Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakı "Eurovision-2012" mahnı müsabiqəsinə necə hazırlaşır?

Bakı "Eurovision-2012" mahnı müsabiqəsinə necə hazırlaşır?

05.01.2012 [22:53]

Əlaqədar qurumlar bu möhtəşəm müsabiqənin yüksək səviyyədə təşkili üçün bütün lazımi tədbirləri görməkdədirlər
Məlum olduğu kimi, bu ilin mayında Bakıda “Eurovision-2012” mahnı müsabiqəsi keçiriləcək. Hazırda Azərbaycanda bu müsabiqəyə yüksək səviyyədə hazırlıq işləri gedir.
Qeyd edək ki, Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki qalibiyyəti heç də təsadüfi deyil. Daha doğrusu, bu qələbə musiqi mədəniyyətimizin inkişafına Avropada verilən yüksək qiymət olmaqla bərabər, ölkəmizin sosial, mədəni, iqtisadi cəhətdən regionun mühüm bir parçası olduğunu da göstərir. Belə ki, Azərbaycanın cəmi dördüncü dəfədir ki, bu beynəlxalq müsabiqədə iştirak etməsinə baxmayaraq, ölkəmizin qısa zaman kəsiyində yarışmada qazandığı uğurlar, müsabiqədə onillərlə iştirak edən bir sıra ölkələrin nailiyyətlərindən çoxdur. Bunun əsasında isə ölkəmizin iqtisadi əlaqələrinin genişlənməsi nəticəsində siyasi nüfuzunun artması ilə yanaşı, “Eurovision” yarışmasına yüksək səviyyədə hazırlıqlar da daxil olmaqla xalqımızın maddi-mənəvi mədəniyyətinin beynəlxalq miqyasda təbliği sahəsində görülən işlər dayanır.
II məqalə
Qədim musiqi ənənələrimizin tanıtımı üçün geniş imkan...
Bu məqamda xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan mədəniyyəti, xüsusən də musiqisi hər zaman öz əsrarəngizliyi ilə seçilib. Bu baxımdan, ölkəmizin “Eurovision” müsabiqəsində daim yüksək pillələrdə olması, eləcə də, təmsilçilərimizin əldə etdiyi qələbənin kökündə, hər şeydən öncə, milli və dünyəvi ənənələrin uğurlu sintezinə nail olan müasir Azərbaycan musiqisi dayanır. Yəni, təmsilçilərimizin müxtəlif beynəlxalq mahnı müsabiqələrində ilk yerləri qazanması məhz milli musiqimizin müxtəlif xalqların, geniştərkibli, milli, mədəni cəhətdən çoxçalarlı dinləyici auditoriyasının ürəyinə yol tapdığını göstərir.
Azərbaycan mədəniyyətinin çox mühüm tərkib hissəsi olan milli musiqimiz çoxəsrlik inkişaf yolu keçib. Xalqımızın tarixi kimi milli mədəniyyətimiz, musiqimiz də qədimdir. Azərbaycan musiqisi Cənubi Qafqazın, eləcə də, Yaxın Şərq xalqlarının mədəniyyətinə böyük təsir göstərib. Şübhəsiz ki, region xalqları arasındakı daimi əlaqələr onların mədəniyyət və məişətində bir çox müştərək cəhətlər əmələ gətirməsinə baxmayaraq, hər xalqın mədəniyyətində özünəməxsus xüsusiyyətlər də qorunub saxlanılıb. Bu mənada qədim ənənələrə malik Azərbaycan xalqının mədəniyyət və incəsənəti özünəməxsus və orijinaldır. Eyni zamanda, milli musiqimiz başqa xalqların mədəniyyətindən təcrid olunmuş şəkildə deyil, onlarla iç-içə, harmoniya halında formalaşaraq inkişaf edib. Nəticədə, Azərbaycan mədəniyyəti, eləcə də, musiqisi daha da zənginləşərək müasir dövrümüzə çoxşaxəli, çoxjanrlı bir xalq ruhu kimi gəlib çatıb.
