Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclis Fransa Senatına müraciət qəbul edib

Milli Məclis Fransa Senatına müraciət qəbul edib

31.12.2011 [00:12]

Azərbaycan parlamentinin payız sessiyası öz işini başa vurub
Dünən Milli Məclisin payız sessiyasının son iclası keçirilib. öncə spiker Oqtay Əsədov öz və deputatlar adından Prezident İlham Əliyevi qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. İclasda çıxış edən millət vəkilləri qarşıdan gələn bayramlar münasibətilə həmkarlarını təbrik ediblər.
İclasda, həmçinin, deputatlar müxtəlif məsələlər haqqında da fikirlərini bildiriblər. YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı uydurma “erməni soyqırımı”nı inkar edənlərə qarşı məsuliyyət müəyyən edən qanun layihəsinə etiraz əlaməti olaraq Milli Məclis tərəfindən Fransa Senatına müraciətin qəbul olunmasını təklif edib. O qeyd edib ki, bu məsələ Senatda müzakirəyə çıxarılana qədər sənədə qarşı etirazlar davam etməlidir.
Milli Məclisin sədri Oqtay Əsədov da öz növbəsində bu müraciətin qəbul olunmasının vacibliyini qeyd edib: “Milli Məclis belə bir müraciət qəbul etməlidir. Fransa Senatında Türkiyə və Azərbaycanı dəstəkləyən kifayət qədər senator var, amma bu müraciət qəbul olunsa, yaxşı olar. Bir məsələni də qeyd edim ki, layihəyə səs vermələrinə baxmayaraq, parlamentdəki senatorların çoxu xəritədə Ermənistanın harada yerləşdiyini belə bilmir”.
Spiker deyib ki, TürkPA da Fransa Senatına müraciət qəbul etməlidir: “Hazırda TürkPA-ya Qazaxıstan sədrlik edir. Biz bununla bağlı Qazaxıstana müraciət etməliyik. Təəssüf ki, bəzi qəzetlər yazırdı ki, Azərbaycan bu məsələdə Türkiyəni dəstəkləmir. Lakin bunlar çox yersiz, savadsız yazılar idi. Azərbaycan türkdilli ölkələr arasında yeganə dövlətdir ki, ilk gündən ən müxtəlif səviyyələrdə, o cümlədən, Xarici İşlər Nazirliyi, Prezident Administrasiyasının şöbə müdiri səviyyəsində ölkəmizin mövqeyi açıqlanıb. Hətta dekabrın 24-də Türkiyə baş naziri Azərbaycan Prezidentini təbrik etmək üçün zəng vuranda dövlət başçısı İlham Əliyev Azərbaycanın Türkiyənin yanında olduğunu bir daha vurğulayıb”.
İclasda müraciəti hazırlamaq üçün YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının rəhbərliyi ilə komissiya təşkil olunub. İclasda çıxış edən vitse-spiker Bahar Muradova Fransa Senatına müraciət hazırlayan komissiyanın yaradılmasının əhəmiyyətini vurğulayıb. O daha sonra bildirib ki, TürkPA Fransanın qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi qərara münasibət bildirməlidir. Eyni zamanda, vitse-spiker qeyd edib ki, bu, yalnız TürkPA-nın məsələsi deyil. Eləcə də, bütün beynəlxalq təşkilatlar sözügedən məsələyə münasibət bildirməlidir: “ATƏT, Avropa Parlamenti, Avropa Şurası kimi təşkilatlar insan hüquqları pozulanda məsələ qaldırırlar. Bu onların vəzifəsidir. Amma indi Avropa dəyərləri pozulub, anormal sənəd qəbul olunub. Buna qarşı da səs qaldırmaq, etiraz etmək lazımdır. Mən öz adımdan təmsil olunduğum ATƏT Parlament Assambleyasında bu məsələni qaldıracam. Digər beynəlxalq təşkilatlarda iştirak edən həmkarlarımdan da xahiş edirəm ki, bu məsələni mütləq gündəmə gətirsinlər”.
B.Muradova daha sonra “siyasi məhbuslar” məsələsinə toxunaraq qeyd edib ki, ölkə Prezident humanistlik edərək insanları əfv edir. O eyni zamanda çıxışında dialoq məsələsinə toxunaraq bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman dialoqa hazır olub: “Biz dialoqdan heç zaman qaçmamışıq, müzakirəyə hazırıq”.
Vitse-spiker çıxışının sonunda qeyd edib ki, yeni inkişaf proqramı hazırlanır. Bu proqram 2012-ci ildən 2021-ci ilə kimi Azərbaycana baxış məsələsini özündə əks etdirir: “Hesab edirəm ki, artıq bu məsələdə Azərbaycandakı hər bir siyasi təşkilat öz töhfəsini verməlidir”.
Millət vəkili Qənirə Paşayeva da Fransa Senatına müraciətin qəbul edilməsinin vacib olduğunu deyib. O qeyd edib ki, məlum sənədin qəbul olunmasından sonra Azərbaycan vətəndaşları Minsk qrupunun həmsədri kimi Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində obyektiv mövqe tutacağına inanmırlar.
