Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın memarıdır

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın memarıdır

27.04.2011 [13:05]

Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır
Bu, bir həqiqətdir ki, bir əsrdə iki dəfə istiqlaliyyət əldə etmiş Azərbaycanın müstəqillik yolu həddindən artıq böyük maneələrdən keçib. Düzdür, 20 il öncəyə boylananda bu, sadəcə tarixin bir səhifəsi kimi xatırlana bilər. Amma o dövr üçün müzakirə mövzusu ölkəmizin inkişafı və ya hansısa probleminin həlli deyil, Azərbaycanın müstəqil bir dövlət kimi yaşaması idi. Bəli, nə qədər acı olsa da, həqiqət bu idi ki, ölkəmiz yenicə əldə etdiyi müstəqilliyini cəmi bir ildən sonra itirilmək təhlükəsi ilə baş-başa qalmışdı. Həmin günlərdə Azərbaycan xalqı xarici düşmənlərdən və daxildə hegemonluq edən kriminal qruplaşmalardan necə can qurtaracağını düşünürdü...
Yeri gəlmişkən, əgər 1918-ci ildə yaradılan ADR-in varlığına sovet imperiyası tərəfindən son qoyulmuşdusa, 1991-ci ildə növbəti dəfə azadlığına qovuşmuş ölkəmizi təhlükəyə sürükləyən həmin vaxt hakimiyyətdə olan səriştəsiz insanların yarıtmaz və başıpozuq fəaliyyəti idi. Belə ki, müstəqilliyimizin ilk illərində hakimiyyətə gələnlərin səhv addımları nəticəsində müstəqil Azərbaycan dövləti uçurumun bir addımlığında dayanmışdı.
Bir sözlə, Azərbaycanın ikinci müstəqillik dönəminə bu cür çətinliklərlə, məhrumiyyətlərlə və səriştəsiz rəhbərlərlə qədəm qoyuldu. Bunun nəticəsi idi ki, qısa zaman ərzində Azərbaycanda hakimiyyət böhranı yarandı. Bununla yanaşı, ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda vəziyyət günü-gündən ağırlaşır, fərarilik halları getdikcə artırdı. Artıq Qarabağ müharibəsində könüllü adı altında fəaliyyət göstərən silahlı qruplar özlərini tam sərbəst aparır, düşmənlə vuruşmaqdansa şəxsi maraqların və maddi mənafenin müdafiəçisinə çevrilirdi. Gənc respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında barışmaz mübarizə başlanmışdı. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyətini ortaya qoymuşdu. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşınalıqlar hakim komandanın üzvlərinin ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Problemlər getdikcə artırdı. Artıq hakimiyyətin ən yüksək pillələrində belə qruplaşmaların yarandığı açıq-aydın nəzərə çarpırdı. Qruplararası mübarizə, hakimiyyət strukturlarına nəzarət edə bilməmək isə 1993-cü ilin yayında Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu.
Daha dəqiq desək, problemlər məngənəsində olan gənc Azərbaycan dövləti ikinci dəfə xəritədən silinmək təhlükəsi yaşayırdı. Bu cür çətin zamanda xalqın ümid dolu nəzər-diqqət Naxçıvana yönəlmişdi. Bu da səbəbsiz deyildi. Belə ki, düşmən blokadasında belə Muxtar Respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı-Heydər Əliyev dövlətin yeganə nicat yolu idi. Məhz buna görə də, Vətənin ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu öndər Heydər Əliyev xalqın və respublikanın o zamankı hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Naxçıvandan Bakıya gəldi.  
ümummilli liderimiz çox qısa zaman ərzində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və həmin gün Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Beləliklə, bir çağırışla xalqının  xilaskarına çevrilən Ulu öndər Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Millətinin bir əsrdə qurduğu ikinci müstəqil dövlətini yaşadan ümummilli lider problemlər məngənəsində qıvrılan Azərbaycanı nəinki dünya xəritəsindən silinmək təhlükəsindən qurtardı, eyni zamanda, ölkəmizin regionun liderinə çevrilməsi istiqamətində əsaslı addımlar atıldı.  Sonralar Ulu öndər bu məsələ ilə bağlı bildirirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
