Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Dostluq" Azərbaycanla Ukrayna arasında bir körpüdür

"Dostluq" Azərbaycanla Ukrayna arasında bir körpüdür

30.06.2011 [10:41]

Murad ömərov: Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin yeni keyfiyyətdə uğurla davam etdirdiyi diaspora quruculuğu siyasətinə öz dəstəyimizi verməyə çalışırıq
Məlum olduğu kimi, ölkə paytaxtında daha bir möhtəşəm tədbirin keçirilməsinə son hazırlıq işləri gedir. Belə ki, iyul ayının 5-də Bakı şəhərində Dünya Azərbaycanlılarının III Qurultayı keçiriləcək. Bu qurultay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 yanvar tarixində imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında” Sərəncamından irəli gələn “Tədbirlər Planı”na müvafiq olaraq baş tutacaq. Qurultayda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak edəcək. Bundan başqa, milliyyətcə azərbaycanlı olmayan, lakin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alim və ziyalılar, dövlət rəsmiləri, siyasi partiyaların təmsilçiləri, parlament üzvləri də qurultaya qonaq qismində dəvət olunublar.
Qeyd edək ki, artıq qurultay nümayəndələrinin bəziləri Azərbaycana gəlməkdədirlər. Onlardan biri də Xarkovda fəaliyyət göstərən “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyətinin sədri Murad ömərovdur. Onunla görüşüb, həm diaspora quruculuğu, həm də qurultayla bağlı fikirlərini öyrəndik.
Dosye: ömərov Murad Ənvər oğlu 1963-cü il martın 28-də Kürdəmir rayonunun Xırdapay kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirib və həmin il Xarkov Radioelektronika İnstitutunun (hazırkı Xarkov Radioelektronika Milli Universiteti) elektron cihazlar fakültəsinə qəbul olunub. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin göstərişi ilə 1970-1980-ci illərdə keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almaq üçün göndərilən azərbaycanlı gənclərdən biri də məhz Murad ömərov olub. 1985-ci ildə həmin institutu bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Tətbiqi-fizika İnstitutuna təyinat alsa da, Xarkov Radioelektronika İnstitutunun rəhbərliyinin aspiranturada qalmaq təklifini qəbul edib. 1991-ci ildə həmin ali təhsil ocağına elmlər namizədi, 2004-cü ildə isə elmlər doktoru elmi dərəcəsini alıb. 2003-cü ildə işlədiyi kafedrada professor vəzifəsinə təyin olunub. 2009-cu ildən həmin universitetdə xarici tələbələrin hazırlıq fakültəsində işləyib. Daha sonra Xarici tələbələrin təhsili mərkəzinin direktoru vəzifəsinə təyin olunub. Eyni zamanda, təbiət elmləri kafedrasının müdiridir.
Azərbaycançılıq diaspora quruculuğunun əsas prinsipidir
Hazırda ölkəmizin diaspora quruculuğu istiqamətində aparılan işlərdə öz fəallığı ilə seçilənlərdən biri olan Murad ömərov bu prosesə 1990-cı illərin əvvəllərindən qoşulduğunu deyib: “Sovet İttifaqının dağıldığı ərəfədə biz Ukraynada, Xarkovda “Xətai” Cəmiyyətini təsis etdik. Mən həmin cəmiyyətin İdarə Heyətinin üzvü idim. 1999-cu ildə Xarkovda “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyəti yaradıldı və mən oranın üzvü, 2001-ci ildən isə həmin cəmiyyətin sədri seçildim”.
Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarına müraciəti, ümummilli liderimizin xaricdə yaşayan soydaşlarımıza xüsusi diqqətlə yanaşması bir azərbaycanlı kimi Murad ömərovu da ölkəmizin diaspora quruculuğu işində daha fəal şəkildə çalışmağa sövq edib: “Bu danılmaz bir həqiqətdir ki, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, xalqımızın vahid ideologiya ətrafında birləşməsinin əsasını qoydu. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, dünya azərbaycanlılarını və Azərbaycana bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında birləşdirə bildi. Bu vahid bir dövlətin formalaşmasında, müasir, güclü Azərbaycan dövlətinin yaranmasında ən böyük rola malik olan azərbaycançılıq ideyası idi. Təbii ki, Azərbaycanda vətəndaş sülhünü, ümumxalq vəhdətini, milli və dini tolerantlığı təmin edən ideologiya olaraq azərbaycançılığın digər tarixi missiyası dünya azərbaycanlılarının, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin təmin olunmasından ibarətdir. ümummilli liderimiz Heydər Əliyev hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi zaman həmin dövrün mövcud reallıqları çərçivəsində xaricdə (təbii ki, ilk növbədə, SSRİ məkanında) azərbaycanlı diasporunun təşəkkül tapmasına mümkün dəstəyi göstərirdi. Ulu öndər müstəqil Azərbaycanın dövlət başçısı olduqdan sonra bu fəaliyyəti ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. ümummilli liderimizin 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayında bəyan etdiyi tezislər əslində, azərbaycançılığın, Azərbaycan təəssübkeşliyinin ən düzgün ifadəsi idi: “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır”.
“Azərbaycançılıq fəlsəfəsi, eyni zamanda, dünya azərbaycanlılarını birləşdirən ortaq dəyər və Azərbaycanı dünyaya tanıdan milli-mənəvi irs olaraq öyrənilməli və təbliğ edilməldir. Bu baxımdan çəkinmədən deyə bilərəm ki, azərbaycançılıq diaspora quruculuğunun əsas prinsipidir” deyən Murad ömərov əlavə edib ki, bu gün Heydər Əliyev siyasi kursunun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir dünyada diasporların rolunun gücləndiyini düzgün qiymətləndirərək diaspora quruculuğu işinə xüsusi diqqət yetirir: “2006-cı ildə Bakıda Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi, dövlət başçımızın 19 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması bu diqqətin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi qayğısının nəticəsidir ki, Azərbaycan diasporu qısa müddət ərzində böyük inkişaf yolu keçərək gənc olmasına baxmayaraq, dünyada ən dinamik inkişaf edən diasporlardan birinə çevrilib. Biz xaricdə yaşayan azərbaycanlılar da əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin yeni keyfiyyətdə uğurla davam etdirdiyi diaspora quruculuğu siyasətinə öz dəstəyimizi verməyə çalışırıq”.
Azərbaycan həqiqətləri Ukrayna ictimaiyyətinə çatdırılır
Rəhbərlik etdiyi cəmiyyətin fəaliyyəti barədə də danışan müsahibim “Dostluq” azərbaycanlılar arasında əlaqələrin qurulması, milli adət və ənənələrimizin qorunması və təbliğ edilməsi, onların hüquqlarının müdafiəsi, ölkəmiz haqqında həqiqətlər, həmçinin, üzləşdiyimiz faciələr haqqında dolğun məlumatların xaricdə yayılması, eyni zamanda, Azərbaycan və Ukrayna dövlətləri arasında bütün sahələrdə əlaqələrin inkişafına dəstək verilməsi istiqamətində fəaliyyət göstərir. Qısası, “Dostluq” Azərbaycanla Ukrayna arasında bir körpüdür” deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum öz fəallığı ilə daim seçilib: “Biz öz fəaliyyətimiz boyu Azərbaycan və Ukrayna dövlətlərinin maraqlarına xidmət etməyi başlıca vəzifəmiz saymışıq. Məhz bu səmərəli fəaliyyətin nəticəsidir ki, cəmiyyətimiz dəfələrlə Ukrayna Millətlər və Dinlər üzrə Komitəsinin, Xarkov vilayət administrasiyasının, həmçinin, Xarkov şəhər sovetinin fəxri fərman və təşəkkürnamələri ilə təltif edilib. Eyni zamanda, 13-15 aprel 2009-cu il tarixdə keçirilən Avropa Azərbaycanlıları Konqresinin (AAK) üçüncü qurultayının qərarına əsasən cəmiyyətimiz AAK-ın kollektiv üzvlüyünə qəbul olunub”.
