Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Oğuzda YAP GB-nin fəallarının iştirakı ilə "Gənclik və müasirlik" mövzusunda konfrans keçirilib

Oğuzda YAP GB-nin fəallarının iştirakı ilə "Gənclik və müasirlik" mövzusunda konfrans keçirilib

27.07.2011 [10:21]

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) “Yay məktəbi”nin dördüncü mərhələsi davam edir. Təlimlərdə paytaxtın, eləcə də, respublikanın  müxtəlif rayonlarını təmsil edən YAP Gənclər Birliyinin  50-dən artıq üzvü fəal iştirak edir.
Xatırladaq ki, iyulun 3-dən start  götürən “Yay məktəbi” layihəsi respublikanın üç - Oğuz, Qəbələ və Lerik rayonlarında keçirilir. Təlimlərin keçirilməsində əsas məqsəd YAP GB üzvlərinin mədəni istirahətini təşkil etmək, gənclərin bir-biriləri ilə ünsiyyətini yaxşılaşdırmaq, region gəncləri ilə paytaxt gəncləri arasında əlaqələri möhkəmləndirmək, həmçinin, gənclərin elmi, intellektual potensialının yüksəldilməsinə xidmət edən  yarışların, idman oyunlarının, digər tədbirlərin keçirilməsidir. “Yay məktəbi”nin rəsmi açılışında YAP  Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov, millət vəkilləri, müvafiq dövlət strukturlarının rəsmiləri iştirak ediblər.
İyulun 24-də “Yay məktəbi”nin iştirakçıları Oğuz rayon mərkəzində Ulu öndər Heydər Əliyevin adını daşıyan parka gəliblər, burada ümummilli liderin xatirəsinə ucaldılan abidənin önünə tər çiçək dəstələri düzüblər.
 “Yay məktəbi” çərçivəsində, iyulun 25-də,  Oğuzdakı “Afra” hotelinin konfrans zalında “Gənclik və müasirlik” mövzusunda dəyirmi masa keçirilib.  YAP-ın mətbuat xidmətinin rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Hüseyn Paşayev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP GB-nin sədr müavini Samirə Quliyevanın moderatorluğu ilə keçirilən tədbirdə gənclər mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbiri giriş sözü ilə açan YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev qeyd edib ki, seçilən mövzu geniş bir sahəni - geyimdən tutmuş, həyat tərzimiz, davranış qaydaları, dinə olan münasibət, cəmiyyətə baxış, vətənpərvərlik, milli adət-ənənələrimizin qorunması və s. kimi sahələri əhatə etdiyindən gənclər sərbəst şəkildə öz fikirlərini ifadə edə bilərlər.  
çıxış edən BDU-nun tələbəsi Riyad Rüstəmli deyib ki, müstəqillik əldə etdikdən sonra ölkəmiz demokratik inkişaf yolunu seçdiyindən,  Azərbaycanda istənilən vətəndaş, o cümlədən, gənclərimiz  dini etiqadlarını azad şəkildə icra edirlər. Lakin bəzi qüvvələr də var ki, onlar gənclərimizdən yararlanmaq, onları müxtəlif dini sektalara cəlb etməyə çalışırlar. Bütün bu kimi səylərə baxmayaraq, müasir gəncliyimiz  belə dini cərəyanlara çox da meyil göstərmir, dövlətimizin bu sahədə  yürütdüyü siyasəti bəyənir və dəstəkləyirlər. Dövlət tərəfindən gənclərimizin hərtərəfli inkişafı üçün bütün lazımi şəraitin yaradıldığını deyən natiq əlavə edib ki, müasir gəncliyimiz də dövlətin bu diqqət və qayğısına öz əməli işi ilə cavab verməyə çalışır. Onun sözlərinə görə, bəzi gənclərimiz də var ki, onlar bir qədər passivdirlər, cəmiyyətlə, ölkəmizin bugünkü inkişaf tempi ilə ayaqlaşa bilmirlər:  “Biz gənclərin də  əsas məqsədi odur ki, onlara dəstək olaq, onlara düzgün istiqamət verək. Hesab edirəm ki, müasir Azərbaycan gənci ixtisasından, peşəsindən asılı olmayaraq, inkişaf etməyi bacarmalıdır”.