Daha sonra Fransa Senatına müraciətin mətnini Azərbaycan - Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Sahibə Qafarova səsləndirib. Müraciətdə deyilir ki, Azərbaycan Fransa parlamentinin qərarından son dərəcə narahatdır: “Biz sizi tam aydın olmayan uzaq tarixi hadisələrə ehtiyatla yanaşmağa çağırırıq. Şübhə yoxdur ki, qəbul ediləcəyi təqdirdə bu qanun demokratik quruluşun təməli olan insan hüquq və azadlıqları sırasında əsas yer tutan söz və fikir azadlıqlarına ziddir. Lap yaxın keçmişdə, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin yüzlərlə dinc sakini yalnız azərbaycanlı olduğuna görə Ermənistan Silahlı Qüvvələri tərəfindən vəhşicəsinə öldürülüb. Bütün bunlar nəzərə alınarsa, tarixi hadisələrə birtərəfli mövqe ilə qiymət vermək cəhdləri tarixi həqiqətlərə hörmətsizliklərə gətirib çıxara bilər”.
Müraciətdə o da vurğulanır ki, belə bir qanunun qəbulu Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın obyektivliyini şübhə altına alacaq.
Milli Məclis “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna dəyişikliklər edib
Milli Məclisin iclasında, həmçinin, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna dəyişikliklər layihəsi və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Qanunun ləğv edilməsi barədə qanun layihəsi müzakirə olunub. Bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Ə.Hüseynli bildirib ki, təklif edilən dəyişikliyə əsasən, Azərbaycan xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlamış olduğu halda, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.
Qanuna əsasən, hər bir Azərbaycan vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan vətəndaşlığına qəbul edildikdən sonra 1 ay müddətinə şəxsiyyət vəsiqəsi almalıdır.
Şəxsiyyət vəsiqəsi 10 il müddətinə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə veriləcək.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edib
Milli Məclisin iclasında eyni zamanda, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə müraciət qəbul edilib.
Müraciəti YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı oxuyub. Müraciətdə millət vəkilləri xalqımızı və bütün dünyada yaşayan soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
“Dünyanın dörd bir yanına səpələnmiş on milyonlarca azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk edir. Azərbaycan diasporları və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Onlar yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulacaq Azərbaycan bütün soydaşlarımızın və həmvətənlərimizin güvənc yeri olan qüdrətli bir dövlətə çevriləcəkdir” - deyə, müraciətdə bildirilir.
Qeyd olunur ki, Azərbaycan Respublikası tarix baxımından çox qısa bir dövr ərzində qərinələrə bərabər inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə genişmiqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, Azərbaycanın Avropa xalqları ailəsində nüfuzu artır.
Millət vəkilləri xalqımızı ümummilli məqsədlərimizin gerçəkləşməsi, mənafelərimizin qorunması naminə birliyə çağırıb.
İclasda, həmçinin, bir sıra qanun layihələri qəbul olunub. Bunlar “Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında (Bern şəhərində) səfirliyinin təsis edilməsi haqqında”, “Azərbaycan Respublikası hökuməti və Gürcüstan hökuməti arasında məxfi məlumatın qarşılıqlı mühafizəsi haqqında” sazişin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında sərmayələrin qarşılıqlı qorunması və təşviqi haqqında” sazişin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Prezidentinin və Qazaxıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında diplomatik nümayəndəliklərin binalarının tikintisi üçün torpaq sahələrinin qarşılıqlı olaraq ayrılması haqqında” sazişin təsdiq edilməsi barədə” qanunlardır.
İclasın sonunda Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, payız sessiyasında 12 iclas keçirilib və 106 qanun və qərar qəbul olunub. “Bu sessiya ərzində parlamentin beynəlxalq əlaqələri daha da inkişaf etdi. Hesab edirəm ki, qısa tətildən sonra 2012-ci ilin yaz sessiyasında fəal şəkildə öz işimizə başlayacağıq” - deyə, spiker vurğulayıb.
Payız sessiyası dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 839 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30