Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək

2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək

08.02.2012 [21:22]

İnfrastruktur layihələrinin və regional inkişaf proqramlarının uğurla icra olunması sayəsində ölkəmizin iqtisadi inkişafı üçün güclü baza formalaşdırılıb
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli olduğumuzu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Bu bir həqiqətdir ki, dövlət siyasətinin prioritet istiqamətlərindən olan qeyri-neft sektorunun inkişaf tempinin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, həmçinin, regionların tarazlı inkişafı nəticəsində ölkəmizin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Davamlı islahatlar konsepsiyasına əsaslanan makroiqtisadiyyatın genişşaxəli sosial siyasətlə paralel şəkildə əlaqələndirilməsi Azərbaycanın regionun dinamik inkişaf edən ölkəsi kimi nüfuzunun artmasına səbəb olub. Bu da Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin edib. Dünyada hökm sürən maliyyə böhranından fərqli olaraq, ölkəmiz sosial-iqtisadi inkişafı yolunda uğurlu addımlar atıb. Belə ki, ötən il iqtisadi qüdrətinə görə dünyanın supergücləri olan ən inkişaf etmiş dövlətlər üçün qlobal maliyyə və iqtisadi böhranın yenə də davam etməsi və iqtisadi artım templərinin azalması, işsizliyin artması ili kimi xarakterizə olunsa da, 2011-ci il Azərbaycan üçün uğurlu iqtisadi-siyasi-sosial inkişaf dövrü kimi yadda qalıb. Daha dəqiq desək, ötən il ərzində də respublikamızda nəzərdə tutulan bütün infrastruktur və sosial layihələr uğurla icra edilib, ölkəmizdə bütün investisiya proqramları vaxtında yerinə yetirilib. Respublikamızın sosial-iqtisadi inkişafını müəyyən edən dövlət proqramlarının uğurlu icrası sayəsində həm də bölgələrin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılıb. Yeni məktəblər, xəstəxanalar, istirahət mərkəzləri, turizm obyektləri istifadəyə verilib. Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev qeyd edib ki, 2011-ci ildə müşahidə olunan inkişaf tendensiyasının cari ildə də davam etdirilməsi üçün konkret proqramlar üzrə fəal işlər görülməlidir: “Mən əminəm ki, 2012-ci ildə də qarşıda duran bütün vəzifələr uğurla icra ediləcəkdir. 2012-ci ilin dövlət büdcəsi 2011-ci ilə görə daha da böyükdür. Daha da böyük vəsait nəzərdə tutulur. Əlbəttə ki, bu vəsait iqtisadiyyatımızın inkişafına və şaxələndirilməsinə yönəldiləcəkdir. Eyni zamanda, bizə bütün sosial proqramların və sosial infrastruktur layihələrinin icrasına imkan verəcəkdir. 2012-ci ilin dövlət büdcəsinin xərcləri təxminən 22 milyard dollara bərabərdir. Bu, tarixdə ən böyük göstəricidir. İcmal büdcə isə təxminən 25 milyard dollar səviyyəsindədir. Əlbəttə ki, bütün sosial proqramlar, sosial ödəmələr, sosial infrastruktur layihələri bu büdcə ilə uğurla icra ediləcəkdir”.
Məlum olduğu kimi, milli inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyevin tapşırıqlarına əsasən regionların sosial-iqtisadi inkişafına dair 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramı həyata keçirilir. Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə çatmaq üçün qarşıdakı müddətdə ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafına nail olunması, iqtisadiyyata investisiyaların cəlb olunması işinin davam etdirilməsi, sahibkarlığın inkişafı, müasir tipli infrastrukturun yaradılması, bu sahədə mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması və digər zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Digər tərəfdən, Prezident kimi fəaliyyətə başladığı ilk gündən dövlət başçısı İlham Əliyev Bakı və Bakıətrafı qəsəbələrin inkişafını da prioritet məsələ kimi daim diqqətdə saxlayıb. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev cari il mayın 4-də “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Proqramda nəzərdə tutulan tədbirlərə elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlərin aparılması, yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) beynəlxalq standartlara uyğunlaşdırılması, yeni iş yerlərinin, müəssisələrin açılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması daxildir. Bu baxımdan, qarşıya qoyulan vəzifələrə uyğun olaraq paytaxtın bütün qəsəbələrində ardıcıl tədbirlər həyata keçirilib və keçirilməkdədir. Məhz “Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın, eyni zamanda, regional inkişaf proqramlarının uğurlu icrasının nəticəsidir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, paytaxtla bölgələr arasında fərq müəyyən dərəcədə aradan qaldırılıb.
