Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cəmiyyətdə sosial-siyasi institutlaşma prosesi və yenilənmə

Cəmiyyətdə sosial-siyasi institutlaşma prosesi və yenilənmə

23.04.2011 [11:57]

1991-ci ildə müstəqil dövlət quruculuğu yoluna qədəm qoyan Azərbaycanın qarşısında totalitarizmin buxovlarından qurtulmaq, demokratik təsisatların yaradılması, ictimai-siyasi institutlaşmada yenilənmə kimi fundamental və məsuliyyətli addımların atılması zərurəti dayanırdı. Lakin, məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində respublikaya rəhbərliyi üzərinə götürən qüvvələr bu vəzifənin öhdəsindən nəinki layiqincə gələ bilmədi, əksinə, ölkədə mövcud olan xaos və özbaşınalıq bütün ictimai-siyasi təsisatların da fəaliyyətinə dağıdıcı təsir göstərərək, dövlət idarəçiliyinə ciddi zərbə vurdu. Bir sözlə, Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoymasının institutlaşma istiqamətində praktik addımların atılması üçün geniş perspektivlər açmasına baxmayaraq, respublikamız müstəqilliyinin ilk günlərində obyektiv və subyektiv amillərin nəticəsində yaranan problemlərin aradan qaldırılması zərurəti ilə üz-üzə qaldı. Belə ki, bir tərəfdən, totalitar Sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələri, dövlət çevrilişi cəhdləri, daxili siyasi qarşıdurma, dərin sosial-iqtisadi böhran, digər tərəfdən isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəyə dəyən zərər vəziyyəti olduqca gərginləşdirmişdi.

İctimai-siyasi institutlaşma yeni dövrün quruculuq prosesinin başlıca ünsürlərindən biri kimi
Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra milli və bəşəri dəyərlərə söykənən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində real addımlar atıldı. Vətəndaşların rifahının, hüquq və azadlıqlarının təmin edilməsinin siyasi sistemin oturaqlaşdığı, cəmiyyətin tələblərinə cavab verən ictimai-siyasi institutların tam formalaşdığı güclü dövlətdə mümkün olduğunu nəzərə alan Ulu öndər Heydər Əliyev dövlət quruculuğunun əsasını təşkil edən ictimai-siyasi təsisatlanmaya böyük diqqət ayırdı. Bu baxımdan, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu vacib tarixi hadisə idi. Konstitusiyanın qəbulunun ən önəmli cəhətlərindən biri Azərbaycanda demokratik dövlət və vətəndaş cəmiyyətinin qurulmasının əsas istiqamətlərini müəyyən etməsi oldu. Bununla bərabər, həmin il çoxpartiyalılıq əsasında seçilən ilk parlament qanunların qəbul edilməsində səmərəli fəaliyyəti ilə ölkədə həyata keçirilən demokratik islahatların hüquqi bazasını formalaşdırdı. Konstitusiyanın qəbulu və demokratik əsasda formalaşan parlamentin fəaliyyətə başlaması isə Azərbaycanda qanunun aliliyinin bərqərar edilməsinə, vətəndaşların siyasi azadlıqlarının təmin olunmasına imkan verdi. Bu da səbəbsiz deyil ki, məhz, qanunun aliliyinin təmin olunduğu və hüquqi prinsiplərlə idarə olunan cəmiyyətdə sosial-siyasi təsisatların normal fəaliyyəti mümkündür.
Azərbaycanda ombudsman təsisatının yaradılması ilə bağlı qanunvericilikdə əksini tapan yeniliklər 2002-ci il referendumu ilə Konstitusiyaya edilən dəyişikliklər əsasında qəbul olundu. Ombudsman təsisatının yaradılması Azərbaycanda aparılan ardıcıl demokratik və hüquqi islahatların məntiqi nəticəsi idi.

