Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya hazırlanacaq

Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya hazırlanacaq

16.07.2011 [15:00]

Sənəd 2011-2021-ci illərdə təhsilin inkişaf istiqamətlərini müəyyənləşdirəcək
Son illər ərzində aparılan davamlı islahatlar ölkəmizin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsinə imkan verib. Bu da dinamik sosial-iqtisadi inkişafı və insanlarımızın rifah halının yaxşılaşmasını təmin edib. Məqsədyönlü iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan orta gəlirli dövlətlər sırasına daxil olub. İnkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən, təhsilin dünya standartlarına cavab verməsini tələb edir. Bu tələbi Azərbaycan dövləti daim nəzərə alıb. Məlum olduğu kimi, son illərdə ölkəmizdə təhsil sisteminin bütün sahələrini əhatə edən ciddi islahatlar həyata keçirilib. Yeniliklərə ümumtəhsil sahəsindən start verilib. 2006-cı ildə hökumət ümumi təhsilin kurikulumunu təsdiq edəndən sonra təhsilin məzmununda dəyişikliklərə başlanıb. “Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 1998-ci ildə imzalanan Sərəncam təhsildə islahatların yeni mərhələsinə start verib. Bir il sonra Təhsil sahəsində İslahat Proqramı qəbul edilib. Azərbaycan Avropa, Cənub-Şərqi Asiya regionları və YUNESKO-nun Avropa Şurası ilə birlikdə hazırladığı təhsil sənədləri, diplomlar və elmi dərəcələrin qarşılıqlı tanınması haqqında konvensiyalara qoşulub. ümumilikdə, dəyişikliklər nəticəsində standartlar yeniləşdirilib, təlim nəticələri konkretləşdirilib, qiymətləndirmə sistemi dəyişdirilib.
“2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın qəbulundan sonra bu sahədə də böyük dönüş yaranıb. Ali təhsil müəssisələrində beynəlxalq təcrübəyə əsaslanan köklü dəyişikliklər həyata keçirilib.
Bir sözlə, məktəbəqədər təhsildən başlamış əlavə təhsilə qədər aparılan islahatlar ayrı-ayrı dövlət proqramlarının həyata keçirilməsi ilə davam etdirilir. Qeyd etmək yerinə düşər ki, aparılan islahatlar çərçivəsində 2008-2013-cü illəri əhatə edən təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının təsdiq olunması və icrası xüsusi əhəmiyyət kəsb edir. Belə ki, artıq məktəblərin 30 faizinin internetlə bağlantısı var. Müəllimlərin 2004-cü ildə İKT bacarığı olmadığı halda, indi 60 mindən artıq müəllim İKT vasitələrindən istifadə üzrə hazırlıq keçib və onlar artıq öyrəndiklərini dərs prosesində tətbiq edirlər. “Elektron məktəb” layihələri həyata keçirilir və bu, nəinki istifadə, hətta idarəetmənin də İKT vasitələri ilə həyata keçirilməsini tələb edir. Elektron lövhələrdən və dərsliklərdən istifadə olunur, getdikcə Azərbaycan təhsilinə İKT-nin inteqrasiyası sürətlənir.
Respublikamızın mövcud potensialı müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla onun iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin edir. Təbii ki, ölkəmizdə informasiya cəmiyyətinin qurulması və biliklərə əsaslanan iqtisadiyyata keçid yeni təhsil modelinə tələbatı artırır. Bu tələbat ölkəmizdə təhsilin inkişafına önəm verən dövlət başçısı İlham Əliyevin diqqətindən kənarda qalmır. Bunun nəticəsidir ki, Prezident bu günlərdə “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən yaradılan Dövlət Komissiyasına “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın layihəsini üç ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