Moderator, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev tədbir iştirakçılarına müraciət edərək, onları fikirlərini sərbəst ifadə etməyə çağırıb və onlara bəzi suallar ünvanlayıb: “Siz-fəallar, bugünkü gəncliyimizdə hansı keyfiyyətləri görmək istərdiniz? Onların İKT-dən istifadə bacarığı, yaxud xarici dillərə yiyələnmək səviyyəsi necə olmalıdır? Sizcə, belə yay məktəblərinin təşkili gənclərimiz üçün nə dərəcədə faydalıdır?”.
Müzakirələrə qatılan Azərbaycan Dillər Universitetinin tələbəsi  Könül Yaqubova qeyd edib ki, müasirlik, hər şeydən əvvəl, sağlam düşüncə deməkdir: “Əgər gənclərimiz sağlam düşüncəyə sahib olarlarsa,  o zaman onların tərbiyəsi də, geyimi də, milli hissləri də yerində olacaq. Onlar yaxşını pisdən tez seçə biləcəklər, həyatda baş verən prosesləri düzgün analiz edib, onu qiymətləndirməyi bacaracaqlar, cəmiyyətin inkişafına töhfələr verəcəklər”.
Məsələyə münasibət bildirən Hüseyn Paşayev deyib ki, həqiqətən də bu gün elə gənclərimiz var ki, onlar bir neçə xarici dil bilirlər, Avropanın, eləcə də, ABŞ-ın nüfuzlu ali təhsil ocaqlarında təhsil alıblar. Amma buna baxmayaraq, sağlam düşüncə sahibi deyillər və bu insanlarda dövlətçilik təəssübkeşliyi çox aşağı səviyyədədir. O, belə gənclərə səslənərək, onları vətənpərvər olmağa çağırıb.
Abşeron rayon Təhsil Şöbəsinin metodisti  çinarə Əliyeva bildirib ki, mən, Sovet dövrü ilə müqayisədə, indi rayon gənclərimizdə vətənpərvərlik hisslərini daha çox görürəm: “Əvvəllər rayon gəncləri hərbi xidmətdən belə yayınırdılar. İndi isə bizim düşmən üstünə açıq gözlə gedə bilən Mübariz İbrahimov kimi çox saylı igid oğullarımız var. Onların bu şücaətləri rayon gənclərinə də təsir etməkdədir, onlarda vətənpərvərlik ruhunu yüksəltməkdədir.  İndi, demək olar ki, rayonda  milli ordu sıralarında xidmətdən yayınan gənci tapmaq mümkün deyil”.
O, həmçinin, qeyd edib ki, müasirliyi heç də yüksək təhsillə eyniləşdirmək doğru deyil: “Elə gənclərimiz var ki, onlar heç yüksək ali təhsilə malik deyillər. Amma öz düşüncə tərzləri ilə digərlərindən fərqlənirlər. Cəmiyyətə faydalı olmağa çalışırlar. Biz bu gün ali təhsili olmayan gənclərimizdən üz döndərə bilmərik. Axı orta məktəbi bitirən gənclərin hamısı ali məktəblərə daxil olmur və olmamalıdırlar da. Axı hamı ali təhsilli olsa, bəs zavod-fabriklərdə, tikintidə,  müxtəlif sosial sahələrdə kim işləyəcək? Bizə ali savadlı gənclərlə yanaşı, bacarıqlı əllər də lazımdır. Odur ki, ali təhsili olmayan gəncləri də öz sıralarımıza dəvət etməliyik. Onları cəmiyyət üçün faydalı işlər görməyə sövq etməliyik”.
