Mətbuat Şurası "Kaspi" qəzetinin 130 illik yubileyi ilə bağlı elmi-praktik konfrans keçirib
28.12.2011 [16:44]
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Kaspi” qəzetinin 130 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Tədbiri açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan cəmiyyətində ictimai fikrin formalaşmasında mətbuat böyük vasitə olub, bəşəri dəyərlərə xidmət edən funksiya və fəaliyyət müxtəlifliyi baxımından müstəsna rol oynayıb. Xalqın milli şüurunun oyanışında prinsipial mövqe tutan mətbu orqanlarımız XIX əsrin sonu-XX əsrin əvvəllərindən başlayaraq milli müstəqilliyimizə aparan yolda başlıca istiqamətverici missiya daşıyıblar: “Həsən bəy Zərdabinin “Əkinçi”si ilə götürülən ideoloji kurs sonralar “Ziya”, “Kəşkül”, “Şərqi- Rus”, “Molla Nəsrəddin” və digər bu kimi örnəklərlə layiqli davamını tapıb. ümumilikdə, XX əsr tariximizdə dərin iz buraxmış mətbu nümunələrin meydana çıxdığı zamanda milli şüurda azərbaycançılıq ideyasını daşıyan, bu məfkurəni özünəməxsus şəkildə cəmiyyətə çatdıran qəzetlərdən biri də 1881-ci ildə nəşrə başlamış “Kaspi” idi. 1897-ci ildə “Kaspi” neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən alındı və bundan sonra o, dövrün böyük ziyalılarının qəzet ətrafında sıx birləşməsini təmin etdi. Həmin vaxtdan keçən müddət ərzində nəşrin populyarlıq dərəcəsi o qədər artdı ki, artıq Azərbaycanın hüdudlarından kənarda da onun daimi oxucuları yarandı”.
“Kaspi” qəzetinin hazırkı dövrdə də tarixi ənənələrə sadiqlik ruhunda fəaliyyət göstərdiyini deyən Ə.Amaşov keçirilən toplantını qəzetlə birgə formalaşmış və inkişaf etmiş azərbaycançılıq məfkurəsinin elmi təhlilinə verilən qiymətin növbəti nümunəsi kimi dəyərləndirib.
“Kaspi” qəzetinin rəhbəri, filologiya elmləri namizədi, jurnalist-alim Sona Vəliyeva çıxışında bildirib ki, yubilyar nəşrin 130 illiyinə ən böyük töhfə jurnalistlər və mətbuat tarixi tədqiqatçıları arasındakı keçirilmiş müsabiqə və həmin müsabiqəyə təqdim olunmuş yazıların yer aldığı “üç əsrin qəzeti” kitabının təqdimatıdır: “Hesab etdik ki, qarşımızda duran əsas məsələ “Kaspi” qəzetini elmi cəhətdən təhlil etməkdir. çünki qəzet özlüyündə bir düşüncə məktəbi idi. Onun düşüncə sahibləri Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynamış şəxslərdir. Bu şəxslər özlərinin ictimai-siyasi baxışları, dünyagörüşləri və təfəkkürləri ilə tarixin gedişatına təsir göstərən insanlar olublar. Müsabiqəyə təqdim edilən tədqiqat işləri onlara aid bir sıra yeni tarixi faktları ortaya qoydu ki, bu da işimizin səmərəliliyi baxımından mühüm məqamdır”.
S.Vəliyeva çıxışında, eyni zamanda, diqqəti 1881-1919-cu illərdə fəaliyyət göstərmiş “Kaspi” qəzetinin 1897-ci ildə görkəmli Azərbaycan milyonçusu H.Z.Tağıyev tərəfindən himayəyə götürülməsinə yönəldib. Böyük xeyriyyəçinin qəzetlə birgə eyni adlı mətbəəni də aldığını bildirən S.Vəliyeva bununla da nəşrin kənar təsirlərdən, anti-milli qüvvələrin tribunasına çevrilmək təhlükəsindən qorunduğunu vurğulayıb.
Sona Vəliyeva 1898-1903-cü illərdə “Kaspi”də ədəbi təndiq rubrikasına rəhbərlik edən dövrün görkəmli ictimai xadimi Əhməd bəy Ağaoğlunun daha çox xalqı düşündürən, millətin taleyi baxımından önəm daşıyan məsələlərə geniş yer ayırdığını deyib və bildirib ki, belə dəst-xətt mahiyyətcə çar Rusiyası dönəmində mövcud olmuş senzura mühitinin yumşalmasına gətirmiş, yaradıcılıq xüsusiyyətlərinin dərinləşməsini təmin etmişdir: “O dövrün “Kaspi”si düşüncələrin birliyindən süzülüb gəlmiş və özü ilə birgə ziyalı nəsli də formalaşdırmışdı ki, sonda bu nəslin daşıdığı məfkurə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasında və fəaliyyətində özünü bariz şəkildə göstərmişdi. Bu baxımdan, orada faəliyyət göstərmiş Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Məmmədağa Şahtaxtlının, Firudin bəy Köçərlinin, Ceyhun və üzeyir Hacıbəyli qardaşlarının, Sultan Məcid Qənizadənin, Nəcəf bəy Vəzirovun tarixi missiyaları xüsusi vurğulanmalıdır. Hesab edirəm ki, bizim bu gün təqdimatına toplaşdığımız “üç əsrin qəzeti” kitabındakı materiallar gələcəkdə “Kaspi” ilə bağlı daha fundamental baxışların ortaya qoyulmasına təkan verəcək”.