çoxpartiyalı sistemin təşəkkülü demokratik ənənələrin bərpasının ən önəmli göstəricilərindən biri kimi
Məlum olduğu kimi, demokratik ənənələrin bərpasının ən önəmli göstəricilərindən biri vətəndaşların siyasi həyatda iştirak azadlığının, plüralizmin təmin edilməsidir. Konstitusiyamızda da qeyd olunduğu kimi, hər kəsin istənilən birlik, eləcə də, siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai qurumlar yaratmaq və ya mövcud təşkilata daxil olmaq hüququ var. Siyasi təsisatların spesifik növü kimi siyasi partiyaların mövcudluğu demokratik siyasi sistemin mühüm tərkib elementidir. Lakin geniş siyasi azadlıqların əlamətlərindən biri olan müxtəlif siyasi mövqeli partiyaların təşəkkülü prosesi 90-cı illərin əvvəllərində xaotik və ifrat hal almışdı. Belə ki, çox qısa bir müddətdə, yəni, iki ilə yaxın vaxt ərzində Azərbaycanda onlarla siyasi partiyanın yaranması nəticəsində meydana çıxan ifrat çoxpartiyalılıq demokratik prinsiplərin bərqərar olmasından daha çox cəmiyyətdaxili parçalanmalardan, o zamankı iqtidarın fəaliyyətindən yaranan kütləvi narazılıqdan xəbər verirdi. Bu yerdə bir vacib məqamı da vurğulamaq yerinə düşər. Bu da Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlıdı. Belə ki, digər siyasi partiyalardan fərqli olaraq ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olan Yeni Azərbaycan Partiyası (YAP) yarandığı vaxtdan geniş xalq kütlələrinin iradəsinin ifadəçisinə çevrilməklə cəmiyyətdə mənəvi-ideoloji birliyin təşəkkül tapmasında həlledici rol oynadı. Respublikanın əksər ziyalılarının ciddi dəstəyini qazanan YAP ölkənin ən çətin dövrlərində Azərbaycanın ictimai-siyasi məsələlərinə münasibətdə tutduğu mövqeyi və fəaliyyəti ilə xalqın maraq və mənafelərinin ifadəçisinə çevrilərək böyük sosial baza toplamaqla nümunəvi siyasi partiya keyfiyyətlərinə sahib oldu.
1993-cü ilin ikinci yarısından etibarən ölkədə sabitliyin yaradılması səylərinin müsbət nəticələr verməsi, cəmiyyətdə siyasi-psixoloji mühitin stabilləşməsi siyasi partiyaların balanslı artımına, prosesin ölkədaxili reallıqlara uyğun, sosial sifariş əsasında gedişatına önəmli təsir göstərdi. Hələ də davam edən bu prosesin indiki mərhələsi barəsində isə onu deyə bilərik ki, Azərbaycanda böyük nüfuza malik aparıcı qüvvə olan bir partiyanın üstünlük qazandığı çoxpartiyalı sistem formalaşıb. Sosial dayağı olmayan, üzvlərinin əksəriyyətini təsisçilərin özlərinin təşkil etdiyi partiyaların isə, dünya təcrübəsində də olduğu kimi, siyasi mübarizə şəraitində zamanın süzgəcindən keçə bilməyərək siyasi səhnədən uzaqlaşması tədricən gerçəkləşən qanunauyğun prosesdir.

Qeyri-hökumət təşkilatlarının yaranması dövlətin diqqət mərkəzində...
