"Səs" qəzetinin 4000-ci sayı işıq üzü görüb
27.12.2011 [22:09]
Dekabrın 24-də “Səs” qəzetinin 4000-ci sayı işıq üzü görüb. Bir neçə ay öncə 20 illik yubileyini qeyd edən “Səs” qəzeti fəaliyyəti dövründə geniş oxucu marağı cəlb etməyi bacarıb, öz dəsti-xətti ilə seçilən qəzetlərimizdən biri olub. Azərbaycanda yaradılan ilk müstəqil mətbu orqanlardan biri kimi tarixə düşən “Səs” qəzeti xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən də həmişə yüksək qiymətləndirilib, onun fəaliyyəti xüsusi təqdir görüb. Bu qəzet hər zaman öz obyektivliyi, hadisələri düzgün işıqlandırması, tərəfsiz informasiyanın yayılması, qərəzsiz fəaliyyəti, milli maraqlarımıza və dövlətçiliyimizə sədaqəti, jurnalistikanın etik prinsiplərinə və davranış qaydalarına sadiqliyi ilə də rəğbət toplayıb. Mövzu rəngarəngliyi, tariximizə, milli dəyərlərimizə, zəngin ədəbiyyat nümunələrimizə göstərdiyi həssaslıq, tarixi gerçəkliklərin işıqlandırılması istiqamətindəki fəaliyyəti də qəzetin daha çox maraq toplamasına səbəb olub. Eyni zamanda, müstəqil mətbuatımızın inkişafında xüsusi yeri olan “Səs” qəzetinin milli jurnalist məktəbimizin formalaşmasında da xidmətləri danılmazdır. Bir zamanlar bu qəzetin redaksiyasında çalışan bir çox həmkarlarımız bu gün müxtəlif sahələrdə və fərqli ünvanlarda fəaliyyət göstərsələr də, “Səs” qəzetinin “mətbəxində” qazandıqları təcrübə ilə özlərini doğrultmağa davam edirlər. Heç də təsadüfi deyil ki, bu gün ölkəmizin mühüm ictimai-siyasi xadimləri “Səs” qəzetinin fəaliyyətini yüksək qiymətləndirərək, onun haqqında xoş sözlərini ifadə edirlər. Qəzetin 4000-ci sayının işıq üzü görməsini bütövlükdə milli mətbuatımız üçün əlamətdar hadisə hesab edən müsahiblərimiz qəzetə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov: “Səs” qəzeti sözün həqiqi mənasında Azərbaycanın müstəqillik dövrünün, müstəqillik illərinin və bu illərdə baş vermiş hadisələrin bilavasitə şahidi, silahdaşı olub və o dövrün tarixi salnaməsini yaradıb. ümummilli liderimiz Heydər Əliyev “Səs” qəzetinin imkanlarından istifadə edərək Azərbaycan cəmiyyətində milli azadlıq rifahı ideyalarını Azərbaycanın milli dövlət quruculuğu ilə bağlı fikirlərini və Azərbaycan ziyalılarının o dövrdəki istək və arzularını “Səs” qəzetinin səhifələrində görərək, istifadə edərək ona müvafiq qiymət vermişdir. “Səs” qəzeti spesifik qəzetdir. Bunu Azərbaycanda bəziləri qəbul etməyə bilər. çünki ümumiyyətlə, Azərbaycanda düz sözü də hamı xoşlamır. “Səs” qəzeti də həmişə düz söz deyib. Təəssüflər olsun ki, bəzən düz sözü dediyinə görə, bəzi maraqlı dairələr tərəfindən tənqidlərə məruz qalıb. Amma onların necə düşünməsindən asılı olmayaraq, “Səs” Azərbaycan mətbuatının inkişafında müstəsna xidmətlər göstərmiş qəzetdir. Ona görə də, hesab edirəm ki, “Səs” qəzetinin 4000-ci sayının işıq üzü görməsi təkcə, bu qəzetin kollektivi üçün deyil, bütün Azərbaycan mətbuatı üçün əlamətdar bir hadisədir. Mən bir daha bu qəzetin kollektivini təbrik edirəm, onlara yeni - yeni nailiyyətlər arzu edirəm.
Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov: “Səs” qəzetinin yaradılması Azərbaycanda yeni bir mətbuat orqanının yaradılmasından daha çox məna, əhəmiyyət kəsb edən hadisələr sırasındadır. Mən belə hesab edirəm ki, Azərbaycanın müstəqillik məfkurəsinin obyektiv, qərəzsiz işıqlandırılmasında “Səs” qəzetinin əvəzsiz və müstəsna xidmətləri var. Müəyyən mənada Azərbaycanın müstəqil dövlətçilik ideyasının “Səs” qəzetində işıqlandırılması ölkə vətəndaşlarında, bütövlükdə, bir yandan müstəqillik ideyasının kök salmasına, digər bir tərəfdən isə Azərbaycan vətəndaşlarında müstəqillik ideyası əsasında başa düşülən vətənpərvərlik hisslərinin formalaşmasına xidmət edir. “Səs” qəzetinin Azərbaycanın mətbuat tarixində özünəməxsus yeri və əzəmətli xidmətlərindən biri Heydər Əliyev şəxsiyyətinin və ideyalarının Azərbaycan vətəndaşları arasında geniş şəkildə yayılması ilə bilavasitə əlaqədardır. Belə hesab edirəm ki, Azərbaycanda Ulu öndər Heydər Əliyev ideyası tərəfdarlarının sıralarının genişləndirilməsində “Səs” qəzetinin rolu olub. Beləliklə də, “Səs” qəzeti Azərbaycanın müasir mətbuat tarixinə müstəqillik ideyalarının, Heydər Əliyev ideyalarının geniş şəkildə təşkil olunması yolunda fəaliyyət göstərən mətbuat orqanıdır. Bu məqam o zaman “Səs” qəzetinin auditoriyasının formalaşmasına da təsir etmişdir. 1990-cı ilin əvvəllərində “Səs” qəzeti Azərbaycanda ən çox oxunan qəzetlərdən biri idi. Bunun səbəbləri də tamamilə aydındır. Azərbaycanın müstəqil dövlətçilik ideyaları “Səs” qəzetində təbliğ edilir və insanların qəlbində bu ideyaların kök salması istiqamətində çox ciddi işlər aparılırdı. Bütün bunlar “Səs” qəzetinin müasir Azərbaycan mətbuat tarixində yerini müəyyənləşdirmişdir. “Səs” qəzeti bu gün də Ulu öndər Heydər Əliyev ideyalarının təbliğ edilməsində cənab Prezidentin həyata keçirdiyi əsas siyasətin təbliğ edilməsində əhəmiyyətli dərəcədə rol oynayır.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov: Ulu öndər Heydər Əliyev bütün qurultaylarda, partiyanın yubileylərində, İdarə Heyətinin yığıncaqlarında ən azı 4-5 dəfə “Səs” qəzetinin adını çəkirdi və onun fəaliyyətinə qiymət verirdi. “Səs” vaxtilə, müstəqilliyimizin ilk illərində yeganə qəzet idi ki, təkbaşına mübarizə aparırdı. ümummilli liderimiz Heydər Əliyevə, millətimizə, dövlətçiliyimizə qarşı yazılan yazılara ən kəskin cavab verən “Səs” qəzeti idi. ölkədə gedən sosial-iqtisadi inkişaf, həyata keçirilən quruculuq işləri, Prezidentin apardığı daxili və xarici siyasət, seçki prosesi ilə bağlı, həmçinin, YAP-ın şəhər və rayon təşkilatlarında aparılan işlər haqqında “Səs” qəzeti geniş məlumatlar verib. Bu gün “Səs” qəzeti regional siyasətdə, dövlətçiliyin müdafiə olunmasında, sosial-iqtisadi siyasətdə öndə gedir və bütün bu məlumatları ictimaiyyətə çatdırır. Mən bu əlamətdar gündə qəzetin kollektivini bir daha təbrik edirəm. Bütün kollektivə bir daha uğurlar arzulayıram, tutduqları bu düzgün mövqedə, yolda daima inkişaf etsinlər və Azərbaycanın qorunmasında, Prezident siyasətinin müdafiəsində, necə ki, bu işləri başlamışdılar, elə də davam etdirsinlər.