“Kaspi” qəzetinin ilk tədqiqatçısı, filologiya elmləri namizədi, Nizami adına Ədəbiyyat Muzeyinin baş elmi işçisi Samayə Mövlayeva bildirib ki, “Kaspi” qəzeti uzun müddət burjua orqanı kimi təqdim edilib və bu cəhət onun öyrənilməsində, tədqiqində problemlər yaradıb. S.Mövlayeva çıxışında, həmçinin, 1906-1918-ci illərdə Qafqaz Senzura Komitəsində şərq dilləri üzrə senzor vəzifəsini tutmuş Mirzə Şərif Mirzəyevin türklərin buraxdıqları nəşrlərə qarşı ayrıseçkiliyin mövcudluğu ilə əlaqədar fikirlərini diqqətə çatdırıb. O bildirib ki, Qafqaz Senzura Komitəsi heç bir tutarlı əsas olmadan təxribat xarakterli bəhanələrlə türklərin nəşrlərinin çıxmasına maneəçilik törətmək niyyəti güdüb. Bu baxımdan, “Kaspi” qəzetinə də mənfi münasibət bəslənilib. Onun da fəaliyyətinə bu və ya digər dərəcədə məhdudiyyət yaratmaq cəhdləri olub.
Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin kafedra müdiri, professor Cahangir Məmmədli “üç əsrin qəzeti” kitabının xüsusiyyətləri barədə geniş məlumat verərək bildirib ki, nəşrdə “Kaspi”nin XIX əsrin sonu-XX əsrin əvvəllərində azərbaycançılıq ideyasının təşəkkülündəki oynadığı müstəsna rola aydınlıq gətirən kifayət qədər elmi, publisistik materiallar cəmləşib.
Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin kafedra müdiri, professor Şamil Vəliyev isə çıxışında bildirib ki, “Kaspi” qəzeti XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanın milli həyatının ensiklopedik ideyasıdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycanın ikinci dəfə müstəqilliyinə qovuşmasından sonra 1999-cu ildən fəaliyyətə başlamış “Kaspi” qəzetinin ötən müddətdə tarixi sələfinin oynadığı rola sadiqliyi ilə seçildiyini diqqətə çatdırıb. İcraçı direktor nəşrin həyata keçirdiyi tədbirlərin örnək səciyyə daşıyan xüsusiyyətlərindən bəhs edərək onun gələcəkdə daha böyük uğurlara imza atacağına əminliyini bildirib.
Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru, müsabiqənin ekspert komissiyasının sədri Alxan Bayramoğlu “Kaspi” qəzetinin bu ilin aprelindən avqustunadək jurnalistlər və mətbuat tarixi araşdırmaçıları arasında keçirdiyi müsabiqə və onun nəticələri barədə məlumat verib. O, müsabiqəyə təqdim edilən materialların hər birinin dəyərli olduğunu və buna görə də mükafatlandırılmasına qərar verildiyini deyib. A.Bayramoğlu, eyni zamanda vurğulayıb ki, onlardan 12-i üstünlük xüsusiyyətləri nəzərə alınaraq 300 manat məbləğində pulla qiymətləndirilib.
“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli yubilyar nəşrin tarixi missiyasına və hazırkı fəaliyyətinə yüksək qiymət verdiyinə görə konfrans iştirakçılarına təşəkkürünü bildirib. Qəzeti 1918-ci il mart qırğınlarının öyrənilməsində tarixi mənbə kimi xarakterizə edən baş redaktor “Kaspi”nin birbaşa “Əkinçi”dən sonrakı Həsən bəy Zərdabi ənənələrinin davamlılığı baxımından da müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, H.Z.Tağıyev qəzeti öz himayəsinə götürdükdən sonra ilk mühüm addımı Həsən bəy Zərdabinin nəşrin işinə cəlb edilməsi olub. N.Məmmədli vaxtilə hazırkı Sabir adına parkda “Kaspi” qəzeti mətbəəsinin fəaliyyət göstərdiyini deyərək həmin yerdə bu barədə məlumatın əks olunduğu xatirə lövhəsinin hazırlanmasını təklif edib.
Tədbirin sonunda “Kaspi” qəzetinin 130 illik yubileyi ilə bağlı keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb.
Qeyd edək ki, mükafatlandırılanlar sırasında qəzetimizin əməkdaşı da var.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47