ümumiyyətlə, Azərbaycan xalqı musiqiyə hər zaman dəyər verib. Musiqi qədim zamanlardan mühüm özünüifadə vasitəsi kimi çıxış edib. Milli musiqi mədəniyyətinin zənginliyinə və tarixiliyinə qısaca nəzər salsaq, görərik ki, bugünkü uğurlar müasir musiqimizin layiq olduğu yeri tutduğunu sübuta yetirir.
Azərbaycanın qədim musiqi mədəniyyəti əsasən xalq yaradıcılığının məhsulu olan xalq mahnıları əsasında formalaşaraq inkişaf edib. Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri parlaq şəkildə əks olunub. Azərbaycan xalq mahnıları mövzu və məzmunun müxtəlifliyinə, musiqi və poetik dilin aydınlığına, rəngarəngliyinə görə zəngin bədii nümunələrdir. Ən qədim dövrlərdən xalqın bayram şənlikləri, toy və matəm mərasimləri adəti üzrə ənənəvi mahnılarla müşayiət olunub və bu mahnıların bir çoxu bu günə kimi xalq arasında yaşamaqdadır.
Milli musiqimizin zənginliyi və gözəlliyi qədim xalq dastanlarımızda özünü aydın şəkildə göstərir. “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və digər dastanlarımızda zəngin milli mahnı irsimizin çoxlu sayda nümunələrinə rast gəlirik. Məzmun və janr müxtəlifliyi ilə səciyyələnən bu mahnılar Azərbaycan xalqının qədim musiqi ənənələrindən, milli ruhundan xəbər verir.
Milli musiqimizin öz qədimliyi və zənginliyi ilə seçilən qollarından biri də aşıq yaradıcılığıdır. Ən qədim dövrlərdən bu günə kimi tarixi şəraitə uyğunlaşaraq zamanın süzgəcindən keçib gələn aşıq sənəti xalqın istək və arzularının tərənnümçüsü, milli dəyərlərimizin təbliğatçısı və yaşadıcısı kimi xalq tərəfindən sevilib. öz əsası etibarilə xalq ruhunu daşıyan aşıq yaradıcılığının, məzmunu çox genişdir, müxtəlifdir və rəngarəngdir. Aşıq sənətinə qədim epik dastanlar, xalqın azadlığını, qəhrəmanlığını, tərənnüm edən mahnılar, satirik və yumoristik və həm də dostluğu, məhəbbəti vəsf edən mahnılar daxildir. öz dəst-xətti ilə seçilən Göyçə, Gəncə, Kəlbəcər, Qazax, Tovuz, Borçalı, Şirvan, Salyan aşıqlarının yaratdığı aşıq sənətinin ənənələri bu gün də əsasən qorunub saxlanılır. Aşıq sənəti Azərbaycanın müasir musiqi mədəniyyətinin, eləcə də, digər musiqi janrlarının formalaşmasına öz töhfələrini verib. İlk dəfə aşıq musiqisinin təkrarsız xüsusiyyətlərindən böyük profesionallıq və bacarıqla istifadə edən bəstəkarımız üzeyir Hacıbəyli olub. Müasir musiqinin texniki vasitələriylə aşıq musiqisinin xüsusiyyətlərini ustalıqla birləşdirən digər bəstəkarımız Qara Qarayev öz əsərlərində onların gözəl vəhdətini yarada bilib.