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı: Azərbaycanın ictimai-siyasi həyatında, o cümlədən, demokratik mətbuat tarixində “Səs” qəzetinin özünəməxsus yeri və rolu vardır. Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması ərəfəsində ölkəmizdə çox ciddi siyasi proseslər gedirdi. Həmin vaxt ictimai-siyasi həyatımızda azad mətbuata böyük ehtiyac duyulurdu. ölkədə gedən prosesləri xalqa çatdırmaq ehtiyacı yaranmışdı. Belə bir vaxtda “Səs” qəzeti nəşr olunmağa başladı. “Səs” qəzetinin fəaliyyətə başladığı dövr olduqca mürəkkəb bir dövr idi. “Səs” qəzetinin yaradılmasına dəstək verən insanların bu qəzetin mətbu orqanlar arasında özünəməxsus yer tutmasında böyük əməyi olmuşdur. Müstəqilliyimizin ilk illərində “Səs” qəzeti Azərbaycan milli azadlıq hərəkatının ruporuna çevrilmiş qəzetlərdən biri idi. Azərbaycan mediasında özünə yer tutan “Səs” qəzeti ölkəmizdə başlanmış olan milli azadlıq hərəkatının meydanlarından biri idi. “Səs” qəzeti bu gün də Azərbaycan mətbuatında öz dəsti - xətti olan, dövlətçiliyimizin inkişafında mühüm xidmətlər göstərən qəzet kimi fəaliyyətini davam etdirir və qəzetin 4000-ci sayının işıq üzü görməsi münasibətilə mən də qəzetin kollektivini səmimi qəlbdən təbrik edirəm.
“Səs” qəzetinin keçmiş əməkdaşı, “Kaspi” Təhsil mərkəzinin direktoru Sona Vəliyeva: Azərbaycan demokratik mətbuatında “Səs” qəzetinin özünəməxsus yeri var. “Səs” qəzetinin fəaliyyəti haqqında danışarkən, birinci növbədə, onun yarandığı tarixi şəraitə nəzər salmaq lazımdır. Bu, elə bir şərait idi ki, “Səs” qəzetinin yaranması üçün zərurət ordan başlayırdı ki, həmin vaxt demokratik mətbu orqan çox deyildi. Birinci növbədə, mən “Səs” qəzetini çağdaş mətbuatın klassik qəzeti kimi səciyyələndirərdim. özündə demokratik ənənələri yaradan və yaşadan mətbuat orqanı kimi “Səs” qəzeti döyüşən qəzet titulunu almışdı.
1991-ci ilin yanvar ayına qədər Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı tarixin müəyyən keşməkeşli hadisələrindən keçib gəlmişdi. 1990-cı ilin yanvarın 20-də xalqımız yüzlərlə şəhid vermişdi. Bundan başqa xalqımız milli azadlıq hərəkatını yaratmışdı və minlərlə vətənpərvər vətəndaşlarımız bu mübarizəyə qoşulmuşdular. İstər Ayaz Mütəllibovun, istərsə də hakimiyyətə qeyri-qanuni gəlmiş Xalq Cəbhəsinin dövründə heç bir demokratik qəzet yox idi, cəmiyyətdə özbaşınalıq hökm sürürdü, cəmiyyətdə baş verən hadisələrə güzgü çıxacaq bir orqan yox idi. Yeni bir mətbuatın yaranmasına ehtiyac var idi. “Səs” bütün bunları görə-görə, cəmiyyətdə baş verən hadisələrə öz münasibətini süzgəcdən keçirə-keçirə gəlmişdi. 1991-ci il yanvar ayının 11-də “Səs” qəzetinin ilk nömrəsi işıq üzü gördü. İlk səhifəsindən başlayaraq cəmiyyətdə baş verən hadisələrə düzgün mövqedən yanaşaraq, bu hadisələrə işıqlı güzgü tutdu. Bunu görmək istəməyənlər “Səs” qəzetinə hücumlar etdilər. Bunların hamısı mənim yadımdadır. O vaxt “Səs”in üstünə Xalq Cəbhəsinin göndərdiyi “qoçu”lar da mənim yadımdadır.