Artıq “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması ilə bağlı Dövlət Komissiyasının ilk iclası da keçirilib. Komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dövlət başçısının Sərəncamından irəli gələn əsas məqsəd və hədəflərdən danışaraq təhsilin bütün sektorlarında - məktəbəqədər təhsil, ümumi orta məktəb təhsili, ilk və orta peşə-ixtisas təhsili, ali təhsil və onun bütün pillələrində əsaslı islahatların zəruriliyini vurğulayıb. O bildirib ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün bir neçə mərhələdən ibarət bu iş, ilk növbədə, düzgün qurulmalıdır. Eyni zamanda, təhsilin yerli və beynəlxalq ekspertlər tərəfindən aparılan monitorinqinin nəticələrindən dolğun istifadə, beynəlxalq təcrübədən yararlanma və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə cavab verən kadrların hazırlanması məsələlərinə toxunub.
Komissiya sədrinin təklifi ilə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun rəhbərliyi altında əlaqədar dövlət qurumlarının təmsilçilərinin və tanınmış ekspertlərin daxil olacağı işçi qrup yaradılıb.
İclasda çıxış edən Komissiya üzvləri ölkədə təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanmasına dair qərarı yüksək qiymətləndirib və ümumən təhsilin inkişafı, habelə Komissiyanın işi ilə bağlı fikirlərini söyləyiblər.
İclasda YUNİSEF, Dünya Bankı və digər beynəlxalq təşkilatların köməyi ilə Azərbaycanda məktəbəqədər təhsil və ümumi orta məktəb təhsili sektorlarında başa çatan pilot layihələr barədə də məlumat verilib, Milli Strategiyanın hazırlanmasında xarici ölkələrin təcrübəsindən bəhrələnməyin, Azərbaycan təhsilinin vəziyyətinə bələd olan beynəlxalq ekspertlərin bu işə cəlb edilməsinin faydalı olacağı vurğulanıb.
İclasda Azərbaycan təhsilində müasir menecment və maliyyələşmə mexanizmlərinin və innovasiyaların tətbiqinin, Milli Strategiyada elm, təhsil və praktikanın vəhdət şəklində öz əksini tapmasının, sənəd hazırlanarkən orta məktəb məzunlarının uzunmüddətli monitorinqinin nəticələrindən istifadə olunmasının vacibliyi barədə fikirlər səslənib.
Komissiyanın üzvlərindən biri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Strategiyanı mühüm bir sənəd adlandıraraq deyib ki, “2011-2021 illərdə Azərbaycan təhsilinin inkişafı üzrə milli strategiya”nın yaranmasında bütün komissiya üzvləri və Azərbaycanın pedaqoji ictimaiyyəti fəal iştirak edəcək: “Strategiya Azərbaycan təhsilinin gələcəyini müəyyənləşdirəcək. İqtisadiyyatın inkişaf strategiyası ölkə üçün çox vacibdir. Lakin onu həyata keçirən insanlardır. XXI əsrin bütün hədəflərinə cavab vermək, biliklərə əsaslanan iqtisadiyyatı qurmaq üçün yüksək səviyyəli professional olmaq lazımdır. Strategiya müəyyən edəcək ki, dövlət öz vətəndaşlarını necə görmək istəyir”.
TQDK sədri deyib ki, strategiyada məktəbəqədər təhsil, orta, ali təhsil, diplomdan sonrakı təhsil, distant təhsil, ümumiyyətlə, təhsilin bütün pillələri əks olunacaq, əhalinin bilik səviyyəsini qaldırmaq üçün yollar göstəriləcək. M.Abbaszadə deyib ki, strategiya yalnız siyasi sənəd deyil: “Orada konkret xəritələr verməlidir ki, hansı addımda nəyi etmək lazımdır”.
Onun sözlərinə görə, sözügedən sənəddə məktəbi çoxdan bitirən və nəticələri aşağı olduğundan təhsil ala bilməyən uşaqların da hansısa formada təhsil alma imkanları müəyyənləşməlidir: “Bu problemlər hamısı strategiyada əks olunacaq”.
M.Abbaszadənin fikrincə, sənədin hazırlanmasına münasibət də ciddi olmalıdır: “Biz təkcə dövlət qulluqçuları kimi deyil, hərbi qulluqçular kimi ölkənin gələcəyi naminə bu sənədi hazırlamalıyıq”.

Paylaş:
Baxılıb: 962 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30