Azərbaycan milli musiqisində özünəməxsus yeri olan və yüksək incəsənət nümunəsi hesab olunan muğam da ümumbəşəri səciyyə daşıyır. Muğamlar Azərbaycanın, eyni zamanda, Yaxın və Orta Şərq xalqlarının milli klassik musiqisinin zirvəsi, dərin, mürəkkəb məzmun, ideya, emosional məna daşıyan xalq yaradıcılığının ən gözəl nümunələrindəndir. Qədim zamanlardan başlayaraq əsrlər boyu muğamın tədricən inkişafı onun formalaşmasına, kamilləşməsinə səbəb olub. Muğam ifaçıları olan xanəndə və onu müşayiət edən sazəndə dəstəsi, yaxud da solo instrumentalistlər özlərinin yaradıcılıq təxəyyülü, bacarığı, istedadından asılı olaraq, əsrlər boyu bu sənət nümunələrinə müxtəlif dəyişikliklər, yeni çalarlar daxil ediblər. Muğamlarımız əsasən məşhur şairlərin - Xaqani, Nizami, Nəsimi, Füzuli və başqalarının lirik fəlsəfi qəzəlləri üzərində ifa edilir. Bildiyimiz kimi, muğam sənəti bir çox xalqların ortaq musiqi mədəniyyəti kimi çıxış edir. Lakin Azərbaycan muğamları öz zənginliyi, parlaqlığı ilə hər zaman seçilir. Təsadüfi deyil ki, bu gün Azərbaycan muğamına dünyada böyük maraq var.
Bu sırada vurğulamaq yerinə düşər ki, tarixi minilliklərlə hesablanan Azərbaycan musiqisinin inkişafında XX əsr əlamətdar bir mərhələ kimi yadda qalıb. Məhz bu dövrdə ölkəmizdə yüksək peşəkarlığı, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranıb. Bununla da dünya peşəkar musiqi mədəniyyətinin tərkib hissəsinə çevrilən Azərbaycan musiqisi dünya musiqisi səviyyəsinə yüksəlib. Əsrlərdən miras qalan milli musiqi ənənələri ötən əsr Azərbaycan musiqisinin bünövrəsini təşkil etdi. Bu dövrdə Azərbaycanda neçə-neçə dahi bəstəkarlar yetişdi, klassik musiqi sahəsində müsəlman Şərq aləmində bir çox yeniliklərin əsası məhz Azərbaycanda qoyuldu. Buna ən bariz nümunə kimi Şərqdə ilk opera yazan qadın, dahi bəstəkar Şəfiqə Axundovanın adını çəkə bilərik. Bir sıra gözəl mahnıların müəllifi olan Ş.Axundovanın adı 1972-ci ildə yazdığı “Gəlin qayası” operası ilə Şərqdə ilk opera yazan qadın kimi tarixə yazılıb.
Dahi bəstəkarımız, peşəkar klassik musiqimizin banisi üzeyir Hacıbəylinin 1908-ci ildə tamaşaya qoyulan “Leyli və Məcnun” muğam operası isə milli opera sənətinin və Azərbaycanın bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoydu. “Leyli və Məcnun” operası təkcə Azərbaycanda deyil, bütövlükdə müsəlman Şərqində ilk opera idi. üzeyir Hacıbəyli tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil oldu.
Sonrakı onilliklərdə Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişdi. Azərbaycan musiqisinin ölkə hüdudlarından çox-çox uzaqlarda, beynəlxalq miqyasda da şöhrəti artırdı. Bu dövrdə üç dahi sənətkar - Qara Qarayev, Fikrət Əmirov və Niyazinin yaradıcılığı Azərbaycan klassik musiqisinin tarixində yeni səhifə açdı. Onların əsərləri dünyanın bir çox ölkələrində sevilərək dinlənilirdi.
ötən əsrin 30-40-cı illərində Azərbaycan musiqisində Səid Rüstəmov və Tofiq Quliyev kimi bəstəkarlar meydana çıxdı. Azərbaycan xalq musiqisi ənənələri ilə Avropanın estrada və caz musiqisinin sintezindən yaranan ölməz mahnılar müasir Azərbaycan musiqisinin mahnı yaradıcılığının gözəl nümunələridir.