Bu da danılmaz həqiqətdir ki, Azərbaycanda demokratik cəmiyyətin mühüm atributlarından biri kimi çıxış edən, vətəndaş cəmiyyətinin formalaşmasında təsirli rola malik olan qeyri-hökumət təşkilatlarının (QHT) yaranması və inkişafına dövlət xüsusi diqqət ayırır. Dövlət qeydiyyatından keçmiş minlərlə QHT-nin mövcudluğu ölkədə sərbəst ictimai fəaliyyətin təmin olduğunu göstərən faktorlardandır. Vətəndaşların hüquqi, siyasi, peşə və digər sahələrdə məlumatlanmasında, maariflənməsində, cəmiyyəti narahat edən müxtəlif problemlərin aradan qaldırılmasında QHT-lərin potensialını düzgün dəyərləndirən dövlət bu sektorun inkişafı üçün lazım olan hüquqi baza və maliyyə dəstəyini təmin edir. Gənclər, uşaq, insan hüquqları, təhsil, xeyriyyə, mədəni, ekologiya, idman və digər sferalarda fəaliyyət göstərən QHT-lərin gördüyü işlərə sıravi vətəndaşların cəlb olunması sosial nəzarət, cəmiyyətin ictimai məsələlərdə aktiv iştirakı mexanizmlərini təkmilləşdirir.
QHT-lərin ictimai proseslərdə iştirakında maraqlı olan dövlət ictimai birliklərin fəaliyyətinə hər cür şərait yaradır, eyni zamanda, QHT-lər tərəfindən irəli sürülən bir çox layihələri maliyyələşdirir. Təsadüfi deyil ki, ölkədə son illərdə bir sıra dövlət orqanları öz fəaliyyətini ictimai birliklərlə sıx əlaqəli şəkildə qurub. Demokratik inkişaf yolunu seçən bir ölkə kimi Azərbaycanda müxtəlif yönümlü siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyəti, senzuranın ləğvi və digər istiqamətlərdə mütərəqqi addımlar sayəsində yeni dövrün tələblərinə uyğun ictimai-siyasi institutlaşma uğurla həyata keçirilir.

Demokratiya, siyasi plüralizm, söz, fikir və özünüifadə azadlığı yeni ictimai dəyərlər yaradan faktorlar kimi
Bir sözlə, müstəqillik əldə etdikdən sonra Azərbaycan dövlətinin qarşısında duran fundamental məsələ və vəzifələrdən biri dövrün tələblərinə, reallıqlarına və qanunauyğunluqlarına müvafiq olaraq yeni cəmiyyət və milli dövlət quruculuğu prosesini sistematik surətdə təşkil etmək idi. Bunun üçün isə sosial, siyasi, iqtisadi və hüquqi sahələrdə kompleks strateji tədbirlərin görülməsi və onların davamlılığının təmin edilməsi lazım idi. Amma müstəqilliyin ilk illərində ölkəyə “rəhbərlik” edən səriştəsiz qüvvələrin qeyri-praqmatik və irrasional fəaliyyəti bəhs edilən vəzifə və planların reallaşdırılmasını mümkün etmədi. Bu azmış kimi, Azərbaycan hətta fərqli qütblərdə dayanan daxili antaqonist qüvvələrin mübarizə meydanına və ideoloji qarşıdurma poliqonuna çevrildi. Yuxarıda da qeyd etdiyimiz kimi, yalnız 1993-cü ildən-Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu vəzifəsinin substratlarına müvafiq olaraq ictimai-iqtisadi və siyasi-hüquqi sahələrdə fundamental islahatlar həyata keçirildi. Görülən kompleks tədbirlər milli dövlətimizin siyasi-hüquqi əsaslarını möhkəmləndirməklə yanaşı, ölkədə ictimai-siyasi institutlaşma prosesinin də əsasını qoymuş oldu. Məhz bu amil milli inkişaf strategiyasının fonunda xüsusi önəm kəsb edirdi. çünki belə bir tarixi situasiyanın fonunda sosial-siyasi münasibətlər sisteminin hüquqi, konstitusion əsaslarını təsbit və təmin etmək, vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin bərqərar olunması yönündə kompleks tədbirlər görmək, siyasi sistemin struktur  elementlərini formalaşdırmaq və təkmilləşdirmək, ictimai-siyasi subyektlərin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması naminə bəhsləşmə-rəqabət və plüralizmi təmin edən real siyasi mühit yaratmaq lazım idi.