“Səs” qəzeti cəmiyyətdə baş verən hadisələri düzgün işıqlandırmaqla bərabər, həm də özünün gələcək istiqamətini də müəyyənləşdirmişdi. “Səs” qəzeti həmişə Yeni Azərbaycan Partiyasının və Ulu öndərimizin təbliğatçısı olmuşdur. “Səs” bu missiyanı şərəflə yerinə yetirmişdir. 1993-cü ilə qədər “Səs” qəzeti şəhərlərdə, rayonlarda baş verən hadisələri düzgün qiymətləndirib cəmiyyətə çatdırırdı. Yaş senzi ilə bağlı o vaxt Yeni Azərbaycan Partiyasının funksionerləri tutarlı dəlillərlə məqalələrdə “Səs” qəzetində yazırdılar ki, siz Ulu öndər Heydər Əliyevdən qorxduğunuz üçün, onun qarşısında durmağa cəsarətiniz çatmadığı üçün yaş senzi məsələsini ortaya atmısınız. “Səs” çağdaş mətbuatın düzgün, qərəzsiz və obyektiv klassik qəzetidir. Cəmiyyətdəki proseslərə düzgün münasibət, aydın şərh, hərtərəfli mövqe sərgiləmək “Səs” qəzetinin əsas vəzifəsi olubdur və bu gün də belədir. Dövlətə, dövlətçiliyə sadiqlik, qorxmadan cəsarətli fikirlər yürütmək “Səs”in xarakterik xüsusiyyətlərindəndir.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov: “Səs” qəzetinin Azərbaycan mətbuatında özünəməxsus yeri və rolu var. çox yaxşı xatırlayıram ki, 1990-cı illərin əvvəlində ümummilli lider Heydər Əliyev Naxçıvanda yaşayan zaman yeganə “Səs” qəzeti idi ki, Ulu öndərin fikirlərini geniş şəkildə yayırdı. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaradılmasında da “Səs” qəzetinin xüsusi bir rolu var. O vaxtlar YAP-ı yaradan insanlar kimi müxalifətdə olarkən fikirlərimizi bu qəzet vasitəsilə bütün xalqa yayırdıq.
Ona görə də, “Səs” qəzetinin 4000-ci sayının çapdan çıxması mənim üçün çox əlamətdar hadisədir. Arzu edirəm ki, bu qəzet 40 000-ci, 400 000-ci saylarını da böyük uğurlarla nəşr etsin. Bu qəzetə halaldır. Hesab edirəm ki, bugünkü iqtidarın hakimiyyətə gəlməsində və hazırda dövlət siyasətinin təbliğ edilməsində bu qəzetin böyük rolu var. Mən YAP-ın yaradılmasında iştirak edən insan kimi bu qəzetə öz minnətdarlığımı bildirirəm və arzu edirəm ki, “Səs” qəzeti gələcəkdə də belə yubiley saylarını böyük nailiyyətlərlə qeyd etsin. Qəzetin yaradıcı heyətini 4000-ci sayın nəşr olunması münasibətilə təbrik edirəm və gələcək fəliyyətlərində uğurlar arzulayıram.