Yeri gəlmişkən, Azərbaycan musiqisi təkcə ifaçılıq üzrə deyil, rəqs musiqisi kimi də olduqca zəngin və yaddaqalandır. Xalq mahnılarında olduğu kimi rəqslərdə də xalqın hissləri, duyğuları, xasiyyəti, temperamenti əks olunub. “Vağzalı”, “Uzundərə”, “Nəlbəki”, “Ceyranı”, “Qaytağı”, “Cəngi”, “Qazağı”, “Xançobanı” və digər bu kimi çoxsaylı rəqslərimiz məhz milli musiqimizin zənginliyinin, gözəlliyinin əsasında yaranıb və bu günədək qorunub saxlanıb.
Beləliklə, göründüyü kimi, Azərbaycan musiqi mədəniyyəti qədim və zəngin ənənələrə malikdir. Bu ənənələrin dövrümüzdə də yaşadılması yaranmaqda olan yeni-yeni musiqi nümunələrinə özünəməxsusluq, orijinallıq qatır. Mədəniyyətlərin bir-birinə yaxınlaşdığı müasir dövrümüzdə formalaşan Azərbaycan musiqisi dünyəvi və milli ənənələrin harmoniyasını yaradaraq musiqi dünyasında özünə yer tapır. Heç şübhəsiz, bu gün Azərbaycan mədəniyyətinin, musiqisinin dünyada tanınmasında və təbliğində son illərdə bu sahədə görülən işlərin rolu danılmazdır. “Eurovision-2012” mahnı müsabiqəsi isə bu işlərin daha geniş vüsət almasına böyük imkanlar yaradacaq.
Bakı müsabiqəyə ciddi hazırlaşır
Müsabiqənin vaxtına hələ bir qədər qalsa da, Azərbaycan hökuməti artıq uzun müddətdir ki, hazırlıq işlərinə start verib. ötən yazımızda da qeyd etdiyimiz kimi, Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə “Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, qalib ölkə növbəti ildə yarışmanı keçirmək hüququnu qazanır. Azərbaycan təmsilçiləri Nigar Camal və Eldar Qasımov cütlüyü “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi olduğu üçün ölkəmiz “Eurovision-2011” mahnı müsabiqəsinə ev sahibliyi etmək hüququ qazanıb. Beləliklə, sayca 57-ci “Eurovision” mahnı müsabiqəsinin I yarımfinalı mayın 22-i, II yarımfinalı mayın 24-ü, finalı isə mayın 26-ı keçiriləcək.
Qısaca xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 may 2011-ci il tarixli Sərəncamı ilə “Eurovision-2012” mahnı müsabiqəsinin Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsi “Eurovision-2012” mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb, icra olunmasını təmin etməlidir. ötən il iyulun 4-də isə Heydər Əliyev Fondunda 2012-ci ilin mayında Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası olub. İclasda Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva qarşıda böyük məqsədin dayandığını diqqətə çatdırıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Eurovision-2012” mahnı müsabiqəsinin ən yüksək səviyyədə təşkil olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, müsabiqənin paytaxtımızda keçirilməsi ilə bağlı əsas istiqamətlər müəyyən edilməlidir. Mehriban xanım Əliyeva Təşkilat Komitəsi üzvlərinin diqqətinə çatdırıb ki, mahnı müsabiqəsinin keçiriləcəyi yer ilə bağlı bir neçə təklif var. Heydər Əliyev Fondunun prezidenti dövlətimizin başçısı İlham Əliyevin həmin təklifləri nəzərdən keçirdiyini söyləyib. Sonra “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri cari məsələlərlə bağlı müzakirələr aparıblar.
Turizmin inkişafına mühüm töfhə...
Məhz həmin iclasın nəticəsi olaraq müvafiq qurumlar tərəfindən çeşidli addımlar atılmaqdadır. Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, əcnəbi turistlərin ölkəmizə gəlməsi üçün viza verilməsi proseduru sadələşdirilib. Bu da mahnı müsabiqəsinə gələn qonaqların işini yüngülləşdirəcək. Belə ki, müvafiq qanunvericiliyə dəyişikliklər edilməsi nəticəsində bu tədbirə qatılmaq istəyənlər üçün elektron vizalar veriləcək. Onun sözlərinə görə, elektron vizaların verilməsi məsələsi ilə bağlı aidiyyəti dövlət qurumları məşğul olur. “Elektron viza sistemi tətbiq edildikdən sonra turistlər sənədlərini internet vasitəsilə səfirlik və konsulluğa təqdim edəcəklər. Qısa müddət ərzində isə onlara müvafiq cavab veriləcək”, - deyə şöbə müdiri əlavə edib.