Beləliklə, həyata keçirilən islahatlar nəticəsində ictimai-siyasi münasibətlər sistemində mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Məhz bu cür köklü keyfiyyət dəyişiklikləri və sistematik təşəkkülün fonunda siyasi plüralizm, fikir və söz azadlığının təmin olunması  siyasi sistemin elementlərinin təkmilləşməsinə təkan verdi. Daim demokratik normalarla təsbit edilmiş hüquq və azadlıqların təmin olunması, siyasi plüralizm, söz, fikir və özünüifadə azadlığının təşəkkül tapması yönündə yorulmaz fəaliyyət göstərən Ulu öndər Heydər Əliyev bununla əlaqədar demişdir: “Müstəqil Azərbaycanda demokratiya cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə etməlidir. Siyasi plüralizmə geniş yer verilməli, qanunların pozulmasının qarşısı alınmalı, ölkə demokratik prinsiplər əsasında idarə olunmalıdır. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq qalacağam”.
1993-cü ilin iyunundan sonra başlayan struktur islahatlarla əsası qoyulan ictimai-siyasi institutlaşma və siyasi sistemin mütəmadi təkmilləşdirilməsi prosesinin bu günədək uğurla davam etdirilməsi bərqərar olunmuş siyasi plüralizmin və demokratik azadlıqların davamlı xarakter almasını şərtləndirdi. Siyasi qurumların legitimləşdirilməsi və müxtəlif ideoloji orientasiyalara malik olan siyasi subyektlər arasında konstruktiv münasibətlərin formalaşmasına xüsusi şərait yaradan əlverişli mühitin formalaşdırılması siyasi plüralizmin əsaslarının möhkəmlənməsinə təkan verən ilk amil oldu. Daha sonra siyasi səhnədə təmsil olunan aktorlara bərabər imkanların yaradılması-real mübarizə imkanlarının formalaşdırılması siyasi plüralizmin  ardıcıl səciyyə daşımasına mühüm töhfələr bəxş etdi. Bütün bunlar isə nəticə etibarilə siyasi sosiallaşma və siyasi iştirakçılığı artırmaqla yanaşı, subyektlərarası inteqrasiya, rəqabət və uzlaşmanı gücləndirən təməl  faktorlar qismində çıxış etdi. Təbii ki, belə bir mühitdə siyasi aktorların funksionallığı daha  da artdı və rasional münasibətlər şəbəkəsi təşəkkül tapdı.
Siyasi plüralizmin bərqərar olunması digər demokratik hüquq və azadlıqların da təmin edilməsinə xüsusi şərait və imkan yaratdı. Ən başlıcası isə, söz və özünüifadə azadlığının təşəkkül tapması və mütəmadi olaraq təmin edilməsi bu baxımdan xüsusi dəyərə malikdir. Mövcud azadlıqların fonunda siyasi mənsubiyyətindən asılı olmayaraq bütün subyektlərə söz, fikir və özünüifadə azadlığının verilməsi və onun qanuni əsasda mühafizə edilməsi ictimai-siyasi tarazlıq, inkişaf və bütövlüyü təmin edən təməl ideoloji faktor qismində çıxış etdi. Məhz bütün bunların fonunda ideoloji-siyasi orientasiyasından asılı olmayaraq bütün media qurumlarına sağlam rəqabət şəraitində sərbəst fəaliyyət imkanının yaradılması söz, fikir və özünüifadə azadlığının yeni ictimai dəyərlər yaradan faktorlar rolunda çıxış etməsini şərtləndirdi.
