Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb

Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb

11.06.2011 [09:48]

Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlara tətbiq ediləcək yaş məhdudiyyəti ali məktəblərə və elmi-tədqiqat müəssisələrinə şamil olunmayacaq
Dünən Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb və spiker Oqtay Əsədov sessiyanı açıq elan edib. Dövlət himninin səsləndirilməsindən sonra iclasın gündəliyi təsdiq olunub. Daha sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov çıxışında fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin diplom ala bilməyən tələbələrinin problemlərində danışıb. O bildirib ki, dövlətin lisenziyası əsasında fəaliyyət göstərən Beynəlxalq Universitetə qəbul olan və burada təhsil alan, amma diplomları verilməyən tələbələrin heç bir günahı yoxdur. Ona görə də, dövlət bu tələbələrin diplomla təmin olunmasına kömək göstərməlidir. Millət vəkili deyib ki, Beynəlxalq Universitetdə oxuyub, diplomlarını ala bilməyən tələbələrin sayı kifayət qədərdir. Eyni zamanda, digər özəl universitetlərdə də müəyyən problemlər var.
ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə öncə dövlət başçısının son əfv Fərmanını təqdir edib. O həmçinin, “Alternativ xidmət haqqında” qanunun qəbul edilməsini təklif edib.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə Azərbaycanda hərbi çağırışın “Hərbi xidmətin əsasları haqqında” Qanunla tənzimləndiyini deyib. Onun sözlərinə görə, ölkənin bütün vətəndaşları hərbi xidmətlərini bu qanun əsasında həyata keçirməlidirlər. Qanuna əməl etməyənlər isə müvafiq qaydada cəzalandırılmalıdırlar. Millət vəkili qeyd edib ki, dini və ya digər baxışlarına görə, alternativ xidmətdən istifadə etmək olar. “Hansısa müəllimin uşağı hərbi xidmətə getmirsə, 5-6 il cəza çəkir. Heç kim göydən zənbillə düşməyib”, - deyə S.Novruzov bildirib.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə çıxışında qarşıdan gələn 15 İyun - Milli Qurtuluş Günü münasibətilə həmkarlarını təbrik edib. Bu tarixin əhəmiyyəti haqqında fikirlərini bildirən A.Mirzəzadə qeyd edib ki, o zaman Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmaqla xilaskarlıq missiyasını yerinə yetirdi, dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi.
Millət vəkili Fərəc Quliyev Milli Məclisdə Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi komissiyanın yaradılmasını təklif edib.
Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Azərbaycanda “İcbari sığorta haqqında” Qanun qəbul olunsa da, əhalinin öz əmlaklarını sığorta etməsi halları elə də çox deyil. Onun sözlərinə görə, Füzuli rayonunda baş verən təbii fəlakət zamanı bir daha bu faktın şahidi olduq. B.Muradova deyib ki, sığortanın əhəmiyyəti ilə bağlı əhali arasında geniş maarifləndirmə işləri aparılmalıdır. Onun sözlərinə görə, bu işdə daha çox sığorta şirkətləri maraqlı olmalıdırlar.
Sonra millət vəkilləri gündəlikdəki məsələləri müzakirə ediblər. Əvvəlcə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər müzakirə edilib. Milli Məclis Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, dəyişikliyə əsasən elmlər namizədləri və elmlər doktorlarının pensiyaları artırılır. Yeniliyə görə, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi-tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, hazırda işləməyən əmək pensiyaçılarının əmək pensiyalarının baza hissəsi elmlər doktoru dərəcəsi üzrə 200 manat, fəlsəfə doktoru (elmlər namizədi) üzrə 120 manat məbləğində artırılır. İclasda iştirak edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov isə deyib ki, hazırda Azərbaycanda 10 min 723 nəfər elmi dərəcəsi olan şəxs var. Onlardan 1827 nəfəri elmlər doktoru, 8896 nəfəri isə elmlər namizədidir. Bu şəxslərin 5910 nəfəri pensiya yaşına çatıb. Elmi dərəcəsi olan şəxslərin pensiyası artırılandan sonra onlar hazırda aldıqları maaşın 80 faizi qədər pensiya alacaqlar.
İclasda Əmək Məcəlləsinə təklif olunan müvafiq dəyişikliklər də müzakirə edilib. Dəyişikliyə əsasən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlara tətbiq ediləcək yaş məhdudiyyəti ali məktəblərə və elmi-tədqiqat müəssisələrinə şamil olunmayacaq.
Müzakirələr zamanı millət vəkili Gövhər Baxşəliyeva bu dəyişikliyi təqdir edib. Onun sözlərinə görə, elmə bağılılıq insanlarda təxminən 65 yaşdan başlayır. Bu mənada məhdudiyyətin aradan qaldırılması yaxşı haldır.
Millət vəkili Hikmət Atayev isə yaş senzi ilə bağlı səhiyyə müəssisələrində çalışan həkimlərə də güzəşt olunmasını təklif edib. Onun sözlərinə görə, həkimlərin sərbəst fəaliyyətə başlaması üçün digər peşələrdən fərqli olaraq daha çox vaxt tələb olunur. Tibbi təhsil alanlar həkim kimi sərbəst fəaliyyətə yalnız 35-40 yaşında başlaya bilirlər. Ona görə də 65 yaşdan sonra həkimlərin məcburi təqaüdə göndərilməsi doğru deyil.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bu cür yanaşma ilə razılaşmayıb. Onun sözlərinə görə, hər kəs öz peşəsinin tərəfini saxlasa, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdən ümumiyyətlə imtina olunmalıdır. Əslində isə, dəyişikliklər gənclərin yolunu açmağa hesablanıb. Elmi adları olanlar üçün pensiyaların artırılmasını müsbət məqam kimi qeyd edən millət vəkili bundan sonra bəhanəyə əsas olmayacağını bildirib. Onun sözlərinə görə, ötən illər ərzində elmi kadrların yetişdirilməsində boşluqlar olub: “Hazırda AMEA-nın ən cavan müxbir üzvünün 65 yaşı var. Bu yaşlı kontingentlə isə ölkə Prezidentinin qarşıya qoyduğu hədəflərə çatmaq mümkün deyil. Akademiya sovet sistemindən çıxmalı və yeni nəslə yol açmalıdır”.
Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov isə deyib ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda yaş məhdudiyyətinin ali təhsil və elmi-tədqiqat müəssisələrində çalışanlara tətbiq edilməməsi çox təqdirəlayiq haldır. A.Məhərrəmov bildirib ki, indiki şəraitdə belə bir məhdudiyyətin olması elmə və təhsilə mənfi təsir göstərə bilərdi. Onun sözlərinə görə, elm ictimaiyyəti elm və təhsilə diqqətlə yanaşdığı üçün dövlət başçısına dərin minnətdarlığını bildirir. “İndiki şəraitdə elmi-tədqiqat və ali təhsil müəssisələrində işləyən yaşı 65-ə çatmış insanların təqaüdə göndərilməsi bu sahələrdə ciddi problemlər yarada bilərdi. çünki onları əvəz edə biləcək, bu boşluğu doldura biləcək gənc nəsil formalaşmayıb. Belə bir nəsil yetişəndən sonra yaş məhdudiyyətinə getmək olar”, - deyə akademik vurğulayıb.
Müzakirələrdən sonra təklif olunan dəyişikliklər qəbul olunub.
Millət vəkilləri həmçinin, gündəlikdə olan digər qanunlara da dəyişikliklər ediblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 853 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30