İnfrastruktur layihələrinin və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsi sayəsində ölkəmizin iqtisadi inkişafı üçün həm də güclü baza formalaşdırılıb. Belə ki, Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. Təbii ki, infrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, eyni zamanda, yeni iş yerlərinin açılması, insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü tədbirlərin mühüm tərkib hissəsidir.
Qeyd etmək yerinə düşər ki, büdcə gəlirlərinin bir hissəsi, eyni zamanda, ölkəmizdə su təchizatı ilə bağlı məsələlərin həllinə yönəldilir. Hazırda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması, eləcə də, məişət-suvarma suyuna olan ehtiyacların tam ödənilməsi üçün layihələr icra olunmaqdadır. Bu sırada ölkə paytaxtının su təchizatı ilə bağlı problemlərin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələrinin əhəmiyyəti xüsusi olaraq vurğulanmalıdır. Həmçinin, qarşıdakı illərdə də şəhər əhalisinin tamamilə fasiləsiz su ilə təminatını gücləndirmək istiqamətində layihələrin həyata keçirilməsi əsas prioritet olaraq qalır.
Sözügedən müşavirədə çıxışı zamanı Prezident İlham Əliyev cari ildə meliorativ layihələrin xüsusilə diqqət mərkəzində olacağını bildirib: “Eyni zamanda, suvarma layihələri də böyük əhəmiyyət daşıyır. Bu da kənd təsərrüfatının inkişafı, işsizliyin aradan qaldırılması üçün vacib rol oynayır. Böyük meliorasiya layihələri icra edilib. Bir neçəsi neçə ildir ki, icra edilir. Taxtakörpü, Şəmkirçay layihələri böyük vəsait tələb edən layihələrdir. 2012-ci ildə bu layihələr qismən Dövlət Neft Fondunun xətti ilə, qismən dövlət büdcəsinin vəsaiti hesabına icra ediləcəkdir”.
Qeyd edək ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən yeni Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun inşası ilə yanaşı, təmizlənəcək suyu istehlakçılara çatdırmaq üçün yeni magistral kəmərlər, paylayıcı şəbəkə və anbarların tikilməsi nəzərdə tutulub. Bakıətrafı qəsəbə və kəndlərin su təchizatını əsasən özüaxımlı rejimdə təmin etmək üçün Dövlət Proqramına uyğun olaraq, Masazır, Binəqədi, Balaxanı, Ramana və Dübəndi qəsəbələrində yeni su anbarları kompleksinin inşası da planlaşdırılıb. Eyni zamanda, hazırda su təchizatı şəbəkəsinə qoşulmayan Türkan, Zirə, Qala, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrini su ilə təmin etmək üçün Ramana anbarı kompleksindən uzunluğu 65 kilometr olan yeni kəmərin çəkilməsi də prioritetlərdəndir.
Göründüyü kimi, həyata keçirilən uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə yüksək inkişaf göstəriciləri ilə səciyyələnən iqtisadiyyatın formalaşdırılması ölkədə su-kanalizasiya sisteminin də sürətli inkişafını təmin edib.