Beləliklə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən müasir tələblərə, reallıqlara və qanunauyğunluqlara müvafiq surətdə davam etdirilən mütəmadi demokratikləşmə kursunun effektiv nəticəsi kimi,  bu gün Azərbaycanda təmin edilmiş siyasi plüralizm şəraiti cəmiyyətdə kardinal keyfiyyət dəyişikliklərini təmin edən xüsusi mexanizm kimi dəyərləndirilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan demokratiya yolunda inamla irəliləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz Ulu öndərin müəyyən etdiyi demokratik prinsiplərə daim sadiqlik nümayiş etdirməklə Azərbaycanın daha böyük nailiyyətlər qazanmasına nail olacağıq”.

Azərbaycan cəmiyyəti Sovet buxovlarından xilas oldu
Məlum olduğu kimi, Sovet  hakimiyyəti dövründə mövcud rejimə siyasi və ideoloji müxalifət olan şəxslər, xüsusən ziyalılar terror və siyasi repressiyalar vasitəsilə məhv edilirdi. Aparılan birtərəfli siyasət nəticəsində marksist-leninçi təlimin hakim ideologiyaya çevrilməsi üçün geniş imkanlar yaranmışdı. Azərbaycanda da Sovet hakimiyyətinin qələbəsindən sonra respublikada marksizm-leninizmə müxalif olan ideoloji cərəyanların fəaliyyəti dayandırılmış, qeyri-marksist fəlsəfi və ictimai-siyasi problemlərin tədqiqinə son qoyulmuşdu. Sovet ittifaqının daxilində Azərbaycanın marksist olmayan filosofları müxtəlif illərdə siyasi təqibə məruz qalmışdılar.
Nəticədə isə uzun illər ərzində öz müstəqilliyini itirmiş Azərbaycan xalqının bir çox milli-mənəvi dəyərləri deformasiyaya məruz qalmış, tarixin yalnız şifahi yaddaşına çevrilmişdi. Bu da bir həqiqətdir ki, keçmiş SSRİ-nin kommunist ideoloji mühiti dini-milli adət və ənənələrimizin öyrənilməsinə və təbliğinə də qadağalar qoymuşdu. Yeni adət və ənənələr adı altında, əsasən, sosialist həyat tərzinin mahiyyətini və məzmununu ifadə edən ideoloji, siyasi xarakterli mənəvi cəhətlər diqqət mərkəzinə çıxarılmışdı.
SSRİ-nin dağılması ilə Azərbaycan tamamilə yeni bir tarixi reallığa daxil oldu. Bir yandan, sovet dövründə xeyli sarsılmış, varislik əlaqələrini itirmiş ənənəvi mədəniyyətlə, xüsusilə islam mədəniyyəti ilə bağlı dəyərlər dirçəldilməyə başladı. Müsəlman Şərqi Azərbaycanı öz sıralarına qəbul etdi - ölkə İslam Konfransı Təşkilatının üzvü oldu. Digər tərəfdən, xalqın hələ təqribən 150 il öncə baş qaldırmış Avropa mədəniyyətinə, tərəqqiyə qovuşmaq əzmi yenidən alovlandı, Avrasiya məkanında yerləşən bir ölkə kimi Azərbaycan Avropaya açıldı, Avropa Şurasına üzv qəbul edildi. XX əsrin əvvəllərində meydana gələn, sonralar sovet dövründə unudulan “türkləşmə, müasirləşmə və islamlaşma” şüarı yenidən aktuallaşdı və Azərbaycanın dövlət bayrağında öz ifadəsini tapdı. Demokratiya, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı, insan hüquqları, aşkarlıq, fikir müxtəlifliyi və s. ilə bağlı dəyərlər haqlı olaraq cəmiyyətin inkişafı, müasirləşmənin, modernləşmənin meyarları kimi təqdim edildi.
Təbii ki, Azərbaycan, eyni zamanda, dini tolerantlığın hökm sürdüyü nadir bir məkandır. Xalqımızın dinc yanaşı yaşamaq ənənəsi tarixin dərinliklərindən gəlir. Lakin bu proseslər heç də asanlıqla reallaşmadı. Belə ki, müstəqlliyimizin ilk illərində mövcud olmuş səriştəsiz hakimiyyətlər Azərbaycan cəmiyyətini, bir sıra məsələlərdə olduğu kimi, bu sahədə də ciddi problemlərlə baş-başa qoydular.   