YAP Siyasi Şurasının üzvü, “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov: 1990-cı ilin payız aylarında Azərbaycanda “Əlincə” Xeyriyyə Cəmiyyəti yaradıldı. “Əlincə” Cəmiyyətinin yaradılmasında əsas məqsəd ondan ibarət idi ki, Naxçıvana və sərhədyanı rayonlara yardım olunsun. Həmin dövrdə Azərbaycanda vəziyyət çox ağır idi. Erməni azğınları öz hərəkətlərini davam etdirirdilər və Moskvapərəst qüvvələrin, xüsusən, Mixail Qorbaçovun dəstəyi ilə Azərbaycana çox zəif şəxslər rəhbərlik edirdilər. Bu ağır vəziyyətdə Azərbaycanda “Əlincə” Xeyriyyə Cəmiyyəti və onun orqanı olan “Səs” qəzeti yaradılmışdı. “Səs” qəzeti, demək olar ki, Azərbaycan xalqının ruporlarından birinə çevrilmişdi.“Səs” qəzeti yarandığı gündən Ulu öndər Heydər Əliyevin fəaliyyətini, ideyalarını işıqlandırmışdır. Ulu öndər Heydər Əliyev Naxçıvanda təcrid olunmuş vəziyyətdə idi. Onun fəaliyyətini işıqlandırmaq lazım idi. Bu məsuliyyəti də “Səs” qəzeti öz üzərinə götürmüşdü.
1992-ci ilin yay aylarından Yeni Azərbaycan Partiyasının yaranması fəaliyyətinə başladıq. Məhz “Səs” qəzetində “91-lər”in müraciəti dərc olunmuşdu. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyası yarandığı gündən, faktiki olaraq, “Səs” qəzeti YAP-ın əsas ruporuna çevrilmişdi. Həm partiyanın ümumi fəaliyyəti, həm də rəhbərliyin fəaliyyəti işıqlandırılırdı və Azərbaycan cəmiyyətinə çatdırılırdı. Mən də fəxr edirəm ki, “Səs” qəzetinin 13 ilini mən qəzetə rəhbərlik etmişəm. Bu, mənim üçün böyük şərəfdir, həyatımda ən şanslı illərdir. “Səs” qəzetinin manşetində Ulu öndərin şəkli əks olunubdur və Onun sözləri qeyd olunubdur ki, “Səs” qəzeti mənim üçün ən əziz qəzetdir. Bu, Ulu öndərimizin verdiyi qiymətdir.
Bilirsiniz ki, “Səs” qəzeti fəaliyyətə başlayanda YAP müxalifətdə olan partiya, “Səs” isə müxalifətdə olan mətbu orqan idi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra “Səs” qəzeti daha təkmil və geniş formada fəaliyyətini quraraq, Dahi öndərin ideya və siyasi təcrübəsinin, gördüyü işləri faktlarla cəmiyyətə, oxuculara çatdırdı. Birmənalı şəkildə deyə bilərəm ki, “Səs” qəzeti bu gün də öz ənənəsinə sadiqdir. Bu gün də Ulu öndər Heydər Əliyevin ideyalarını təbliğ edir, ölkə Prezidenti İlham Əliyevin apardığı siyasəti insanlara çatdırır.
“Səs” qəzetinin öz dəsti-xətti, öz ənənəsi olub və bu gün də mövqeyini qoruyub saxlayır. Deyərdim ki, mövqe bu qəzetdə heç vaxt dəyişməyəcək. Ona görə ki, bu, artıq qəzetin kollektivinin qanına hopub və belə də davam edəcək.
Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev: 1991-ci ildə “Səs” qəzeti öz imzasını cəmiyyətə təqdim etdi. Bu vaxt Azərbaycanda çox az sayda olsa da, mətbu orqanlar fəaliyyət göstərirdi. Bu mətbu orqanlar adlarını müstəqil qoysalar da, onlar dövrün ictimai-siyasi hadisələrinə uyğun olaraq müxtəlif klanlara, müxtəlif ictimai-siyasi maraqlara xidmət edirdilər. Yəni, həmin dövrdə nəşr olunan az sayda qəzetlərin heç biri nə dövlət, nə də xalq maraqlarına xidmət etmirdilər. Məhz belə bir dövrdə “Səs” qəzeti yarandı. “Səs” qəzeti yaranması ilə Azərbaycan mətbuatına canlanma, yenilik gətirdi. “Səs” qəzeti həmin dövrdə müstəqil qəzet kimi fəaliyyətə başladı.