A.İsmiyev bildirib ki, hazırda respublikada 500-ə yaxın mehmanxana və mehmanxana tipli komplekslər fəaliyyət göstərir. Onların hamısı müasir səviyyədə tikilməsə də, son zamanlar müasir səviyyədə mehmanxanalar inşa edilir. Şöbə müdirinin fikrincə, Azərbaycanda 5 və 4 ulduzlu hotellərin sayı kifayət qədərdir: “Hazırda üç ulduzlu mehmanxanalara ehtiyac duyulur. Ona görə ki, üç ulduzlu mehmanxanalar orta səviyyəli turistlərin Azərbaycana cəlbi üçün imkan yaradar. Hotelçilik biznesi turizmin inkişafının əsas amillərindəndir. Turizmin əsas infrastrukturları yollar, restoranlar, iaşə xidmətləri, həmçinin, mehmanxana və mehmanxana tipli komplekslərdir. Hotelçilik sahəsində də investisiyanın həm Bakı, həm də regionlarda yatırılmasına ehtiyac var. Onu da deyim ki, Bakıda ötən il ərzində 5 ulduzlu mehmanxanalardan artıq 4-ü istifadəyə verilib. Bunlar “Kempenski-Badamdar”, “Hilton-Bakı”, “Şeraton” və “Jumeirah Bilgah Beach Hotel” mehmanxanalarıdır. Eləcə də, daha üç - “Four-seasons”, “Mariot” və “Fairmont” otelləri də istifadəyə veriləcək. Bundan əlavə, cari ilin sonunadək regionlarda da beynəlxalq standartlara uyğun bir sıra mehmanxanaların istifadəyə verilməsi nəzərdə tutulur. Düşünürəm ki, bütün bunlar ölkəmizdə turizm sənayesinin inkişafına öz töhfəsini verəcək.  “Kempinski”, “Four seasons”, “Hilton”, “Fermond” hotellərinin Azərbaycanda açılması ölkənin nüfuzunu göstərir. “Four seasons” oteli hər bir ölkədə açılmır. Bu, Azərbaycanın yüksək səviyyəli inkişafına və etibarına görədir”.
A.İsmiyev onu da bildirib ki, turizm sahəsi qeyri-neft sektorunda önəmli yer tutur. Ona görə də, dövlət bu sahənin inkişafına böyük önəm verir. O, gələn il Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı turizm obyektlərində görüləcək işlərlə bağlı aşağıdakıları bildirib: “Hazırda Bakıdakı otellərdə “on-line” sisteminə qoşulma işlərinə başlanıb. Bununla yanaşı, əsas diqqət xidmət səviyyəsinin artırılmasına yönələcək. İndi turizm xidmətlərinin səviyyəsi o qədər də yüksək deyil. Bu istiqamətdə işlər aparılır və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə bu ildən Bakıda 3 və 4 ulduzlu otellərin əməkdaşları üçün treninqlərə başlamışıq. Bu treninqlər gələn ilin aprelinədək davam edəcək”.
“Eurovision-2012” mahnı müsabiqəsində iştirak etmək üçün ölkəmizə gələn xarici qonaqların Azərbaycanın mədəni-tarixi yerlərinə səfər turlarının təşkil edilməsinə gəlincə A.İsmiyev qeyd edib ki, bu işi turizm şirkətləri yerinə yetirməlidir: “Azərbaycan Respublikasında hal-hazırda mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq əsasında 318, turizm fəaliyyətinə lisenziya əsasında isə 208 turizm şirkəti fəaliyyət göstərir. Əlbəttə, “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etmək məqsədilə Bakıya gələn xarici qonaqlara Azərbaycanın mədəni-tarixi yerlərinə səfər turlarını məhz turizm şirkətləri həyata keçirməlidir. Nazirlik olaraq biz bu məsələdə turizm şirkətlərinə öz tövsiyələrimizi, məsləhətlərimizi veririk”.