Ənənəvi dəyərlərlə yeni dəyərlərin ziddiyyətləri və harmoniyası
Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Modernləşmə xətti yenə də gündəlikdədir” başlıqlı yazısında bu məsələni əhatəli şəkildə təhlil və təsvir edib. Müəllif yazır ki, geosiyasi oriyentirlərin dəyişməsi nəticəsində transformasiya cəmiyyətlərində kommunizmin ideoloji baxışlarını inkişaf etmiş cəmiyyətlərin Qərbdə işlənib hazırlanmış və sürətlə tətbiq edilən ideoloji konsepsiyaları - konservatizm, liberalizm, sosial-demokratiya, onların ən yeni versiyaları və birləşmələri əvəzləməyə başladı: “Bəzi cəmiyyətlərdə həmin konsepsiyalar asanlıqla mənimsənilir, digərlərində isə ictimai, siyasi və iqtisadi zəmin tapmayaraq, bu və ya digər sosiumun ənənəvi qaydalarına müvafiq olaraq əriyib itirdi. Hətta belə fıkirlər də yaranmağa başlamışdı ki, Qərbin ideoloji konseptləri ənənəvi cəmiyyətlərə yabançıdır və bu cəmiyyətlər yalnız özlərinin xüsusi, ənənəvi inkişaf yolları əsasında tərəqqi edəcəkdir. Bizdə isə Azərbaycan mühiti üçün hələ də yabançı olan sosial-demokratik, konservativ və liberal ideyaları dərhal milli siyasi məkanda tətbiq etməyə cəhd göstərməyə başladılar. Lakin təcrübədə çox tez aydın oldu ki, dağılmaq həddinə çatmaq, iqtisadiyyatında durğunluq hökm sürən, siyasi hərc-mərclik şəraitində olan dövlət üçün idxal edilən ideoloji konsept barədə müəyyən qərara gəlmək çətindir, xüsusən ona görə ki, bu dövlət özünün çox uğursuz ideoloji zorakılıq təcrübəsindən yenicə ayrılmışdır. Bu və ya digər ideoloji konsepsiyanın milli məkanda işləyə bilməsi, Azərbaycanda bu və ya başqa konseptlərin və ideyaların tətbiq edilməsinə minimum imkan yaranması üçün illərlə vaxt lazım idi”.
Yeni cəmiyyətlərdə analoji problemlərin yaşandığını gözəl bilən ümummilli lider Heydər Əliyev demişdir: “Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir”.
ölkəmizdə təkamüllə gedən proseslərin fonunda isə Sovet dönəmində əksər insanların az qala söyüş kimi qəbul etdiyi liberalizm önə çıxmağa başlayırdı.

Azərbaycanda liberal dəyərlərin təşəkkül tapması
ümumiyyətlə, liberalizm, azadlığı ilk siyasi dəyər olaraq ələ alan bir ideologiya, siyasət ənənəsi və düşüncə axınıdır. ümumi mənada liberalizm, fərdlərin ifadə azadlığına sahib olduğu, din, dövlət və bəzən təşkilatların gücünün məhdudlaşdırıldığı, düşüncənin sərbəst bir şəkildə dolaşdığı, xüsusi təşəbbüsə imkan yaradan bir sərbəst bazar iqtisadiyyatının olduğu, hüququn üstünlüyünü etibarlı edən şəffaf bir dövlət modeli və ictimai həyat nizamının formasıdır. Liberal demokratiya olaraq adlandırılan bu dövlət nizamı, açıq və ədalətli bir seçki sistemi ilə birlikdə bütün vətəndaşların qanun qarşısında bərabər olduğu və fürsət bərabərliyinə sahib olduğu bir sistem kimi modelləşir.