ölkənin müqəddəratının həll olunduğu zaman Ulu öndərin Bakıya qayıdışı millətdə gələcəyə ümid yaratdı. Bakıya gəlişinin ardından Gəncəyə yollanan Ulu öndər problemi yerində həll etdi və döyüş meydanına çevrilmiş hərbi hissələrin ərazisini gəzdi. Böyük şəxsiyyətin Gəncəyə gəlişi şəhər əhalisində də gələcəyə inam yaratdı. Gəncədəki gərgin hadisələr dinc yolla nizama salındı. Bundan sonra Əlikram Hümbətovun elan etdiyi qondarma “Talış Muğan Respublikası” Ulu öndər Heydər Əliyevin xalqa müraciəti, atdığı qətiyyətli addımlar və bölgə əhalisinin təzyiqi ilə ləğv olundu. ölkənin şimalında fəallaşan “sadval”çıların” separatçı hərəkətlərinin və “Car-Balakən Respublikası” yaratmaq cəhdlərinin qarşısı alındı. Müxtəlif şəxslərin və siyasi qruplaşmaların nəzarətində olan silahlı birləşmələr ləğv edildi.
1991-ci ildən vüsət alan silahlı qarşıdurmalardan, vətəndaş müharibəsi təhlükəsinə qədər inkişaf edən prosesdən ən çox əziyyət çəkən xalq idi. Bu baxımdan Heydər Əliyev dövlətin xilaskarı olmaqla yanaşı, həm də millətinin taleyinin xilaskarıdır.  Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Demokratik təsisatların kövrək addım atdığı, vətəndaş cəmiyyəti institutlarının hələ formalaşmadığı, üstəlik də xarici işğala məruz qalan ölkəni yalnız və yalnız ümummilli liderimiz Heydər Əliyev xilas edə bilərdi və etdi də.
ümummilli liderimiz Heydər Əliyev qeyd edirdi ki, müstəqilliyi əldə etmək qədər də onu qoruyub saxlamaq, əbədiliyini dönməz etmək çətindir. Bu baxımdan dövlətçiliyimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə Ulu öndər Heydər Əliyevin verdiyi töhfələr əvəzsizdir. Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin qorunması və möhkəmləndirilməsi baxımından həlledici rol oynadı. Əslində, Heydər Əliyev hələ 1969-1982-ci illərdə rəhbər olduğu dövrlərdə Azərbaycan dövlətçiliyinin gələcək müstəqilliyinin siyasi, iqtisadi əsaslarını yarada bilmişdi. Təsadüfi deyil ki, məhz bu baza əsasında Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra Ermənistanın təcavüzünə baxmayaraq, öz suverenliyini qoruyub saxlaya bildi və inkişaf yoluna qədəm qoydu. Ən əsası dövlət və xalq arasında möhkəm birlik yaradıldı.
Dövlətin möhkəmliyi üçün qanunun aliliyi ən əsas prinsipdir. Bu prinsipdən çıxış edərək ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda qanunun aliliyinin təminatına nail oldu. Azərbaycan cəmiyyətində vətəndaşların hüquqlarının hərtərəfli qorunması istiqamətində mühüm irəliləyişlərə nail olundu, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi qanunçuluq prinsipinin əsasları Onun müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapdı.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi digər əvəzedilməz töhfə xalqımızı vahid ideologiya-azərbaycançılıq ideologiyası ətrafında birləşdirməsidir. Azərbaycançılıq Azərbaycan xalqını birləşdirən ən mühüm ideya, Vətənə sevgi, məhəbbətdir. Bu ideya dövlətin möhkəmləndirilməsinə çalışmaq, Azərbaycanın inkişafı naminə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının fəaliyyət göstərməsi, bu yöndə öz töhfəsini verməsi deməkdir. ümummilli liderimiz deyirdi ki, azərbaycançılıq söykəndiyimiz təməl prinsiplərin əsasıdır: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”...

Paylaş:
Baxılıb: 885 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30