Mövzu ətrafında çıxış edən moderator Hüseyn Paşayev cəmiyyəti narahat edən problemlərdən birinin də bəzi  gənclərimizin  öz ana dilinə ögey münasibətinin olduğunu deyib. O, xarici ölkələrdə təhsil alan gənclərin əksəriyyətinin, Vətənə qayıtdıqdan sonra daha çox  təhsil aldıqları ölkədəki dillə ünsiyyət qurmağa cəhd etdiklərini bildirib və bunun mənfi bir tendensiya olduğunu vurğulayıb. H.Paşayev qeyd edib ki, əgər sovetlər dönəmində paytaxt küçələrində, iaşə obyektlərində, park və istirahət mərkəzlərində gənclərimizin əksəriyyətinin ünsiyyət vasitəsi kimi rus dilindən istifadə etdiklərinin şahidi olurduqsa, indi xaricdə təhsil alıb qayıdan  gənclərimiz, yeri gəldi-gəlmədi, bir-biriləri ilə yarı-rus, yarı-ingilis, yarı-türk dilində danışırlar. Halbuki, illər uzunu Bakıda yaşayan ruslar, eləcə də, digər xalqların nümayəndələri, paytaxtın ticarət obyektlərində, eləcə də, küçədə hər hansı bir şəxsə öz ana dilində müraciət edir və buna həmin dildə də cavab alır.  Natiq, gənclərimizi öz ana dilimizə hörmətlə yanaşmağa dəvət edib.
Məsələyə münasibət bildirən Türkiyədə ali təhsil alan gənc Elnarə Həsənova qeyd edib ki, bunun müəyyən obyektiv səbəbləri var: “Biz həm oxumağa gedərkən müəyyən müddət adaptasiya mərhələsi keçməli oluruq, həm də təhsilimizi başa vurub Vətənə qayıdarkən eyni prosesi yaşayırıq. Əgər əvvəlcə sözləri ana dilimizdən, təhsil aldığımız ölkənin dilinə çevirməyə alışırıqsa, Vətənə dönəndən sonra, bunun əksi baş verir. Təsəvvür edin ki, 5-6 il bu dillə ünsiyyət qurursan, istər-istəməz həmin kəlmələr, ifadələr gənclərin beyninə həkk olur. Odur ki, geri dönəndən sonra da beynimizdə həmin sözlərin ana dilindəki qarşılığını axtarmağa çalışırıq. Kimisi buna tez nail olur, kimisi isə nail olmur, hər iki dildən də olur və cəmiyyətdə qınaq obyektinə çevrilir”.
Moderator Bəhruz Quliyev də müasirliyin heç də ana dilimizdəki ümumişlək sözlərin unudulması demək olmadığını vurğulayıb.    
Məsələyə münasibət bildirən gənc fəal, İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktrisası Nurbəniz Əliyeva da öz çıxışında gənclərimizin  ana dilinə mükəmməl  yiyələnmələri üçün çoxlu mütaliə etməyin vacibliyini bildirib, bu işdə  teatr tamaşalarına baxmağın faydalı olacağını tövsiyə edib: “Bəzən elə gənc tamaşaçılarla rastlaşırıq ki, hiss edirsən ki, sənin oynadığın rol onun üçün maraqlı deyil. O, sadəcə vaxtını öldürmək üçün bura gəlib. Amma bizim sənətin  də öz incəlikləri var. Tamaşa boyu gözümüzü ondan çəkmirik, sanki tamaşanı onun üçün oynayırıq. Görürük ki, işə yaradı, gənc tamaşaçını ram edə bildik. O da rahat oturub, sonadək tamaşanı izlədi. Bilirsiniz, bu məsələdə  bütün günahları gənclərin üzərinə atmaq da düzgün deyil. Gərək, onları düzgün istiqamətləndirəsən ki,  müasir gənc də doğru yolla  irəliləsin. Hesab edirəm ki, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək lazımdır”.
Ulu öndər Heydər Əliyevin  ana dilimizin qorunmasına  həmişə çox böyük dəyər verdiyini xatırladan moderator Samirə Quliyeva isə gənclərimizə müraciət edərək, onları hansı dildə təhsil almalarından asılı olmayaraq,  öz doğma  dillərinə hörmətlə yanaşmağa səsləyib.    
Maraqlı müzakirələrlə davam edən dəyirmi masada belə qənaətə gəlinib ki, müasirləşən  bugünkü Azərbaycan gəncliyində vətənpərvərlik, ana dilimizə hörmətlə yanaşmaq hissləri kimi yüksək keyfiyyətlərin aşılanması üçün maarifləndirmə işinə ehtiyac duyulur.

Paylaş:
Baxılıb: 876 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30