Azərbaycanda liberal dəyərlərin təşəkkül tapması isə bir sıra reallıqlarla əlaqəlidir. Sovet İttifaqı dağıldıqdan sonra keçmiş SSRİ məkanında ideoloji boşluq yarandı. Kommunist ideologiyasına alternativlərin olmaması postsovet məkanında ideoloji cəhətdən zəif cəmiyyətlərin formalaşmasına gətirdi. Qeyd edək ki, postsovet dövründə Azərbaycan partiyalarının əksəri sağ-mərkəzçi ideoloji platformadan çıxış edən təşkilatlar kimi təqdim olunur. Ancaq həm bu partiyalar, həm də liberal dəyərləri öz siyasi platformasının əsas prinsipləri kimi bəyan edən başqa təşkilatlar bir çox hallarda öz fəaliyyətlərində bu prinsiplərə riayət etmirlər. Liberal yönümlü partiyanın sosial tələblər və ya sosialistlərin bazar iqtisadiyyatına keçidi sürətləndirmək niyyətləri normal hala çevrilir. Bu da siyasi reallıqdan doğur.
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan cəmiyyətinin özündə liberal ideyalara maraq Avropa ölkələrindəkindən heç də aşağı səviyyədə deyil, bəziləri ilə müqayisədə isə, hətta yüksəkdir.

Yeni institutlaşmanın nəticələri və yeni keyfiyyətdə modern cəmiyyətə doğru
Beləliklə, müstəqilliyimizin ilk illərində cərəyan edən proseslər ölkəmizdə yeni keyfiyyətdə modern cəmiyyətin yaranmasını zəruri edirdi. ümumiyyətlə, modernləşmə özlüyündə ölkənin təkamül tarixinə, sosial inkişaf mərhələlərinə birbaşa bağlı olduğundan, cəmiyyətin modernləşməsinin bir sıra sosial-mədəni parametrləri olur. Bu parametrlər isə fərqli təbiətə malikdirlər. Onların bir-biri ilə uyğunlaşdırılması aktuallığını bütün proses boyu saxlayır. Yəni, modernləşmə konkret zaman kəsimində meydana gəldiyindən və konkret meyarlara əsaslandığından mücərrəd xarakter daşımır. Bu mənada da, hər bir cəmiyyət üçün onun özəl cəhətləri var.
Modernləşmə, eyni zamanda, şüurlarda uyğun dəyişiklikləri də tələb edir. O baxımdan, modern cəmiyyətin yaranması həmişə konkret yanaşma və praktiki fəaliyyət tələb edib. Azərbaycan sosiumunun da modern cəmiyyətə doğru addımlaması özü bir neçə mərhələdən keçib. Yəni, ənənəvi cəmiyyətin prinsiplərinin yaddaşlarda möhkəmlənməsi, ilk növbədə, cəmiyyətimizin yeni sosial münasibətlər sistemi əsasında qurulmuş sosiuma inteqrasiyasını çətinləşdirirdi. çünki modernləşmə, ilk növbədə, insanların fərdi şüurundan başlayır. Artıq müstəqillik qazanmış bir dövlətin vətəndaşı olan azərbaycanlılar kollektivçilikdən fərdiyyətçiliyə doğru irəliləməli, avtoritar qaydalardan demokratik prinsiplərə yiyələnməli idilər. Amma müstəqilliyin ilk iki ilində partokratiyanın kölgəsində qurulmuş “oyuncaq” hakimiyyətin dövləti “idarəetməsi” ideologiyasız və lidersiz qalmış cəmiyyəti daha geri aparırdı.
Bu kontekstdə insanların artıq dövlətə və hətta cəmiyyət daxilində   insanların   bir-birinə   inamı,   etibarı    itirdi.  Bu   gün   də cəmiyyətdə bəzi hallarda müşahidə olunan ictimai inam problemi, məhz, həmin anarxiya illərindən indiki nəslə qalmış “mirasdır”.