Bu nüfuzlu tədbirdə Azərbaycanın təbliği məsələlərinə gəlincə A.İsmiyev vurğulayıb ki, bu məqsədlə reklam xarakterli, təşviqat materialları hazırlanacaq və xaricilərə təqdim ediləcək. Onun sözlərinə görə, bu prosesdə bütün məqamlara üstünlük verilir, bütün Azərbaycanın turizm potensialına diqqət yetirilir: “Təşviqat materallarında muzeylər, teatrlar, Azərbaycanın tarixini, mədəniyyətini, təbiətinin müxtəlifliyini və regionların zəngin turizm potensialı göstərilir”.
Nazirliyin şöbə müdiri bu işin davamlı olduğunu bildirib. A.İsmiyev ötən il Azərbaycanın təbliği istiqamətində görülən işlər haqqında da məlumat verib: “Respublikamızın turizm potensialını təbliğ etmək məqsədi ilə, 2011-ci ilin yanvar ayından bu günədək nazirlik olaraq bir sıra beynəlxalq turizm sərgisində (Vyana, Ştuttqart, Helsinki, İstanbul, Riqa, Milan, Berlin, Moskva 3 dəfə, Əl - Küveyt, Dubay və s.) iştirak etmişik. Eyni zamanda, Parisdə keçirilən “Top Resa” beynəlxalq turizm sərgisi zamanı respublikamızın turizm potensialının təqdimatı keçirilib. Bundan əlavə, müxtəlif xarici jurnalların səhifələrində Azərbaycanınn turizm imkanlarina dair reklam və məlumatlar yerləşdirilib. Eyni zamanda, Azərbaycanın mövcud turizm potensialının təbliğ edilməsi məqsədilə, dünyanın aparıcı televiziya kanalları- “CNN”, “Euronews”, “Travel Channel”, “BBC”, “CNBC”, “National Geopraphic”də müxtəlif reklam çarxları yayımlanır. Həmçinin, nazirlik ümumdünya Turizm Təşkilatı (üTT), İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional təşkilatlarla turizm sahəsində uğurla əməkdaşlıq etməkdədir. Bunun məntiqi nəticəsidir ki, hər il Azərbaycanda turizmlə bağlı bir sıra beynəlxalq tədbirlər həyata keçirilir. Məlumat üçün bildirim ki, bu çərçivədə ötən ilin aprel ayında İran, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Almaniya və Fransadan pressturlar təşkil olunub. Yeri gəlmişkən qeyd edim ki, 2011-ci il 28-30 aprel tarixlərində Bakıda “10-cu Yubiley Beynəlxalq Turizm Sərgisi” və “II ümumrespublika Daxili Turizm Sərgisi” keçirildi. Sərgidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva da iştirak etdi”.
A.İsmiyev hesab edir ki, bütün bunlar Azərbaycanın turizm imkanlarının dünyaya nümayiş etdirilməsində xüsusi rol oynayır. Onun fikrincə, görülən işlər “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edən xarici qonaqlara da Azərbaycanın turizm potensialını lazımi səviyyədə təqdim edə biləcək.