“Səs” qəzeti Ulu öndər Heydər Əliyevi Azərbaycanda siyasi hakimiyyətə qaytarmaq və bununla da ölkəni “ölüm, ya olum” vəziyyətindən çıxarmaq istəyən ziyalıların tribunasına çevrilmişdi. Yəni, Azərbaycanın gələcəyini düşünən, dövləti bu uçurumdan, bataqlıqdan çıxarmaq istəyən hər bir ziyalı öz sözünü yalnız “Səs” qəzeti vasitəsilə deyə bilirdi. Ona görə də, “Səs” qəzeti cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanların tribunasına çevrilmişdi. Yəni, bu insanlar cəmiyyətə, xalqa, eyni zamanda, digər siyasi qüvvələrə də, Azərbaycanı parçalamaq niyyətində olan müxtəlif siyasi təşkilatlara da öz mesajlarını yalnız “Səs” qəzeti vasitəsilə deyirdilər.
“Səs” qəzeti bu gün də başladığı işi şərəflə, ləyaqətlə yerinə yetirir. Məhz bunun nəticəsidir ki, artıq 4000-ci sayı işıq üzü görən “Səs” qəzetinin Azərbaycan mətbuatında öz dəst-xətti var. Mənim də jurnalist fəaliyyətim “Səs” qəzeti ilə başlayıb. Bu gün də “Səs” qəzetinin qazandığı hər bir uğuru mən öz uğurum hesab edirəm, bu qəzetin üzləşdiyi hər hansı problemi öz problemim bilirəm. “Səs” qəzeti Yeni Azərbaycan Partiyasının hər bir üzvünün qəzetidir. Mən bu qəzetə uğurlar, nailiyyətlər arzu edirəm. Gün o gün olsun ki, bu qəzetin daha geniş yubileylərini birlikdə qeyd edək. Belə hesab edirəm ki, nə qədər ki, Azərbaycan var bu qəzet də yaşayacaq, öz ideyalarını yayacaq.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu: “Səs” qəzeti müstəqil Azərbaycan mətbuatının inkişafı tarixində özünəməxsus rolu olan mətbu orqanlardandır. “Səs” hər zaman öz xüsusi mövqeyi, işi və dəst-xəttilə fərqlənmiş qəzetlərdən biridir.
Mətbuatımızın inkişafında xüsusi yeri olmaqla yanaşı, “Səs” qəzeti ölkəmizdə baş verən mürəkkəb kataklizmlər dövründə ictimai rəyin düzgün əsaslarda formalaşmasına, Azərbaycan xalqının, dövlətçiliyinin maraqlarına və Ulu öndər Heydər Əliyevin ideyalarının pərvəriş tapmasına xidmət edən bir mövqe tutmuşdur. Mətbuatımızın ən çətin vaxtlarında, demək olar ki, gündəlik mətbuatın olmadığı bir zamanda Azərbaycanın geniş oxucu kütləsinin çox maraqla, həvəslə növbəti nömrəsinin nəşrini gözlədiyi qəzetlərdən biri də məhz “Səs” qəzeti olmuşdur. “Səs” qəzeti Azərbaycanda siyasi mədəniyyətin formalaşmasında, ictimai münasibətlərdə obyektivliyin və şəffaflığın ortaya qoyulmasında xüsusi xidməti olan bir qəzetdir. Bu qəzet heç zaman təkcə cəmiyyəti obyektiv, qərəzsiz informasiya ilə təmin etməklə öz funksiyasını bitmiş hesab etməyib. O, eyni zamanda, konkret mövqe ortaya qoymaqla, cəmiyyətin siyasi təfəkkürünün düzgün əsaslarda formalaşmasına təsir göstərmiş qəzetlərdəndir.