Lakin 1993-1995-ci illərdəki hadisələrdən sonra vahid ideologiyanın və partiyanın, inzibati-amirlik idarəçiliyinin təsirləri əsasında formalaşdırılmış ənənəvi cəmiyyətdən modern cəmiyyətə transformasiya edən Azərbaycan sosiumu kifayət qədər tez bir zamanda demokratik dəyərlərə yiyənlənməyi bacardı.
Azərbaycan cəmiyyətinin modernləşməsi özlüyündə kompleks sosial və mədəni yeniləşmələrlə müşahidə olundu. İnsanların cəmiyyətə, xalqa və dövlətə münasibətləri müsbət istiqamətdə dəyişdi. ümumi dəyərlərə verilən önəm artdı.
Sosial-iqtisadi stabilliyin əldə olunmasından sonra müəyyən mənada ictimai münasibətlərdə tarazlıq tapmış Azərbaycan cəmiyyəti modernləşmənin növbəti pilləsinə qədəm qoydu. Bu dəfə isə intellektual sərvətin qorunub saxlanılması və artırılması prosesinə start verildi. Beləliklə də, Prezident İlham Əliyevin “qara qızıl”ın insan kapitalına çevrilməsi siyasəti çərçivəsində gənclərin intellektual səviyyələrinin artırılması, xaricdə təhsil alaraq, Vətənə dönməsi və xalqa xidmət göstərməsi məhz cəmiyyətin modernləşməsinin bir hissəsidir.

İntellektual keyfiyyətin yüksəldilməsi modernləşmədə ciddi rol oynayır
Qeyd edək ki, intellektual keyfiyyətin yüksəldilməsi modenləşmədə ciddi rol oynayır. ölkənin inkişafının intellektual parametr üzrə aparılması bu səbəbdən bütün müstəqil dövlətlər üçün əhəmiyyət daşıyır. İnsan potensialının artırılması məsələsi həmin səbəblərdən strateji mahiyyət daşıyan amildir..
Eyni zamanda, çoxpartiyalılığın, fıkir plüralizminin, özünüifadə və söz azadlığının bərqərar olması, insanların siyasi proseslərdə aktiv iştirak etməsi, vətəndaş-dövlət münasibətlərinin qarşıdurmalarsız qurulması, milli maraqlarla bağlı məsələlərdə ictimaiyyətin intensiv reaksiyasının müşahidə olunması məhz, formalaşmış modern Azərbaycan cəmiyyətinin təzahürləridir.
Beləliklə, bütün həyata keçirilən tədbirlərin yekun nəticəsi olaraq:
- cəmiyyətdə sabit və dayanıqlı sosial-ictimai münasibətlər quruldu;
- cəmiyyətdə antoqonist siniflər anlayışı aradan qaldırıldı və ictimai etibar, inam kimi dəyərlər bərpa edildi;
- vətəndaş-dövlət münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldi;
- milli maraqları müdafiə etməyi bacaran və dövlətin siyasi kursunu dəstəkləyən vətəndaş cəmiyyəti formalaşdı;
- oliqarxiyanın aristokratiyaya itkisiz transformasiya edilməsi prosesi baş tutdu;
- intellektual sərvətin qorunması və artırılması istiqamətində tədbirlər həyata keçirilir;
- vahid ideologiya və ümummilli dəyərlər əsasında modern Azərbaycan cəmiyyəti formalaşmaqdadır və s.
Bir sözlə, Azərbaycanda ictimai-siyasi institutlaşma prosesinin sürətlə və effektiv baş verməsi cəmiyyətin modernləşməsinə, eyni zamanda, sabit ictimai-siyasi münasibətlərin formalaşmasına gətirib çıxardı.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu
Paylaş:
Baxılıb: 1005 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30