Xarici qonaqlara milli mətbəximizin zəngin nümunələrindən təqdim edilməlidir
“Eurovision-2012” mahnı müsabiqəsini izləmək üçün ölkəmizə gələcək xarici qonaqlara milli yeməklərimizi peşəkar səviyyədə təqdim etmək vacib məsələlərdən biridir. Bu səbəbdən də indidən bu prosesə hazırlıq işlərinin aparılması önəmli vəzifələrdəndir. Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin (AMKM) rəhbəri Tahir Əmiraslanov bildirib ki, “Eurovision-2012” kimi musiqi yarışmasına ev sahibliyi edəcək Bakı bu məsələyə peşəkarlıqla hazırlaşmalı, milli mətbəximizi yüksək səviyyə və zövqlə təqdim etməlidir ki, avropalılar həm razılıq, həm də qibtə hissi ilə burdan ayrılsınlar: “Məhz gələcək turistlərə xidmət göstərəcək konkret 100, 200 və s. restoran əvvəlcədən müəyyənləşdirilməlidir. Mütəxəssislər bu işə cəlb olunmalıdır. Restoranlarda adi sanitariya qaydalarına əməl edilməli, geyimlərinə diqqət yetirilməlidir. Xüsusilə, restoranın adına müvafiq menyu təyin olunmalıdır. Məsələn, Göyçə mətbəxi yazılıbsa, burada əriştə təqdim edilməməlidir. Qulluqçulara təcili dərslər keçilməlidir. Bütün xidməti personal mütləq şəkildə rus və ingilis dilini bilməli, menyudakı milli yeməklər və onların tarixi kökləri, resepti barədə məlumatlı olmalıdırlar”.
T.Əmiraslanov qeyd edib ki, “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Bakıya təşrif buyuracaq turistlərə xidmət edəcək aşbazların və qulluqçuların savadlı olması vacibdir. Həmçinin, milli mətbəximizin qorunması istiqamətində də müəyyən işlər görülməlidir. Eləcə də, əvvəlcədən müəyyən olunan restoranların hər birinə təsdiq edilmiş qida resepturalarının verilməsi də önəmlidir. AMKM-nın rəhbərinin sözlərinə görə, menyulardakı adların böyük hərflə Azərbaycan dilində, daha sonra rus və ingilis dilində kiçik hərflə yazılmasına da həssaslıqla yanaşılması şərtdir. Şərabların üstündə isə mütləq ya torpağın adı, ya da üzümün sortu göstərilməlidir.
O həmçinin, bildirib ki, milli yeməklər barədə turistlərə - xüsusilə, ermənilərin Azərbaycan yeməklərinin bir çoxunu öz adlarına çıxarmaq təşəbbüsləri ilə çıxış etdikləri bir vaxtda - ətraflı məlumatların çatdırılması üçün əlavə tədbirlərin görülməsi də əhəmiyyətli sayıla bilər. T.Əmiraslanov bunun üçün bütün restoranlara 10-20, hətta 30 min nüsxə ingilis və rus dilində, həmçinin, fransız və almanca jurnal və ya kitabçaların hazırlanıb paylanmasını məqsədəuyğun hesab edir. Onun sözlərinə görə, belə kitabçalar suvenir mağazalarında (turistlərin daha çox cəlb ediləcəkləri məntəqələrdə) da satışa çıxarıla və ya paylanıla bilər: “Belə kitabçaların arxa tərəfində ermənilərin öz adlarına çıxarmaq istədikləri milli yeməklərimizlə bağlı məlumat yerləşdirilə bilər. Belə formada kitabçalar Rusiya, Yaponiya və çində artıq paylanılıb. İstənilən halda, paylanılan jurnal və ya kitabçalar reseptlərlə zəngin olduğundan maraqla qarşılanacaq və ölkədən kənara çıxarılaraq yayılacaq. Bütün bunları etməyə hazırıq”.
AMKM rəhbəri bildirib ki, Azərbaycanın milli mətbəxi olduqca zəngindir. Lakin bir sıra kiçik nüansları mütləq nəzərə almaq lazımdır: “Bütün milli yeməklərin təqdim edilməsinin tərəfdarıyam. Lakin tutaq ki, xaş və düşbərəni polyaklara vermək olmaz, fransızlara təqdim etmək daha düzgün olar. Hər bir qrup turistin özünün “inanılmış” yeməklər qrupu var, bunlar öyrənilməlidir və seçilməlidir, bu, özü bir sənətdir”.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Paylaş:
Baxılıb: 823 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30