Murad ömərov onu da deyib ki, rəhbərlik etdiyi qurumun nəzdində ilk olaraq Azərbaycan bazar günü məktəbinin əsası qoyulub: “Həmin məktəbdə 80-ə yaxın azərbaycanlı uşaq təhsil alır. Bu məktəbdə biz Azərbaycan dili, ədəbiyyatı, Azərbaycan tarixi, xalqımızın adət-ənənələri və s. istiqamətlərdə dərslər keçirik. Bundan başqa, cəmiyyətin nəzdində “Azərbaycan inciləri” rəqs qrupu fəaliyyət göstərir. Həmin rəqs qrupu istər Xarkovda, istərsə də ümumilikdə Ukraynada keçirilən bütün rəqs festivallarında çox fəal iştirak edir. Bu rəqs qrupu bir sıra festivallardan mükafatla qayıdıb. Eyni zamanda, cəmiyyətin nəzdində fəaliyyət göstərən “Qarabağ” folklor ansamblı, “Natəvan” Qadınlar Klubu, “Novruz” Gənclər Klubu və digər qruplar ölkəmizin təbliği istiqamətində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Təbii ki, bu məqsədlə hər il 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart-Azərbaycanlıların Soyqırımı Günü, Azərbaycan rayonlarının Ermənistan tərəfindən işğalının ildönümü münasibətilə çeşidli tədbirlər- konfrans, dəyirmi masa, sərgi və s. tədbirlər keçiririk. Həmin tədbirlərdə Azərbaycan diasporunun üzvləri ilə yanaşı, yerli ictimaiyyətin və digər xalqların diasporlarının nümayəndələri də iştirak edirlər. Onu da qeyd edim ki, ildən-ilə bu tədbirlərdə iştirak edən insanların sayı çoxalır, ən əsası isə mühüm keyfiyyət dəyişiklikləri baş verir. Bu tədbirlərə Xarkov rəhbərliyinin, siyasi partiya və ictimai təşkilatların nümayəndələri də qatılırlar ki, bu da Azərbaycan həqiqətlərinin daha geniş şəkildə tanınması, qəbul edilməsi deməkdir. Yeri gəlmişkən, mən son illər Heydər Əliyev Fondunun Azərbaycan diasporuna göstərdiyi misilsiz dəstəyi xüsusi olaraq qeyd etmək istərdim. Məhz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın əksər ölkələrində keçirilən “Xocalıya ədalət kampaniyası” Azərbaycan diasporunun əldə etdiyi ən böyük uğurlardandır. Həmin kampaniya sayəsində dünyanın elə bir ölkəsi qalmayıb ki, orada Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı aktından xəbərsiz olsunlar”.
Murad ömərovun sözlərinə görə, bundan əlavə, Azərbaycan dövlətinin əlamətdar günləri-ümummilli lider Heydər Əliyevin anadan olduğu gün, Respublika günü, Milli Qurtuluş Günü, Müstəqillik günü, Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə cəmiyyətin keçirdiyi tədbirlərə daha çox insan qatılır. Bütün bunlar isə Azərbaycan diasporunun gücünün artmasının göstəricisidir: “Onu da deyim ki, bizim cəmiyyətin nəzdində fəaliyyət göstərən gənclər Azərbaycan xalqının milli bayramı olan Novruz bayramının Xarkovda da təntənəli şəkildə qeyd olunması üçün əllərindən gələni edirlər. Hər il Novruz bayramının gəlişi ilə əlaqədar çeşidli tədbirlər keçirir, bu bayramın adətləri haqqında yerli ictimaiyyətə ətraflı məlumat veririk. Sonuncu bu cür əlamətdar tədbirimiz isə bu il martın 15-də baş tutub. Həmin tədbirdə Azərbaycan diasporunun təmsilçiləri ilə yanaşı, Xarkovda yaşayan müxtəlif millətlərin nümayəndələri də iştirak ediblər. Təbii ki, bu cür tədbirlərdə iştirak edən insanlar Azərbaycanı, onun zəngin mədəni irsini, qədim adət-ənənələrini özləri üçün kəşf edir, eyni zamanda, onlarda Azərbaycan xalqına və dövlətinə rəğbət daha da artır. Əlbəttə ki, bütün bunlar Azərbaycan diasporunun uğurudur”.
