Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müstəqil Azərbaycanın inkişaf və tərəqqisi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Müstəqil Azərbaycanın inkişaf və tərəqqisi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

19.04.2011 [09:42]

YAP Nizami rayon təşkilatında “Biz Heydər Əliyevin siyasi kursunu öyrənirik” məktəbinin ilk məşğələsi keçirilib
Aprelin 16-da Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında partiyanın gənc fəalları üçün yaradılan “Biz Heydər Əliyevin siyasi kursunu öyrənirik” məktəbinin ilk məşğələsi keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva Ulu öndər Heydər Əliyevin böyük tarixi şəxsiyyət olduğunu bildirib. Onun sözlərinə görə, müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqisi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Gələcək nəsillər bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq” - deyə, o, vurğulayıb.
Tədbirdə YAP sıralarına yeni daxil olan bir qrup gəncə partiya üzvlük vəsiqəsi təqdim olunub.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov öz siyasi talelərini Yeni Azərbaycan Partiyasına bağlayan gəncləri təbrik edib. “Düşünürəm ki, partiyamızın üzvü olmaqdan daha da ruhlanaraq ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edəcək, ölkəmizin inkişafı, qüdrətinin artırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin reallaşmasına öz töhfələrinizi verəcəksiniz” - deyə, o, bildirib. Əli Əhmədov deyib ki, partiyanın Nizami rayon təşkilatında yaradılan “Biz Heydər Əliyevin siyasi kursunu öyrənirik” məktəbinin ilk dinləyicisi olmaq böyük xoşbəxtlikdir. “Nəzərdə tutulduğu müddətdə çox maraqlı mühazirələr dinlənəcək, maraqlı insanlarla görüşəcək, ölkənin ictimai-siyasi mühitinin incəlikləri ilə tanış olacaq, gənc liderlərə xas olan keyfiyyətləri mənimsəyəcəksiniz. Bu məktəbdə dərs almağınız, biliklərə yiyələnməyiniz Azərbaycanın ictimai-siyasi həyatında fəallığınızın artırılmasına öz müsbət təsirini göstərəcək. Düşünürəm ki, bu məktəbin “Biz Heydər Əliyevin siyasi kursunu öyrənirik” adlandırılması kifayət qədər böyük məna və əhəmiyyət daşıyır. Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük, ən dahi simalardan biridir. Azərbaycanın müasir tarixi və bu tarixdə əldə olunan nailiyyətlər, müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. Azərbaycanın müasir tarixini Heydər Əliyevsiz, Onun müəyyənləşdirdiyi siyasətsiz təsəvvür etmək qeyri-mümkündür. Eyni zamanda, bu gün ölkəmizdə həyata keçirilən siyasət də ictimaiyyət tərəfindən Heydər Əliyev siyasəti kimi qəbul olunur. Azərbaycan xalqı bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin şahididir” - deyə, Əli Əhmədov vurğulayıb.
YAP Sədrinin müavini qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənclərimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında zəngin biliklərə malikdirlər. çünki 40 ildən artıqdır ki, Azərbaycanın siyasi həyatının əsas amili, hərəkətverici qüvvəsi Heydər Əliyev, Onun müəyyənləşdirdiyi ideyalar olub. Daha sonra Əli Əhmədov Ulu öndər Heydər Əliyevin fəaliyyəti haqqında geniş məlumat verib: “1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. Bu dövrdən etibarən Heydər Əliyev azərbaycançılıq ideologiyası adlandırılan məfkurənin əsasını qoyaraq Azərbaycanın uzunmüddətli inkişafının fundamentini yaradıb, hazırda bu əsas üzərində Azərbaycan sürətlə inkişaf edir. Heydər Əliyevə Azərbaycan vətəndaşları həm xilaskar, həm qurucu, həm ən böyük lider, bu gün isə ümummilli lider kimi yanaşıb. Təbii ki, bunların hər biri üçün ciddi əsaslar var. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycan o zaman da təlatümlü dövrünü yaşayırdı. İqtisadi inkişaf baxımından 15 respublika arasında sonuncu yerdə dayanan bir ölkə idi. Bu tənəzzül digər sahələrdə də özünü göstərirdi. 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra çox qısa zamanda Azərbaycan 15 respublika arasında tutduğu yeri inanılmaz dərəcədə sürətlə dəyişdirdi. Ona görə də, Azərbaycan vətəndaşları Heydər Əliyevin Azərbaycan tarixindəki rolunu müəyyənləşdirərkən Ona həm xilaskar, həm də qurucu lider kimi yanaşıblar və bu yanaşma özünü tarixi nöqteyi-nəzərdən tamamilə doğruldub. Sonrakı dövrlərdə görülən işlər də məlumdur.   