“Səs” qəzeti, eyni zamanda, çox sayda jurnalistlərin Azərbaycan mətbuatına vəsiqə qazanmasına xidmət etmişdir. Bu mənada, “Səs” qəzetinin 4000-ci sayının işıq üzü görməsi məni çox sevindirir. Ona görə də, çox şadam ki, bir jurnalist kimi püxtələşdiyim dövrün böyük bir hissəsi, məhz mənə doğma olan “Səs” qəzetilə bağlıdır. Hesab edirəm ki, “Səs” qəzetinin 4000-ci sayının işıq üzü görməsi bütün Azərbaycan mətbuatı ictimaiyyətinin və ilk növbədə, mənim və rəhbərlik etdiyim kollektivin də bayramıdır. Bu münasibətlə, “Səs” qəzetinin Baş redaktoru, hörmətli ziyalımız Bəhruz Quliyevi, eyni zamanda, qəzetin kollektivini təbrik edirəm və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıram. Eyni zamanda, Azərbaycan mətbuatının inkişafında xüsusi xidmətləri olan, öz mənəvi dəstəyini “Səs” qəzetindən əsirgəməyən, bu qəzetin birinci Baş redaktoru olmuş hörmətli Ağabəy Əsgərovu da təbrik edirəm.
Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev: Bildiyimiz kimi, “Səs” qəzeti ölkəmizdə gedən ağır, mürəkkəb ictimai-siyasi proseslər fonunda ilk nömrəsini nəşr etdirdi. 1990-cı ilin noyabrında “Əlincə” Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçən qəzet 1991-ci il yanvarın 11-də dərc olunmağa başladı. Ulu öndər hakimiyyətə gəldikdən sonra bütün kütləvi informasiya vasitələri kimi “Səs” qəzeti də öz fəaliyyətini normal şəkildə davam etdirir və həm Ulu öndərin, həm də YAP-ın fəaliyyəti haqda cəmiyyəti məlumatlandırmaq missiyasını davam etdirdi. Məhz buna görə Ulu öndər Heydər Əliyev YAP-ın 10 illik yubileyindəki çıxışında “Səs”i Azərbaycanın tarixinə düşmüş bir qəzet kimi xarakterizə etmiş və demişdi: “Səs” qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm”.
Ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hamınıza məlumdur ki, Prezident İlham Əliyev bu gün mətbuatın inkişafı üçün lazımi addımlar atır, tapşırıqlar və sərəncamlar verir. Qeyd etmək istərdim ki, “Səs” bu gün də YAP-ın siyasi kursuna, daşıdığı dəyərlərə sadiqdir və daim bu amal uğrunda çalışır. çalışırıq ki, həmişə obyektiv, peşəkar və dövrün tələblərinə uyğun fəaliyyət göstərək. Hazırda qəzet gündəlik 5 min tirajla nəşr olunur, redaksiya heyəti 40 nəfərə yaxındır. ölkənin bir sıra bölgələrində müxbir postlarımız var. Qəzetin internet saytı (ses-news.az) fəaliyyət göstərir və xarici ölkələrdə yaşayan azərbaycanlıların qəzeti oxuması imkanı var. Dövrün tələblərinə uyğun olaraq, “Səs” qəzeti də daim yenilənir, müasir texnologiyalara yiyələnir. 2 ildən çoxdur ki, qəzetin bazası əsasında yaradılmış “Səs” İnformasiya Agentliyi fəaliyyət göstərir və qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütamadi izlədikləri bir internet resurs çevrilib. Bu günlər isə “SİA” ilə Misirin “Əl Cümhuriyyə” qəzeti arasında qarşılıqlı əməkdaşlıq haqqında razılaşma imzalamışıq. Eyni zamanda, “Səs” internet televiziyası (SESTV.az) fəaliyyət göstərir. Şübhəmiz yoxdur ki, “Səs”in kollektivi bundan sonra da yeni informasiya texnologiyalarını mənimsəmək sahəsində qarşıya çıxan həlli vacib çoxsaylı vəzifələrin də öhdəsindən bacarıqla gələcək.
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 11:49
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50