Növbəti qurultay qarşımıza yeni vəzifələrin qoyulması ilə yadda qalacaq
Və son olaraq “İyulun 5-də keçiriləcək qurultaydan nə gözləyirsiniz?” sualını cavablandıran M.ömərov aşağıdakıları bildirib: “Məlum olduğu kimi, Dünya Azərbaycanlılarının III Qurultayı əlamətdar tarixdə - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin elan edilməsinin 20-ci ildönümünün qeyd edildiyi ildə keçirilir. Komitə sədri Nazim İbrahimovun da qeyd etdiyi kimi, bu qurultay tarixi məzmunu və ictimai əhəmiyyətinə görə 2006-cı ildə keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayından bir çox cəhətləri ilə seçilir. Bu gün Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib, dünya miqyaslı layihələr gerçəkləşdirir, dünyanın inkişaf etmiş ölkələri Azərbaycanı tərəfdaş və müttəfiq kimi görməyə maraqlıdırlar. Azərbaycanın etibarlı tərəfdaş imici qazanması dövlətimizin yeritdiyi müstəqil xarici siyasət kursu ilə bağlıdır. Malik olduğu bütün bu üstünlüklər Azərbaycan dövlətinə dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılara, Azərbaycan diasporuna daha böyük qayğı göstərməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, Dünya Azərbaycanlılarının II Qurultayından keçən dövr ərzində qurultay zamanı qarşıya qoyulmuş vəzifələrə nail olunub. Bu gün biz artıq Azərbaycan diasporunun yaxşı təşkilatlandığını, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi proseslərinə təsir göstərə bilmək imkanlarının əhəmiyyətli dərəcədə artması sayəsində onların Azərbaycanın milli maraqlarını müdafiə etmək iqtidarında olduqlarını qəti şəkildə söyləyə bilərik.
Əldə etdiyimiz nailiyyətlərdən biri dünyanın müxtəlif ölkələrindəki Azərbaycan diaspor təşkilatlarının dost dövlət və xalqların icmalarının müvafiq təşkilatları, o cümlədən, türk, yəhudi diasporları ilə əməkdaşlığın əlaqələndirilməsidir. Bununla bağlı xüsusi olaraq 9 mart 2007-ci il tarixində Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumunu, 17-19 noyabr 2007-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə Türkiyədən kənarda -Bakıda təşkil olunan Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayını, 27 mart 2008-ci il tarixində Berlində Dünya Azərbaycan və Türk diaspor təşkilatları Koordinasiya Şurasının iclasını və bunun nəticəsi olaraq dünyadakı Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığının gücləndirilməsini qeyd etmək olar. Bütün bunlar Dünya Azərbaycanlılarının II Qurultayından sonra görülmüş işlərin kiçik bir hissəsidir və bu proses davam etdirilir. Təbii ki, sadalananlar, eyni zamanda, yeni-yeni tələblərin meydana çıxmasına səbəb olur. Bu baxımdan da hesab edirəm ki, növbəti qurultay qarşımıza yeni vəzifələrin qoyulması ilə yadda qalacaq”.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 944 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30