1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Ulu öndər Heydər Əliyev o zaman Azərbaycanın milli qürur və iftixar mənbəyinə çevrilmişdi. Heydər Əliyev 1987-ci ilin oktyabrında SSRİ-nin rəhbəri Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib. Bu dövrdən sonra Azərbaycanda inkişaf tədricən tənəzzüllə əvəz olunmağa başladı. Sovetlər birliyinin dağılmasından, Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa olunmasından sonra tez-tez baş verən hakimiyyət dəyişikliyi, Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımızın işğalı Azərbaycanın iqtisadiyyatına və digər sahələrə çox ciddi təsir göstərdi. Heydər Əliyevin hakimiyyətdə olmaması, Azərbaycanın siyasi proseslərində birbaşa iştirak etməməsi ölkəmizin bütün sferalarında geriləmələrlə müşahidə olunmağa başladı. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. 1993-cü il 15 iyunun tarixə Milli Qurtuluş Günü kimi daxil olması səbəbsiz deyil. Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsindən xilas oldu. Bu dövrdən başlanan yol Azərbaycanı inkişafa, tərəqqiyə aparır. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra siyasi bacarığını işə salaraq xalqı yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratdı. ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
ölkədə sabitliyin yaradılması 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanmasına geniş imkanlar açdı. Dünya dövlətlərinin, şirkətlərin birgə əməkdaşlığı sayəsində yeni-yeni müqavilələr imzalandı, onların gerçəkləşməsi nəticəsində ölkəmizin iqtisadi imkanları artdı, siyasi mövqeyi möhkəmləndi. Bu gün Azərbaycanın neft-qaz ixracatçısına çevrilməsi, dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu malik olduğu təbii resurslardan səmərəli istifadənin nəticəsidir. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təminatı da qarşıya qoyulan əsas vəzifələrdən idi. Ulu öndər Heydər Əliyevin 1999-cu ildə böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun hazırda aktivlərinin həcmi 22 milyard dollardan artıqdır. Bu vəsait mühüm əhəmiyyətli sosial-iqtisadi layihələrin həyata keçirilməsinə stimul verir”.
Əli Əhmədov bu inkişafın əhalinin sosial müdafiəsində də özünü qabarıq şəkildə büruzə verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, son illər iqtisadiyyatın 3 dəfə, dövlət büdcəsinin 15 dəfə artması əhalinin sosial müdafiəsinə yönələn addımların davamlılığının təmin olunmasına öz müsbət təsirini göstərir: “Sözsüz ki, Azərbaycanın 1993-cü ildən başlayaraq keçdiyi inkişaf yolu hər kəsə bəllidir. Azərbaycan gəncləri bu inkişafı görür və düzgün dəyərləndirir. Dövlətin gənclərə diqqət və qayğısı da göz qabağındadır. Onların ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasında böyük çoxluq təşkil etməsi dövlətin siyasətinə, partiyanın gələcəyinə olan inamdan irəli gəlir”.
Əli Əhmədov bəzi qüvvələrin gənclərdən öz çirkin niyyətlərini həyata keçirmək üçün bir vasitə kimi bəhrələnmələrinə də münasibətini açıqlayaraq bildirib ki, Azərbaycan gəncləri sağlam düşüncəli gənclərdir. O qeyd edib ki, gənclərin əsas vəzifəsi biliklərə yiyələnmək, Azərbaycanın inkişafına, tərəqqisinə öz töhfələrini verməkdir. “Bu gün bəzi qüvvələrin ölkədə ictimai-siyasi durumu gərginləşdirmək üçün küçələrə can atmaları ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bəzi müxalif qüvvələr öz siyasi fəaliyyətlərinin ancaq mitinqlər, küçə yürüşləri keçirməkdən ibarət olduğunu təsdiqləyir, törətdikləri əməllərlə özlərini qınaq hədəfinə çevirirlər. Reallığı inkar etmək qeyri-mümkündür. Bu gün Azərbaycanın inkişafın hansı səviyyəsində olduğunu görmək üçün əvvəlki illərə nəzər salıb qısaca müqayisə aparmaq kifayətdir. Azərbaycanın uğurları dünyanın ən nüfuzlu təşkilatlarının hesabatlarında da öz əksini tapır. Bu uğurlarmız bizi daha da ruhlandırır, gələcəyə böyük inamla irəliləməyə əsas verir. Bu uğurları bizə bəxş edən Heydər Əliyev siyasəti və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsidir” - deyə YAP Sədrinin müavini vurğulayıb.
Sonda YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva “Biz Heydər Əliyev siyasi kursunu öyrənirik” məktəbinin növbəti məşğələləri barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətinə həsr olunmuş növbəti məşğələdə YAP İcra katibinin müavini Mübariz Qurbanlı mühazirə oxuyacaq.

Paylaş:
Baxılıb: 868 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30