. Ondan səmərəli istifadə edilmədikdə böyük sosial problem yaradır. Məmnunluqla demək istəyirəm ki, Prezident İlham Əliyevin 2004-cü ildən bu yana işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin yaradılması ilə əlaqədar həyata keçirdiyi siyasət nəticəsində yüz minlərlə yeni iş yerlərinin açılması formalaşan iş qüvvəsindən səmərəli istifadə etməyə imkan veribdir. Amma təbii ki, bu daim davam edən prosesdir və Azərbaycan hökuməti bundan sonrakı fəaliyyətində də yaranmaqda olan yeni iş qüvvəsindən səmərəli istifadə edilməsini diqqətdə saxlamalıdır və bu barədə geniş, əhatəli hökumət proqramının hazırlanmasına ehtiyac var”.
Millət vəkilinin sözlərinə görə, əhalinin sürətli artımı digər bir ciddi məsələni ortaya çıxarır. Bu da əhalinin mənzillə təmin edilməsi ilə bağlıdır. Azərbaycanda mənzil tikintisi sahəsində böyük işlər görüldüyünü deyən Əli Əhmədov, həmçinin, bildirib ki, son illərdə ölkəmizdə mənzil tikintisi ilə bağlı hamıya məlum olan durğunluq yaranıb. “Əhali isə artır və əhalinin artmasından savayı mənzilə olan tələbatın artmasını şərtləndirən çox ciddi amillərdən biri də insanların yaşayış standartlarının dəyişməsidir. Ola bilsin ki,  10-20 il əvvəl iki ailə, bəlkə də üç ailə bir neçə otaqlı mənzildə yaşayıb özlərini xoşbəxt hesab edirdilər. Amma indi yaşayış standartları dəyişib və bu da əlavə bir faktor olaraq mənzilə olan tələbatı ciddi şəkildə artırıb. Ona görə də, mən hesab edirəm ki, Azərbaycan hökumətinin imkanı var və hökumət mənzil tikintisi və mənzilə ehtiyacı olan vətəndaşların tələbatının ödənilməsinə xidmət edən 10 illik bir proqram hazırlaya bilər. Bizim malik olduğumuz resurslardan ildə 1 milyard manat vəsaitin ayrılması hesabına 10 il ərzində on minlərlə ailəni mənzillə təmin edə biləcək bir proqram həyata keçirilə bilər. Hesab edirəm ki, bu, eyni zamanda, yeni iş yerlərinin açılması deməkdir. Digər tərəfdən isə dövlətin sosial proqramının çox mühüm istiqamətlərindən biri olardı” - deyə, o, bildirib.
Əli Əhmədov, həmçinin, hökumət tərəfindən istehlakçıların hüquqlarının qorunması ilə əlaqədar proqramın hazırlanıb həyata keçirilməsini də təklif edib.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxışında bildirib  ki, Azərbaycanın əsas strateji məqsədi iqtisadiyyatı inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır. Hazırda hökumət bu istiqamətdə sistemli iş aparır. Bununla belə, millət vəkili hesab edir ki, ölkədə kənd təsərrüfatının da inkişaf etdirilməsinə ehtiyac var. Qarşıdakı illərdə dünyada ərzaq çatışmazlığı probleminin yaşanacağını xatırladan M.Qurbanlı bu sahəyə diqqəti artırmağı təklif edib. Onun sözlərinə görə, gələcəkdə Azərbaycan nefti xammal şəklində deyil, neft məhsulları şəklində ixrac etsə çox yaxşı olar. Bundan əlavə, hökumət digər sahələrdə istehsal olunan məhsulların ixracını da stimullaşdırmalıdır.
Millət vəkili deyib ki,  Azərbaycan iqtisadiyyatının güclənməsi, iqtisadi gücümüzün artması ölkəmizin müdafiə qabiliyyətinin artması deməkdir. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi uğuru düşməni taqətdən salmağa yönəlib və bu gün Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından 8-9 dəfə artıqdırsa, bu, artıq düşməndə təlaş yaradıb: “Bizim şəhid olan əsgərlərimizin, övladlarımızın, uşaqlarımızın qisasını iqtisadi qüdrətimizi artırmaqla, düşməni seytnot vəziyyətinə salmaqla ala bilərik. Hərb cəbhəsində, təbii ki, vəziyyət bizim xeyrimizədir. Eyni zamanda, diplomatik cəbhədə və iqtisadi cəbhədə vəziyyət bizim xeyrimizədir. Lakin iqtisadi cəbhədə bizim üstünlüklərimiz nə qədər artsa, inanın ki, Ermənistanı himayə edən dairələr də gec-tez onun arxasından çəkiləcək. çünki həmin dairələrin özlərinin də maliyyə vəziyyəti Ermənistanı daim yedəkdə saxlamağa imkan vermir. Bizim çıxış yolumuz iqtisadi qüdrətimizi artırmaqdır və burada da hökumətin - Nazirlər Kabinetinin üzərinə çox ciddi vəzifələr düşür. Prezidentimiz İlham Əliyevin müəyyən etdiyi strateji xəttin həyata keçirilməsində hökumət üzərinə düşən vəzifələri də layiqincə yerinə yetirir”.
Millət vəkili Kamilə Əliyeva Novruz bayramı ərəfəsində kənd təsərrüfatı məhsullarının qiymətlərinin süni şəkildə artırılmasına diqqət çəkib. Onun sözlərinə görə, ölkə Prezidentinin verdiyi tapşırıqlardan sonra bu sahədəki problemlər həll olunub. Amma gələcəkdə də bu cür problemlərin yaşanmaması üçün Nazirlər Kabineti xüsusi tədbirlər planı hazırlamalıdır. Millət vəkili son günlər guya Azərbaycan gənclərinin kütləvi aksiyalara qoşulacağı barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib. O deyib ki, Azərbaycan gəncliyi Prezidentin ətrafında birləşib.
Millət vəkili Fəzail Ağamalı çıxışında hökumətin fəaliyyətini təqdir edib. O həmçinin, deputat seçildiyi ərazidə mövcud olan sosial məsələlərin həllinin zəruriliyini diqqətə çatdırıb.
Parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov da hökumətin hesabatını yüksək qiymətləndirib. “Görünən dağa bələdçi lazım deyil”, - deyən millət vəkili bildirib ki, hökumət onun qarşısına qoyulan vəzifələrə nail ola bilib. Daha sonra millət vəkili deputat seçildiyi Quba rayonunun, xüsusilə, Qonaqkəndin sosial problemlərindən bəhs edərək onların həlli üçün hökumətə təkliflər verib.
Millət vəkili Vahid Əhmədov isə müzakirələr zamanı ərzaq təhlükəsizliyi məsələsinə toxunub.  Deputat bu sahədə vəziyyətə diqqəti yönəldərək bildirib ki, iqtisadiyyata qoyulan investisiyaların 10-12 faizi kənd təsərrüfatı sahəsinə ayrılmalıdır. Son zamanlar baş verən suni qiymət artımına münasibət bildirən V.Əhmədov bunu monopoliya ilə əlaqələndirib.
İclasda, həmçinin, millət vəkillərindən Aydın Mirzəzadə, Məlahət İbrahimqızı, Zahid Oruc, Astan Şahverdiyev, Mirkazım Kazımov, Bəxtiyar Əliyev, Azay Quliyev və başqaları çıxış ediblər.
Müzakirələrdən sonra hökumətin hesabatı qəbul edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 891 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30