Həmçinin, ötən il böyük meliorasiya layihələri icra edilib, kiçikhəcmli meliorasiya layihələrinin icrası nəzərdə tutulub. Qeyd edək ki, meliorasiya və su təsərrüfatı respublikamızın iqtisadiyyatında, xüsusən kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Bu da səbəbsiz deyil. çünki mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda cəmləşib ki, əkinə yararlı 3,2 milyon hektar sahənin təxminən yarısını, yaxud 1 milyon 453 min hektarını məhz suvarılan torpaqlar təşkil edir. Dövlət başçısının qayğısı və sahəyə xüsusi diqqəti sayəsində ölkəmizdə meliorasiya və su təsərrüfatı üzrə bir çox layihələr uğurla yerinə yetirilib. Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq məqsədilə şoranlaşan torpaqların münbit vəziyyətə gətirilməsi üçün də son 2 ildə müvafiq tədbirlər görülüb. Məsələn, 2009-2010-cu illərdə 11 min hektara yaxın torpaq sahəsində həyata keçirilən meliorativ tədbirlər nəticəsində ərazilər yararlı əkin sahələrinə çevrilib. Bütün bunlar isə aqrar sektorun inkişafına təkan verəcək.
Eyni zamanda, 2012-ci ildə ərazilərin qazlaşdırılması ilə bağlı layihələrin icrası da nəzərdə tutulub. Nazirlər Kabinetinin sözügedən iclasındakı çıxışı zamanı Prezident İlham Əliyev, həmçinin, ötən il əldə olunan iqtisadi inkişaf və maliyyə vəsaiti hesabına 2012-ci ildə sosial ödəmələr, sosial proqramlar və böyük infrastruktur layihələrinin icrasının davam etdiriləcəyini vurğulayıb: “Böyük infrastruktur layihələrinin icrası 2012-ci ildə davam etdiriləcəkdir. Mən onların içərisində xüsusi diqqəti içməli su və kanalizasiya layihələrinə yönəltmək istəyirəm. çünki əvvəlki dövrdə elektrik enerjisi, xüsusilə, generasiya güclərinin yaradılması, qazlaşdırma ilə bağlı böyük işlər görülmüşdür. Düzdür, bu işlər davam etdirilir, mən bu barədə danışacağam. Ancaq içməli su və kanalizasiya layihələri, bir qədər kölgədə qalmışdır. İndi bu sahəyə diqqət daha da ciddidir və işlər daha da uğurla aparılır. Bu sahədə müasir menecment sistemi, müasir idarəetmə üsulları tətbiq edilir. Dünya praktikasında geniş şəkildə istifadə olunur. Artıq Bakıda və bütün bölgələrdə içməli su, kanalizasiya layihələri başlayır, yaxud da ki, hazırlıq mərhələsindədir”.
Beləliklə, görünən odur ki, dövlətin artan maliyyə imkanları hesabına ölkədə mühüm investisiya, o cümlədən, regional proqramların və infrastruktur layihələrinin maliyyələşdirilməsinə şərait yaranıb. Son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları və tədbirlərin icrası çərçivəsində ölkənin bütün bölgələrində və Bakı şəhərində müxtəlif infrastruktur layihələri həyata keçirilib, təhsil, sosial və digər obyektlərin inşası baş tutub və bu proses uğurla davam etdirilir. Eyni zamanda, insanların həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması, sosial məsələlərin həlli, yoxsulluğun azaldılması istiqamətində mühüm işlər görülüb, əhalinin pul gəlirləri artmaqdadır.
Məsələyə münasibət bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da dünyanın inkişaf etmiş dövlətlərində böhranın olmasına baxmayaraq, Azərbaycanda iqtisadi inkişafın davamlı xarakter almasını yüksək qiymətləndirib.
Millət vəkili bildirib ki, həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasını da şərtləndirib: “ötən dövr ərzində əldə olunmuş sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə uzunmüddətli inkişafının təmin edilməsini özündə ehtiva edir”.
Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafını sürətləndirən məqsədyönlü tədbirlərin həyata keçirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması və yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafını təmin edib.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı düzgün iqtisadi siyasətin ölkəmiz üçün yüksək nailiyyətlər verdiyini və gələcəkdə də bu prosesin davam edəcəyini bildirib: “Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bir daha regionların sosial-iqtisadi inkişafı siyasətinin uğurla davam etdiyini vurğulayıb. Məlum olduğu kimi, ötən il bütün infrastruktur layihələri uğurla reallaşdırılıb. 2012-ci ildə də yeni sosial proqramların həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, ötən il tamamlanmamış layihələrin 2012-ci ildə davam etdirilməsi planlaşdırılıb. Sosial layihələrin reallaşdırılması üçün isə Azərbaycan hökuməti dövlət büdcəsindən kifayət qədər vəsait ayırıb. Eləcə də, bu gün Azərbaycana xarici və daxili investisiyalar hesabına infrastruktur layihələrinin reallaşdırılması mümkündür”.
Millət vəkilinin sözlərinə görə, regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramları çərçivəsində görülən tədbirlər nəticəsində qısa müddət ərzində bölgələrin siması dəyişib: “Qeyri-neft sektorunun inkişafına səbəb olan həmin çoxsaylı layihələrin həyata keçirilməsi üçün kifayət qədər maliyyə resursu cəlb olunub. Bununla da sosial obyektlərin tikintisi, məktəb və xəstəxanaların inşası, təmiri, yeni müasir tibb müəssisələrinin yaradılması və ən müasir texnika ilə təminatı, körpü, yol tikintisi, elektrik stansiyalarının bərpası, su-kanalizasiya sistemlərinin yenidən qurulması və digər layihələr ötən il investisiya siyasətinin əsas hissəsini təşkil edib. 2012-ci ildə bu sahələrə daha çox investisiya qoyulması nəzərdə tutulub ki, bütün bunlar isə bölgələrin iqtisadi və sosial inkişafını daha da sürətləndirəcək”.
Millət vəkili qeyd edib ki, respublikamızın bölgələrində yeni iş yerlərinin yaradılması da xüsusi əhəmiyyət kəs edir. Bu proses işsizliyin azalması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biridir və xalq tərəfindən yüksək qiymətləndirilir: “2012-ci ildə həyata keçiriləcək infrastruktur layihələri ölkəmizin daha sürətli inkişafına mühüm töhfələr verəcək”.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov isə bildirib ki, ölkəmizdə infrastrukturların yenilənməsi, ən əsası isə suvarma infrastrukturlarının müasirləşdirilməsi kənd təsərrüfatı sahəsində uğurlu nəticələrin əldə olunmasını şərtləndirir. Millət vəkili bildirib ki, əldə olunan uğurlar kompleks tədbirlərin nəticəsidir: “Bu nailiyyətlərin arxasında ciddi, düşünülmüş siyasət, sahibkarlığın inkişafı, subsidiyaların, kreditlərin verilməsi və əlbəttə ki, meliorasiya və suvarma tədbirlərinin gücləndirilməsi kimi fəaliyyət istiqamətləri dayanır. Bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün münbit şərait yaradılıb”.
Onun sözlərinə görə, Azərbaycanda ərzaq təhlükəsizliyinin təminatı üçün ölkə əhalisini təmin edəcək həcmdə məhsulun istehsalı və emalı potensialının mövcudluğu, ölkə əhalisi tərəfindən istehlak edilən ərzaqın keyfiyyəti, dövlət əhəmiyyətli strateji ərzaq məhsullarının ölkədaxili istehsalı, ərzaq məhsullarının fiziki və iqtisadi cəhətdən əlçatanlığı kimi şərtlər ödənilməlidir: “Bunun üçün isə birmənalı şəkildə kənd təsərrüfatı ilə bağlılığı olan infrastrukturların yenilənməsinə böyük ehtiyac duyulur”.
Millət vəkili kənd təsərrüfatının, su-melorasiya infrastrukrunun yenilənməsinin birbaşa olaraq regionların inkişafı ilə əlaqələndirib: “Bu addım yerlərdə məşğulluğun artırılması və beləliklə əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində dövlətin səylərinin effektivliyinin artırılmasına xidmət edir”.
SEVİNC
Paylaş:
Baxılıb: 853 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30